Cinsi yolla çoxalma sona çatır: Seksdən qurtuluş

Cinsi yolla çoxalma sona çatır: Seksdən qurtuluş
24 iyun 2021
# 17:30

Kulis.az Mir Çingiz Ağazadənin "Qeyri-adamların dünyası - Cizgilər əsri” yazısını təqdim edir.

Cizgilər – qəribə də olsa, fikirlərimizə sirayət edən əsas nəsnələrdir. Məsələn, nə üçün bütün qadınlar əvəzinə, sırf onu sevdiyinizi düşünmüsünüzmü? Yaxud hər kişini adiləşdirərək, sırf onu özəl görmənizin səbəbi nədir? Hormonal təsirləri unutmağı tövsiyə edirəm. Çünki hazırda oxuyacaqlarınız bir çoxunuzu maraqlandırmasa belə, gələcəyin vizualından bəhs edir. Məqalə geniş olacağı üçün, dözümsüz oxuculara səbr diləyirəm.

1 - "Humanizmin məhvi"

Ümumbəşərilik dəyərlərin birbaşa sıradan çıxmasına səbəb olduğu üçün yaxın gələcəkdə seksual hadisələrin hansısa rituallarla ört-basdır edilməsi mümkünsüzləşəcək. Seksuallıq insanların ruhani doyumunu təmin etməyəcəyi üçün "ultra-romantik" şəxslər digərlərinə nisbətən seçilməyə başlayacaq. Necə deyərlər, "Romantizmin iyerarxiya dövrü başlayır!" Məsələnin humanizmlə əlaqəsinin olmadığını düşünənləri qınamıram. Hərçənd, artıq nəhəng dövlətlər eqosentrizmi kənara qoyub, mühitə ən mükəmməl şəkildə uyğunlaşa bilən canlıların qorunması naminə çalışır.

Hər halda, Marsda sağ qalmaq məsələsində bakteriyalar bizdən daha şanslıdır. Bütün canlı orqanizmləri öz bacarıqlarına görə dəyərləndirsək, biz qətiyyən ilk pillədə dayanmarıq. Hətta qarışqanın həyat mübarizəsini uğurla tamamlamaq şansı belə bizimkindən daha çoxdur. Qısası, “Humanizm” yəni, “İnsançılıq” dövrü "Həyatçılıq" ilə əvəzlənmə dövrünü yaşayır. Üstəlik, dünyanın həyat mərkəzli modelə salınması bəşəriyyətin fəlsəfi görüşlərini alt-üst etməyə çoxdan başlayıb (Ego Vs Eco).

Ekzistensializm və absurdizm də bu mənəvi dağılmanın nəticəsidir. Nitşenin dövrü bitmək üzrədir! Modernizm və postmodernizm kimi kütləvilikdən fərdiliyə yönəlik düşüncə formaları həyat kökənli görüşlərlə müqayisədə daha şablon və saxta görünməyə başlayacaq.

Beləliklə, sistemlər yer dəyişdikcə, onların tabeliyindəki iyerarxik quruluşlar böhrana qərq olacaq. Anarxiya dövrü yaxındadır. Bu anarxiyanın özündən əvvəlki quruluşlardan ayıran cəhəti daha qabarıq və hannibalist bəşəriyyətin yaranmasına rəvac verməsidir. İnsanlar ölümü dəyər etalonu olmaqdan çıxarıb aksesuarlaşdıracaq. Nəhayət, əcəlindən qurtulan homo-sapiensin tanrılıq eşqi özünün ən yüksək həddinə çıxacaq.

Əgər XXI əsrin tanrısına çevrilmiş kapitalistlər bu dövrə qədər "qala bilsələr", o zaman, dəhşətlər üz verəcək! Sözün əsl mənasında, pambıq ilə baş kəsənlərin at oynadacağı zaman yaxındır. Belə mühitdə təbii və cinsi seçmə mexanizmi də mühitə uyğunlaşacağı üçün centlmenlər mübarizənin ilk məğlubları kimi tarixə düşəcək. Bəs bu nə deməkdir? O deməkdir ki, "modern azıx adamları" (başqa sözlə, "modern vəhşilər") dövrünə qədəm qoyuruq.

Qadınlar içlərindəki "vəhşi kişini əhliləşdirmək" hərisliyindən imtina etməli olacaqları kimi, kişilər də vəhşiliyin daha sivil və qəddar halına üz tutacaqlar. Özümüzü modern kişilərlə müqayisə etdikdə, bizim centlmen, onlarınsa centlmen terminator olduğunu düşünmək olar. Bəli, əziz humanist dostlar. Əgər təkamül nəzəriyyəsinin mahiyyətinə baş vursanız, bir canlı formunun daha fərqli varlığa çevrilməsi üçün ya mübarizə aparıb sağ qalmalı, ya da ölməli olduğunu aydın görəcəksiniz. Deməli, bu mübarizənin yeni mərhələsində humanizm kimi "müdafiə şəklini" mülayim, ancaq bir o qədər də vəhşi "həyat fəlsəfəsi"-nə çevirməliyik. Çevrilmə artıq başlayıb.

2 - İşğaldan fəthə

Yuxarıdakı sözün bəsit şəkillərini tarix kitablarında çox oxumuşuq. Məsələn, əgər hücum edən tərəf sizin ölkədirsə, uğurlar “fəth”, yox, qarşı tərəfdirsə, “işğal” adlandırılır. Bu, insanların motivasiya və manipulyasiya bacarıqlarının sintezi, mənim təbirimcə isə "Manipulyar motivə" özəlliyidir.

Gələcəkdə hərbi texnikanın üst səviyyəyə çıxacağını bilirik. Ancaq çatdırmaq istədiyim fikir bu deyil. Əgər XXI əsrə qədər insanların romantika qavramı cinslərarası müstəvidəydisə, qeyri-qəti gələcəkdə romantizm daha çox "döyüş və yaşa" şüarları əsasında formalaşacağı üçün seksə meyl də həyat eşqinə uduzacaq. Hazırda, yaşamaq üçün seksə ehtiyacımız var. Lakin gələcəkdə seks uzaq başı, atraksionlar qədər əyləncəvi, bəsit və əhəmiyyətsiz hala gələcək. Bunu adrenalin hormonu qəbul etmək üçün aptekə yaxınlaşan xəstə insan vizualı kimi düşünün. Hər şey adiləşir! – planlı şəkildə.

"Nəhəng”lərin cinslərarası meyli bacardıqca azaltma cəhdi sayəsində dünyadakı bəşəri artım tempinin yavaşlaması yazdıqlarımın bariz nümunəsidir. Əgər hansısa kişi cinsi ehtiyaclarını pornoulduzlara baxaraq təmin edirsə, bu artıq seksin önəmsizləşməsi yolunda ən böyük uğurun qazanıldığını göstərir.

Aha, “ekoseksual”, “homoseksual”, yaxud “biseksual” kimi genetik səviyyədə yaranmış problemlərdən meydana çıxan fərqli oriyentasiyaları müzakirə etməyəcəm. İnsanların insan kimi yaşama hüquqlarını tanımalıyıq. Amma və lakin XXI əsrdə fərqli oriyentasiya formalarının yaranmasından tutmuş, kütləvi təbliğatlara qədər çox şey bizim gələcəyimizi təyin edən görünməz əl funksiyası daşıyır. Az qalsın, bəziləri mövcud oriyentasiyaların monotonluğundan şikayətlənir və cinsləri eynilə yemək növü kimi dəyişmək hüququmuz olduğunu müdafiə edir (dəqiq bu seçim deyil?). Qınamıram! Belə manipulə edilirik. Subyektivizmə keçmək istəməzdim, ancaq zənnimcə, monotonluqdan uzaqlaşma cəhdləri də seksdən bezməyin nəticəsidir.

3 - Seksdən qurtuluş

İndi gülməli gələ bilər. Ancaq zehni inkişafın yeni mərhələsinə keçəcəyimiz üçün cinsi yolla çoxalmadan da ehtiyacımız qalmayacaq. Beləliklə, seks özəlliyini itirərək bəşəriyyətin "rudimentləşmiş akt"-ına dönəcək. Təbii, qadın-kişi ayrımı olmayacağı üçün feminizm-maskulinizm kimi fəlsəfi-sosial cərəyanlar da sıradan çıxacaq. Vahid işçi qüvvəsi üçün cinssizlik qeyd-şərtsiz zərurətdir...

4 - Absurdizmdən obyektiv romantizmə doğru

Təsəvvür edin ki, bu günədək insan zehninin ərsəyə gətirdiyi bütün nəsr və nəzm nümunələri qadınla kişi arasındakı mənəvi-cinsi bağlar üzərində formalaşıb. İndi isə, cinsi cəbhələşmənin olmadığı dünyada insanların kimə və niyə şeir həsr edəcəyini düşünməyə çalışın. Seksdən qurtuluş obyektiv qərarvermə bacarığımızı birə beş artıracaq. Ədalət, qorxu, mübarizlik və s. kimi qavramları əməlli-başlı dəyərləndirməyə başlayacağıq. Sentimenallıq cild dəyişdirəcək. Yeni insanların romantikası hətta üz cizgilərinə nəzərən belə "öz hüzurverici eşqini tapmaq" istəyinə təkan verəcək. Seksual meyl olmayacağı üçün "sevginin də gözü açılacaq". “Korlar dövrü”ndən “aydınlar periodu”na keçid ilə səslər, gözlər, üz cizgiləri, zövqlər və ən vacibi, ideyalar hazırkından daha qərəzsiz anlaşılacaq, seksual təmənnası olmayan dostluqlar qurulacaq. Mövcud ailə modeli, “ana” və “ata” qavramları ya tamamilə aradan qalxacaq, ya da yeni bəşəriyyət onu tamam fərqli hala salıb yaşatmağa davam edəcək. Mənəvi bağlar kütləvi deformasiyaya məruz qaldığından növbəti psixo-inqilab dövrünəcən “xalq”, “millət”, “ailə” kimi ruhani yüklü kəlmələr unudulacaq. Ziyalılıq və intellektuallıq sirk əyləncəsiylə yer dəyişdirəcək. Əksinə, heyvanların özəlləşdirilməsi ən ağır vəhşilik örnəklərindən biri sayılacaq. Fərdlərin bir-birinə olan nifrəti onları təbiətlə yaxınlaşdıracaq... Tanrıya gəlincə...

ardı var...

# 3321 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #