İnsanlar niyə qışqırır? - Pritçalar

İnsanlar niyə qışqırır? - Pritçalar
16 aprel 2020
# 21:00

Kulis.az üç maraqlı pritça təqdim edir.

İnciklik haqqında pritça

Şagird ustadın yanına gəlib soruşdu:

- Sən müdrik adamsan, ustad. Sənin əhval-ruhiyyən həmişə yüksəkdir. Heç vaxt əsəbiləşmisən. Mənə də belə olmağı öyrət!

Ustad razılaşdı və şagirdinə dedi ki, ona bir şəffaf torba və kartof gətirsin:

- Əgər aranda kiminləsə problem olacaqsa, ona əsəbiləşəcəksənsə, onun adını kartofun üstünə yaz və torbanın içinə at.

- Vəssalam? – təəccüblənən şagird soruşdu.

- Yox – ustad cavab verdi – sən həmişə bu torbanı özünlə daşımalısan. Hər dəfə kimdənsə incidinsə, bura kartof əlavə etməlisən.

Şagird razılaşdı. Bir müddət keçdi. Şagirdin torbası kartofla doldu və ağırlaşdı. Həmişə bu torbanı özüylə daşımaq narahatlıq yaradırdı. Üstəlik torbaya lap əvvəldə atdığı kartof artıq çürüməyə başlamışdı. Torbadan pis iy gəlirdi. Şagird ustadın yanına gəlib dedi:

- Artıq bu torbanı daşımaq mümkün deyil. Əvvəla, çox ağırdı. Həm də kartoflar xarab olub. Nəsə başqa bir təklifin yoxdur?

Ustad cavab verdi:

- Orda baş verənlər, elə sənin özünlə də baş verir. Sadəcə sən bunu dərhal başa düşmürsən. Əməllərimiz vərdişlərə, vərdişlər isə zamanla xarakterə çevrilir. Belə xarakterdən isə üfunətli qüsurlar doğur. Mən sənə bütün bu prosesə kənardan baxmaq imkanı yaratdım. Hər dəfə sən kimdənsə inciməyə, yaxud kimisə incitməyə hazırlaşanda, düşün ki, sənə bu yük lazımdırmı?

İnsanlar niyə qışqırır?

Bir dəfə müəllim tələbələrdən soruşdu:

- İnsanlar niyə mübahisə edəndə qışqırır?

- Çünki əsəbiləşirlər, sakit ola bilmirlər – biri cavab verdi.

- Qarşındakı adam düz yanındadırsa, qışqırmaq nəyə lazımdır? – müəllim soruşdu – Olmazmı ki, sakit danışasan?

Tələbələrin hərəsi bir cavab verdi. Lakin heç biri müəllimi razı salmadı. Axırda özü izah etməli oldu:

- İnsanlar bir-birilərindən razı olmayanda, mübahisə edəndə onların ürəkləri bir-birindən uzaqlaşır. Ona görə də bir-birlərini eşitmirlər və qışqırmaq məcburiyyətində qalırlar. Nə qədər çox əsəbiləşirlərsə, bir o qədər bərkdən qışqırırlar. Bəs insanlar bir-birlərini sevəndə nə baş verir? Onlar qışqırmırlar. Əksinə sakit danışırlar. Çünki ürəkləri bir-birinə çox yaxın olur və qışqırmağa ehtiyac qalmır.

- Bəs bir-birinə da çox aşiq olanda nə baş verir? – müəllim davam etdi. Ümumiyyətlə danışmırlar, sadəcə pıçıldayırlar və sevgi onları daha da yaxın edir. Onlar sadəcə bir-birlərinin gözünün içinə baxır və danışmadan bir-birlərini başa düşürlər. Mübahisə etdiyiniz zaman ürəklərinizə bir-birinizdən uzaqlaşmağa icazə verməyin, aranızdakı məsafəni artıran sözlər işlətməyin. Çünki bir gün gələr, məsafə o qədər uzaq olar ki, ona gedən yolu tapa bilməyəsiniz.

Dörd şam haqqında pritça

Dörd şam sakitcə yanır və yavaş-yavaş əriyirdi. O qədər sakitlik idi ki, şamların danışdıqlarını eşitmək olardı.

Birinci şam dedi: “Man – Səbirəm. Təəssüf ki, insanlar məni qorumağı bacarmır. Mənim sönməkdən başqa yolum yoxdur”. Və şam söndü.

İkinci şam dedi: “Mən – İnancam. Amma mən heç kimə lazım deyiləm, təəssüflər olsun ki... İnsanlar mənim haqqımda heç nə eşitmək istəmirlər, ona görə də daha yanmağın heç bir mənası yoxdur”. İkinci şam da söndü.

Üçün şam dedi: “Mən – Sevgiyəm. Mənim daha yanmağa taqətim qalmayıb. İnsanlar məni qiymətləndirmir. Onlar sevməyi bacarmırlar, sevilməyi bacarmırlar”. Üçüncü şam da söndü.

Qəfildən otağa bir uşaq girdi. Sönmüş şamları görüb qorxdu və qışqırdı: “Siz neynirsiz? Siz yanmalısız! Mən qaranlıqdan qorxuram!” – ağlamağa başladı.

Bu zaman dördüncü şam dilə gəldi: “Ağlama və qorxma! Nə qədər ki, mən yanıram, digər 3 şamı da yandırmaq olar. Mən – ÜMİDƏM!”

# 8094 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #