Bu gün çağdaş Azərbaycan ədəbiyyatının tanınan imzalarından Şəhriyar del Geraninin doğum günüdür. Kulis.az Şəhriyar bəyi ad günü münasibəti ilə təbrik edir və onun maraqla qarşılanan şeirlərindən bir neçəsini oxucuların diqqətinə çatdırır.
Pıçıltı
dəcəl uşaq bir daş atıb bu yuvanı uçursa,
gələn bahar bu eyvanda bir qaranquş kəm gələr.
nəsə çatmaz göy üzündə, bir quş yeri boş qalar,
səni də başqa şəhərin yağışları isladar...
səni də başqa şəhərin yağışları isladar,
başqa küçəyə açılar sərxoş pəncərələrin.
kimsə çatmaz bu şəhərdə hər gecə “səhv düşməyə”:
“bu sevgini qışqırma... pıçıltısında qalsın...”
bu sevgini qışqırma... pıçıltısında qalsın,
bu gedişin, bu yoxluğun bir adı da olmalı.
bir adı da olmalıdı bir ömür yorğunluğun,
bu təkliyə yoluxmağın bir adı da olmalı...
bu təkliyə yoluxmağın bir adı da olmalı,
bir əlinlə başına döy, o biriylə sığal çək.
güzgüyə bax, gülümsə, de ki: “səndə alınmadı,
nəsə... nəsə... olmadı! nəsə... nəsə... olmadı”...
1, 2 və başqa rəqəmlər
belə olmalı deyildi, dostum,
bunca hündür olmayacaqdı divarlar,
indi mənim qısıldığım küncdən heç kimsə görünmür
deyirəm ki, belə olmur...
onda lap çoxdan idi
onda hamı sağ idi
yaxşı yadımdadı
anamızın qarğışı da heç kimsəni tutmazdı
Allah da heç kimi öldürməzdi
sən deyirdin: uzaqlar olmayacaq...
amma
mən qorxurdum
qorxurdum ki, hamı birdən susa bilər...
qorxuram
qorxuram ki
hamı birdən susa bilər
səsini itirə bilərəm, dostum
“hardasan”ını, “necəsən”ini eşitməyə bilərəm
bir də görərsən ki
heç kimin səsi yoxdu
mən sənin səsinə sığınıb bir ömür ovunduraram özümü
deyirəm ki, məni səsinsiz qoyma...
mən sənin nə etdiyini
hara getdiyini
kiminlə içdiyini bilmək istəyirəm
bilmək istəyirəm nə geyindiyini, nəyə baxdığını
niyə gülümsədiyini...
əllərinin hərəkətini görmək istəyirəm
bilirsənmi
indi gələn yoxdu - quruca yollar var
qucaq yoxdu - quruca qollar var
büsbütün yiyəsiz bədənlərdi indi yataqlar...
bir də görərsən ki
heç kimin əli qalmayıb
mən sənin əlindən tutub
bir ömür yeriyə bilərəm
deyirəm ki, məni əllərinsiz qoyma...
belə olmalı deyildi, dostum
belə olma...
III
əlin hər yerdən üzülər
və heç kimsəyə çatmaz
oturub ağlayarsan əllərinin bu çarəsiz halına.
taleyin işinə bax...
gör bir səni necə tutmuş allahının qarğışı
dodaqların cadar-cadar və öpüşsüzləmişlər.
gör qarşıda necə quru, necə yorğun ömür var
bəs deyirdin göz yaşları yağışı da isladar...
bəs deyirdin göz yaşları yağışı da isladar
bəs deyirdin ümidlər taa bizə gərək olmaz
niyə belə küsürsən?
hərdən lap xırda şeylərdən başlayır unudulmaq
deyirlər ki,
arzuları öldürməsən heç nə düzəlməyəcək...
bizə də gərək olmayacaq bir cüt uşaq əlləri
yar telləri gərək olmayacaq
baxıb ovunmağa
aldanıb yaşamağa bu qara dünyanın bər-bəzəyinə
bizə bir ana tapılmayacaq
yığışıb köçməyə dünyadakı bütün künclərimizdən
duzlaşmış dizlərinə
daha heç nə şəkillərdəki kimi olmayacaq
bizi aldadan quşlar
çoxdan öldülər fotoaparatların tətik səslərində...
III
günəşi oğurlanmış ömürlər var
açılmaz sabahları
tanrının unutduğu adamlar var
eşidilməz ahları
nədən ki
məscidlərdən gələn səslərə qarışıb itdi
palatalardan ucalan dualar
mən sizə demişdim axı
Allahın da tərs damarı var...
III
gün gəlir
bədənindəki ağrıların
xatirələrə çevrildiyinə inanırsan
məsələn, yaxşı bilirsən
ki,
nevrozun sarışan halları
kimin gedişidi
kimin gəlməyişidi
kimdəki keçmişindi...
xatırlandıqca daha çox inanırsan ağrılarına
daha çox ağlayırsan keçmişinə
daha çox udur səni qapqara boşluq...
bir də
daha çox hamılaşırsan
daha çox heçkimləşirsən
daha çox yadlaşırlar dost-doğma adamlar...
Və Allaha bir ömürlük bu duanı pıçıldayırsan:
İlahi, məni bütün bədənlərdə unutdur...
III
bir az da qalsaydın deyəcəkdim ki
lap deyəcəkdim ki, sənsiz alınmır
guya çətin olur təklik dediyin
guya gecələrin günəşi olmur
bir az da qalsaydın
bir az qalsaydın
deyəcəkdim ki
sabaha şaxta var
əynini qalın elə
üşüməyim...
Dekabr şeiri
Nə uzaq küçələr vardı uşaqlığımızda,
Nə uzaq şəhərlər oldu sonralar.
Böyüdükcə dəyişir uzaqlar da,
Küçələr də.
küçə-küçə
şəhər-şəhər uzaq olur adamlar...
sən də bir küçə seç getməzdən öncə,
bir şəhər şeç unutmağa,
bir uzaq seç darıxmağa...
sən də getməzdən öncə
bir az dəyiş,
bir az uzaq ol
sonra get.
bu qədər yaxşıykən getmə, nə olar...
bilirsənmi
çətin olur yaxşıların gedişi...
ən sonuncu dostum da oğraş çıxmamış,
bilirsənmi,
axşam düşməmiş,
şər qarışmamış getmə...
çətin olur
yağışlarda son görüş,
parklarda skamyalar qurumamış getmə...
sən bilmirsən
çətin olur payızlarda darıxmaq...
ən sonuncu yarpaqlar da düşməmiş,
torpağa qarışmamış,
bir az qal, nə olar
getmə qış çıxmamış
qış çıxmamış getmə...
sən bilmirsən
indi mən, allahdan nə üçün yox
kimin üçün yaradıldığımı soruşuram.
bir az da səbrin olsun,
məni ömrümün sonuna ötür,
sonra get.
sən bilmirsən
indi mən, adamlarçün yox
əşyalarçün darıxıram.
bir az da səbrin olsun,
qəbrim üstdən yaylığını götür,
sonra get.
daha mən, gələcəkdən yox
keçmişdən nigaranam,
bir də gördün heç kəs yadına düşmür.
indi sənə qal deməyim
səninlə bütün keçmişlərdə
yanaşı görünmək istəyimdi.
arzular da canavar kimidi... əhliləşmir!
səndən sonuncu istəyim:
məni xatırlasan
kimsəsiz, boş qalmış
otaq kimi xatırla.
səndən sonuncu istəyim
məni xatırlasan
uzaqlarda qəzaya düşmüş
sərnişinsiz qatar kimi xatırla.
heç bilmirəm torpaq suyu içirsə
adamları neynir?
Sevirsənsə günəşi sev
Sevirsənsə, günəşi sev sabahın xatirinə,
Bu gün gecdi, amma sabah hər şey yaxşı olacaq.
Gəl sənə nağıl danışım: "üç dost olur..."
İnanma!
İnsan əvvəldən axıra bu dünyada tək olur.
Ağla, sənə kimsə deməz gözün üstə yaşın var
Unudulmuş insan üzü su üzünnən bərk olur...
Yaşa getsin bu su ömrü, döndər buxar üzünə,
Sonra yağışla qayıt, sonra da buza çevril.
Üzülmə, ət yeyənlər qənimdi ot yeyənlərə,
Sən də canavar yeyən vəhşi quzuya çevril.
Bəs, O?
Ömür ayrıcında hansı tərəfin idi?
İşıq gələn tərəfindi, yoxsa ki it hürənin?
Daha bütün işıq gələn tərəflərdə it hürər,
Və ulayar gecə-gündüz onu sevən tərəfin...
Gəl sənə nağıl danışım: "üç dost olur..."
Nə isə...
İnsan əvvəldən axıra bu dünyada tək olur.
Ağla, sənə kimsə deməz gözün üstə yaşın var
Unudulmuş insan üzü su üzünnən bərk olur...
Nə bilsin külək
Kirli köynəyimi yumuşdu anam,
külək bulamışdı... nə bilsin külək?
Mənsə, hirslənmişdim anama onda,
anam ağlamışdı... nə bilsin külək?
Bir gün dalaşmışdım qonşu uşaqla,
üstəlik anasın söymüşdüm onun.
Oysa hikkəsindən bir yekə torba
yarpaq tıxamışdı buxarımıza.
Sobamız yanmadı fevral gecəsi,
çayım soyuq oldu, atamız qrip,
mən dedim: "küləyin işidi yəqin..."
Anam da inandı,
nə bilsin anam? -
"Yiyəsi ölsün bu küləyin" - dedi.
O vaxtdan yiyəsiz qalıb küləklər,
bu yetim küləklər nə bilsin axı...
Sən üşüməyəli ikinci qışdı,
ay Allah, kəs görüm bu nə yağışdı?!
Yığışdım özümə, elə yığışdım
para buğdasına söykənib yatan
qarışqa misali elə yorğunam...
Soruşma neçənci qərib soyuğun,
neçənci dostumun uzaqlığıyam.
Həminki qayğıdı bu tifil qayğı,
kipriyimə qədər yorğunam anam...
Bir pişiyim də yox qucaqlayası,
qucağım sinəmdə bayquş yuvası,
barı dost da ölmür yas saxlayasan,
hamı salamatdı, hamı yaxşıdı.
Di gəl, darvazanı külək açdımı,
Bu "darıxmaq” ki var, itin balası!
Hər gün qapımızda gəlib ulayır.
Yox əşi, nə külək... nə bilsin külək?
Kirli köynəyimi yumuşdu anam,
külək bulamışdı... nə bilsin külək?
Mənsə, hirslənmişdim anama onda,
Anam ağlamışdı... nə bilsin külək?
Bütün küçə uşaqlarına
bütün küçə uşaqları mənim uşaqlığımdı,
o tindəki sərsəriyə ilıq-ilıq gülümsə...
bütün küçə uşaqları mənim uşaqlığımdı,
onda hələ nə kişiydim, nə qadındım mən hələ...
onda hələ nə dostlarım, nə də mən "kimsə” idik,
onda ələ salardıq biz oğlanları, qızları?
enməmişdi kişiliyə, qadınlığa ruhumuz...
sən də qıvrım saçlarınla xırda küçə qızıydın,
anamızdan gizlənərdik, ölməmişdi anamız...
bir de görüm əllərin, ayaqların necədi?..
bir de görüm nənənin pensiyası artdımı?
düz deyirəm, Allah haqqı, elə xatirimdəsən...
çənəndə yumru batıqca, sol dizində çapıq var,
atan əclafın biriydi, yazıq anan sətəlcəm.
onda əcəb soyuq idi, onda əcəb qışıydı,
onda küçə uşaqları küçə yaraşığıydı...
yenə bu məşum günlərin yaz ətirli sonrası,
bu "sonra”da səni əlbət bir gün unudacaqdım...
sən ki mənim heç kimimdin – qucağımın anası
sən gedəndən qəribsəyib – yetim qalıb qucağım...
gözümdən uzaq düşmüsən, niyə uzağ düşmüsən?..
solumda "paralic” gəzir, sağım yenə tüfeyli...
gözündən uzaq düşmüşəm, elə pisdi bu uzaq,
yerin dibinə aparır bu şaquli darıxmaq...
sənə sarı dartılmaqdan tikə-tikə olmuşam,
bir ovucam təkliyimdə, kiminkidi bu təklik?..
bədənim ki, uçuşan məktub parçalarıdı...
daha kimisə sevməyə, vicdan haqqı, üzüm yox,
sən ki məni düşünməzsən-daşınmazsan... sözüm yox...
bir de görüm əllərin, ayaqların necədi?..
günəşi sənsiz səhərin "alçaq" olur gecəsi...
heç bilmirəm bədənimdə kimi gəzir qollarım?
nə axtarır qollarım?
səni quca bilməyirsə
demək yoxdu qollarım...
bir de görüm, mən ölüm,
necə keçir darıxmaq?
sən olduğun şəhərdə bəs
neçəyədi darıxmaq?..
yenə bu məşum günlərin yaz ətirli sonrası
bu "sonra”da səni əlbət bir gün unudacaqdım...
sən ki mənim heç kimimdin – qucağımın anası
sən gedəndən qəribsəyib, yetim qalıb qucağım...
Allah haqqı düz deyirəm, elə xatirimdəsən...