Afaq Bəşirqızı tapança istədi.. - FOTOSESSİYA

Afaq Bəşirqızı tapança istədi.. - FOTOSESSİYA
25 aprel 2011
# 15:26
Layihə: Məşqdən reportaj


Azərbaycan Dövlət Musiqili Komediya Teatrında gürcü müəllifi Avksentiy Saqarelinin “Xanuma” əsəri tamaşaya hazırlanır. Tamaşanın rejissoru gürcü
rejissor Qoça Kapanadzedir.

Professor tamaşası

Qoça Kapanadze Tiflisdə Teatr institutunu bitirib, sonra da Sankt-Peterburqda təhsilini davam etdirib. Rustaveli adına Tiflis Dram Teatrında R. Stüuranın rəhbərliyi altında işləyib. Tiflis Teatr institutunda dərs deyir, professordur. Heydər Əliyev adına Tiflis Azərbaycan dövlət teatrının bədii rəhbəridir. İngiltərənin, Fransanın müxtəlif şəhərlərində tamaşalar hazırlayıb.

Tapança məsələsi

Qoça Kapanadze ilə məşq prosesində söhbət etdik. Daha doğrusu əvvəlcə məşq prosesinə baxırdıq. Məşq başlayar başlamaz, baş rolun - Xanumanın ifaçısı Afaq Bəşirqızı özünü pis hiss etdiyindən rejissor məşqi dayandırmalı oldu. Biz də aradakı fasilədən istifadə etdik.

Ona qədər yalnız balet, rəqs qrupları məşq etmişdi, bir də Afaq Bəşirqızının ilk səhnəsinin məşqinin şahidi olduq.

Tamaşaya görə qəhrəman - yəni Xanuma obrazının ifaçısı Afaq Bəşirqızı tapançadan atəş açmalıdır. Əlinə rekvizit-oyuncaq tapança verilən aktrisa tamaşada uyğun tapançanın olması barədə xəbərdarlıq etdiyini rejissora bir daha xatırlatdı: “Maestro, mən əlimdəki tapançadan yalançı atəş istəmirəm. Mənim atəş açmağımla səsin eşidilməsi heç vaxt üst-üstə düşməyəcək, bu çox təcrübədən keçirilib.” Rejissor: “Həqiqi tapança istəyirsən ?”- soruşur. “Yox, münasib variant seçilsin, “Ovçu” mağazalarında olar, yaxud atan oyuncaq tapança olsun”-deyə Afaq xanım dediyinin üstündə durdu. Sonda rejissorla aktrisa ümumiyyətlə səhnəni tapançasız yola verməyi qərara aldılar.

Bu yerdə özünü pis hiss edən aktrisa üzr istəyib səhnədən getdi.

Məşhur əsərin yeni traktovkası

Söhbət əsnasında öyrəndik ki, Qoça Kapanadze Bakıda ilk dəfə olmur: “Çox gəlmişəm, amma ilk dəfədir burda tamaşa qoyuram. Şəhər çox dəyişib, gözəlləşib, milli kalorit saxlanılsa da Bakı artıq Avropa şəhərlərinə çox bənzəyir”-deyir. Rejissor Bakı əhalisini də çox sevdiyini etiraf etdi: “İnsanları isə heç dəyişməyib, çox xeyirxah, humanist insanlar idilər, elə də qalıblar. İqtisadiyyat insan mənəviyyatını dəyişə bilmir, insan yaxşıdırsa yaxşı olaraq qalır, pis də elə pisdir.”

Gürcü rejissorunu Mədəniyyət və Turizm nazirliyi məhz “Xanuma”nı hazırlamaq üçün dəvət edib. “Nədənsə indi bu əsərin dövrüdür, bu saat Rusiyada 55 teatrda bu əsər oynanılır. Tiflisdə Marcan, Rustaveli teatrlarında da bu əsərin tamaşası gedir. Çox məşhur və populyar əsərdir ”.

Azərbaycan Musiqili Komediya teatrında bu əsəri məhz Afaq Bəşirqızının baş rolu oynaması üçün seçiblər. Rejissor deyir ki, mürəkkəb obrazdır: “Biz bir qədər fərqli traktovka seçmişik. Xanuma hamıya kömək edən, xeyirxah işlər görən, heç özünü düşünməyən bir qadındır. “Mat Tereza”nın bir surəti də Xanumadır. O artıq ad deyil, bir peşədir. Biz musiqili-dramatik traktovka vermişik tamaşaya. Sonda Xanuma deyir ki, ətrafımda hamının xoşbəxtliyinə çalışdım, amma özüm sevgimi, prinsimi gözləyə-gözləyə tənhalığa məhkum olmuşam”.

Əvvəl anlaşmadılar, sonra dost oldular

Rejissorun fikrincə bu əsər məhz musiqili komediya teatrının səhnəsinə uyğun gəlir: “Musiqili Komediya yalnız gülmək üçün deyil, o gülüşün çox növləri var, burda düşünərək gülmək əsas götürülüb. Teatrın mənası budur, düşünmək. Bu əsərdə 19-cu əsr Tiflis kaloriti var. O vaxt Tiflisdə müxtəlif millətlər bir ailə kimi yaşayıblar. Ona görə da qəhrəmanımız tamaşanın əvvəlində həmsöhbətləri ilə müxtəlif dillərdə salamlaşır .”

Qoça Kapanadzenin dediyinə görə ilk vaxtlar aktyorlarla anlaşa bilməyiblər. Bir-birilərini öyrənincə, sənət manevrlərini mənimsəyincəyə qədər davam edən çətinlik nəhayətdə anlaşma və dostluğa gətirib çıxarıb. Deyir onlarla işləmək ona, yəni gürcü rejissora zövq verir: “Çox istedadlı aktyorlardır. Tiflisdə qastrolda olmuşdular, o vaxt da görmüşdüm. Sonra da dəvət olundum və burda bir-neçə tamaşalara baxdım. Səs, rəqslər çox xoşuma gəlir, istedadlıdırlar”.

Tamaşada tanınmış gürcü bəstəkarı Davidzenin musiqilərindən istifadə olunub. Rollarda Afaq Bəşirqızından başqa Arif Quliyev, Nahidə Orucova, teatrın gənc aktyorları da oynayırlar.

May ayında tamaşanın Azərbaycan dilində olan variantın premyerası olacaq. Tamaşa həm Azərbaycan, həm də rus dillərində hazırlanır. Böyük premyera bina təmirdən qurtarıb təhvil veriləndən sonraya planlaşdırılır. Tamaşa Tiflisdə də, başqa şəhərlərdə də göstəriləcək.



Ramilə Qurbanlı
# 1712 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #