Üzeyir Hacıbəyovun felyetonu: “Cin”

Üzeyir Hacıbəyovun felyetonu: “Cin”
18 sentyabr 2020
# 21:01

Kulis.az Üzeyir Hacıbəyovun “Cin” felyetonunu təqdim edir.

Axşam çağı idi. Müsәlman ayının 13-ü olduğuna görә, şәhәr idarәsi ümidini Aya bağlayıb, küçә fanalarını yandırmamışdı. Tәrs kimi Ay da әhdnamәsini (doqovorunu) pozub, bulud altında gizlәnmişdi. Ona görә qaranlıq kimi idi.

Mәn dә Nikolayev küçәsi ilә üzü yuxarı Sadovı küçәyә tәrәf gedirdim. Sağ tәrәfә baxıb yanmış evlәri görürdüm, uçuq, qaranlıq hәyәtlәri.... Birdәn yadıma cin düşdü. Özüm-özümә dedim: "Görәsәn cin var, yoxsa yoxdur?!" Başladım fikir elәmәyә, xәyal mәni basdı. Sözün doğrusu, hәlә bir qәdәr üşündüm dә! Tez-tez addım atmağa başladım vә döngәyә çatıb, üzü aşağı sola buruldum--dәnizә tәrәf!...

Elә başımı yuxarı qalxızmışdım ki, birdәn dik atıldım.

- Bura kim girib?

Ayılıb elә bildim ki, ürәyim dabanıma düşdü. Gözlәrim pәr-pәr çaldı, qulağım eşitmәdi, dilim lal oldu, burnum tutuldu, başım ağrıdı, saçımın tüklәri biz-biz durub, papağım özbaşına qalxdı, guya mәn bir adama deyәcәkdim ki, "İzdrasti..." Qәrәz, çox bәrk qorxdum.

Nә üçün?

Gördüm qabaqdan mәnә tәrәf uzun bir şey gәlir. Bir elә şey ki, nә adamdır, nә heyvan! Dedim yәqin bu cindir.Tәrs kimi küçәdә dә mәndәn vә bu "cindәn" başqa bir zinәfәs yoxdur. Dedim: Bismillahirrәhmanirrәhim!

Gördüm yox, cinin halına tәfavüt elәmәdi. Düz üstümә gәlir. İstәdim dönüb qaçam, sonra fikir elәdim ki, daldan qaradovoy-filan görüb elә bilәr ki, bir şey oğurlayıb qaçıram, güllә atar.

Dedim, әşi, hәr ci bad, bad! Qoy cin gәlsin, hәr gah mәni boğar, boğularam, yox boğmaz, bari, heç olmasa, cin görmüş olaram. Bu da mәnim üçün bir şöhrәt olar. Rus demişkәn, "ili pan, ili propal!".

Dayandım, gözlәrimi zillәdim yaxınlaşan cinә. Hәlә bu cürә heybәtli şey mәn görmәmişdim!! İki başı var idi; biri üstdә, biri dә onun altında. Üstündәki başı altdakından çox iri idi. Amma burada mәni bir şey tәәccübә gәtirdi: Cin şalvar geymişdi! Dedim, әlbәt, erkәklәrindәndir. Bir qәdәr dә yaxınlaşdım. Gördüm ikibaşlı cinin ayaqlarında başmaq da var. Lәnәt sәnә şeytan!

Bu sәfәr gözümü silib baxdım. Gördüm nә?! Cin nәdir, zad nәdir? Bir müsәlman arvadı.

Başına bir put yük qoyub, dәnizdәn, ehtimal ki, evinә tәrәf gedir.

Qorxudan çıxdım. Yoluma davam edib, öz-özümә dedim ki, ay xala, mәnim qorxmağım cәhәnnәm, amma yazıq sәnin o başına ki, zamanә onu eşşәyin belinә döndәribdir.

# 3087 dəfə oxunub

Oxşar xəbərlər

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

17:00 1 oktyabr 2025
"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

12:00 1 oktyabr 2025
Rembrandtla dostluq edən holland rəssam - Ona niyə  "kiçik xərçəng" deyirdilər?

Rembrandtla dostluq edən holland rəssam - Ona niyə "kiçik xərçəng" deyirdilər?

10:40 1 oktyabr 2025
“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

17:00 30 sentyabr 2025
Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

12:06 30 sentyabr 2025
İlya Repin  impressionizmdən niyə  imtina etmişdi?

İlya Repin impressionizmdən niyə imtina etmişdi?

14:15 29 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər