#

Pis adamlar kitab oxumamalıdır

Şəhriyar Del Gerani, şair

Şəhriyar Del Gerani, şair

7 iyul 2022
# 15:00

Kulis.az şair Şəhriyar Del Geraninin “Oxumağa, öyrənməyə və bilməyə dair...” yazısını təqdim edir.

Çox adama elə gəlir ki, oxumaq hamı üçündür. Amma elə deyil. ˝Pis adamın biliklisi daha təhlükəlidir˝ prinsipindən yola çıxsaq, gərəkdir ki, pis adamlar heç kitab oxumasınlar. Şəxsən məndən hansısa pis adam kitab oxumaq üçün tövsiyə istəyəndə həmən səmavi kitablara yönəldirəm. Səmavi kitablar adamları daha düzgün və ən qısa müddətdə islah edir. Biz kitabların islahedici gücünə inanırıq.

Hər bir ağıllı insan bu gözəlim dünyada üç şey üçün çalışır. Ki, bu üç şey də başqa altı şeyin nəticəsində əldə edilə bilər.

Üç şey bunlardır:

Yaxşı güzəran;

İnsanlar arasında yüksək mövqe tutmaq;

Axirət dünyasını qazanmaq üçün savab işlər görmək.

Bu üç şeyi əldə etmək üçün istifadə edilən altı şey isə bunlardır:

1. Yazmağı və oxumağı öyrənmək.

2. Oxuduqlarını düzgün şəkildə qavramaq, səlis başa düşmək və hər zaman özündən ağıllı adamlarla məsləhətləşmək.

3. Ədalətli və namuslu əməklə var-dövlət toplamaq.

4. Əldə etdiyi var-dövləti saxlaya bilmək.

5. İsrafa yol vermədən var-dövlətini özünə, qohum-qardaşa, dost-aşnaya xərcləmək.

6. Nəfsini bacardıqca tox tutub ehtiyacı olan insanlara yardım etmək.

Könlümüzü fərəh tutub deyə bilərik ki, əslində yazmağı və oxumağı bilmədən də var-dövlət sahibi olmaq, qohum-qardaş üçün bir gün-güzəran ağlamaq, axirət üçün savab işlər görmək mümkündür. Di gəl, yazmağı və oxumağı bilmədən, özünü, dünyanı, həyatı tanımadan, idrak etmədən görəcəyin bu işlərdən gerçək zövq ala bilməyəcəksən. Adamların ən faydasızına kömək edəcəksən, filmlərin ən pisinə baxacaqsan, mahnıların ən axmağına qulaq asacaqsan, qadınların ən düşüyünü sevəcəksən, (yaxud əksinə, kişilərin ən bambılısına aşiq olacaqsan – Ş.D.G.) incəsənətdən, mədəniyyətdən, ədəbiyyatdan qandığın bir nəsnə olmayacaq, bomboz, dıqqılıca bir dünyan olacaq və sən həmin dünyada ət, yağ, su, sümük və qandan ibarət bir torba zibil gəzdirəcəksən dərinin içində. Buna görə Allah da, peyğəmbərlər də, biz də istərdik, sən yazmağı, oxumağı biləsən və oxuduqlarını düzgün başa düşəsən. Amma nə yazıq ki...

Nə yazıq ki, oxumaq hər kəsə görə deyil. Deyə bilərik ki, çox adamın zehni normal inkişaf etməyib. Yaxud ümumiyyətlə beyni oxumaq üçün yaradılmayıb. Başqa sözlə, inşası, yapısı, çapı budur. Nə etməli? Allah onu da elə yaradıb. Allahdan çox bilməyəcəyik ki?

Adamlar oxumağı sevmirlər, dinləməyi sevirlər. Oxumaq bacarığı xüsusi istedaddır, hər adama verilmir. Amma dinləmək bacarığı əksəriyyətdə var. Burada velosipedi ikinci dəfə kəşf etmək fikrində deyiləm, çalışıram ən sadə cümlələr, ən bəsit təsbitlər ilə ifadə edim mətləbi.

Adamlar ona görə dinləməyə meyillidirlər ki, dinləmək onları zəhmətə salmır, əziyyət vermir. Biz ta körpəlikdən anamızın laylaları ilə, nənəmizin nağılları ilə alışırıq dinləməyə və onları təqlid edib danışmağa. Yəni primitiv səviyyədə danışan insan əslində orijinal deyil, imitasiyadır. Primitiv səviyyədə danışan insanlar özlərinə qədərki adamları yamsılayaraq yaşayırlar ömürlərini. Həm onların leksikonlarını, həm arzu və istəklərini, həm də prinsiplərini, məqsədlərini yamsılayırlar bir ömür. Oxumaq isə dinləməkdən fərqli olaraq sonradan qazanılmış yazmaq bacarığından qaynaqlanır. Yaza bilməyən insan oxuya da bilmir. Özünüz üçün müşahidə aparın, görün ətrafınızda neçə nəfər öz tərcümeyi-halını yazmağı bacarır. Çox yəqin, hər min nəfərdən biri ya bacarar, ya da bacarmaz. Qınamalı deyil. Çətin işdir, gerçəkdən. Çox adam elə biləcək, zarafat edirəm. Amma elə deyil. Bütün səmimiyyətimlə deyirəm, yaza bilmək çox çətin işdir. Özünü yazı ilə ifadə etmək, özün haqqında məlumatları yazı ilə bildirmək asan məsələ deyil. O səbəbdən oxuya bilən adamlar da azdır. Hələ o başqa mövzudur ki, “Kim oxuduğundan nə başa düşür?” “Nə çoxdur yanı başımızda kitab yüklü eşşəklər...”

Oxumaq bacarığı hər kəsdə olmaya bilər. Bu, çox normaldır. Məxsusən, övladlarını oxumağa məcbur edən valideynlərə demək istərdim ki, lazım deyil əzablara qatlanmaq. Nə özünüzə zülm edin, nə də övladınıza. Hər halda hamıdan yaxşı valideyn bilir övladının çapını. Hələ mən valideyn olmaya-olmaya çox asanlıqla ayırd edə bilirəm hansı uşağın hara qədər olduğunu. Uşaqlarla söhbət etməyi sevirəm. Hobbimdir bir növ. İstənilən uşaqla onca dəqiqə söhbət yetərlidir səviyyəsini öyrənmək üçün. Məsələn, qohum-əqrəbadakı, qonum-qonşudakı uşaqlarla danışanda dəqiq bilirəm, bu uşaq oxuyacaq, bilim adamı olacaq, yoxsa ortabab bir iş sahibi, yaxud hansısa sənətə yiyələnəcək, ya da eşşək otaracaq. Hər halda düz-əməlli eşşək otara bilmək də bir işdir. Təki bacarsınlar. Əgər övladınızda yazmaq və oxumaq istedadı, bacarığı görmürsünüzsə, onu iztiraba sürükləməyin, yazmağa və oxumağa məcbur etməyin. Yox, əgər övladınız ağıllı uşaqdırsa, ona hər necəsə yazmağı və oxumağı sevdirin. Düzdür, hər bir valideyn elə bilir ki, övladı dahidir. Amma elə deyil. Çalışın, adekvat olun, dürüst dəyərləndirin övladlarınızı. Bəlkə də o, yaxşı bir sənətkardır, yaxşı bir çəkməçidir. Bəli, oxumaq hər kəs üçün faydalıdır. Amma söhbət kitablarla cəfa çəkməkdən getmir, kitablarla səfa görməkdən gedir. Cəfa - yəni əziyyətli, məşəqqətli bir şey. Səfa – yəni fərəhlədici, xoş olan.

İstənilən halda oxumaqda, öyrənməkdə, bilməkdə fayda var. Bəzən ən adi hesab etdiyimiz bir bilgi bütün həyatımızı xilas edə bilər. Deməli, yaşamaq üçün, sağ qalmaq üçün öyrənməyə ehtiyacımız var. Yuxarıda eşşək otara bilmək haqda səmimi və xoş bir ifadə işlətdim. Həqiqətən də normal şəkildə eşşək otara bilməyin özü də bir bacarıqdır. Əgər sən eşşəyi ədalətli şəkildə otara bilsən, onun qayğısına qalsan, necəsə bir gün qarşına fürsət çıxar və həmin eşşək səni arzularının ölkəsinə apara bilər. Adətən özünə və ətrafına nələrisə sübut etmək istəyən məzlum adamlarda olur bu arzu. Olsun. Amma könlümüzü fərəh tutub deyə bilərik ki, eşşək otara-otara kitab oxumaq da olar. Eşşək otara-otara ağaclara, quşlara, çiçəklərə və dağlara könül vermək də olar.

Mətləbi bir rəvayət ilə aydınlatmağıma icazə versə idiniz, əlavə edərdim bu məqamda.

Rəvayət edirlər ki, bir dərviş varmış, ovçuluqla məşğul olurmuş, xüsusilə balıq tutmaqda çox məharətli biri imiş. Çevik quşu göydə oxla vurar, cəld balığı göldə əllə tutarmış. Bir gün torunu çəmənlikdə qurmuş, özü isə pusquda oturmuşdu. Bu zaman üç quş enib torun ətrafında dənlənməyə başladı, elə bu dəmdə haman tərəfdən hay-küy qopdu, mübahisə səsləri eşidildi. Ovçu qorxdu ki, quşlar səsi eşidib uçsunlar. Pusqudan çıxıb gördü, iki tələbədir, elmi mübahisə edirlər, ancaq bir-birini başa sala bilmədikləri üçün az qalırlar savaşsınlar. Ovçu onların yanına gəlib yavaşdan yalvarmağa başladı və dedi: “Ey elm aludəçiləri və kitab əhli! Xahiş edirəm, lütf eyləyib bir azca sakit olasınız, bu quşlar hürküb qaçmasınlar, mənim də zəhmətim hədər getməsin”. Tələbələr dedilər: “Biz bir şərtlə sakit olarıq, tutduğun quşlardan hərəmizə birini verəsən”. Ovçu dedi: “Mənim əzizlərim! Nə danışırsınız, nə tutmuşam ki, sizə də nə verim? Mən böyük bir ailə sahibiyəm, burada vur-tut üç quş var, onun da ikisini sizə versəm, mənə nə qalar, ondan əhli-əyala nə çatar?” Tələbələr dedilər: “Sən hər gün gah quş vurursan, gah balıq tutursan, az yesən də olar. Biz isə quru çörəkdən, duru sudan başqa bir şey görməmişik, ov əti dilimizə dəyməyib, kabab iyi burnumuza. Nahaq yalvarma, əl çəkəsi deyilik. Ya şərtimizi qəbul et, ya da bu saat elə qışqıracağıq ki, quşlar uçub getsinlər”. Ovçu nə qədər ah-zar edirsə də, fayda vermir. Tələbələr öz dediklərindən dönmürlər ki, dönmürlər. Ovçu axırda naçar qalıb razı olur və ipi çəkib quşların üçünü də tutur. Sonra yenə dil töküb yalvarmağa başlayır və deyir: “Ey əsrimizin böyük alimləri, dövrümüzün misilsiz filosofları, gələcək və keçmişdən agah olan bəndələr, mən fəqirə rəhm edib quşlardan əl çəkin, gedin elmi mübahisənizi edin. Axı bu quşlarda nə can var ki, siz ona tamah salmısınız?” Tələbələr deyirlər: “Kişi tüpürdüyünü yalamaz, söz veribsənsə, şərtini də yerinə yetirməlisən”. Ovçu görür ki, rica qapıları bağlanmış, ümid sapları qırılmışdır. Quşları ata malı kimi bölməyə və hərəsinə birini verməyə məcbur olur və deyir: “Gördünüz, mənim sizə nə qədər xeyrim dəydi. Varımı-yoxumu sizinlə tən böldüm, indi isə siz də nə üstə mübahisə etdiyinizi deyin, mən də sizin biliyinizdən feyziyab olub fayda götürüm. Əgər düzünü deməsəniz, quşları sizə halal etməyəcəm”. Tələbələr gülüb deyirlər ki, biz balığın xonsalığı üstə mübahisə edirdik. Ovçu soruşur: “Xonsa nədir?” Tələbələr deyirlər: “Xonsa odur ki, nə müzəkkər ola, nə müənnəs. Yəni nə erkək ola, nə dişi”.

Ovçu bu sözü yadında saxlayır. Sonra evinə gedib əhvalatı arvadına, uşağına nağıl edir. Gecəni bir quşla keçirməli olurlar. Elə ki səhər olur, Günəşin qızıl qanadlı quşu öz yuvasından pərvaz edib aləmi işıqlandırır, Ayın gümüş rəngli şüası üfüqdə gizlənir, ovçu torunu götürüb dərya kənarına gəlir, “ya bəxt” deyib dənizə atır, bir az keçir, toru dartır, əlinə ağır gəlir, çəkib çıxarır, gözü balığa sataşcaq ağzı açıq qalır. O, hələ ömründə belə gözəl balıq görməmişdi - rəngi ləl kimi yanır, dərisinin pulları ətrafa işıq salırdı, boyu uzun, əti lətif, zərif idi.

Ovçu bir müddət onun rəng, surət və qiyafəsinə tamaşa etdikdən, boy-buxununa heyran-heyran baxdıqdan sonra deyir: “Hələ heç bir balıqçı toru indiyə qədər belə balıq görməmişdir. Hayıfdır mən bunu öldürüm, yaxşısı budur, onu diri saxlayıb şaha töhfə edim. Bəlkə, o bunun qədrini, qiymətini bilib, mənə xələt və ənam verə. Verməsə də, bir xidmət etmiş olaram”.

Sonra balığı su ilə dolu zərif bir qabın içinə salıb, birbaşa şahın sarayına gəlir. Şah təzə balığı çox sevərmiş. O, bunun üçün həyətdə böyük bir göl yaratmış, onu göz yaşı kimi şirin su ilə doldurmuş, içərisinə çoxlu miqdarda müxtəlif balıq saldırmışdı. Könlü balıq istəyəndə qayığa minib vəzir-vüzəra, əmir-üməra ilə orada gəzər, balıqların üzüşünə tamaşa edər və xoşu gəldiklərini tutdurub ordaca qızartdırardı. Şahın balıq tanımaqda xüsusi məharəti vardı. Şah həmin gün də qayığa minmişdi ki, ovçu gəlib balığı padşaha təqdim etdi. Şah balığı görüb heyran qaldı, balıqçıya min dinar qızıl ənam verilməsini əmr etdi. Padşahın adamlarından biri deyir: “Şah sağ olsun, siz bilirsiniz ki, balıqçı çox, dəryada balıq isə boldur, hər balığa min dinar ənam versəniz, dənizdə nə qədər balıq varsa, hamısını tutub sizin hüzurunuza gətirərlər. Bu, dövlətin azalmasına, xəzinənin boşalmasına səbəb ola bilər. Balığın ən yüksək qiyməti bir dinardır. Birə-min verməyin nə mənası var?” Şah deyir: “Doğru deyirsən, lakin söz verdikdən sonra gecdir”. Vəzir deyir: “Bu barədə bir tədbir görmək olar, həm vəd yerinə yetirilər, həm pul xəzinədə qalar. Məsləhət odur ki, o balıqçıdan soruşasınız, balıq erkəkdir, ya dişi? Hansını desə, əmr edəsiniz ki, gedib onun yoldaşını da gətirsin, ya da verəcəyimiz az pula razı olsun“. Şah bu təqbiri bəyənir, balıqçını çağırıb deyir: “Bu balıq müənnəsdir, ya müzəkkər? Yəni dişidir, ya erkək?” Balıqçı bir az duruxur, şahın burada bir kələk işlətdiyini duyur, nə deyəcəyinə məəttəl qalır, sonra xəyala dalır. Birdən tələbələrin mübahisəsini xatırlayır, fikirləşib onların öyrətdiyi sözü yadına salır, sonra deyir: “Ey şəhriyar, bu balıq xonsadır, yəni nə dişidir, nə erkək”. Cavab şahın xoşuna gəlir, üzünü vəzirə tutub: “Sözün nədir, get kişinin min dinarını ver!” – deyə əmr etdi.

Bu rəvayəti ona görə xatırladım ki, biliyin xeyrini bir də bu pəncərədən başa düşəsiniz. Balıqçı iki quş verib bir kəlmə söz öyrəndi, lakin sonra o söz ona min dinar qızıl qazanc gətirdi. Beləliklə məlum oldu ki, elmin faydası öyrədəndən çox öyrənənədir. Ümumiyyətlə, çalışın, övladınızı, yaxud oxumağını, elm sahibi olmasını istədiyiniz bir kəsi sadə rəvayətlər, atalar sözləri, məsəllər, Qurandan ayələr, hədislər, yaxud alimlərdən, şairlərdən, yazıçılardan sitatlar gətirərək motivasiya edəsiniz. İnanın, heç bir mətn təsirsiz ötüşmür insan şüurunda. Hər cümlənin təsir gücü var əqlin formalaşmasında.

Çoxlu sayda adam tanıyıram, evində kitabxanası, kitab rəfi yoxdur, özü də kitab oxumur, amma övladının kitab oxumasını, elm adamı olmasını arzulayır. Əzizlərim, bu işlər belə olmur. Çox yox, 30 il qabaq əksər evlərdə kitab rəfləri vardı, evimizin bir köşəsini kitablar bəzərdi, sonra nə oldusa, o rəflər atıldı, ləğv olundu. Evimizdən kitab rəflərini çölə atmaqla övladlarımızın tərbiyəsində kitabın rolunu məktəblərə həvalə etdik. Amma bunu bilməliyik ki, heç bir məktəb, heç bir universitet uşağa kitabı sevdirmir, həqiqi elmi öyrətmir, əgər bir valideyn bunu etmirsə. Kitab olmayan ev ruhdan ayrılan bədənə bənzər. Evimizi ruhsuz buraxmayaq.

Bu məqaləni oxuyan bir kimsə evinə diqqətlə baxsın, əgər hələ də kitab rəfi yoxdursa, mütləq bərpa etsin, uşaqların xətrinə. Lütfən, kitab seçimində diqqətli olun. Ən vacib şərtlərdən biri də budur. Kitablar da dost kimidir, fəqət yaxşı seçilmiş olmalıdır. Dünyada milyardlarla kitab var, heç bir faizini oxumağa ömrümüz yetməz. Amma düzgün və sağlam seçimlər etsək, məqsədimizə nail olarıq. Bu seçimdə hər bir yaxşı insana yardımçı olmağa hazıram. Pis insanlar isə yalnız və yalnız səmavi kitabları oxusunlar. Təkrar-təkrar, son nəfəslərinə qədər. Unutmayaq, kitab oxumaq hər kəs üçün deyil. Allahdan çox bilməyə tələsməyin…

Oxu.az

# 3307 dəfə oxunub

Müəllifin son yazıları

# # #