Seks - Tanrının günahı, xalqın düşməni

Seks - Tanrının günahı, xalqın düşməni
13 sentyabr 2011
# 10:16
Bir neçə gün bundan öncə masa arxasında Seymur Baycan əlindəki qızardılmış toyuq budunu qalların nəhəng qəhrəmanı Obeliks kimi içəri ötürə-ötürə Don Kixot haqqında, sözün həqiqi mənasında – çünki əlində budun artıq sümüyü qalmışdı – ağızdolusu danışması, məni yenidən Servantesin bu müqəddəs kitabını oxumağa ruhlandırdı.

“Ayılandan” sonra götürüb kitabı yenidən oxumağa başladım və nədənsə mənə elə gəldi ki, Baycan əfəndi Don Kixotu yaraqçısı Sanço Pansaya görə sevir. Qənaətimi bölüşürəm: son dövrlərdə gənc yazıçıların romanlarında ən zəngin süfrələr – içi qoz ləpəsi ilə doldurulmuş toyuqlar, üstünə limon sıxılmış balıq yeməkləri, torpağın altından çıxarılan “xortlamış” çaxır şüşələri, üstündən, təndirdə bişirilmiş çöl quşları, dalınca, ən azı, iki-üç kotlet, lap axırda gecə oyanıb yemək üçün yatağa aparılan şirniyyat – Seymurun romanlarında olduğu qədər heç kimin yaradıcılığında bu cür iştaha və səmimiliklə təsvir olunmayıb.

Namuslu, ismətli oxucular digər gənc yazarları yazılarında yeri gəldi-gəlmədi vulqar ifadələr işlədərək ömrü boyu kitabı çubuq gücünə oxuyan bir xalqın mənəviyyatını korlamaqda ittiham etsələr də, Baycanın kitablarına həmişə ən sərt iradlarından biri bu olur ki, bu nə yeməkbazlıqdır, bu qarınqululuq oxucuya nə verir axı? Bu suallara bir-iki abzasdan sonra Servantesin təsvirləri ilə cavab vermək üçün oxucumuzdan dırnağın kəsilən ucu boyda səbr istəyirik.

Don Kixot – Qəmginüzlü cəngavər, Servantesin bizim onun haqqında bir nəticəyə gəlməyimiz üçün ayaq yeri qoymadığı bir ədəbi qəhrəman. Ağıllılardan ağıllı, dəlilərdən dəli, özünü tale sazağının ixtiyarına buraxmış bir insan müqəvvası... Keçmişin ölmüş yaxşılıqlarını diriltmək istəyən aciz xeyirxah. Quru canından, qoca Rosinantından, sınıq nizəsindən, paslı dəbilqəsindən, hiyləgər və qarınqulu Sançosundan, xəyalındakı Dulsineyasından başqa bir şeyi olmayan zadəgan.

Hiyləyə yoluxmayan ağılın inkişaf vektoru ağılsızlığa, dəliliyə doğru uzanır. Dəlilik əgər anadangəlmə qüsur deyilsə, ağıllılığın nəticəsidir. Dəlilik – söhbət Don Kixotun dəliliyindən gedir – ağılın dişiylə-dırnağıyla qalxmağa can atdığı zirvədir. Ruhun ən böyük arzusu – bədəni öldürməkdir, ağılın ən böyük arzusu – ağılsızlığa qovuşmaq. Ölüm ilahi, ağılsızlıq insani azadlığın ən həqiqi olanıdır, yerdə qalan azadlıqlar sığortalanmış, məqsədli, hətta məqsədyönlü azadlıqlardır, yəni günəmuzd azadlıqlar.

Don Kixot bədəninin tərəfində deyil, o, öz ruhunun və dəliliyinin cəngavəridir. Ruhu ona fövqəliradə, ağılsızlığı isə ağılasığmaz cəsarət verir. O, heç kimə, heç nəyə tabe deyil – adi insanın ən böyük, ən əbədi, lakin heç vaxt çatmadığı arzularından biri, tabe olmamaq!

Don Kixot bizim, hər gün pis-yaxşı yaşamaqdan ötrü, içimizdə susdurduğumuz, səsini batırdığımız insandır və onu ədəbi bir obraz kimi bu günə qədər diri saxlayan da bizim içimizdəki ört-basdır elədiyimiz Don Kixotluqdur.

Servantes bu əsərlə insanı astar üzünə çevirib.

İndi keçək Seymur Baycanın romanlarındakı süfrə bolluğu ilə Sançonun yeməyə olan sevgisi arasındakı eyniliyə. Sanço eynən Dionisin müəllimi Sileni kimi əhlikef halda eşşəyin belində öz ağasının (oxu: Tanrısının) dalınca yortur və onu yeyib-içməkdən başqa heç nə maraqlandırmır.

Servantes yazır ki, Don Kixot və Sanço varlı Kamaçonun toyuna gəldikdə Sançonun diqqətini ilk çəkən əvvəlcə gördüyü qarağac şişinə çəkilib bir yığın odunun üstündə qızardılan bütöv cöngə oldu – Don Kixot qızardılan bu iri cöngəyə heç gözünün ucuyla da baxmır. Tonqalın ətrafında çəlləyə bənzəyən və iri-iri qoyun cəmdəklərini yolunmuş göyərçin kimi diri-diri udan nəhəng altı qazan düzülmüşdü.

On iki dənə əmlik çoşkanı cöngənin geniş qarnına doldurub tikmişdilər ki, bu da cöngənin ətini yumşaltmalıydı və s. (Bizim uşaqlar burda bir ayı potası yeyəndə aləm dəyir bir-birinə). Nəsə, Sanço dözməyib aşpazlardan birinə yaxınlaşır və yemək istəyir. Kamaçonun əliaçıqlığından dəm vuran aşpaz nisbətən kiçik bir qazançanı yanında qaynayan iri qazanlardan birinin içinə salıb Sançoya bişmiş üç toyuq və iki qaz verir.

Vur öldür məni, əgər bu yerdə Seymur Baycan və onun romanlarındakı dəbdəbəli, xirtdəyəcən davam edən yeyib-içmək məclisləri yadıma düşmədisə. Yazıçı dostumu lağa qoymaq istədiyim anda Rablenin “Qarqantua və Pantaqurel” əsərindəki ziyafət zamanı verilən yeməklərin siyahısını xatırladım, sonra yaddaşımda Əziz Nesinin “Ağ eləmə də” adlı hekayəsindəki iştahasından şikayətlənə-şikayətlənə, az qala, yarım ton yemək yeyən dövlət məmuru Osman bəy canlandı, daha sonra İlyas Əfəndiyevin, səhv etmirəmsə, “Qurban” hekayəsindəki Qubuşu yada salmalı oldum. Valideynləri uşağı əzizləməyin yolunu onu şor motalına dönüncəyə qədər yedirtməkdə görürlər və uşağa gün ərzində bir ordunun azuqəsini yedirirlər.

Qoqol isə özünü aclığa məhkum edərək intihar etmişdi.

Sənətin məqsədi insanı yeməkdən, seksdən iyrəndirmək deyil, acgözlükdən və tərbiyəsizlikdən çəkindirməkdir. Bizim oxucu, əgər ona ağızdolusu oxucu demək mümkündürsə, belə düşünür ki, ədəbiyyat, istər dünyəvi olsun, istərsə də milli, onun arxasınca getməlidir. Xeyr! Sən sənətin, ədəbiyyatın arxasınca gedəcəksən. Ədəbiyyat sənin arxanca düşsə, gör nə baş verəcək: sən əvvəlcə onu el adətincə dəllək çağırıb sünnət etdirəcəksən. Sonra rüşvət verib onu ya universitetə, ya da evin həndəvərində yerləşən bir batalyona saldıracaqsan. Sonra onu öz xoşuna gələn bir qızla evləndirəcəksən, lap axırda da bu zavallı ədəbiyyatı həccə göndərib onu Hacı Ədəbiyyat edəcəksən.

Ömründə bircə dəfə teatra getməyən “oxucu” sənətə, ədəbiyyata hər hansı qiyməti verməyə girişirsə, başından böyük qələt etmiş olur. Bu, sadəcə, cırtqoz eqoizmdir. Son zamanlar mətbuatda və internet saytlarındakı yazı başlıqlarına fikir verin; bizim abırlı, ismətli oxucularımıza yazı oxutdurmaqdan ötrü mütləq gərək yazıya seksual məzmunlu bir ad qoyasan – elə bu yazının adı kimi - yoxsa lap Quran ayəsi də yazsan, gözünün ucuyla da baxan olmayacaq. Bu da bizim oxucunun əldən vermək istəmədiyi “mənəviyyatı”.

Əgər vaxtilə Lenin baba deyirdisə “oxumaq, oxumaq, yenə də oxumaq”, indi də mən bu kəlamı redaktə edib deyirəm: “Yazmaq, yazmaq, yenə də yazmaq!”
# 2380 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
# # #