AMEA «Həsənqulu» problemini həll elədi, qaldı «Qulu»…

AMEA «Həsənqulu» problemini həll elədi, qaldı «Qulu»…
19 oktyabr 2012
# 15:25
Anar Niftəliyev
Azərbaycan Dil Qurumunun üzvü


Hazırda Azərbaycan dilinin yad təsirlərdən qorunması, texnoloji inkişafın ad basqısından xilas olmasının yeganə çarəsi valideynlərin öz uşaqlarına verdikləri «gülüş doğuran, məzmunsuz» adlardadır. Məsələn, əgər birdən, qəflətən, düşünmədən və AMEA Terminologiya Komissiyası ilə heç bir məsləhətləşmə aparmadan hansısa dağ kəndində yaşayan ata öz övladına babasının, ya ulu babasının adını vermək istəyərsə, bu ad isə «Həsənqulu» və ya «Məmmədqulu» olarsa, terminologiyamızın başına daş düşməzmi, dilçiliyimiz məhv olmazmı, ədəbi dil qaydaları bünövrədən sarsılmazmı?

Nəinki sarsılar, hətta çökər, batar, dağılar...

Sevindirici haldır ki, bu böyük hikməti xüsusi araşdırmaların, elmi tədqiqatların, uzunmüddətli məsləhətləşmələrin nəticəsində kəşf edən AMEA Terminologiya Komissiyası iki ilə yaxındır sorağı Azərbaycanı başına götürən adlarla bağlı tövsiyə xarakterli kitabı artıq nəşriyyata göndərib. İnşallah, yaxın günlərdə bu kitabla tanışlıq dilimizdəki terminoloji problemləri birdəfəlik həll edəcək.

Doğrusu, Terminologiya Komissiyası ötən həftə bu barədə xalqımızı muştuluqlayanda nə təhər sevindimsə, bir həftədir özümə gələ bilmirəm. Nəhayət!!! Nəhayət ki, terminoloji qayğılarımızı həmişəlik tarixin arxivinə göndərməyə nail olmaqdayıq!

Amma bir həftəlik sevincdən, şadyanalıqdan, qanadlanmadan sonra yeni-yeni toxtayıb da, bəzi fikirlərimi bildirmək istəyirəm. Hesab edirəm ki, bu kitabın hazırlanmasında AMEA kifayət qədər tələskənliyə yol verib; çünki bu cür mühüm, milli əhəmiyyətə malik, dilçiliyin inkişafında xüsusi səhifə açan və terminoloji problemə kökündən balta çalan işlərdə məsləhətləşmələrin miqyasını genişləndirmək daha uğurlu nəticələr verə bilərdi. Məsələn, AMEA Terminologiya Komissiyasının mətbuata verdiyi açıqlamada bildirilir ki, gülüş doğuran adlar – «Traktor», "Limonad" və s. – müzakirələr zamanı kitabdan çıxarılıb.

«Müzakirələr zamanı» - deyiləndə, yəqin ki, Terminologiya Komissiyasının bir neçə mötəbər iclasının «Traktor» və ya «Həsənqulu» adına həsr olunmasından söhbət gedir və məhz ona görə ərz edirəm ki, tələskənliyə yol verilib.

Əvvəla, ona görə ki, hazırda doğulan körpələrə kütləvi surətdə «Traktor» adının qoyulması ölkəmizin, - təbii ki, başda terminologiyamız olmaqla, - çox ciddi problemidir. Hətta babasının adı «Traktor» olan bir gəncin yeni doğulmuş körpəsinə «Traktorqulu», digərinin isə «Traktorşestirnası» adını qoyması halı artıq adətə çevrilib. Bu mənfi ənənəni nəzərə aldıqda, «Traktor» adını «istifadəsi məqbul sayılan adlar» kitabından çıxararkən, daha geniş müzakirələr aparılması zərurəti meydana çıxır: təkcə «Traktor» yox, «traktor» kökənli bütün adların məqbul olmadığı ayrıca bənd olaraq göstərilməlidir ki, terminologiyamızı şumlayan «Traktor»dan birdəfəlik canımız qurtarsın.

İkincisi, geniş müzakirələr keçirilsəydi, Terminologiya Komissiyasının bu mühüm kəşfi dünyaya da yayıla bilərdi. Əslində, indi də gec deyil: Bakıda təzəlikcə konsert vermiş məşhur müğənni Şakira dünyaya gətirəcəyi övladına «Biel» adını qoymağa hazırlaşır; bu adın Azərbaycan dilində hərfi tərcüməsi isə «Allahqulu» deməkdir.

Görürsünüzmü, Şakiranın mənsub olduğu Cənubi Amerikada dilçilər necə kütbeyindir! Hələ Şakiranın bütöv adına fikir verin: Şakira İsabel Mebarek Ripoll!

Tağı Əhmədovun sözü olmasın, «noolub əə, bir-bir!»

Təsəvvürə gətirmək belə çətindir ki, Amerikada dilçilər ölkəni uçuruma aparmaqla məşğuldurlar; bu kütbeyinlərin hələ də ağlına gəlməyib ki, uşağa ikimərtəbəli ad vermək terminologiyanı dağım-dağım dağıdır, sürüm-sürüm sürüdür.

Bunun yalnız bir səbəbi var: Azərbaycan «terminoloqlarının» yeni kəşflərindən dünya xəbər tutmayıb, ona görə də ağızlarına gələn adları övladlarına verməklə özlərini və millətlərini rüsvay edirlər.

Halbuki AMEA TK-nın təcrübəsini öyrənməkdə heç bir çətinlik yoxdur. Müasir texnologiya buna imkan verir; İnternetdə «Azterm.az» yazmaq kifayətdir ki, AMEA-nın bu sahədəki biliklərini mənimsəyəsən.

Terminologiya Komissiyasının bu saytı mükəmməlliyinə, keyfiyyətinə, vizual xidmətinə görə dünyaya – doğrudan-doğruya - nümunə ola bilər.

Yeri gəlmişkən, zəhmət olmasa, sözügedən saytı açın: təkcə terminologiya ilə yox, həm də dilçilik, ədəbi dil, yazı qaydaları ilə bağlı son yeniliklər İnternet istifadəçilərinə məhz bu saytla çatdırılır.

Saytın son yenilənməsi tarixi 2010-cu il aprelin 5-nə təsadüf edir. Çevikliyin səviyyəsini təsəvvür etdinizmi?

Bu hələ harasıdır? Saytda terminologiya ilə bağlı elə mühüm sözlüklər yerləşdirilib ki, onları bilmədən heç kim əlinə qələm, dilinə söz ala bilməz. Məsələn, «Qaynaq istehsalının ümumi əsasları», «Rusca-azərbaycanca arıçılıq terminləri lüğəti», «Rusca-ingiliscə-azərbaycanca baytarlıq terminləri lüğəti», «Soyuq silahın kriminalistik ekspertizası üzrə xüsusi terminlərin izahlı sözlüyü»…

Təbii ki, əsas arıçılıq, baytarlıq və qaynaq istehsalındakı terminlərdir. Onları bildinizmi, qurtulduq demək - daha dilimizin hansısa təhlükə altında olmasından, terminoloji problemlərdən söhbət gedə bilməz.

Əlavə olaraq bildirək ki, saytın «virtual xidmətləri»nə «get, tap» super-imkanları da daxildir: yəni, kitabların yalnız anonsu verilir - lüğətlərlə tanış olmaq üçün linki tıklayanlar isə «dur, get, illər öncə çap olunan bu kitabı axtar, tapa bilsən, al və oxu» mesajını alırlar ki, bu da dünyanın hələ gəlib çatmadığı ən müasir xidmətlərdəndir.

Doğrudur, saytın «Terminologiya məsələləri» bölümündə «Kino, televiziya, radio terminləri» adlı mühüm bir kitab da var. Ancaq on il bundan əvvəl, 2002-ci ildə nəşr olunan bu kitabın müəllifi tanınmış publisist Qulu Məhərrəmlidir və…

Dayan görüm… Qulu? Necə yəni Qulu?

Təcili surətdə o kitabı saytdan götürmək lazımdır. Terminologiya Komissiyası «qululara» qarşı mübarizə apardığı bir məqamda «Qulu» adının Azterm.az saytında təcəlla etməsi təcrübəmizi öyrənmək istəyən dünya dilçiləri qarşısında bizi başıaşağı edə bilər.

Ümid edirəm ki, bu xırda nöqsanı Terminologiya Komissiyası dərhal, saytı yeniləyən kimi düzəldəcək.

Allahlı, sayt da tez-tez yenilənir, axı!..

Digər yazılar:

Necə yazmalıyıq, İsmayıl müəllim: “eks-press”, “anti-patiya”?
“Müstəqillik və ana dili”
# 2532 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
#
#
# # #