Nəsrlə yazılmış şeir: Mücrü

Nəsrlə yazılmış şeir: Mücrü
8 iyul 2021
# 12:47

Bu gün mənsur şeir ustası, Xalq şairi Gülhüseyn Hüseynoğlunun anım günüdür. Kulis.az bu münasibətlə “Günün şeiri” layihəsindən onun “Mücrü” mənsur şeirini təqdim edir.

O gəlin köçəndə anası mücrü də qoydu cehizinin üstünə. “Gəlin mücrüsüz olmaz!” dedi. Nənə yadigarı idi bu balaca, naxışları solğun mücrü. İndi də onun qisməti oldu.

O, üzük, qızıl saat və sırğalarını qoyardı mücrüyə. Mücrü paltar dolabında ən yuxarı gözə qalxmışdı. Əzizlənirdi mücrü, sevilirdi mücrü...

Bir gün gəlin ana oldu. Əri hədiyyə ilə evə gəldi. Açıldı mücrü, cavan ana qızıl boyunbağını qoydu, örtüldü mücrü.

İkinci uşaq dünyaya gəldi. Açıldı mücrü, örtüldü mücrü.

Üçüncü... dördüncü... beşinci...

Açıldı mücrü, örtüldü mücrü...

Doldu mücrü.

***

Atanı müharibə apardı. Ehtiyacla əlbəyaxa oldu ana. Gecəsi gündüzə, gündüzü gecəyə qarışdı ananın. Ancaq itirmədi özünü, itirə bilməzdi ana!

Bir dəqiqə də işsiz durmadı, bir dəqiqə də. Lakin çatışmırdı qazancı ananın!

Açıldı mücrü, örtüldü mücrü. Nişan şeyləri, ər hədiyyələri bazara ayaq açdı...

Kədərlə açıldı mücrü, kədərlə örtüldü mücrü...

Boşaldı mücrü...

***

Bir gün ananın ilkisi sevincək evə gəldi. Diplomla gəldi. İlk diplom idi ki, onların evinə qədəm qoyurdu. Ali məktəb diplomu.

Ana doluxsuna-doluxsuna diplomu dodaqlarına apardı, bağrına basdı, gözlərində yaş görünəndə yadına çoxdan unudulmuş mücrü düşdü...

Ananın əlləri, mehriban əlləri mücrüyə toxunanda mücrü sanki cana gəldi, sevincək açıldı mücrü, diplomu ağuşuna aldı, gülümsədi, sevincək örtüldü mücrü.

Evə ikinci diplom gəldi. Açıldı mücrü, örtüldü mücrü.

Üçüncü... dördüncü... beşinci...

Açıldı mücrü, örtüldü mücrü... 

Tamam doldu mücrü.

Ana oxşadı mücrünü. Oxşadı... Qızlıq çağları... gəlin köçdüyü anlar, anasının dediyi “Gəlin mücrüsüz olmaz!” sözləri... ər hədiyyələri... amansız ehtiyacla dəhşətli vuruşmalar... uşaqları yatırandan sonra tökdüyü göz yaşları, boğuq hıçqırıqlar... göz qabağına gəldi. Çox şeylər gəldi, çox şeylər!..

Mücrünü öz yerinə qoyanda anaya o indi ağır, əvvəlkindən qat-qat ağır gəldi...

Ana yanılmamışdı. O sərvət hara, bu sərvət hara?!

# 4315 dəfə oxunub

Oxşar xəbərlər

"Mən insanları aldadan  saxtakaram..." – Nobel mükafatçısının hansı məşhur əsərinin əlyazmasını it yemişdi?

"Mən insanları aldadan saxtakaram..." – Nobel mükafatçısının hansı məşhur əsərinin əlyazmasını it yemişdi?

15:00 27 fevral 2026
"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

15:00 26 fevral 2026
Əli bəy Hüseynzadə Azərbaycan dilini "kobud və kasıb" adlandırmışdı? - Yüzillik qalmaqalın pərdəarxası

Əli bəy Hüseynzadə Azərbaycan dilini "kobud və kasıb" adlandırmışdı? - Yüzillik qalmaqalın pərdəarxası

12:00 26 fevral 2026
Mən qanımı görmüşəm düşmənin qaşığında - Xocalı şeirləri

Mən qanımı görmüşəm düşmənin qaşığında - Xocalı şeirləri

10:00 26 fevral 2026
Öz kitabına təriflər yağdırdı, işdən qovuldu - Məşhur yazıçının böyük fırıldağı

Öz kitabına təriflər yağdırdı, işdən qovuldu - Məşhur yazıçının böyük fırıldağı

17:00 25 fevral 2026
"Nə vaxt ölsəm, məni Londonda basdırın, barı meyidim ingilislərdən..." - "Kəsişən eyhamlar” üsulu, yaxud klassik irsdəki sirli mətləblərin açarı

"Nə vaxt ölsəm, məni Londonda basdırın, barı meyidim ingilislərdən..." - "Kəsişən eyhamlar” üsulu, yaxud klassik irsdəki sirli mətləblərin açarı

12:00 25 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər