Kral öldü, yaşasın kral!

Kral öldü, yaşasın kral!
17 avqust 2012
# 05:00
Avqustun 16-da rok-n-rollun kralı sayılan Elvis Preslinin ölümünün 35 ili tamam oldu. Onun populyarlığı o qədər böyükdür ki, insanların çoxu onu sadəcə adı ilə çağırır – Elvis. Və dərhal söhbətin kimdən getdiyi bilinir.

Hər il avqustun 16-da ABŞ-ın Memfis şəhərində müğənni, rok-n-roll kralı, kinoaktyor, karate ustası Elvis Preslinin xatirə günü keçirilir. Ölümünə kimi onun bütün dünyada 500 milyon valı satılmışdı. Ölümündən sonrakı 7 il ərzində isə bu rəqəm 2 dəfə artıb. Ona kimi hələ heç kimə belə bir uğur qismət olmamışdı.

Elvisin bir çox sahələrə marağı olub – futbol, karate, dostlarına və tanışlarına alicənablıqla bağışladığı gözəl avtomobillər, heyvanlar. Kino isə onun maraq dairəsinə daxil olmaqdan əlavə, həm də ciddi pul qazandırırmış. Elvis 33 filmə çəkilib və hər filmə görə minimum 1 milyon dollar alırmış.

Bəs Elvisin həyatında bilmədiyimiz başqa hansı məqamlar var?

Dilənçi Elvis

Elvis Aron Presli 1935-ci il yanvarın 8-də Missisipi ştatının kiçicik Tyupelo şəhərində dünyaya göz açıb. Onun atası Vernon yüngülxasiyyət və içki aludəçisi olduğundan, hətta yük maşınının sürücüsü kimi belə işə düzələ bilməyib. Gələcək ulduzun 3 yaşı olanda isə uğursuz ata həbsxanaya düşüb. Kirayə haqqını ödəyə bilmədiklərindən, o, çox zaman anası ilə bir yerdə sərgərdan həyatı yaşayıb, dilənçilik edib. Elvisin anası Qledis Lav şöhrətpərəst və tərs qadın olub. Onun damarlarında hindu, irlandiyalı və yəhudi qanı axırmış. Amma ağır həyat şəraiti onu da sındırıb. 1930-cu illərin böyük depressiyası Qledisin arzularını da içki şüşələrinin dibinə gömüb.

Elvisə ilk gitarasını 10 yaşı münasibətilə əmisi bağışlayıb. Balaca oğlan tez bir zamanda radioda eşitdiyi hitləri gitarada səsləndirməyi öyrənib.

1948-ci ilin sentyabrında Preslilər Tennessi ştatının Memfis şəhərinə köçmək məcburiyyətində qalırlar. Çünki atasının orada iş tapması daha asan olur. Məhz Memfisdə Elvis müasir musiqi ilə yaxından maraqlanmağa başlayır, radioda kantri, ənənəvi estrada, eləcə də zənci musiqisi olan blyuz, buqi-vuqi, ritm-and-blyuza qulaq asır. O, tez-tez Memfisin Bil-strit kvartalına gedərək qara dərili blüzmenlərin ifasını dinləyirmiş. Məsələn, Bi Bi Kinq Preslini hələ yeniyetmə olandan tanıyırmış. Zənci mağazalarına gedən Elvisin geyim tərzi də formalaşmağa başlayıb.

1953-cü ilin yayında məktəbi bitirən 18 yaşlı Elvis yük maşınının sürücüsü kimi işləməyə başlayıb. Məhz onda ilk dəfə Sem Fillipsə məxsus səsyazma studiyasına girərək 8 dollar müqabilində gitarada ifa etdiyi musiqini yazır. Bir nüsxədə yazılan iki üzlü val Preslinin anasına gecikmiş hədiyyəsi olur. Əslində isə Elvis öz səsini valdan dinləmək istəyir. Elvis musiqiçi olmaq arzusundaymış, amma hansı istiqaməti – qospel, kilsə musiqisi və ya kantri- seçəcəyini bilmirmiş. Elvisin səsi Fillipsin studiyasının katibəsini maraqlandırır və o, gələcək ulduz barədə məlumatları qeyd edir. Elvis isə müğənni lazım olan kimi ona zəng etməyi xahiş edir. Beləliklə, dahi Elvisin musiqiçi karyerası başlayır.

Elvis adının sirri

Elvisin adı atası Vernon Elvis Preslinin ikinci adının şərəfinə qoyulub. Hesab edilir ki, bu ad müdrik (all wise) mənasını verən Skandinaviya mənşəli «alviss» sözündən götürülüb. İndi bizə bu ad doğma gəlir. Amma 1950-ci illərdə Elvis adı məşhurlaşanda, insanlar onun qəribə adından təəccübləniblər, onu ələ salıblar. Bu ad amerikalılar üçün çox qəribə olub. Rok-n-roll kralının gitaraçısı Skotti Mur ilk dəfə Elvis adını eşidəndə təəccüblənib: «Bu ad hansısa fantastik romandakı söz kimi səslənirdi».

Qeyd edək ki, Skotti və bu cür düşünənlər haradasa haqlı olublar. Elvisin özü də adı ilə maraqlanırmış və bütün ömrü boyu adının haradan gəldiyini araşdırıb. O hesab edirmiş ki, adında hansısa sirr, mistika, mənəvi qüvvə gizlənib. Axtarışlar onu dini kitabları, o cümlədən Əhdi-Əqiqi araşdırmağa sövq edib. O, bu kitabda Elohim adı tapıb. Yəhudilər Elohim adı ilə tanrılarını çağırırlar.

Qədim dillərdən birində «El» sözü «ən yüksək tanrı», «Vis» sözü isə «hakimiyyət», «qüvvə» mənasını verir. «El-Vis» söz birləşməsi isə «Tanrının qüvvəsi» kimi səslənir. Şumer mifologiyasında isə «El» günəş tanrısının adıdır.

Rok-n-roll kralı və aktyor

Elvis Preslini hamı musiqiçi, rok-n-roll kralı kimi tanıyır. 1956-cı il onun həyatında dönüş nöqtəsi sayılır. Elvis həmin il «Heartbreak Hotel» blyuz kompozisiyası buraxaraq, nəinki ABŞ-da, eləcə də bütün dünyada məşhurlaşıb. Elə o zaman ilk teleçıxışlar baş tutub. Bu teleçıxışlar bütün Amerikanı şoka salıb və minlərlə amerikalı yeniyetmənin qəlbini fəth edib. Musiqi, geyim, hərəkətlər, özünü aparmaq tərzi... Gənclik Elvisin tərəfində olub və onu təqlid ediblər. Amma yaşlı nəsil etiraz edirmiş, onu vulqar və bacarıqsız, hətta «üsyançı» da adlandırırmışlar. Halbuki, müğənni heç bir zaman özünü üsyançı hesab etməyib.

1956-cı ilin sentyabrında «Varoyete» jurnalı Elvisi ilk dəfə «rok-n-roll» kralı adlandırır. Elə o zaman polkovnik Tom Parker Elvisin yeganə impresariosu olur. Onların arasında bağlanan müqaviləyə görə, polkovnik gəlirin 25 faizini əldə edirmiş. Müasirləri qeyd edirlərmiş ki, bacarıqlı və ciddi adam olan Parker Elvis Presli ulduzunun parlaması və uzun müddət şou-biznes aləmində qalması üçün böyük işlər görüb. Amma o da iddia edilir ki, Parkerin mürəkkəb maliyyə sxemləri nəticəsində Presli milyonlar itirib.

Uzun illər sonra müəyyənləşib ki, Tom Parker 1920-ci illərin sonunda Hollandiyadan ABŞ-a gələn qeyri-leqal mühacir olub. Onun əsl adı Adreas Kornelius van Kuyk imiş. «Polkovnik» rütbəsini isə 1948-ci ildə «alıb». Elvisin sağlığında bu faktlar açıqlanmırmış.

Amma Presli təkcə musiqiçi deyil, həm də populyar kinoaktyor olub. Musiqidəki uğuru onun Hollivuda gedən yolunu açıb, «20th Century Fox» və «Paramount» studiyaları dərhal bundan bacarıqla istifadə ediblər. Onun iştirakı ilə ilk film 1956-cı il noyabrın 15-də ekrana çıxır və «Məni zərifliklə sev» adlanır. Elvis bu filmdə ikinci dərəcəli rol oynayır və cəmi 4 dəfə qısa mahnı ifa edir. Amma insanlar bu filmə məhz Elvisə baxmağa və onun mahnılarına qulaq asmaq üçün gedirlərmiş. Elvisin çoxdankı arzusu yerinə yetir. 1957-ci ildə isə dərhal kommersiya uğuru qazanan daha 2 film çəkilir.

Presli kumiri Marlon Brando kimi dramatik rollara can atırmış. Amma kinostudiyalar kommersiya uğurunu nəzərə alaraq, ona daha yüngül – musiqili rollar verirmişlər. Elvis ömrünün sonuna qədər 33 filmdə çəkilib.


Elvis və karate

Hətta ən qızğın pərəstişkarlarının çoxu belə bilmir ki, Elvis Presli həyatının 19 ilini Şərq əlbəyaxa döyüş növü olan karateyə həsr edib. O, həmişə etiraf edib ki, fenomenal uğur qazanmasına görə karateyə borcludur...

Elvis karate ilə 1958-ci ildə orduda xidmət edən zaman maraqlanmağa başlayıb. O, Fort-Xudada xidmət keçən zaman ciu-citsu üzrə ustaların çıxışına baxıb. Elə həmin il onu Almaniyada xidmət etməyə göndəriblər. Elvis Almaniyada Sstokan stilindən dərs deyən Yurqen Zaydelin yanında karate ilə məşğul olmağa başlayıb. O, bu idman növünə o qədər aludə imiş ki, Zaydelin yanında məşqlərdən savayı, hər gün hərbçi yoldaşı Reks Mensfildlə də məşğul olub. Hətta məzuniyyətə çıxaraq Parisə gedəndə də bir neçə klubda karate məşqlərini davam etdirib.

Ordudan tərxis olandan sonra Memfisdə Xank Slemansknın yanında Sitoryu stilini öyrənməyə başlayıb. Ona karate üzrə ilk danı da Slemanski verib. Bir neçə ay sonra isə Amerika stili olan kenpo-karatenin yaradıcısı Ed Parkerlə tanış olub və ölümünə qədər onun şagirdi kimi məşq edib.

Parker yenə yaranan ful-kontak növünü rədd edərək, ənənəvi karate dərsi keçirmiş. Elvis də Parkerin ona göstərdiyi effektiv hərəkətlərə valeh olaraq kenponun tərəfdarına çevrilib. O, hətta Parkerin məktəbinin emblemini gitarasına yapışdırıb və bunu 1970-ci illərdə konsertlərdə çəkilən şəkillərdə də görmək olar.

Karate o zaman Amerikada ilk addımlarını atırmış və Presli də qara kəmər gəzdirən 100-150 şəxsdən biri olub. O, bu idman növündəki biliklərini harada gəldi nümayiş etdirirmiş. Konsertlərdə pərdə arxasında məşq edərək lövhələri sındırırmış, sonradan isə cangüdənləri Red və Ronni Uestlərə də karate öyrədib. Bir müddət sonra Uestlər «Tenessi karate institutu» adlı məktəb təşkil edirlər və Elvis vaxtı olanda həmin məktəbdə məşq edirmiş. Karate üzrə bir neçə dəfə dünya çempionu və kinoaktyor Çak Norris, ful-kontakt-karate üzrə dəfələrlə dünya çempionu Co Lyuis, karate üzrə 9 dəfə Avropa çempionu Domsnik Valera da məhz Elvisə görə həmin məktəbə gedirlərmiş.

Elvis məşqlərində çəkiliş aparılmasına razı olmurmuş. Amma 1975-ci ildə – 40 yaşı ərəfəsində «People» jurnalına çəkilişə icazə verib. Bu şəkillərin qızıl qiymətinə olduğunu söyləmək yersizdir. «Faitsr İnternational»ın 1988-ci ildə həmin şəkilləri tirajlamaq üçün nə qədər xərcə düşdüyünü isə təsəvvür etmək çətin deyil...

Üç dəfə ölüm astanasında

Elvis Presli həyatında 3 dəfə ölümlə qarşılaşıb və sağ qalıb. Birinci hadisə 1957-ci ildə baş verib. «Həbsxana taleyi» adlı filmin çəkilişləri gedirmiş. Fasilədə nahar edən Elvis sendviç yeyirmiş. Birdən o, ağız boşluğunda nəsə baş verdiyini hiss edir, amma buna əhəmiyyət verməyərək yeməyə davam edir. Amma tezliklə boğulmağa başlayır. Məlum olur ki, onun dişinə qoyulan süni qapaq qırılıb və Elvis onu udub. Faktiki olaraq qapaq onun nəfəs yoluna düşüb. Elvisi təcili olaraq xəstəxanaya çatdırıblar. Həkimlərin səyi nəticəsində qapaq çıxarılıb və Elvisi xilas etmək mümkün olub. Həddən artıq zəif və halsız olmasına baxmayaraq, Elvis işi dayandırmayıb, elə həmin gün çəkiliş meydanına qayıdıb.

İkinci hadisə 1959-cu ildə Elvisin Almaniyada hərbi xidmət keçdiyi zaman baş verib. Gecə, soyuq havada keşikdə duran Elvis üşüyüb. O, qızınmaq üçün «Cip»in içinə girib, tenti çəkib və maşını işə salıb. Tezliklə qızınan əsgər yavaş-yavaş yuxuladığını hiss edib. Dəm qazı avtomobilin içinə girərək Elvisi zəhərləyirmiş. Amma xoşbəxtlikdən Elvis bunu zamanında dərk edib. O, çətinliklə də olsa tenti çəkə və avtomobili söndürə bilib. Gecənin qalan hissəsini isə soyuqda keçirməli olub.

Nəhayət, üçüncü hadisə sayca 24-cü filmi olan «Asan gəldi, asan getdi»nin çəkilişi zamanı baş verib. Elvis bu filmdə akvalanqçı rolunu oynayırmış. O, xüsusi geyimdə olub, çiyninə oksigen balonu, belinə isə xüsusi kəmər taxıb. Ssenariyə görə Elvis qayıqdan suya tullanmalıymış. Epizod çəkilib. Qayığa qayıdan aktyor maskanı və oksigen balonunu çıxardıb və dincəlməyə başlayıb. Amma o, kəməri çıxartmağı unudub. Təsadüfən ayağı ilişən Elvis suya düşüb. Kəmər isə onu aşağı çəkirmiş. O, kəməri çıxartmağa cəhd etsə də, buna nail ola bilmirmiş. Çox böyük çətinlikdən sonra ona kəməri çıxarmaq müyəssər olub və o, qayığa qayıdıb. Xeyli su içən Klvis etiraf edib ki, çox ciddi şəkildə qorxub və ölümlə üz-üzə olub.

Elvis və 12 fakt

* Karyerasının əvvəlində Elvis aktyor olmaq istəyirmiş.
* Onun filmlərə sevgisi o qədər böyük imiş ki, kinoteatr icarəyə götürərək bütün gecə filmə baxırmış.
* Elvis ildə orta hesabla 3 filmə çəkilirmiş və hər filmin çəkilişi 5 həftə davam edirmiş.
* Onun saçları şabalıdı rəngdə olsa da, onları qara rəngə boyayıb.
* Elvis ordudan qayıdandan sonra burnunda plastik cərrahiyyə əməliyyatı etdirib.
* O, ilk filmində bütün ssenarini əzbərləyərək rejissoru şoka salıb.
* Əfsanəvi Marlon Brando bütün şöhrətin Elvisə qismət olacağından qorxaraq, onunla bir filmdə çəkilməkdən imtina edib.
* Filmlərində kapitan, boksçu, sirk ustası, avtomobil sürücüsü, akvalanqçı, hətta milyonçu obrazlarını canlandıran Elvis cəmi bir dəfə, «Başa dəyən tətillər» filmində kino ulduzu rolunu canlandırıb.
* «Elvis Presley Enterprises»in keçmiş rəhbəri Robert Sillermanın sözlərinə görə, dünyada əsas fəaliyyəti Elvisi təqlid etmək olan 84 min ifaçı var.
* Elvis məktəbdə albomlarını «Elvis Cat» kimi imzalayırmış.
* O, rok-n-roll kralı kimi bir dəfə belə Qremmi mükafatı almayıb. Karyerası ərzində 3 dəfə bu mükafata layiq görülsə də, onların hamısı qospel üslubuna görə verilib.
* Elvis 1957-ci ildə Kanadadakı 5 şousu istisna olmaqla, heç bir zaman ABŞ-dan kənarda konsert verməyib.

Kralın qəribə ölümü

1977-ci il Elvis üçün uğurlu başlayıb. O, yüksəlişdə olub. Şəxsi həyatında hər şey qaydasındaymış. Elvis sevgilisi Cincer Oldenlə evlənmək istəyirmiş. Amma tale başqa hökm yazıb. 1977-ci il avqustun 16-da səhər tezdən yuxudan duran Cincer Elvisin cəsədini vanna otağında tapıb.

Rəsmi versiyaya görə, Elvis kardioaritmiyadan vəfat edib. Amma onun ölümünə bir çox digər ulduzlardakı kimi tibbi preparatların səbəb olduğuna az adam şübhə edir. Tibbi yarılma onun mədəsində 11 güclü təsirə malik dərman aşkar edib. Amma bunların hamısı qeyri-rəsmi xarakter daşıyır. Məsələ ondadır ki, Memfis məhkəməsi yarılma aktını açıqlamaqdan imtina edib. Məhkəmə qərarını onunla əsaslandırıb ki, yarılma Elvisin qohumlarının xahişi ilə həyata keçirilib və nəticələr ancaq 50 il sonra açıqlana bilər.

Elvis qayıdacaq!

Amerikalıların çoxu hələ də Elvis barədə keçmiş zamanda danışmaqdan imtina edir. Onlar inanırlar ki, rok-n-roll kralı öz ölümünü yalandan uydurub. Bəziləri iddia edirlər ki, Presli hakimiyyətin mafiyanı aşkar etmək üçün gizli agenti olub və missiyası başa çatandan sonra yoxa çıxıb.

Müğənninin sağ olduğunu iddia edənlərin xeyli «sübutu» var. Bununla bağlı bir neçə kitab da yazılıb. Məsələn, onun qəbrinin üstündə «Aron» adı «Aaron» kimi yazılıb. Elvisin atası sağ ikən bunu görsə də, səhvi düzəltməyib. Nəticə: Elvisin atası qəbrin oğluna aid olmadığını bilirmiş və adın düzgün yazılmasına icazə verməyib. Səhv yazılan ad isə mövhumatçı atanı sakitləşdirib: qəbir onun oğlunun adını daşımır.

Ömrünün sonlarına yaxın Preslinin çəkisinin 150 kiloqrama yaxın olduğu məlum olsa da, ölüm şəhadətnaməsində 75 kiloqram (!) yazılıb. Şəhadətnamənin orijinalı itib, yenisi isə ölümdən cəmi 2 ay sonra verilib.

Elvisin karate üzrə qara kəməri olsa da, tabutdakı şəxsin karateçilər üçün xarakterik olmayan döyənəksiz, toppuş əlləri varmış. Bəziləri iddia edirlər ki, tabutdakı şəxsin bakenbardları düşürmüş. Dəfn ərəfəsində bərbər onları yapışdırıb. Belə nəticəyə gəlmək olar ki, bakenbard onun özünün olmayıb. Və hətta cəsədin mumdan hazırlanan kukla olduğu da iddia edilir.

Elvisin ölüm xəbərindən 2 saat sonra ona son dərəcə oxşayan şəxs Buenos-Ayresə uçub. Həmin şəxsin adı Con Berrouz olub. Elvisin isə dəfələrlə bu ləqəbdən istifadə etdiyi məlumdur.

Ən qatı pərəstişkarları onu qayıdana qədər gözləməyə hazırdırlar. Onlar əmindirlər ki, Elvis ölümcül xəstə olduğunu bilən kimi Qərb sahillərində xəstəxanaya gedib. Guya ki, vaxtı çatanda alimlər onun hüceyrələrindən istifadə edərək onu klonlaşdıracaqlar.

Bəlkə də qayıdacaq?

Kral öldü, yaşasın kral!

Kamal Gürşad
# 1627 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
#
#
# # #