Kinonun böhrana təsiri - Çarli Çaplin nə demək istəyirdi?

Kinonun böhrana təsiri - Çarli Çaplin nə demək istəyirdi?
10 avqust 2020
# 17:14

Kulis.az Ceyhun Mirzəlinin "Çarli Çaplin böhran konteksində" yazısını təqdim edir.

Kino səs gələn zaman dünyada iqtisadi böhran başladı. Bu hadisələrin birbaşa əlaqəsi olmasa da, sanki sənətlə dünyadakı böhranın paralel inkişafı göz önündə göründü. 1929-cu ildəki böyük böhran illləri ABŞ toplumunda depressiyaya səbəb olur. Daha sonra dünya faşizmin və Stalin sosializminin acı meyvələrini dadmağa başladı. Əsas total hücum da kitablara, yazarlara qarşı oldu. Bu təsir ABŞ-a 1947-ci ildə gəlib çatmışdı. Maqqarti işi üzərində bir çox insanlar təzyiqlərə dindirilmələrə məruz qalmışdı.

Mikayıl Müşfiqlə eyni gündə - ondan on il öncə dünyaya gələn məşhur ispan şairi dramaturqu Xose Qarsia Lorkanın 1936-cı ildə Frankonun adamları tərəfdən öldürüldüyü ildə Çaplin böhranla bağlı öz sənətçi mövqeyini ortaya qoyan “Yeni zamanlar” filmini çəkdi. Bundan bir il sonra Müşfiq də güdaza getdi. Çaplin yeddi il öncədən başlamış böhrana özünün süjet xəttində müstəqil olan filmiylə münasibət bildirdi.

“Mühacir”dən, “Sirk”dən, “Böyük şəhərin işıqları”ndan gələn balaca insan motivi böhran konteksində balaca fəhləyə çevrilir. Film insanların texnologiya vasitəsi ilə nəzarət altına alınacağını qabaqdacan müjdələyir. Belə ki, fabrikin direktoru bu günkü kameraları xatırladacaq vasitə ilə fabrikdəki işçiləri yoxlayır. Çaplin fabrikin fəhləsi kimi öz işinə o qədər aludə olur ki, artıq özü maşınlaşmış varlığa çevrilir. İşi bolt bağlamaq olan qəhrəman artıq hərəkətini bilmir əlləri ancaq işlək vəziyyətdə olur. Guya insanların rahatlığı üçün nəzərdə tutulan yemək makinasının işləməməsi də ifrat maşınlaşmaya olan ironiyanın göstəricidir. Fabrik rəhbərinə çox uğurlu makina kimi təqdim olunan ixtiranın fəhlənin başına bəla gətirməsi insanın yerinin avtomatla qarışıq olmasının göstəricidir.

Gallery

Təsadüf nəticəsində yük maşınından qırmızı bayrağın düşməsi Marksın dediyi Qərb üzərində dolaşan kabusun elementi kimi görünür. Bu kabus nəticəsində fəhlə kütləvi hərəkatın başçısı statusunda həbs olunur. Onun həbsdə təsadüfən narkotik qəbul etməsi isə həbsdən çıxmasıyla nəticələnir. Həbsxanaya soxulan cinayətkarları narkotikin verdiyi güclə sıradan çıxarması ABŞ cəmiyyətindəki narkotiklərlə bağlı olan vəziyyəti əks etdirir.

Fəhlədən daha ağır həyat şəraitində yaşayan Elenin (Pauletta Godard) çörək oğurlayarkən fəhlənin onu polisin əlindən xilas etməsi həyat uğrunda mübarizə aparan cütlüyü ortaya çıxarır. Onlar sosial və mənəvi baxımdan bir-birlərini tamamlayırlar. Həbs maşınında olsalar da, bir qəza onların həyatını xilas edir. Elenin ac olduğunu bilən fəhlə onu univermağa aparır. Kasıbçılıq içində olan Elenin belə dəbdəbəli yerdə olması ona bir nağıl kimi görünür. Fəhlənin gözlərini bağlayaraq uçurumun kənarında rəqs etməsi və yıxılmaması həyatda təhlükələrdən yalnız ağıl və iradə vasitəsiylə xilas olmağın mesajını daşıyır. Həm də bu məqam filmin sonluğunun yaxşı olacağının ipucu kimi görünür.

Qeyri-qanuni ora gələn cütlük oradan birbaşa bir daxmaya yerləşir. Həyati mücadilə yenə də öz axarıyla gedir. Fəhlə fabrikdəki işinə bərpa olunur. Lakin yuxarıdakı yemək makinası kimi fabriki idarə edən mexanizim nahar fasiləsi zamanı xarab olur. Yeni fabrik sahibkarının pis durumda olması və onun fəhlə tərəfindən yedirilməsi düşündürücüdür. Fəhlənin nataraz yemək makinası tərəfindən pis duruma salınması daha sonra sahibkarın mexanizm tərəfdən sıxışdırılmasıyla nəticələnir. Tətil prosesi isə fəhlənin işindən olmasıyla nəticələnir. Əslində heç vaxt sosial proseslərə qatılmayan fəhlənin ümumi axarda işindən olur.

Fəhlənin xilas yeri isə restoran olur. Onun etdiyi yaxşılığa cavab olaraq Elen onun mahnı oxumaq qabiliyyətini qiymətləndirərək orada işə başlamsına ona kömək edir. Amma polislər onu həbs etmək istəyir. Bu zaman cütlük arxa qapıdan çıxaraq qurtula bilirlər. Film həyatda balaca adamların mübarizə apararaq qalib gəlməsi mesajını verərək tamamlayır.

Gallery

Çaplinin 1947-ci ildə çəkdiyi “Misyö Verdu” filmini onun yaradıcılığının şah əsəri də adlandırmaq olar. Çünki Ç.Çaplin öz yaradıcı şəxsiyyətini bu filmdə tam olaraq tapa bilib. On səkkizinci əsrdə Avropa fəlsəfi nağıllarının qəhrəmanı olan Verdunu Çaplin iyirminci əsrdə kinoya gətirdi. “Yeni zamanlar” da işindən azad olunan fəhlə bankda işini itirən misyö Verdu kimi qarşımıza çıxır. Film onun məzarının görüntüsü fonunda işindən azad olunub buna görə də qadınları aldadaraq ailəsinə kömək etdiyini açıqlamaqla başlayır. Filmdəki bu məqam müəllifin ölümünü xatırladır. Böhranın insanları statusundan asılı olmayaraq sıradan çıxardığına işarə edir.

“Mavi Saqqal” ləqəbli Verdnun izinə istintaq düşsə də, paraleldə o öz hərəkətlərini davam etdirir. Üç ildə on üç qadını öldürməsi baş qəhrəmanın filmin sonunda məğlub olacağı mesajını daşıyır. Görkəmli fransız kinotənqidçisi Andre Bazen bu əsər barədə belə yazmışdı:

“Çaplin qadının deyil, qadın əfsanəsinin izinə düşmüşdü, çünki heç bir qadın onu xoşbəxt etməyib”.

Bundan sonra biz bu əfsanələrin hekayətini izləyirik. Evləndiyi xanımlardan biri olan Lidiyanı aldaraq ondan yetmiş min funt pul qoparsa da, qadın ayıq olur. Bankların hələ də müflis olmadığını bilən Lidiya səhəri gün banka pulu qaytaracağını deyir. Verdunun təbiət heyranlığına laqeyd olan Lidiya ona bir qədər bu xüsusiyyətinə görə axmaq kimi baxır. Bu zaman Verdu ilk gənclik sevgisini xatırlayaraq onu qətlə yetirir. Verdu burada təbiətə digər varlıqlara öz həssasiyyətini göstərir. Bundan sonra Verdu şikəst olan həyat yoldaşı Monanın və oğlu Robertin yanına gəlir. On ilik həyat yoldaşını o həqiqətən sevir. Çaplin burada şikəst olanlara sevgi göstərməklə iki il öncə məğlub olmuş nasistlərin siyasətinə də bir göndərmə verir. Çünki nasistlər fiziki qüsurlu insanları da məhv edirdilər. Bununla filmin ana ideyası bəlli olmağa başlayır. Gücün üstün olduğu dünyanın əslində necə fəlakətli olduğu mesajı qadın qatili olan Verdu tərəfindən verilir. Ailəsi ilə görüşən zaman pişiyin quyruğunu dartan oğluna “belə şeyi heç vaxt etmə, şiddət şiddəti gətirər” deyən ata öz övladını cinayət törətməkdən çəkindirməklə gələcək nəsilləri vəhşətlər törətməkdən uzaqlaşdırmaq istəyir.

Verdu qadınları öldürmək üçün başqa yollar axtarır. Evlərinə gələn həkim dostunun dolayı köməkliyi ilə o zəhər formulunu hazırlayır. Sıra sınağa gəlib çatanda o həbsdən yeni azad olunan isveçrəli gənc qadınla yağışlı gündə tanış olur. Həbs səbəbini qadından soruşanda o əhəmiyyətli bir hadisə olmadığını söyləyir. Bununla XX əsrdə törədilən xırda cinayətlərin elə də vacib olmadığı fikrini ortaya qoyulur. Gənc xanımın üzərində bu təcrübəni keçirməkdə israrlı olan Verdu bu qərardan imtina edir. Çünki gənc qadın özünün müharibədə iştirak edib şikəst qalan dünyasını dəyişən ərini vaxtı ilə çox sevdiyini söyləyir. Bu zaman yuxarıda qeyd edilən mərhəmət faktoru öz işini görür. Verdunun öz xanımını əngəlli olaraq sevməsi gənc isveçrəli qadının da həyatını xilas etmiş olur.

Lakin qəhrəmanın öldürə bilmədiyi bir qadın var. Özünün axmaqlığı ilə filmdə digərlərindən seçilən Anabella saxta almas alverçiləri tərəfindən aldadılır. Anabella obrazı filmə Çaplinin səssiz komik filmlərindəki estetikanı gətirir. Verdu onu zəhərləmək istəyərkən Anabella qovmaq istəyi ev qulluqçusu tərəfindən dolayı yolla xilas olur. O zəhəri dəyişik salaraq öz saç boyasına əlavə edir. Bu zaman zəhərli maddədən saçı tökülən qulluqçu xanımın paralelində zəhəri içdiyini güman edən Verdunun özünü ölmüşlüyə vurması kiçik komik görüntü yaradır. Daha sonra onu qayıqdan suya atmaq istəyəndə Çaplin Verdunun timaslında əvvəlki filmlərindəki gülüş tərzindən istifadə edir. Bununla Çaplin ağılsız qadınların toplumda heç nəyə yaraya bilmədiklərini hətta gərəksiz yerə yaşadıqları mesajını verir.
İmkanlarını itirən Verdu bu zaman öldürmədiyi gənc xanımla yenidən qarşılaşır. Restoranda onu qonaq edən qadın bir silah istehsalçısı ilə ailə quraraq zirvəyə qalxır. Burada mərhəməti olanların da sonra maddiyat qarşılığında dolayı yolla caniyə çevrildiklərinin hekayəti göstərilir.

Gallery

Verdunun daha sonra bütün cəmiyyəti ittiham etməsi üçün bununla zəmin hazırlanmış olur. ”Yeni zamanlar” da fəhlə olan Çaplin restorandan çıxaraq xilas olur. Lakin Verdu obrazında o birbaşa həbsə gedir. Cinayətləri təsdiq olunan zaman məhkəmədə çıxışı zamanı silah istehsalçılarıyla müqayisədə günahsız olduğunu söyləyən Verdu müasiri olduğu dövrü ittiham edir. Filmin bu sonluğundakı çıxış “Böyük diktator” filmindəki final nitqi xatırladır. İnsanları kütləvi qırğınlardan çəkindirməyin mesajı “Misyo Verdu”da məntiqli şəkildə yekunlaşır.

Çaplinin qəhrəmanı bir çox yollardan keçərək sonradan gilyotinə doğru gedir. Bu epizodda Verdu obrazının ölməzliyi əks olunur. Nə qədər ki böyük cinayətlər törədilir, Verdular həmişə olacaq.

# 5330 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #