İslam adında rus uşaq

İslam adında rus uşaq
4 sentyabr 2015
# 11:11

Məzar sevgisi

...Daş parçası iyi buruna qurd salan, ağzına qədər zibillə dolu qutulardan birinə dəyib tappıldadı. O, zibil qutularının arxasından başını çıxarıb təhlükədən devikmiş toyuq kimi o yan-bu yana boylandı. Birdən yerindən sıçrayıb yola sarı götürüldü. Arxasınca düşən uşaqların hay-küyü, fit səsləri bir-birinə qarışdı. Elə bil it boğuşdururdular...

O, içərisində çörək qırıntıları olan sellofan torbanı əlində bərk-bərk tutub qaçırdı. Qorxudan sarısını udmuşdu, ayaqqabısının yırtıqlarından içəri dolan xırda daşlar ayaqlarını göynədirdi. Can dərdində deyildi... Arxadan atılan bir daş vıyıltıyla yanından ötüb keçdi. Sonra ayrısı... Hər şeyə dözərdi. Lap elə uşaqların onu yerə sərib təpiyin altına salmasına, ağız-burnunun qanını bir-birinə qatmasına. Təki o sözü deməsinlər ona. Hər şeydən betər qorxduğu, utandığı o sözü eşitməsin deyə, yenə ilim-ilim itmək, yerin dibinə girmək istəyirdi.

- Al-kaş oğ-lu! Al-kaş oğ-lu..!

Əlindəki sellofan torba yerə düşdü. Balaca sifəti büzüşdü. Qulaq-quyruğu kəsilən küçük kimi zingildəməyə başladı...

Uşaqlar ağız-ağıza vermişdilər:

- Al-kaş oğ-lu İs-lam! Al-kaş oğ-lu İs-lam..!

Asfaltla şütüyən maşınların siqnal səsləri bircə andaca uşaqların tünlüyünə qarışdı. Maşınların pəncərəsindən çıxan, qəzəbdən qızarıb pörtən başlar onun qarasınca söyüşlər yağdırdı:

- Köpəyoğlu, məni qana salmaq istəyirsən?!

- Küçük! Hara soxulursan! Cındır oğlu, cındır..!

Deyilənlərin bircəciyi belə onu uşaqların dediyi söz qədər yandırmırdı. Sinsiyə-sinsiyə, tər içində maşınların arası ilə qaçırdı...

- İslam, qorxma heç nə eləməyəcəyik! Səninlə məzələnirdik, qayıt geri! Gəl, çörəyini götür..!

Yolu adlamışdı. Daş hasarlı məzarlığa tərəf qaçırdı. Ağlayırdı, ağız-burnunun suyu bir-birinə qarışmışdı...

***

Şalvarının yırtığından görünən, çirkdən qapqara qaralan dizlərini yerə qoyub, öz-özünə nəsə pıçıldaya-pıçıldaya əlindəki taxta qırığıyla torpağı qazmağa başladı. Balaca bir çuxur düzəltdi. Başqa bir taxta qırığını çuxura qoyub üstünü torpaqladı. Yan-yörəsində bitən otlardan, çiçəklərdən yığıb "məzarın" üstünə düzdü. Ayaq üstə dayanıb başını aşağı saldı. Qaşlarını düyünlədi, gömgöy gözlərini bir nöqtəyə zilləyib xeyli susdu. Elə bil birdən- birə böyüdü...

Bir aydan çoxuydu, bu oyunu oynayırdı. O gecədən sonra qəbiristanlıqdakı yaşıllıqlar kimi İslamın körpə ürəyində məzar sevgisi cücərməyə başlamışdı...

...O gecə - mayın sonuncu günü İslamın səsi yenə hamını yuxudan eləmişdi. Tanya həyətdəki beşmərtəbəli binaların birinin qabağında yerə sərilib qalmışdı. O da anası ölmüş quzu kimi mələyir, canının tasasından ora-bura vurnuxur, qadının heysiz əl-ayağından tutub qaldırmaq istəyirdi:

- Ana, dur, dur ayağa! Ana, niyə yenə içdin?! Ana, dur gedək! Qorxuram..!

Qadın tərpənmirdi...

Binanın pəncərəsinə, eyvanına yığışanlar elə bil qəmli bir tamaşaya yüzüncü dəfəydi baxırdılar. Siftəki kimi ürəkləri sızlamır, gözləri yaşarmırdı. Hamı səhnədəki qadının keçmişini - ilk sevgilisindən ayrılandan sonra dünyadan küsdüyünü, içkiyə qurşandığını bilirdi. O gün "tamaşaya" axıra qədər baxmağa çoxlarının hövsələsi çatmadı. Onsuz da bilirdilər, içib özündən gedən o qadını kimsə yerdən qaldıracaq, bayaqdan bəri qorxudan tir-tir əsən uşağa ötəri xoşbəxtlik yaşadacaq. Ana-bala başqa bir beşmərtəbəli binanın qabağındakı, təkərləri yarıyacan torpağa batıb qalan, rəngi itmiş, paslanmış maşında səhəri açacaqlar. Aradan bir- iki gün keçər-keçməz, hər şey yenidən başlayacaq...

...Amma həmin gecədən sonra binanın sakinləri o "tamaşaya" bir də baxa bilmədilər...

***

O vaxdan İslamın "evi" qəbiristanlıq oldu. Bu "çoxotaqlı evin" bir otağı onunku idi. Vaxtının çoxunu öz "otağında" - üstünə xaç sancılmış torpaq qalağının - anasının məzarının yanında kecirir, burda yatıb-dururdu. Gecələr qollarını yana açıb özünü məzarın üstünə sərir, üzünü torpağa söykəyirdi. Elə bil anasını sağlığındakı kimi qucaqlayıb yanaqlarını onun üzünə dayayırdı. Beləcə, hər gecə içindəki yanğını dinşidib yuxuya gedirdi.

Ertəsi gün çiyinlərində cənazə daş hasarın qapısından içəri axışan insanlar onun həyatına maraqqarışıq yenilik gətirirdi. O, bir-iki məzar aralıda dayanıb tez-tez burnunu çəkən, yayın istisində dərddən domuşan insanlara göz qoyurdu. Hamı dağılışandan sonra üstü gül-çiçəklə örtülən torpaq qalağının yanına gəlir, gözünü məzara dikib dinməzcə dayanır, tanımadığı o adam kimi anasının da qara torpağın altında yatdığını düşünür, ondan ötrü darıxırdı...

Qəbiristanlığı ikiyə bölən cığırın sağında müsəlmanlar, solunda xristianlar basdırılmışdı. İslam ən çox sağ tərəfdə gəzib-dolanırdı, burdakı məzarların bər-bəzəyi xoşuna gəlirdi. O, çirkli barmaqlarını hasarların milləri üstündə sürüşdürür, mərmər daşlardan ona baxan insanları maraqla süzür, hərdən də başdaşlarının arxasına keçib heykəlləşən bu ölülərlə "gizlənqaç" oynayırdı...

Qəbiristanlıqda qarnını necə doyurmağı da öyrənmişdi. Bilirdi, təzə məzarlar yan-yörəsini ot-alaq basmış, ildə olsa-olsa, bir-iki dəfə yada düşən köhnə məzarlar kimi kasıb deyil, onların "süfrəsi" açıqdı. Şirnilər, kökələr... İslam bu şirin yeməkləri ətəyinə yığıb ağzı sulana-sulana anasının məzarının yanına qaçar, ordaca ayaqlarını uzadıb oturar, "ölülərin payını" illərin tamarzısı kimi gözünə təpərdi. "Ölülərin süfrəsi" tükənəndəsə daş hasardan çölə çıxardı...

Burda anasından ötrü darıxsa da, ürəyi indiki kimi dinc olmamışdı. Əvvəlki kimi anasını itirib, sonra onu hansısa binanın tinində, kefli kişilərlə söyüş söyən yerdə, ya da özündən getmiş halda tapmırdı. Bilirdi ki, burda anası biryolluq yanındadı. Bir də məzardakılar "alkaş" oğlu olduğunu onun üzünə vurmurdular...

...İndi onun yerlə göy arasında məzarlardan başqa bir kimi-kimsəsi yoxuydu.

***

Atasının üzünü görməmişdi, heç kim olduğunu da bilmirdi. Ağlı kəsən vaxtı bunu anasından soruşanda Tanya əlini yelləyib xırıldayan səsiylə bircə kəlmə demişdi: "Eee... Bilmirəm". Bəlkə də, uşağın atasının kim olduğunu o, doğrudan da, bilmirdi, ya da unutmuşdu.

İslam beşmərtəbəli binalardan birinin rütubət iyi verən, alaqaranlıq zirzəmisində doğulmuşdu. Birinci mərtəbədə yaşayan oğul-uşaq tamarzılığından dodağı çatlayan Qızbəs xala vaxtında özünü yetirməsəydi, uşaq elə küçənin ortasında doğulacaqdı. Qızbəs xala səhər o başdan zibil atmağa gedəndə həyətdəki maşın qarajlarının arasında uzanıb çapalayan Tanyanı görür. Qadın sancıdan öküz kimi böyürür, dırnaqları ilə yer qazırdı. Üst-başı toz-torpaq içindəydi. Qızbəs xala deyinə-deyinə onu evinin zirzəmisinə gətirir, uşağın doğulmasına kömək eləyir, göbəyini kəsir. Elə körpəyə İslam adını da özü verir:

- Noolar rus balası olanda, qoy adı İslam olsun! Xoşum gəlir bu addan. Cavanlıqda deyirdim, oğlan doğsam, adını İslam qoyacam... Qismətə bax..! Qoy Allah bu uşağı düz yola çəksin, yarıyanlardan eləsin. Sənin kimi içki düşkünü, avara olmasın. Sən də bundan sonra o zəhrimarı dilinə vurma, balan var! - deyir.

***

İslam azərbaycanlı uşaqların arasında böyüyürdü. Azərbaycanca ana dilindən yaxşı danışırdı. Onu həyətdəki uşaqlardan seçdirən dərisinin, saçlarının, gözlərinin rəngiydi. Bir də anası... İslam uşaqlara qoşulub oynasa da, həyətdəki qarajların, ağacların başına çıxanda özünü yuxularındakı kimi boyük, güclü saysa da, yenə içində bir qorxu, utanc gizlənirdi. Bunların üzə çıxması uşaqların bircə sözünə bəndiydi. Bilirdi ki, onların üzü yenə dönə bilər. Yenə hamısı ağız-ağıza verib ona "alkaş oğlu" deyər, ələ salarlar. O da yerin dibinə girər, ağlaya-ağlaya onlardan qaçar. Bunları bildiyinə görə, uşaqların bir sözünü iki eləməzdi, istəklərini qul kimi yerinə yetirərdi. Təki o sözü deməsinlər ona...

- İslam, əmr eləyirəm, ayağımın altına səril!

- Yaxşı.

- İslam, hambalımsan, kitabımı daşı!

- Yaxşı.

- Ayaqqabımı sil!

- Yaxşı...

Uşaqlar onun başqa zəif damarını da tapmışdılar. İslam onların ağzından "mamana deyərəm haaa..!" kəlməsini eşitdimi, sarısını udurdu, qabaqlarında əsir-yesir olurdu. O, üzə bilməyən adam suda boğulmaqdan qorxduğu kimi anasından qorxurdu. Tanya onu elə döyürdu, yazıq uşaq səhəri canının ağrısından tərpənə bilmirdi, bədəni gömgöy göyərirdi. Ürəyində anasından inciyirdi. Di gəl onu sevirdi. Ondan üz çevirə bilmirdi. Anasından başqa kimi vardı yazığın!? Elə Tanya da əzab çəkirdi. Neçə dəfə özünə söz vermişdi, and içmişdi, oğlunu bir də döyməyəcək. İçki dilinə dəyən kimi hamısı yaddan çıxırdı.

Bir dəfə Qızbəs xala Tanyanın İslamı döydüyünü görmüşdü. Uşaq məhəllədəki futbol meydançasının hasarına qısılıb, "bir də eləmərəm, döymə!" deyə-deyə anasına yalvarırmış. Tanyanın gözünə uşaq-zad görünmürmüş, əlindəki sivrim çubuğu İslamın başına-gözünə çırpırmış. Qızbəs xala necə hirslənirsə, Tanyanı itələyib palçığın içərisinə salır. Sonra da qorxudan bağrı qana dönən uşağın əlindən yapışıb evinə gətirir. And içir, onu anasına qaytarmayacaq, özü baxacaq. "Allah mənə uşaq verməyib, İslam da olar mənim oğlum",- deyir. Onu hamama salır, təzə paltar geyindirir, doyunca yedirir. Uşaq olan kəs də üçcə gündən sonra anasının yanına qaçır...

Anası öləndən sonra məhəllənin ürəyiyuxa qadınları İslamı qəbiristanlıqdan tapıb internata aparmışdılar. Onun internat həyatı cəmi bir gün sürmüşdü. O gecə səhərə kimi yuxuda anasının məzarını görmüşdü...

***

Gecəyarısı taqqıltıya oyandı. Başını qaldırıb boylandı. Səs qəbiristanlığın sağ tərəfindən gəlirdi. Pişik ola bilərdi... Taqqıltının ardınca hənirti də eşitdi. Məzarlardan biri qəfil işıqlandı, yenə qaranlıq çökdü. İslam ayın işığında onların qaraltısını gördü. Qorxudan ürəyi bərk-bərk çırpındı. Qaraltılar tez-tez əyilib qalxır, hansısa məzarın yanı qəfil işıqlanır, arada yenə taqqıltı gəlirdi. Elə bil kimsə qab-qacağı bir-birinə vururdu. Səs get-gedə yaxınlaşırdı. İndi İslam onların söhbətlərini də aydınca eşidirdi:

- Deyirsən, bunlar pula gedər?

- Əəə, sənə deyirəm, şamdanların, bir də güldanların bəziləri misdi. İçərisində gümüş də var, alüminium da. Bir-iki gün qabaq özüm gəlib yoxlamışam. Day sənə nə lazımdı?!

- Yaxşı, çərənləmə, getdik rus qəbiristanlığına...

...Gözləri fanarın işığından qamaşdı. Balaca əllərini işığın qabağına tutub ağlamağa başladı.

Oğruların ayaqları yerə mıxlandı.

- Gecənin yarısı bu küçük hardan çıxdı?!

- O, burda tək olmaz! Bizi görüblər!

Fənərin işığı qaranlıqda gəzişib yenə də İslamın üzündə dayandı.

- Təkdi!

O biri oğru tərpəndikcə taqqıldayıb səs salan kisəni əlindən yerə atıb uşağa sarı cumdu:

- Bura gəl, görüm, küçük! Sənin ananı...

İslam daş hasarın üstündən aşıb yola tərəf qaçdı... Sahibsiz itlərin boğuq səsi günün get-gəlindən, səs-küyündən təzəcə dincəlmək istəyən küçəni başına götürdü...

***

...Qəbiristanlıq "sakinlərinin" sayı üç nəfər də artmışdı...

Bu gün İslamın işi başından aşırdı. Axı o da üç "məzar"qazmalıydı. Yenə taxta qırığını əlinə alıb torpaqla əlləşirdi. Yan-yana düzülən çubuq "ölülər" onu gözləyirdi... Başını qaldıranda əlindəki "kürək" yerə düşdü, ağzı açıldı, qaşları yuxarı dartıldı:

- Aaaa..!

Qızbəs xala qarşıdakı məzarın dəmir hasarına söykənib ona baxırdı, doluxsunmuşdu. Qoluna keçirdiyi zənbilindən təzəcə aldığı uşaq ayaqqabısının bir tayı görünürdü. Qadın qollarını yana açıb gülümsündü...

...İslam Qızbəs xalanın paltarından, saçlarından canına dinclik, doğmalıq yayan tanış iyi ciyərlərinə çəkdi. Sonra başını onun çiynindən götürüb qadının yaş süzülən gözlərinə matdım-matdım baxdı. Ölülər arasında tək diri həmdəmini itirməkdən qorxmuş kimi çirkli, balaca qollarını yenə "qonağının" boynuna doladı, onu bərk-bərk qucaqladı. Qızbəs xala ehmalca İslamın qulağına pıçıldadı:

- Gedək, mənim balam ol!

İslamın qolları boşaldı, üz-gözünə qayğı çökdü, başını arxaya çevirib anasının məzarına, sonra yenə Qızbəs xalaya baxdı...

- Şokolad istəyirsən? Gedək, sənə çoxlu konfet, şokolad verim.

Uşağın gözləri parıldadı...

...Onlar qəbiristanlıqdan çıxanda uzaqdan yolçəkən maşınların uğultusu gəlirdi...

Ertəsi gün səhər o başdan şəhərdən cıxıb rayona - Qızbəs xalanın babasından qalma evinə yola düşdülər. Yayuzunu - ta havalar sınana kimi də orda yaşadılar...

Qızbəs xala o yay indiyə kimi heç yaşamadığı duyğular içərisindəydi. Bu, bütün ömrünü yoxsulluqla keçirən yaşlı adamın dünyadan əlini üzdüyü bir vaxtda xəzinə tapmağına bənzər bir duyğuydu. Bir yanda Tanrının vaxtsız göndərdiyi xoşbəxtlik, bir yandasa onu itirmək, doya-doya yaşaya bilməmək qorxusu vardı...

***

...Beşmərtəbəli binalar arxada qalmışdı. O, çatısından qırılan dana kimi gücü çatdıqca bağlandığı yerdən, mıxından uzağa qaçırdı. Ürəyi də ayaqları kimi üzü qəbiristanlığaydı. İslam bu gün avtobusdan düşən kimi səfil həyatından, azadlığından, anasının qəbrindən- bu şəhərdə qoyub getdiyi hər şeydən ötrü bərk darıxdığını hiss eləmişdi. Bütün bunlardan ötrü burnunun ucu göynəyirdi...

... Şütüyən maşınlara həmişəki kimi məhəl qoymayıb asfaltı keçdi. Arxasınca səslənən, coxdan eşitmədiyi söyüşqarışıq siqnallar bu dəfə ürəyinə rahatlıq gətirdi, dərindən nəfəs aldı. "Az qalıb, anamı görəcəm!". Bu fikir ürəyinin döyüntüsünü bir az da artırdı...

...Qəbiristanlığa tərəf dönəndə yerindəcə quruyub qaldı. Gömgöy gözləri bərəldi, ayaqları əsməyə başladı. Sonra canına ilan dolanan adam kimi qəfildən o yana, bu yana qaçmağa, atılıb-düşməyə, qışqırmağa başladı.

Qəbiristanlıq köçürülmüşdü! Hər tərəf düz-düzəngah idi. Yolçəkən texnikanın uğultusu, toz, duman bir-birinə qarışmışdı. Ağır maşınlar qəbiristanlıqdan yığılan torpağı harasa daşıyırdı...

İslam tər içində maşınların arxasınca qaçır, əlinə keçən daşları onlara tərəf tolazlayır, ağlayır, söyürdü:

- Anamı hara aparırsız, verin anamı!!! İt oğlu it, aparmayın anamı!!!

Onun səsini eşidən yoxuydu. Küçəni uğultu bürümüşdü...

# 1705 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #