Qulaq adamSəbuhi Məmmədlinin hekayəsi

<span style="color:red;">Qulaq adam  – <b>Səbuhi Məmmədlinin hekayəsi</b>
11 noyabr 2017
# 13:01

Kulis.az Səbuhi Məmmədlinin “Qulaq adam” hekayəsini təqdim edir.

Yazının əksər qəhrəmanları real adamlardır. Öz qulağımla eşitmişəm...

“Kəndçilər” xəstəxanasının “LOR” şöbəsində – bu “LOR” nə şeydirsə, burda qulaq, boğaz və burunu bir yerdə müalicə edirlər – yaxın qohumumun çıxmağını gözləyirdim. Ki, tibb bacılarının, sanitarların, xadimələrin halallığını edib gəlsin; əslində o, şöbə müdiri və baş həkimi çoxdan görmüşdü. Xəstəxananın pilləkənlərindəcə sözləşdik: yaxın kafelərdən birində onun bir həftə əvvəl kəsilmiş burnunu - yəni kəsilmiş “əti” yuyaq.

Qohumumun burnu çox böyük idi. Onu ən azı iki “Xan”la yumaq daha insaflı olardı. Amma özü demiş “opres”dən təzə çıxdığına görə, zilə çıxmamaq istədik. Qohum rayonda yaşasa da, Bakıda elə bir tin tanımırdı ki, hansı kafedə hansı yeməyin neçəyə verildiyini bilməsin. Hələ dirəşirdi ki, “28 may” küçəsindəki “Qoç” kafesində yaxşı lülə kabab verirlər, amma tikələri zay olur. Qohum hətta Bakıda ən yaxşı düşbərənin, soyutmanın, “acika”nın belə harada hazırlandığından xəbərdar idi. Amma uzağa getməyə vaxt yox idi. Çünki qohumun gedəcəyi qatar bir azdan yola düşməli idi. Ona görə də, vağzala yaxın yerdə bərqərar olduq. Bu da oldu “AZİ”nin aşağısındakı “podval”.

“Burda telefon tutmur, qulağımız da zəngdən-məngdən rahat olar”.

Buranın qəribə aurası vardı. Qala divarlarını xatırladan bu kafedə qohum burnunun ucu ilə iyləyəndən sonra istədik adama bir boşqab yarpaq dolması yeyək. Qohum bir dənə də “Zolotoye koltso” sifariş verdi. Mən turşu istəsəm də, başı ilə rədd etdi. Xırıldaya-xırıldaya dedi ki, buranın turşusu yaxşı olmur, yaxşısı budur, qatıq götür.

- Opres yaxşı keçdi. Elə əmioğlu Habil də mənimlə bir palata idi. Onun da boğazında nəsə şiş vardı, kəsdilər. Bir-iki günə çıxmalıdır. Bir nəfər də Cəbrayıldan idi. Yaxşı baməzə kişi idi. Bircə o oğraş “qulağı” hardan tapıb salmışdılar yanımıza?

Bunu da deyib qohum iki dolmanı birdən uddu. “Qulaq”. Yox! Bu ad, daha doğrusu, ləqəb mənə o qədər tanış gəldi ki. Doğrudanmı, o idi?

- “Qulaq” sağdı ki?

- Sağdı nədi ə, nə vaxtdır rayona gəlmirsən, getmirsən, nədən xəbərin var ki? Gəlmişdi qulaqlarını “remont” eləməyə”.

Acı-acı güldü də.

- Yenə....

Sözümü kəsdi.

- Həmin şərəfsizdir. Elə palatada da dinc dayanmırdı. Medsestra gəlir iynə vurmağa, o dəqiqə başını balışdan qaldırırdı. Yazıq qız iynəni xəstənin dalından çıxarmamış qulaqlarını şəkləyirdi ki, görəsən, kim nə qədər pul verdi? Sən arağını iç, haradan yadına düşdü e, bu “Qulaq”.

* * *

Yox, “Qulaq”ı unutmaq olardı? O, hətta mənim rəhmətlik bibimi də şərləmişdi. Bibim təndirin yanında çörəyə yaxmaq üçün xaş-xaş əkərmiş. Bir dəfə yerli polis kənddə “oblava” keçirirmiş. “Qulaq”ı da özləri ilə götürüblərmiş ki, qıraqda dayan, gör, o-bu nə danışır. Bibimgilin həyətinə gələndə heç nə tapa bilmirlər. Bu arada “Qulaq”da həyət darvazasının qabağında dayanıb qulaqlarını şəkləyibmiş ki, kim nə danışır. Qonşu arvadlardan kimsə qayıdır ki, bunlar nəşəni burda niyə axtarırlar. Çöldə-biyabanda axtarsınlar da. İsmayıllı tərəf doludur o zəhrimarla. Bibim də onların arasında imiş. Bu vaxt sadəlövhcəsinə qonşu Gwlzara deyir ki, bizim qapı pir ocağıdır. Burda nəşə axtarmaq günahdır. Bir-iki xaş-xaş əkirəm, o da təndirin qırağında. E, gəlinlik vaxtından. Onu istəyirlərsə, qırıb aparsınlar, cəhənnəmə ki? Bibimin sözü dərhal “Qulaq”ın qulağının antenalarından əməliyyatçı zabitə ötürülür. Və təsəvvür edirsinizmi, 70 yaşlı bibim haqda az qala cinayət işi qaldırmaq istəyirdilər: “Uzun müddətdir narkotik əkib-becərməklə məşğuldur”. Nə yaxşı, rayon polisində bu axmaq fikrə inanmamışdılar...

* * *

90-cı illərdə Göyçaya tez-tez gedib-gəlirdim. Oradakı fəal gənclərlə gözəl münasibətlərim vardı. Şəhərin hansı çayxanasında, hansı parkında əyləşib söhbətləşirdiksə, ortaboylu birisi yanımızı kəsdirib arxası bizə sakitcə dayanardı. Mən onu üzdən görsəm belə, xatırlamaram. Amma şeşə qulaqları indiyəcən gözümün önündədir. Yay-qış başına kepka qoyardı. Qulaqları hətta kepkadan da vurub çıxırdı. Amma dostlar deyəsən, öyrəncəliydilər, fikrimi ondan yayındırmağa çalışırdılar.

- “Qulaq”dır, yəqin kimsə göndərib ki, rayona qərib gələn var, get gör, nə danışırlar?! Biz də nə danışırıq, yığıb çinədanına, aparıb qoyacaq kiminsə ovcuna. Hərəkat vaxtından belədir. İndi demək olar, heç kimə lazım deyil. Yəqin hə, “uçastkovı”dı orda oturub. O göndərib ki, görün, əllərində qəzet o dörd-beş nəfər nə müzakirə edirlər?!

Bu vaxt dostum Müşfiq sahə müvəkkilinə havadan bir salam göndərdi. Heç iki dəqiqə keçməmiş, sahə müvəkkili də mehribanlıqla bizə yaxınlaşıb yerli uşaqlarla, mənimlə hal-əhval tutdu. “Qulaq” isə ərazini dərhal tərk etdi.

* * *

Necə deyərlər, “Qulaq” özgəsi deyil. Bu torpağın, Göyçayın yetirməsidir. Deyilənə görə, orta məktəbdə sinifkom olandan bu vərdiş onda yaranıb. Uşaqların hansı dərsdən saat neçədə qaçacağı xəbərini dəqiqəsinə kimi direktora bəlkə Rixard Zorge belə o dəqiqliklə verə bilməzdi. Tapdıq var, əmioğlu, “Qulaq”la bir sinifdə oxuyub. Deyir, bir dəfə cəbrdən qaçmaq haqda hələ düşünürdük ha... Heç on dəqiqə keçməmiş, “zavuç” başımızın üstünü kəsdirdi ki, gözünüzü çıxardaram, dərsdə oturun. “Qulaq” komsomola da keçib. Amma həmin ərəfədə bərk qəzaya düşüb. Üç-dörd ay dərsə fasilə verib. Bir sözlə sinifə başqa komsorq seçiblər. “Qulaq” bərpa olunub gələndən sonra artıq gec imiş. Mövqelərini bərpa etmək isə ona qismət olmur. Çünki məktəbdə əlavə iki peşəkar “Qulaq” “stajı” varmış. Hə, onların biri indi vəzifə sahibidir.

* * *

“Qulaq”ınkı əsgərlikdə də gətirmir. İki ay sonra elektrik dirəyindən yıxılır, tərxis olunur. Vətənə qayıdandan sonra iş tapa bilmir. Və günlərin bir günü, Məzahirin çayxanasında oturan “Qulaq” eşidir ki, yaxın günlərdə (hadisə səhv etmirəmsə, 1991-ci ildə olub) AXC sədri Əbülfəz Elçibəy Göyçaya gələcək, cəbhəçilərlə görüşəcək, həm də məsciddə dindarlarla söhbət edəcək. “Qulaq” dinc dayanmır, cəbhənin qərargahından yüzcə metr aralıda yerləşən MTN-in yerli şöbəsinə üz tutur. Orda “Qulağ”ı diqqətlə dinləyirlər (əslində onların bu səfərdən çoxdan xəbərləri vardı) ona “çox sağ ol” deyirlər...və əmin olurlar ki, bu qiymətli kadr hələ uzun müddət onlara lazım ola biləcək. “Qulağ”ın fərasəti barədə yerli polis, prokurorluq da xəbər tutur. Və “Qulağ”ın işi başından aşır. Çayxana və parklarda, kafelərdə, digər ictimai yerlərdə iki şeşə qulağı ilə qulaq “falına” çıxmağa başlayır. İnsafən “qulağın” gətirdiyi informasiyaların 30 faizi düz çıxırdı. Amma bir də görürdün, “Qulağ”ın yanındakılar - onun qulaqlarını şeşələdiyini görənlər, necə deyərlər, “dezo”lar da ötürürdülər. Və belə dezolar artdıqca “Qulaq”da kökdən düşürdü. Onun qulaqları etibarını itirirdi.

* * *

“Qulaq”dan ailəsi də bezmişdi. Oğlanları evdən qovmuşdular onu. Bir müddət klubda yatırdı. Sonra kiminsə yazığı gəldi, Qarayazı tərəfdə ona kiçik bir daxma tikdi. O daxmaya köçəsi iki gün deyildi ki, yaxınlıqda yaşayan Yasəmən adlı gəlinə dedi ki, əri İlyas Əşrəfin çayxanasında bir qızla mırt vururdu. Özü eşidib. İlyas isə Əşrəfin çayxanasının yanında maşın təmiri emalatxanası işlədirdi. Yasəmən “Qulağ”a 5 yumurta, üç “məmməd” də pul verdi ki, yumurtanı qaynadıb ye, bu üç “məmməd”ə də axşamacan çayxanada otur, gör, İlyas kimlə danışır? Axşam “Qulaq” olduqca dəqiq məlumat gətirdi. İlyasın danışdığı qadın ağdaşlıdır, Bərgüşad yolunun üstündə Almaz adlı qadının işlətdiyi kiçik kafedə fahişəlik edir. Yasəmən bundan əvvəldən də duyuq düşmüşdü. Çünki İlyas iki gündən bir axşamlar evə gec qayıdanda deyirdi ki, Bərgüşad tərəfdə bir kliyenti var, onun motorunu yığıram. “Qulağ”ın proqnozu o qədər dəqiqliklə düz çıxmışdı ki, Yasəmən əmisioğlu ilə birgə İlyası ağdaşlı qəhbə ilə bir yerdə tutmuşdular. Hələ heç nə baş verməmişdi. Sadəcə onlar Almazın hazırladığı otağa keçməmişdən qabaq yumurta pomidorla 5 “məmməd”lik “İvanovka” arağı içirdilər. Amma kor-kor, gör-gör. Həmin gün Yasəmən ağdaşlı qızın bir xışma saçını özü ilə evlərinə qənimət aparmışdı. İlyas isə evə getməmişdi.

Həmin axşam “Qulaq” kasıb komasında ilk dəfə ətli yemək yedi. Yasəmən ona bozbaşla yanaşı iki “şirvan”da pul göndərmişdi. Əslində “Qulağ”ın siyasi müstəvidən ailə-məişət səviyyəsinə enməsi ona da sərf edirdi. Bu uzaq kənddə nə cəbhəçi vardı, nə də digər şuluq elementlər. Buralarda heç nəşə-filan da çəkmirdilər. Üstəlik “Qulağın” şöhrəti tezliklə qonşu Bığır, Qarabaqqal, Qaraməryəm kəndlərinə də yayıldı. Onun kəşfiyyatçı kimi peşəkarlığına söz ola bilməzdi. Bir dəfə o, Qarabaqqalda toyda müğənni qıza göz-qaş edən Urusiyetdən gəlmiş bir cavan oğlanı elə dəqiqliklə ifşa etmişdi ki, ortada nişan qayıtmışdı.

* * *

Elə bilməyin ki, “Qulaq” təkcə arvadların işinə yarayırdı, ha? Əsla! Bəzən kəndin kişiləri də ondan bəhrələnirdilər. Məsələn, kiminsə qapısına alverçi gəlib, nar və xurma almaq istəyir, yazda da tutaq ki, pomidor və ya paxla behləyirdisə, o biri qonşu “Qulağ”ı ora ezam edirdi. “Qulaq” əslində fəhlə kimi ora gedirdi, mal yığırdı, yeşik bağlayırdı və sonda tərəflər arasında nisyə və nəğd qiymətlərin, çürüklərin, irilərin, xırdaların, bir sözlə tarif cədvəlini onu ora göndərənin stolunun üstünə qoyurdu.

* * *

Qarayazıda yaşadığı iki il ərzində “Qulaq” artıq özünə təsərrüfat da yaratmışdı. Onun 6 qoyunu, iki quzusu, 30-a yaxın da toyuğu vardı. Quzuların ikisi bir ay əvvəl Şirvan kanalına düşmüşdü. Bu da ona yaman pis təsir etmişdi. Ona görə də heyvanları kiçik tövləsindən kənara buraxmırdı. Axşama yaxın daxmasında cır-bır (bilməyənlər üçün deyim ki, bu sulu yeməkdir, içində kartof dilimlərinin üstünə bir ədəd yumurta vurulur, üstünə də su tökülür) bişirərkən qəfil işıq söndü. “Qulaq” kənddə hər yerdə işığın yandığını görcək, öz sayğacından şübhələndi. Sayğacı təzə qurdalamağa başlamışdı ki, gözündən yox, sanki qulağından alov çıxdı. “Qulaq” təpəsi üstə yerə dəydi. Onu çoban Əlizadə tapdı. Nəfəsi gedib-gəlirdi. Tez Qaraməryəm xəstəxanasına apardılar. Orda da həkim sünnət toyuna gedibmiş, içib yatıbmış.

“Qulaq”ın nəbzi döyünsə də, qulağından şırhaşırla qan gəlirdi. Xəstəxananın tibb bacısı onun qulaqlarına pambıq tıxamaqdan yorulmuşdu. Qan kəsilmirdi ki. Zöhrə arvad dərhal proqnoz verdi: “qulaqları partlayıb”. Nə olar, “Qulaq” olanda, Asifin maşınına dərhal 5 litr benzin töküb “Qulaq”ı Göyçay xəstəxanasına çatdırdılar. Ordakı növbətçi həkim isə sən demə, koordioloq imiş. “Qulağ”ın təzyiqini ölçəndən sonra dedi ki, təcili Bakıya çatdırın. Asif “Qulaq”a əl-qolla başa saldı ki, səni Bakıya aparacam, amma qoyunun biri mənimdir. “Qulaq” eşitmirdi. Amma söhbətin nədən getdiyini anladı. Qulağından qan axa-axa razılığını verdi. Səhərə yaxın “Qulaq” artıq “Kəndçilər” xəstəxanasında idi. Əməliyyat da olunmuşdu. Amma həkimlər ona demişdilər ki, xüsusi qulaqcıq-aparat olmayınca o, eşidə bilməyəcəkdi...

* * *

“Qulaq” kəndə gələndə Asif onun qoyun-quzusunu, toyuqlarını satmışdı. Özünə də deyirdi ki, bəs həkimlərin bütün xərcini o, özü çəkib... “Qulaq” onsuz da heç nə eşitmirdi. Qulaqsız sağ qalmasına da peşman idi sanki. O, əlsiz, ayaqsız yaşaya bilərdi, qulaqsız yox. Son vaxtlar başı tamam pozulmuşdu. Qonşu heyvanların qulaqlarını burub onları incidirdi, bundan həzz alırdı. Məktəbdən qayıdan qonşu uşaqlara hücum çəkib onlara qulaqburması verirdi. Artıq sahə müvəkkili də bu barədə məlumatlı idi. “Qulaq” bu kəndə təhlükə yaratmışdı. Elə sahə müvəkkilinin yanında öz qulaqlarını hər iki əli ilə bərk-bərk sıxıb bağıranda hamıya, hətta sahə müvəkkilinə də aydın oldu ki, “Qulaq” artıq dəlixanalıqdır.

* * *

Onu səhv etmirəmsə Gəncəyə göndərdilər. Üç aydan sonra Qarayazıya tabut gəldi. Kiminləsə mübahisədə hansısa dəli “Qulaq”ın qulaqlarını kəsmişdi. O, da qanaxmadan ölmüşdü... Kənd camaatı öz vəzifəsindən vicdanla gəldi. Təkcə mürdəşir Temir meyidi kəfənləyəndən sonra heyrətlə camaata tərəf baxmağa başladı. Səbəbi də aydın idi. “Qulaq”a bircə gün yas verdilər. Qoyunu Asif gətirmişdi. Mollanı isə Yasəmənin əri İlyas.

# 4123 dəfə oxunub

Müəllifin son yazıları

# # #