"Bu roman insanları sevənlərə və sevə bilməyənlərə bölür" - Reportaj

"Bu roman insanları sevənlərə və sevə bilməyənlərə bölür" - Reportaj
11 dekabr 2025
# 18:10

Kulis.az Natiq Məmmədlinin “Sev” romanının təqdimat mərasimindən reportajı təqdim edir.

Natiq Məmmədlinin “Sev” romanının təqdimatına Libraff kitab mağazasının Park Akademiya filialında toplaşırıq.

Tədbirin başlamasına hələ var. Amma qonaqlar qırmızı stullarda çoxdan öz yerlərini tutub, söhbətləşirlər. Arxada, ayaq üstə bir dəstə tələbə qız gözə dəyir. Deyəsən, oturmağa yer tapmayıblar. "Sev" kitabını vərəqləyə-vərəqləyə söhbətləşirlər. Əlbəttə, sevgi hər yaşda, hər formada gözəldir. Təkcə hiss kimi yox, elə kitab kimi də.

Kitabın adı maraqlıdır. Elə kitab adları var, ancaq mövzunu əhatə edir, elələri də var ki, hər şeyi. Hər şeyi, yəni bütün həyatı. Doğrudanmı, roman bütün dünyanı əhatə eləmək, öz çətiri altına almaq iddiasındadır? Sadəcə bu iddianın özü cəlbedicidir. Oxuyanda biləcəm.

Birdən adamların arasından tanış səs eşidirəm. Kitab təqdimatlarının dadı-duzu Rəşad Məcid məni çağırır:

- Necəsən, Orxan? - əlini uzadır.

Yanındakı millət vəkili Elçin Mirzəbəylidir. Hər ikisi ilə əl verib görüşürəm.

- Yaxşılıq. Siz necəsiniz, Rəşad müəllim?

- Salamatlıq. Yaradıcılıq necə gedir? Yazıb-yaradırsan?

Rəşad Məcidlə müasir ədəbiyyatdan danışırıq. Yeni hekayələr, yeni romanlar. Mövzu ədəbiyyatdırsa, danışmağa həmişə nəsə var.

- Görürsən də, adaşın nə hekayə yazdı?

Orxan Cuvarlınının "Musson yağışları" hekayəsini yada salır.

- Boş-boşuna demirəm ki, bizim ədəbi nəsil ən parlaqdır. - gülümsəyirəm.

- Bizim ədəbiyyatda parlaq nəsillər çoxdur. Ədəbiyyat yarış deyil ki, ötüşəsiniz. Hər ədəbi nəslin öz yeri var.

Söhbətimizin arasına tədbirin aparıcısı, şair Fərid Hüseyn girir.

Fərid həmişəki kimi, türkiyəli qardaşlarımızın təbiri ilə desək, “şık”dır. Kostyum ona yaraşır.

- Yavaş-yavaş başlayırıq, - Fərid deyir.

Saatımı yoxlayıram. Düz vaxtında.

Günün adamı Natiq Məmmədli həyəcanlı görünür. Bu gün hamıdan çox onun həyəcanlanmağa haqqı var. Əlini sıxıb yeni kitabı münasibəti ilə təbrik edirəm.

Fərid Hüseyn və Natiq Məmmədli onlara ayrılan yerə keçib əyləşirlər. Təqdimata toplaşanların maraqlı baxışları Fəridin üzünə zillənib. O, məclisi açıq elan edir:

- Natiq Məmmədli ilə roman barəsində müsahibəmiz olmuşdu. O, müsahibədə demişdi ki, 21-ci əsr bizim evimizdir. Əsri bir ev adlandırmaq və əvvəlki bütün əsrləri gətirib romanda birləşdirmək bu kitabın əsas məziyyətlərindən biridir. Və bu romanın başqa bir məziyyəti odur ki, Natiq Məmmədli "Sev"də dünyanı başqa-başqa dillərə, mədəniyyətlərə yox, sevənlərə və sevə bilməyənlərə bölür. Məhz əsərin konflikti də bu nöqtədə həll olur.

Fərid Hüseyn roman haqqında fikirlərini bildirəndən sonra sözü Mətbuat Şurasının sədri Rəşad Məcidə verir:

- Belə bir təqdimatda olmaq çox xoşdur...



Birdən professor Qulu Məhərrəmli zala daxil olur. Onu görən Rəşad Məcid səhnədən deyir:

- Hörmətli professor, mən sənə yerimi verə bilərəm. Buyur, əyləş... Gəlin, Qulu Məhərrəmlini alqışlayaq! - Hamı onu alqışlayır. Professor onu alqışlayanları salamlayıb əyləşir. Rəşad Məcid çıxışına davam edir:

- Natiq Məmmədli Media Agentliyinin icraçı drektorunun müavinidir. Vəzifəsi var. Amma bura heç kim onun vəzifəsinə görə toplaşmayıb. O, işsiz olsa da, yenə bu qədər adam gələrdi. Nüfuzunu uzun illərlə öz zəhməti ilə qazanıb. "Sev" romanı adından göründüyü kimi daha çox gənclər üçündür. Gənclər bu adda romanlara daha çox diqqət ayırırlar. Natiq Məmmədli ilk dəfə hekayələrini Yazıçılar Birliyinə gətirib Anar müəllimə təqdim eləmişdi və bu hekayələri o qədər bəyənmişdi ki, Natiq bir həftə sona Yazıçılar Birliyinə gedəndə artıq Anar müəllim həmin hekayələrdən ibarət gələcək kitaba ön söz yazmışdı. Bu mənada o nadir müəlliflərdəndir. Mən əminəm ki, bu kitab oxucuların qəlbində özünə yer tapacaq və ədəbiyyatımızın uğurlu bədii əsərlərindən biri kimi yadda qalacaq.

Yenidən sözü alan Fərid Hüseyn Elnarə Akimova və Elnarə Qaragözovanın "Sev" romanı haqqında yazılarını xatırlayır və "Kulis"in bu yazılara yer verdiyini vurğulayır. Çıxış üçün sözü verir APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızına. Vüsalə Mahirqızı Natiq Məmmədlinin yaradıcılığından danışır:

- Natiq Məmmədli mənə hekayələrindən tanışdır. Onun "Professor və samuraylar", "Tiflis yolçuları", " Qəzet köşkünün yerində qalan boşluq", "Molyerin öldüyü gün", "Yiyəsiz baş" hekayələri ilə tanışam. Bu əsərlər Natiq Məmmədlinin ədəbi düşüncəsini, müasir yanaşmasını bariz göstərir. "Sev" romanı da Natiq Məmmədlinin yaradıcılığında növbəti mərhələdir. Bu roman TEAS Press Nəşriyyat Evi tərəfindən nəfis tərtibatda çap edilib. "TEAS Press"in bu əsəri seçməsinin səbəbi də məhz romanın gənclər üçün, müasir düşüncə üçün cəlbedici olmasıdır. "Sev" romanında postmodern ədəbiyyat nümunəsi kimi tarix və müasirliyin paralelliyini aparır. Bu isə müasir oxucu üçün cəlbedicidir. Natiq Məmmədli həm də Azərbaycan jurnalistikasının istedadlı nümayəndələrindən biridir. Natiq həm ədəbi, həm də mətbu yaradıcılığında Azərbaycan dilini qoruyur, onun bütün imkanlarından məharətlə istifadə edə bilir. Buna görə də ona ayrıca təşəkkür edirəm.



Çıxışlardan sonra söz kitabın müəllifi Natiq Məmmədliyə verilir:

- Burada cəmi 50 stul var. Mən də cəmi 50 nəfər dostumu dəvət eləmişdim. Sonra sosial şəbəkədə elan verdim. Və indi görürəm ki, əslində, daha çox dostlarım var imiş. Kitabın adını "Sev" qoymuşam, amma bu, sevgi romanı deyil. Bu sadəcə bir marketinq prinsipidir. "Sev" sözü İncilin birinci cümləsidir. Allah bu kitabı göndərəndə birinci deyib ki, sevin. Ancaq o başqa məsələdir ki, insanlar iki min ildir ki, İncili oxuyurlar, amma bir-birini sevə bilmirlər. Bu mənim qismətim idi ki, 2025-ci ildə bu kəlməni təkrar edirəm. Məncə, ədəbiyyat daha çox gənclərə müraciət etməlidir. Mən də romana pandemiya vaxtı bu məqsədlə başladım, ancaq romanı elə yazmalı idim ki, orada 21-ci əsrin insanının psixoloji prortreti əks oluna bilsin. Məncə, bu məqsədimə nail oldum.

Fərid Hüseyn yenidən sözü aldı və oxucuları kitabları imzalamağa dəvət elədi. Oxucular müəllifi əhatəyə aldılar.

Tədbirin sonunda şair Qəşəm Nəcəfzadəni görürəm.

- Gənclərin mətnlərini yaman kəsib-doğrayırsınız ha! - "Kulis"in hekayə müzakirələrini yada salıb zarafatla deyirəm.

- Gəncləri yox, mətnləri tənqid edirəm. - onun cavabı çoxdan hazırdır. Amma birdən çevrilib deyir:

- Bəlkə, müəllifin xətrinə dəyib? Hə? Bəlkə, sözlərim ürəyinə toxunub?

- İndiki cavanların ürəyinə toxunmaq çox çətindir, Qəşəm müəllim. Amma yaxşı dillə yazılmış pis hekayələr də az deyil.

- Yox. Yaxşı hekayə üçün yaxşı dil mütləq lazımdır.

O, sözündən dönmür. Elə bu cür yaxşıdır. İnsan həyatda gərək nəyəsə əmin olsun.

Kitabı imzalatmaq üçün müəllifin başına yığışan insanlara yaxınlaşıram.

Fotolar: İlkin Nəbiyev

# 279 dəfə oxunub

Oxşar xəbərlər

Ölkədən qaçan gömrük əməkdaşı Xalq şairinin oğlu imiş

Ölkədən qaçan gömrük əməkdaşı Xalq şairinin oğlu imiş

17:15 11 dekabr 2025
"Farslarla ermənilərin birləşməsi əsla gerçəkləşməyəcək" - Nihal Atsızın İran mətbuatına cavabı

"Farslarla ermənilərin birləşməsi əsla gerçəkləşməyəcək" - Nihal Atsızın İran mətbuatına cavabı

16:44 11 dekabr 2025
Güney Azərbaycan poeziyasından bəhs edən kitab - ARAŞDIRMA

Güney Azərbaycan poeziyasından bəhs edən kitab - ARAŞDIRMA

16:00 11 dekabr 2025
Fətəli Xan Xoyskinin 150 illiyi Filarmoniyada qeyd edildi

Fətəli Xan Xoyskinin 150 illiyi Filarmoniyada qeyd edildi

15:32 11 dekabr 2025
Kamal Abdullanın yeni kitabı çap olundu

Kamal Abdullanın yeni kitabı çap olundu

15:29 11 dekabr 2025
Xocalı türbəsinə bitişik məqbərə yeri aşkarlandı

Xocalı türbəsinə bitişik məqbərə yeri aşkarlandı

15:25 11 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər