Kafkanın "Məhkəmə"si filmdə: Rejissoru amerikalılar niyə qınadı?

Kafkanın "Məhkəmə"si filmdə: Rejissoru amerikalılar niyə qınadı?
4 sentyabr 2021
# 09:00

Kulis.az Frans Kafkanın "Məhkəmə" əsəri əsasında çəkilmiş eyniadlı filmi təqdim edir.

Süjet: Əsərin qəhrəmanı, bank işçisi Yozef K. yuxudan ayılanda həbs olunduğunu görür. Ona hər gün səhər yeməyi gətirən qulluqçunun əvəzinə otağa qara geyinmiş adamlar girir. Onlar K.-ya hansısa cinayətdə günahkar olduğunu və yaxınlarda hər şeyin aydınlaşacağını deyirlər. K. şübhə etmir ki, bu, ya anlaşılmazlıq, ya da kobud, yersiz, zarafatdır. Amma onun məsələni aydınlaşdırmaq cəhdləri alınmır. Bu adamlar kimdir? Hansı idarədəndir? Onun həbsinə order hanı? Niyə hüquqi dövlətdə belə özbaşınalıq baş verir? Naməlum adamlar onun əsəbi suallarına yumşaq cavablar verərək mətləbdən yayınırlar. K.-ya bildirirlər ki, o, həmişə olduğu kimi, işə gedə, gündəlik öhdəliklərini yerinə yetirə və adi həyatını yaşaya bilər. Çünki onun işi üzrə hələ yalnız ilkin istintaq aparılır. Bankda işləyən üç həmkarı isə onu hər yerdə müşayiət edir və nəzakətlə susurlar. O, işdən qayıdandan sonra mənzilinin sahibəsi frau Qrubaxla səhərki hadisə barədə danışır və onun işdən xəbərdar olduğunu biləndə təəccüblənir. O, K.-ya məsləhət görür ki, baş verənləri ürəyinə yaxın buraxmasın.

K. baş verənlərə ciddi yanaşmasa da, təşviş keçirir. O, frau Qrubaxın mənzillərindən birinə yerləşmiş frölayn Bürstnerlə səhərki hadisə haqda danışır və sonda onu ehtirasla öpür. Günlər keçir, K. gərgin işləyir və hadisəni unutmağa çalışır. Amma tezliklə ona telefonla xəbər verilir ki, bazar günü işi üzrə məhkəmə keçirilir. Bazar günü K. deyilən ünvana gedir. Kasıb bir mənzilin qapısında bir qadın onu adamla dolu zala buraxır. K. məhkəmədə qətiyyətlə danışaraq istintaqın aparılma metodlarını ifşa edir. Kütlə onun çıxışına gah gülür, gah alqışla cavab verir, gah da narazılıqla qarşılayır.

Bir həftə sonra K. çağırış gözləmədən özü həmin ünvana gedir. Keçən dəfə onu qarşılayan qadın bu gün iclas olmadığını deyir. K. anlayır ki, qadın da onun işindən xəbərdardır. O, hansısa məhkəmə məmurunun arvadıdır və ona xəyanət edir. Daha sonra aldanmış ər gəlir, arvadının yüngüllüyü isə onun vecinə deyil. K.-nın işindən xəbərdar olan kişi ona məsləhətlər verir. Onlar uzun, qaranlıq dəhlizlərdən keçəndə barmaqlıqlar arxasında nəsə gözləyən adamları görür. Bunlar da K. kimi ittiham olunanlardır. K. binanı tərk etməyə tələsir. Getdikcə, psixikası dəyişən K. anlayır ki, ətrafdakı bütün adamlar niyəsə bu iş haqda bilirlər. Və o, hansısa nəhəng sistemlə mübarizə aparır. Əyalətdə yaşayan, məhkəmə barədə məlumatlı olan dayısı K.-nı yoluxur və onu tanış vəkilinin yanına aparır. Vəkil də bu barədə bilir və onun müdafiəsindən imtina etmir. Bu zaman K.-nı vəkilin baxıcısı gənc Leni tovlayır. Leni dəyişkən və işvəli qadındır. K. getdikcə sakitliyini itirir. Bir gün bank rəhbərliyi K.-ya bir italyan qonağa abidələri göstərməyi tapşırır. O, mərkəzi kilsəyə gəlir və birdən onu kimsə çağırır. Özünü həbsxananın keşişi adlandıran adam məlumat verir ki, onun məhkəmə prosesi ilə bağlı işlər pis gedir. Keşiş ona "Qanunun qarşısında" adlı pritça danışır və bununla da K.-nın durumunu ona anlatmaq istəyir.

Sonra onun mənzilinə qarapaltarlı iki adam gəlir. Sanki onları gözləyən K. müqavimət göstərmək üçün əsas görmür. Onu kimsəsiz daş karxanasına gətirərək öldürürlər...

Frans Kafkanın "Məhkəmə" romanı (əsər ilk dəfə 1925-ci ildə yayımlanıb) dünyanın nəhəng, gözəgörünməz bir bürokratik maşın tərəfindən idarə edildiyini, insanların onun qarşısında gücsüzlüyünü, sınmasını, məhvini və mövcudluğun absurdluğunu göstərən romandır. Romanın yazılışı Kafkanın həyatındakı müəyyən qırılma nöqtələri ilə üst-üstə düşür. 1914-15-ci illərdə o, sevgilisi Bauerlə münasibətlərini kəsir. Öz durumunu yazıçı ittiham olunanla, sevgilisi ilə son söhbətini isə tribunalla müqayisə edir. Bundan sonra o, "Məhkəmə"ni yazmağa başlayır. Görünür, yazıçının tamamlamadığı bu romanı onun ovqatının, yaşantılarının analizi kimi meydana çıxıb.

"Məhkəmə" ilk dəfə dünya kinosunun əhəmiyyətli rejissorlarından biri, texniki, maraqlı, yeni təsvir həlləri, fərqli təhkiyəsi ilə seçilən amerikalı Orson Uells (1915-1985) tərəfindən ekranlaşdırılıb.

"Məhkəmə" əsərini rejissor 1962-ci ildə ekranlaşdırır. Uells bu filmini özünün ən yaxşı əsəri sayırdı. Almaniya, İtaliya və Fransanın birgə istehsalı olan filmə rejissor bir müddət pul tapmaqda çətinlik çəkmişdi.

Rejissor romanı yaşadığı dövrə uyğunlaşdırıb. Bu, daha çox əhvalatın vizual hissəsinə aiddir. Yəni personajların qiyafəti, istifadə etdikləri əşyalar müasirdir, yaşadıqları, işlədikləri binaların dizaynı, interyeri də həmçinin. Bundan başqa, rejissor dövrünün üç cazibədar, məşhur aktrisasını (Janna Moro, Romi Şnayder, Elza Martinelli) çəkib və onların oyunu əhvalata hardasa seksuallıq gətirib. Bədii mətnin finalı dəyişdirilib. K.filmin sonunda partlayış nəticəsində öldürülür.

Bütün hallarda müəllif romanın atmosferini ekrana fiksə edə bilib: qeyri-müəyyənlik, hansısa gözəgörünməz, bədheybət sistemin idarəçiliyi, reallıqdan doğan fantasmaqoriya. Romanın sonunda keşişin danışdığı pritçanı rejissor iynəli ekranla həll edib. (Animasiya texnikasıdır, 1931-ci ildə rus-fransız rəssam-qrafiki, animator Aleksandr Alekseyev tərəfindən kəşf edilib. Bu zaman eyniölçülü uzun nazik iynələr ekran səthinə yerləşdirilir).

Filmdə təsvirlərin dərinliyi, kadrların dolu ikən nəsə sonsuz boşluq təəssüratı verməsi, hissiyyatını itirmiş obrazlar sürrealist Rene Maqritin rəsmlərinin kompozisiyası ilə eyniləşir. Onun tablolarında predmetlər, insanlar dərin, sonsuz boşluqda tənhadırlar və fərqli mənalarla yüklənirlər. Kəskin kölgə və işıq təzadı, məkanların daralmış təsviri soyuqluq, sıxıcılıq ötürür. Aşağıdan və yuxarıdan çəkilişlər, personajların başlarının tavana yaxın yerdəymiş kimi çəkilməsi, köndələn, məkanda kəskin dəyişən rakurslar, interyerlərdəki boşluq və dağınıqlıq narahat ovqat, gərginlik aşılayır.

İlk epizodların birində qara geyimli naməlum adamların ağ köynəkli K.-nı əhatəyə alması qəhrəmanın bundan sonrakı durumunun çıxılmazlığının təsviridir. Personajların üzü donuqdur, onlar, sanki hardansa idarə edilən, ətalətə təslim olmuş kabuslar kimidir. Fasiləsiz, yorucu dialoqlar əhvalatın absurdluq qatını gücləndirir. K. tez-tez nəhəng predmetlərin - binaların, antik heykəllərin, kitabxananın fonunda peyda olur. Hətta epizodlar var ki, K.-ni izləyən, ittiham edənlər üçbir, dördbir halda eyni kadrda yerləşir, onların fonunda K. formaca kiçik, çarəsiz, təklənmiş görünür. Məkanlardakı labirintlər, qaranlıqlar, bəstəkar Tomazo Albinoninin "Adacio"su filmə apokaliptik ruh qatır. Beləliklə, Orson Uells vizual təhkiyəsilə dünya kinosunun ən yaxşı nümunələrindən birini yaradır.

Ümumiyyətlə, "Məhkəmə"ni janrına görə dəhşət, qorxu filmləri ilə müqayisə etmək olar. Düzdür, bizim bildiyimiz anlamda, ənənəvi qorxu filmlərindəki obrazlardan, təsvirlərdən, təhkiyədən söhbət getmir. Sadəcə, əhvalatın qeyri-müəyyənliyi, real dünya ilə əlaqəsini itirmiş, mistikavari müəmmalı obraz və məkanlar K.-ya hazırlanmış tələlər, hər an nəsə dəhşətli, gözlənilməz bir hadisənin baş verəcəyi təəssüratı "Məhkəmə"ni bu janra yaxınlaşdırır.

Final Orson Uellsin kadrarxası sözləriylə bitir: "Mən vəkil rolunu oynadım, ssenarini yazdım və filmi çəkdim. Adım Orson Uellsdir".

K. rolunu Entoni Perkins oynayır. Aktyorun yozumundakı K. özünəinamsız, təlaşlı, narahat, əsəbidir. Perkins buna kimi Alfred Hiçkokun "Psixo" filmində oynamış və məşhurlaşmışdı.-

Avropada "Məhkəmə" uğurla keçir. Onu "Vətəndaş Keyn"dən sonra, hətta Uellsin ən yaxşı filmi adlandıranlar da tapılır. Amerikada isə film tənqid olunur və rejissoru orijinala sadiq qalmaqalda günahlandırırlar.

Orson Uellsin maraqlı fikirlərindən: "Düşünürəm ki, ənənə istənilən sənətkar üçün sənətdə birinci dərəcəli rol oynayır. Ənənə ilə mübarizə aparmaq zəruridir, amma biz onu tamamilə məhv eləsək, gərginlik itir və onda nəsə qalmır: nə avanqard, nə eksperimental sənət. Ənənədən kənar hər cür eksperimentallıq anlamını itirir... Biz çoxdan ənənəni dağıtmağa başlamışıq - Birinci Dünya müharibəsinə kimi - sürrealizmin, dadaizmin və s. köməyi ilə. Bu, sənətin bütün formalarına aiddir, indi isə ənənədən heç nə qalmayıb. Ona görə də mən ənənəni müdafiə edirəm və özümü ekspermentator saymıram, filmlərimdə yeni şeyləri bilərəkdən eləməmişəm. Sadəcə, nəsə elə bir şey edəndə, ümidim var ki, bunları mənədək kimsə çəkməyib".

Qeyd edim ki, Yeni fransız dalğasından Lars fon Trierə kimi çox rejissor Uellsdən təsirlənib. Vudi Allen isə onun haqqında deyir: "Orson Uells Berqman, Fellini, Renuarla bir sırada dayanan yeganə Amerika rejissorudur".

Romanın digər ekranlaşdırılması isə 1993-cü ildə böyük britaniyalı rejissor Devid Hyu Consa aiddir. Film orijinala yaxın çəkilib və vizual baxımdan Uellsdən təsirlənib.

# 2089 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #