Sevgililərim: Şaxtaçı qızı Nataşa - VI HİSSƏ

Sevgililərim: Şaxtaçı qızı Nataşa - VI HİSSƏ
17 may 2011
# 17:34
Artıq Nataşa iş yerimə də yaxınlaşıb məni uzaqdan çağırtdıra bilirdi. Bir dəfə mənə dedi ki, şəhərə çıxmağa icazə al, bir yerdə kinoya gedək. Şəhərdə Çelentanonun oynadığı məşhur “Blef” filmi gedirdi. Mən bazar günü gəzməyə icazə alıb xəlvətcə mülki paltarımı geydim və onunla görüşə gəldim. Uzun növbəyə durub bilet alandan sonra seansa qədər parkın kafesində əyləndik. Mən buterbrodu pivə ilə, Nataşa isə kofe ilə ötürürdük. O, məni öz ata-anasıyla tanış eləmək istədiyini dedi. Mən razılaşdım. Nataşa evin tək övladı idi. Anası tibb bacısı, atası isə şaxtaçı idi...

Biz bileti arxa oturacaqlara almışdıq. Kinoya baxmaqdan çox öpüşürdük. Mən salonun qaranlığında əlimi onun bədənində gəzdirirdim. O, hərdən yüngülcə əlimin üstünə vurub məni ədəbə səsləyirdi...

Noyabrın ortaları idi, bizi hələ vətənimizə buraxmağa tələsmirdilər. Nataşanın məni qonaq çağırmağına o qədər də sevinmirdim. Danışdığına görə valideynləri mənimlə çox maraqlanırdı. Fikirləşirdim, yəqin, məni Nataşaya bağlayıb burada saxlamaq istəyirlər. Fikrim evə qayıdıb ali məktəbə qəbul olmaq idi. Lakin Nataşanı yenidən görmək, onların evində gecələmək məni sehrləyib ağlımı başımdan qovurdu...

Hər ehtimala qarşı gecə kənarda gecələmək üçün rəsmi icazə kağızı götürüb tramvaya mindim. Nataşa məni vədələşdiyimiz dayanacaqda gözləməli idi. Tramvaydan düşəndə paltosunun ucu xəzli kapişonunu başına keçirmiş Nataşa üstümə qaçdı. Soyuqdan yanaqları allanmışdı. Mən onu öpdüm. Yanaqları soyuq olsa da dodaqları çox isti idi. O, qoluma girib məni evlərinə gətirdi. Qapını anası açdı. Məni xoş üzlə salamlayıb əynimdən çıxardığım şinelimi asmağa apardı. Girəcəkdəki güzgüdə saçlarımı əlimlə nizama saldım. Nataşanın atası mətbəxdə hazırlanmış süfrənin arxasında əyləşmişdi. Hiss elədim, stolu xüsusi olaraq mənim üçün hazırlayıblar. Mən mətbəxə daxil olanda atası çoxdanın tanışları kimi gülümsəyib şən səslə: “Əsgər, harda itib-batmısan?”- söyləyəndən sonra əlini mənə uzadıb: “Nikolay”, - dedi. Onun barmaqlarının üstü nakolkalı əli çox güclü idi...
Stol ənənəvi rus yeməklərilə bəzənmişdi. Mən o qədər də ac deyildim. Valideynləri mənimlə çox mehriban davranır, bununla da yeganə qızlarına çatdırmaq istəyirdilər ki, narahat olma, sən sevdiyin adamı artıq biz də qəbul eləyirik.

Anası Olya xoşsifət, canıyanıcıl intonasiya ilə danışan gözəl bir rus qadını, atası isə 40 yaşlarında görünən şən, lakin ciddi bir rus kişisi idi...
Biz Olya xanımla xırda rumkalarda araq içir, Nataşa isə hərdən şampan şərabı qurtumlayırdı. Atası içmir, bizə araq süzməklə azartını öldürürdü. Mən şaxtaçıların rejimini yaxşı bilirdim, onlar işə gedəndə qətiyyən spirtli içki qəbul eləmirdilər.

Qonaq kimi sıxıldığımı hiss eləyib hərdən: “Əsgər, sən biraz yemək ye!”- deyirdilər. Nataşa tez-tez məni sevgili nəzərlərlə süzür, bir növ ürək-dirək verirdi. Sıxıntı olmasın deyə, artıq Olya mənimlə yüngülcə zarafat da eləyirdi. Gəlməyimdən bir neçə saat keçmişdi. Artıq mən onlarla müxtəlif mövzularda söhbət eləyir, deyib-gülürdüm...

Kömür şaxtaları dayanmadan çalışdığına görə şaxtaçılar sutkanı dörd “smena”ya bölüb işləyirdilər.
Bir azdan Nikolay ayağa durub getməli olduğunu bildirdi: “Yaxşı, əsgər, bir gün səninlə yaxşıca vurarıq, Nataşa səni çox sevir, onun xətrinə dəymə”, - deyib əynini geydi. Sonra: “Narahat olma, mamaşa sənin yerini burdan salar, yatarsan”, - deyərək əlini otaqların birinə uzatdı. Çıxanda mənimlə yenə əl tutub görüşdü və gülər üzlə qapıdan çıxdı...

Biz yenə süfrə başına qayıtdıq. Bu dəfə Nataşa mənim yanımda oturdu. Anasına: “Mama, mən bunu çox sevirəm” - deyib əlini saçlarıma vurdu. Olya: “Bilirəm ki, o da səni sevir”,- deyib qımışaraq üzümə baxdı: “Düzdümü, əsgər?” Mən əlimi Nataşanın çiyninə qoyub: “Əlbəttə, - dedim, - Nataşa çox gözəldi!” Güləndə Olyanın da yanağının bir tərəfində çuxur yaranırdı...

Biz Nataşanın şampanından da biraz içdik. Anası Nataşanın mənimlə bağlı arzularından danışdı: “Nataşa istəyir sən daima onun yanında olasan. İki ildən sonra orta məktəbi qurtaracaq, həkim olmaq istəyir. Sən də qayıdıb burda ali məktəblərin birində oxuya bilərsən. Qiyabi, ya gecə oxuyar, həm də şaxtada işləyərsən.” Bu arzularını nə vaxtsa Nataşa mənə danışmışdı, mən də romantika quran bir gözəlin arzusunun qanadlarını zədələməmək üçün yalançı razılığa gəlmişdim. Baxdım ki, bunlar bizim ailə qurmaq məsələsində çox ciddidir...

Olya gülə-gülə: “Nataşanın nə vecinə, sabah bazar günüdü, dərs yoxdu, ancaq əsgər yatmalıdı, yerləri salmaq lazımdı,”- deyib ayağa durdu. Az keçməmiş gözlərini mənə süzdürərək Nataşa da anasının arxasınca durdu. Onlar orda nəyisə götür-qoy eləyirdilər. Nəhayət, birlikdə mənim yanıma qayıtdılar. Olya: “Əsgər, yatmaq!”- deyə hərbi əmrə ironya eləyib güldü. Mən ayağa durdum. Özümü çox xoşbəxt hiss eləməyimə baxmayaraq, daxilimdə bir səksəkə vardı: “Axı, mən heç vaxt geri qayıtmaq istəmirəm, deyəsən, bunlar öz qızlarını mənə ərə vermək istəyir, ona toxunub qaçsam məni tutdura bilərlər...”

Bura üçotaqlı mənzili idi. Qapısı açıq olan otağın birinə təsadüfi nəzər saldım. Orda kresloların üstünə və ayaq altına başı üstündə olan ayı dərisi salınmışdı. Onlar mənim də yatağımı Nataşanın otağında salmışdılar. Nataşa öz otağının qapısını itələyib: “Keç, sən də burda yatacaqsan”, - dedi. Mən çaşqınlıq içində arxada dayanan Olya tərəfə döndüm. Anası yüngülcə qımışaraq barmağını yuxarı qaldırdı: “Bax, ha!”

Biz içəri keçdik. Otaqda üstü bəzəkli qab-qacaqla dolu servant, paltar şkafı, kitab rəfi, və parfümer güzgüsü vardı. Pəncərə tərəfdə Nataşanın yatdığı taxt və üzbəüzdə divan dururdu. Ortada stol-stul, taxtın yanında isə üstündə iri maqnetofon olan tumbo vardı. “Sən burda yatarsan” – Nataşa mənə açılmış divanı göstərdi. Mən divanda oturdum. “Bəlkə, bir kofe içək?” – şən səslə soruşdu. Otağa adaptə olunmaq üçün tezcə razılaşdım. Bir azdan iki xırda fincanda kofe və yarımçıq şampan butulkasını otağa gətirdi. Stolun üstünə düzüb: “Mamam yatır,”- dedi. Mən belini qucaqlayaraq ayaqüstə onu uzun-uzadı öpdüm. Nataşa qədəhlərə şampan şərabı süzdü...

İşığı söndürdük, hərə öz yerinə uzandı. İçəridə zəif bir işıq yanırdı. Mən üzümü divara çevirib yatmaq istəyirdim, lakin nə qədər yorğun olsam da yuxuya düşə bilmirdim. Hiss eləyirdim ki, Nataşa üzü mən tərəfə uzanıb. Araya çökən birsaatlıq sükutdan sonra: “Hey, nə haqda fikirləşirsən?”- deyə mən tərəfə pıçıldadı. Mən heç nə demədim. Bir az keçdikdən sonra yenə: “Sən yatırsan?” – soruşdu. Mən üzümü onun tərəfə çevrilib: “Yox, yatmıram”, – dedim. O, mənim yatmamağıma sevinirdi. Gözlərim yumulsa da, beynim heç cür yatmırdı. Yenə pıçıldadı: “Şahmat oynaya bilirsən?” Mən heç nə başa düşmədim. “Yox,” - dedim. “Onda dur, şahmatda şaşki oynayaq”- mənim yuxuya getməyimdən qorxurdu. “İstəmirəm, yatmaq istəyirəm”, – dedim. Həm də fikirləşirdim, bakirə qızdı, ondan mənə xeyir gəlməz. Bir az keçmişdi, titrək səslə yenə pıçıldadı: “Yanıma gələ bilərsən?” Onun bu təklifini beynimdə analiz eləyirdim: “Birdən anası bizi yoxlayar, biabır olaram, di gəl, bunun atasına cavab ver. Deyəcəklər, azyaşlı qızı zorladı. Yaxşı, onda niyə mənə ayrı otaqda yer salmayıblar? Ola bilsin o biri otaqda yatsaydım ata-bala Olyayla məndən şübhələnərdilər. Yəqin sabah Nikolaya alibi göstərmək üçün məni burda yatırdıblar. Yox, belə fikirləşsəydilər, onda ana-bala bir otaqda yatardı, mən də ayrı otaqda tək qalardım. Onda belə çıxır ki, bunlar qızın ixtiyarını mənə veriblər? Bəlkə də, nə bilim. Hə, də, onsuz da rus qızları bu yaşlarından kişi ilə yatırlar. Yəqin valideynləri fikirləşib ki, pozğun, infeksiyalı oğlanların əlinə düşməkdənsə, qoy, elə sevdiyi sağlam əsgərlə yatsın. Sonra da əsgəri bu adla bağlayaq özümüzə. Yox ee, ola bilsin, sadəcə, mənə etibar eləyirlər...” Mən qollarımı başımın altında çarpazlayıb üzü tavana gözlərimi yummuşdum.

Bir az keçmiş Nataşa yenə pıçıldadı: “Gəlirsən?” Artıq yuxum qaçmış, mənə tamam ayrı bir duyğu gəlmişdi. O, yorğanı sinəsindən qəsdən aşağı salmışdı. Əynindəki tülün altında qırçınlı lifçiyindən aşıb-daşan ağ sinəsi görünürdü. Özümü toplayıb bir təhər: “Sən gəl bura,” - pıçıldadım. Nataşa dərhal yorğanı üstündən atıb əynindəki tülü soyundu və barmaqlarının ucunda yanıma gəldi. Mən onun bu üçcə addımlıq yolda bədənini gördüm və daxilimdə böyük xoşbəxtlik hiss elədim. Yorğanımın bir tərəfini onun gəlişinə qaldırdım. Nataşa yanıma uzanıb ayağının birini üstümə aşıraraq məni qucaqladı. O, üstümə uzanıb məni didirdi. Mən onun lifçiyini arxadan açıb yerə atdım. Öpüşdükcə məmələri sinəmə sürtülürdü. Üzümə dağılan saçlarını totuq əli ilə tez-tez arxaya daraqlayıb dodaqlarımı gəmirirdi. Bədənimizdən buğ qalxırdı. İsrar eləməyimə baxmayaraq əynimdəki əsgər trusikimi zorla dartıb çıxartdı. Titrəyə-titrəyə: “Sən də mənimkini çıxart”, - dedi. Mən onun əynində qalan yeganə nazik alt paltarını çıxartdım. Beləcə gah o mənim, gah mən onun üstünə çıxırdıq. Axırda yanıma uzanıb azca əsəbi tonla: “Bunu bura eləmək sənin üçün çoxmu çətindi?”- dedi. Onun bu sözündən sonra heç bir çıxış yolum qalmırdı. Mən onun arzusunu yavaş-yavaş yerinə yetirməyə başladım. Nataşa qışqırmaq istəyəndə anası eşitməsin deyə vahimələnib əlimlə onun ağzını qapadım...

Birazdan yanıma uzananda kürəyini yorğanla örtdüm ki, tərli-tərli ona soyuq olmasın...


# 1565 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #