Kimyəvi cümlələr yağışı - Gənc yazar həmkarını tənqid edir...

Kimyəvi cümlələr yağışı - Gənc yazar həmkarını tənqid edir...
8 iyun 2021
# 15:44

Kulis.az Vüsal Aydının "Kimyəvi cümlələr yağışı" tənqidi yazısını təqdim edir.

Məlik Rzanın "Kimyəvi yağışlar" hekayəsi... Bu başdan deyim ki, qəşəng hekayədir, gənc dostumuzu təbrik edirəm. Şərti şumda kəsək, xırmanda yabalaşmayaq, mən hekayəni haqqında danışılmağa layiq bildiyim üçün müzakirə etmək istəyirəm, yazacağım tənqidlər də məhz daha yaxşısını edə biləcək potensialı müəllifdə sezdiyim üçündür. Gözəl olardı ki, bu cür hekayələr çoxalsın, ətrafında müzakirələr aparaq, ümumi söhbət mühiti yaradaq və nəticədə həm oxucu daha yüksək ədəbiyyat nümunələri oxusun, həm də müəlliflər "balaqlarını bir az qatlasın".

Məlik Rza hekayənin ilk cümləsindən adamın əlindən tutub başqa aləmə, başqa atmosferə, daha dəqiq desək, başqa hala salmağa çalışır və bir müddət sonra özü o hala elə düşür ki, baxırsan, əlin boşdur və sən dumanlı cümlələrin labirintində müəllifi axtarırsan... Oxuya-oxuya düşünürdüm ki, görəsən, elektron məcrada paylaşılan, telefondan oxuduğumuz və oxuyarkən "Netflix", "Youtube", "Facebook", "Instagram" və s. kimi halımızı çox daha əyləncəli şəkildə dəyişə bilən proqramlardan bildirişlərin gəldiyi bir zamanədə bu qədər yavaş, həzin, uzun cümlələr yazmağa ehtiyac var idimi?

Məsələn, hekayədəki belə bir cümləyə baxaq. Dərindən nəfəs alın, getdik: "...Mən də sənin mədəniyyət evinin sarmaşıqları daşlarından qoparıldığı, dənizin ortasında xəyalət dumanlarına bürünmüş paslı gəminin yerindən götürüldüyü, qaramatlığa məhkum edilmiş adamların üstündən intihar üçün səkilərə boylandığı, tərk edilmiş Məcnunların keflənmək üçün pivə yeşiklərini çiyinləyib toplaşdığı, narkomanların məktəb önlərində hər rəzilliyə maraq salan gözləri şişkin uşaqlara satılmış həblərin pulları ilə iynələndiyi, cütlüklərin şərq əxlaqına pərdə çəkib kifli döşəklərdə sevişdiyi, bütün pis və yaxşı adamların zülmət gecədə eyni yerdə intihardan, alkoqol komasından, aşırı dozadan ölə biləcəyi, yalnız sevişənlərin şərtsiz salamat çıxdığı on dörd mərtəbənin damının məmur övladının müəmmalı qətlindən sonra polislər tərəfindən bağlandığı gün etdiyin kimi taxta skamyalı həyət içlərinə, qəsəbə ruhunun sabit qaldığı məhəllə künclərinə çəkilirəm, Qardaşım Sum (Çəkilmirsən, Səlim, təqaüdə çıxırsan)..."

Hə, bir də əsərdə kimin kimə müraciət elədiyi dəqiq bəlli olmayan xitablar var, "Qardaşım Sum, "oğlum Səlim" və s. Bu özlüyündə maraqlı tərz yaradır, ancaq say artıqca mənə bir az çox gəldi və az qala bu çoxluq məni əsəbiləşdirəcəkdi.

Uzun və "ballı" cümlələrin, təşbehlərin, əlbəttə ki, mətndə, ədəbiyyatda yeri var və olmalıdır, lakin bu tip xüsusi işlənmiş cümlələr mətni ağırlaşdırmamalı, əksinə, daha oxunaqlı etməlidir. Məqsəd uzun cümlə yazmaq olmamalı, bu cümlələr müxtəlif cümlələrin arasındakı nöqtəni vergüllə əvəz etmək vasitəsilə ərsəyə gəlməməlidir. Məlik Rzanın "Kimyəvi yağışlar" hekayəsində belə cümlələr dalbadal gəlir, sən birinin "havasını" canına hopdurmamış dalıyca digəri, ondan sonra o biri gəlir və səni nəfəs almağa qoymur.

Nəticədə hekayəni yarımçıq saxlayıb nəfəs dərməli olursan, ona görə də yuxarıda dediyimiz kimi diqqətimizi şiddətlə özünə çəkən digər ünsürlərin olduğu günümüzdə, zənnimcə, müəllif çalışıb elə bir şey yazmalıdır ki, daha doğrusu, elə bir üslub seçməlidir ki, başlamağınla bitirməyin bir olsun, yerə qoymağa macal tapmayasan...

İgidi öldür, haqqını yemə. Dalbadal gələn ağır cümlələr, qırılan fikirlərə rəğmən Məlik Rzanın "Kimyəvi yağışlar" əsəri yüksək notlara sahibdir. Müəllif hekayədə sosial problemlər, ailədaxili anlaşmazlıqlar, mənəvi sıxıntılar, vicdanın cəmiyyətdə özünə yer tapa bilməməsi... və insanı düşünməyə vadar edən başqa bir çox məsələyə çox da açıb-ağartmadan, dadında-duzunda toxunur.

Ümumilikdə, mən belə başa düşdüm ki, adamı yoran üslubunu nəzərə almasaq, hekayəni lazımlı, dəyərli, uğurlu və maraqlı hesab etmək olar.

# 2621 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #