Həmidə Ömərovanın əzablı etirafları

Həmidə Ömərovanın əzablı etirafları
22 aprel 2011
# 14:11
Layihə: Məşhurların sevgi etirafları

Lent.az “Məşhurların sevgi etirafları” adlı yeni layihəyə start verir. Bu layihədə cəmiyyətin tanınmış simalarının şəxsi həyatları, sevgi tarixçiləri barədə etiraflarını təqdim edəcəyik.

Layihənin ilk müsahibi Azərbaycan kinosunun görkəmli nümayəndəsi, xalq artisti Həmidə Ömərovadır. Yeri gəlmişkən, aprelin 25-i Həmidə xanımın doğum günüdür. Hamını qabaqlayaraq, onu 3 gün öncədən təbrik edirik.

- Həmidə xanım, ilk məhəbbətinizi xatırlayırsınız?

- Hə. Mənim ilk məhəbbətim məktəbdə olub. Birinci sinifdə oxuyanda bir oğlana vurulmuşdum. Ağ, toppuş yanaqları vardı. Gedib onun yanaqlarını dartıb qaçırdım. O da qışqırıb düşürdü mənim dalımca. Amma tuta bilmirdi. Zəng vurulan kimi içəri girib, otururdum yerimdə. Bir gün oturdum fikirləşdim ki, bunu evdə necə deyim. Nənəm namaz qılıb qurtarandan sonra soruşdu ki, “nə əcəb səsin çıxmır? Heç nəyi sındırmırsan, dağıtmırsan, cırmırsan?” Dedim, “ay nənə, ərə getməyə hazırlaşıram. Mən mamaya demirəm, işdən gələndən sonra sən özün deyərsən ki, sinfimizdə bir oğlan var, mən onu istəyirəm”. Nənəm güldü, “ay cüvəllağı, sənin nə vaxtındı indidən ərə getmək istəyirsən”. Anam axşam işdən qayıdanda mən yatmışdım. Onların gülüşmə səsinə ayıldım. Anam çox ciddi qadın idi, ondan yaman qorxurdum. Yanıma gəlib saçımı sığallayıb dedi ki, “dərslərini pis oxuyursan, gündəliyin pis gündədir, paltarların həmişə mürəkkəbli olur. Sən əlaçı oxu, biz də onu sənə alarıq”. Ondan sonra başladım dərslərimi yaxşı oxumağa. Dərslərə birinci cavab verirdim, özümü ona göstərirdim. Amma vaxt olan kimi də yanaqlarını çimdikləyirdim. Biz üçüncü sinfə keçəndə sentyabrın ilk günü dərsə gəlib onu görmədim. Məlum oldu ki, başqa evə köçüblər deyə məktəbini də dəyişib. Gəldim evə. Məndən bir yaş böyük dayım qızına olanları danışdım, ağladım və qərara gəldik ki, onu axtaraq. Öyrəndik ki, mikrorayona köçüb, amma hansına bilmədik. Bazar günü dayım qızımla birlikdə düşdük yola. Bir-bir mikrorayonlardakı məktəbləri gəzib oğlanı soruşmağa başladıq. Yazıq gözətçi də heç nə bilmirdi. Bir neçə məktəbi gəzib axşam yorğun-arğın evə qayıtdıq. Demə, evdə də bizi neçə saatdır axtarırmışlar. Nəticədə ikimizi də yaxşıca döydülər. Amma sirr vermədik ki, hardaydıq. Yalandan dedik itmişik. Halbuki mən mikrorayon küçələrində öz məhəbbətimi axtarırdım. Heç tapmadım da. Bu, mənim uşaqlıq məhəbbətim idi. Ondan mənə qalan yalnız əlaçılıq oldu...

- Bu, sizin uşaqlıq məhəbbətiniz. Bəs əsl məhəbbət? Onu nə vaxt tapdınız?

- Ümumiyyətlə, məndə Leyli və Məcnun məhəbbəti, çılğın sevgi heç vaxt olmayıb. İnstitut illərində tələbə yoldaşlarımdan kimsə xoşuma gəlib. Amma dəlicəsinə sevgi, ona qoşulub qaçasan, hər şeyi atasan... bu olmayıb. Mən həmişə bir şahzadə gözləmişəm, gəlib ağ atında məni aparsın. Bütün qızlarımız kimi... Çox xəyalpərvər, romantik olmuşam.

- Gənc yaşlarınızda çəkildiyiniz filmlərdən də görürük ki, çox gözəl olmusuz. Ola bilməz ki, belə bir gözələ tələbəlik illərində heç kim aşiq olmasın.

- Hə, tələbə vaxtı məni sevənlər vardı. Mən isə tələbəlik illərində yalnız birini sevdim. Bu mənim nakam məhəbbətim oldu. Mən ona çox gec rast gəldim. İnstitutun (Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb – X.M) axırıncı kursunda oxuyanda. Xarici ölkə vətəndaşı idi. O, 5-ci, mən 4-cü kursu bitirib hərə öz vətəninə qayıtmalıydı. Biz dörd il bir-birimizi görmüşdük, amma əhəmiyyət verməmişdik. Mən dördüncü kursda oxuyanda xanım kimi zahiri görünüşümə fikir verməyə başladım. O vaxta qədər şalvarda gəzirdim, saçlarımı sadə yığırdım. Bəzənməyə vaxtım olmurdu, çünki təhsil çox ciddi idi. Son kursda mənə məsuliyyətli obrazlar verdilər. Molyerin “Zorən təbib” əsərində şahın qızını oynayırdım deyə gözəl görünməliydim. Ona görə özümə fikir verməyə başladım. O da rejissor idi. Yəqin ki, o da mənə bir rejissor kimi fikir verib. Başladı zarafatlaşmağa ki, səni alacam. Bu, olub may ayında. Mayın 29-da da biz institutu qurtardıq. Mən təyyarəyə minəndə çox ağlayırdım. Getmək istəmirdim. Anam da yanımda idi... Bu məhəbbət mənə böyük ağrı yaşatdı.
Mən onda həqiqi məhəbbət keçirmişəm. Çox gözəl hisslər idi. Belə hisslər insan həyatında bir, ya iki dəfə ola bilər.

- Sizə evlənmək təklif etmişdi?

- Etmişdi. Amma o vaxt hər şey indiki kimi asan deyildi. Yollar bağlı idi. Gərək əvvəl nikahlanıb, sonra o ölkəyə gedəydin. 33 yaşım olanda onun yaşadığı ölkəyə turist kimi getdim. Ünvan vermişdi mənə ki, heç olmasa yazışaq. Düzdür, onun yaşadığı şəhərdə olmadım, amma telefonla danışdım. Mən getdiyim şəhərdə bacısı yaşayırdı, onunla görüşdüm. Bir-birimizin dilini bilmirdik, ikimiz də qırıq ingiliscə danışdıq. Bizim Moskvada çəkdirdiyimiz şəkli göstərdi. Bacısının danışdıqlarından belə başa düşdüm ki, onun evinin hər yerində mənim şəkillərim var və hələ də evlənməyib. Mən isə yalandan dedim ki, ərdəyəm, bir qızım var.

- Niyə yalan dediz? Axı hər şey başqa cür ola bilərdi.

- İstəmədim fikirləşsin ki, ona görə ailə həyatı qurmamışam.

- Doğrudan ona görəmi o yaşa qədər ailə qurmamışdız?

- Yox, sadəcə vaxtım yox idi. Çox filmlərə çəkilirdim.

- Amma həmin ölkəyə onu görmək ümidiylə getmişdiz, hə?

- Hə. O ümidlə getmişdim ki, bəlkə onu görərəm, rast gələrəm. Amma görmədim, telefonla danışdım. O şəhərdə də cəmi bir gün qaldıq. Bir az artıq qalsaydıq, bəlkə də görüşə bilərdik. Deməli, qismət deyilmiş. Onun qisməti olsaydım, onda Azərbaycanın aktrisası olmazdım.

- Bəs çəkildiyiniz filmlərdə tərəf müqabillərinizə qarşı sevgiyə bənzər hansısa hisslər keçirmisiz heç?

- Yox, belə şey olmayıb. “Yol əhvalatı” filmində tərəf müqabilim Vaxtanq Pançulidze yaxşı oğlan idi, evliydi. Boyu balaca idi. filmin rejissoru Teymur Bəkirzadə də ayağının altına yekə daş qoyurdu ki, boyu mənə çatsın. Bizim məhəbbət səhnəmiz çəkilirdi. Mənə deyir “nənəmi razı salmışam, elçilər gələcək”. Mən də utanıb başımı aşağı salmalıyam. Mən hər dəfə başımı aşağı salanda ayağının altındakı daşı görürdüm. O daşı gördükcə ona necə aşiq olardım axı?! Oqtay Mirqasımovun “Anlamaq istəyirəm” iki seriyalı filmində professorun qızını oynayırdım. Ordakı tərəf müqabilim Revaz Çxikvişvili də gürcüydü. Çox yaraşıqlı oğlan idi, qəşəng gözləri vardı. Sözün düzü, əvvəl diqqətimi çəkmişdi. Amma sonra gördüm yox, onda bir soyuqluq var. Bizim xalqa xas olan istiqanlılığı, doğmalığı onda görmədim. “Qorxma, mən səninləyəm” filmində Polad Bülbüloğlu ilə, “Nizami” filmində isə Müslüm Maqomayevlə çox səmimi münasibət olub. Özü də onların həyat yoldaşları çəkiliş meydançalarında olurdular. Lap istəsəydim də, onlara başqa cür baxa bilməzdim (zarafatla deyir və gülürük). Yox, belə şeylər olmayıb. Olsaydı, ailə qurardım.

- 35 yaşında ailə qurmusunuz. Gec deyildi, sizcə?

- İndi hərdən fikirləşirəm ki, bəlkə də gecdi. Çünki mənim oğlum 11-ci sinifdə oxuyur, bəzi rəfiqələrim isə artıq nənədirlər. inşallah, mən də nənə olaram. Bilirsiz, mən ildə 3-4 filmə çəkilirdim. Vaxtımın çoxu çəkiliş meydançalarında keçirdi. Ailə barədə düşünməyə, sevgi münasibətlərinə belə vaxt yox idi. Amma 1993-cü ildə “Azərbaycanfilm” kinostudiyasını özəlləşdirdilər. Aktyorların hamısı işsiz qaldı. Bizə ərizə yazdırdılar və ştatdan çıxdıq. Kino ağır günlərini yaşamağa başladı, filmlərin istehsalı kəskin şəkildə azaldı. Onda demək olar ki, işsiz idim. Bu işsizlik məqamında fürsətdən istifadə edib, ərə getdim. Hərdən fikirləşirəm, bəlkə də sənətdə durğunluq yaranmasaydı, mən indiyə qədər də ailə qurmazdım. Ürəyimcə olan bir insana rast gəldim və ailə həyatı qurdum.

- Həyat yoldaşınızı sevib ailə qurduz?

- Bəli, sevdim. Sevməsəydim, ərə getməzdim. Amma bu həqiqi sevgi idi. Yəni, bir var uşaqlıq sevgim, bir də var tələbəlik. Tələbəlik məhəbbətim nakam məhəbbət oldu. O sevgi məni yandırdı. Çünki mən onu həqiqətən sevmişdi. Çox gec oldu o sevgi. Həm də kim bilir, mən ona ərə getsəydim xoşbəxt olacaqdımmı? Çox gənclər sevib ailə qururlar. Amma sonra bu məhəbbəti yaşada, qoruyub saxlaya bilirlərmi? Yox.

- Həyat yoldaşınızla necə tanış olduz?

- Mən Kinematoqrafçılar İttifaqının yaradıcılıq şöbəsinin müdiri idim. O vaxt bu idarənin tabeliyində 7-8 özəl şirkət vardı. Onun da xalası oğlu o şirkətlərdən birinin direktoru idi. Özü direktor müavini işləyirdi. O, mənə heç əhəmiyyət vermirdi. Bəlkə də mənə əhəmiyyət verməyən yeganə kişiydi deyə, mən də ona fikri verməyə başladım. Güzgüdə özümə baxırdım ki, bəlkə qocalmışam. 34 yaşım vardı. Çətin oldu onu ələ almaq (gülür). Aktrisa olduğuma görə, mənə ciddi yanaşmırdı. Onunla ailə qurmaq çox çətin oldu. Ümumiyyətlə, xasiyyətcə çətin insandı.

- Sənətdən ayrılmağınızı istəyirdi?

- Hə, əlbəttə. Sənətdən də, televiziyadan da.

- Necə ələ aldız onu?

- Əvvəl özlüyümdə elə bildim məğlub olmuşam. Amma sən demə, hisslərini gizlədən adam imiş. Oğlum da elə ona oxşayıb. Əslində mən onu uzun illər başa düşməmişəm. Oğlum böyüyəndən sonra onu anlamağa başladım... Necə ələ aldım, bilmirəm. Mən hər nahar fasiləsində evə gedib-qayıdırdım. Bir gün də nahara fasiləsində işdən çıxdım. Çölə çıxanda gördüm yağış yağır. Çətir də götürməmişdim deyə evə tələsirdim. Birdən arxadan məni çağırdı. Dönüb baxdım ki, bu. Dedi, “gözlə, sənə sözüm var”. Başladı ordan-burdan söz salmağa. Üç, dörd, beş gün qabaqkı hadisələri danışdı. Danışır və hiss eləmir ki, biz yağışın altında islanmışıq. Mən isə əsirəm. Təxminən 40 dəqiqə keçdi. Hələ də bunun nə demək istədiyini anlamadım. Axırda hirsləndim, üzümü çevirib getdim. Arxamca dedi ki, “mən səni sevirəm”. Çox təəccüblənmişdim onda... Aprelin 25-də bütün işçilərimizi yığıb mənim ad günümü keçirdi. Bilirdi ki, qızıl gülləri sevirəm. Mənə nar rəngli qönçə qızıl güllərdən böyük bir dəstə bağlatdırmışdı. Restorandan çıxandan sonra məni evə yola saldı. Lift işləmirdi deyə 9-cu mərtəbəyə qədər məni çıxartdı. Qapının ağzında gülləri mənə verəndə təşəkkür əlaməti olaraq onun yanağından öpdüm. Sevincindən aşağıya necə qaçdısa, uçdu elə bil, bir göz qırpımında yoxa çıxdı. Bu, ikimizin bir-birimizə olan istəyinin birinci təzahürü idi.

- Nə qədər müddət sonra ailə qurduz?

- Bir ildən sonra ailə həyatı qurduq. Bir oğlumuz oldu.

- Evlənəndən sonra filmlərə çəkilməyinizə icazə verdi?

- Bu barədə çalışırdıq heç söhbət etməyək. Bir il analıq məzuniyyətindəydim deyə, “Retro” verilişini aparmadım. Sonra o, işlə bağlı xaricə getmişdi. O vaxt bir dəfə “Retro” verilişinə çıxdım. O da qayıdandan sonra xəbər tutdu. Dedi, “sən məndən icazəsiz bunu etməklə bizim xoşbəxtliyimizə son qoydun”. O, çox mürəkkəb adamdır. Onu anlamaq çətindir. Belə şeylər bizdə çox olub.

- Ailə qurandan sonra gözlədiyiniz xoşbəxtliyi tapdınız?

- Əlbəttə, yox. Kim ailə quranda istədiyi xoşbəxtliyi tapır ki? Yəqin çox az hallarda olur. Bu, nağıllarda, kinolarda ola bilər. Nə qədər ki, cavan idim, bu barədə düşünmək istəmirdim. Amma yaşa dolduqca başa düşdüm ki, mən şəxsi həyatımda, ailədə xoşbəxt olmamışam. Heç vaxt. Bəlkə də bir saniyə, bir an, bir gün olub, amma bir ay olmayıb... Mən qadın kimi xoşbəxt deyiləm. Ana kimi xoşbəxtəm, bəli, amma həyat yoldaşı kimi bədbəxt.

- Niyə, Həmidə xanım?

- Bilmirəm...

- Həyat yoldaşınızdan ayrılmısınız?

- Yox. Rəsmən boşanmamışıq. Heç o niyyətim də yoxdur. Çünki bizim oğlumuz var. Mənim kimi ailələr çoxdur. Mən ona oğlumun atası kimi hörmət edirəm.

- Sevmirsiz?

- Yox. Uşağımın atasıdı, ona çox hörmət edirəm. Kənardan baxan elə bilər ki, bizdən xoşbəxt ailə yoxdur. Amma o dediyiniz məhəbbət qalmayıb. Neçə illərdir mənim ürəyimdə boşluqdur. Və mən bununla çoxdan barışmışam... Amma mənim oğlum var, buna görə Allahıma min şükürlər edirəm.


Xəyalə MURADLI

[email protected]
# 2390 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #