Ona toxuna bilməyəcəksən...

Samirə Əşrəf

Samirə Əşrəf

26 mart 2022
# 13:45

Kulis.az Samirə Əşrəfin yeni yazısını təqdim edir.

İş elə gətirib ki, Ukraynada gedən müharibə ərəfəsində Konstantin Simonovun ikinci dünya müharibəsindən bəhs edən "Dirilər və ölülər" romanını oxuyuram. Müharibənin nə qədər amansız, kor-koranə fəlakət olduğunu anlamaq romansız da çətin deyil. Ancaq yazılı təsvir başqadır.

İlk dəfə, deyəsən, Remarkın "Qərb bölgəsində təbəddülat yoxdur" romanını oxuyanda, müharibə məni dəhşətə gətirmişdi. Havaya atılan zəhərli mərmilərin təsirindən səngərdə insanlar bir-birinin gözü qarşısında keçinirdilər. Romanın saysız fəlakətlər görən qəhrəmanı müharibədən sonra evinə qayıdıb sakit həyata adaptasiya ola bilmir, cəmiyyətin rahatlığı onu incidir, özünə qapanmağa məcbur edir. Bu haqda çoxlu filmlər də var.

Eksiztensializm cərəyanı da II dünya müharibəsindən sonra yarandı. Sartr da var, amma Kamyu bu cərəyanı müharibə ilə əlaqələndirən ən yaxşı müəllif oldu.

Müharibədə insan itkisi o qədər çox olur ki, döyüşən insanlar ətrafda nə baş verdiyini anlamırlar. Qan, atəş, ölüm onlara narkoz kimi təsir edir, şok effekti yaradır, keyləşdirir. Bir müddət sonra, döyüşlər səngiyəndə say hesabı aparılanda, adamlar görürlər ki, ətraflarında kimlərsə yoxdur. Bu yaxın dost da ola bilər, uzaqdan tanıdıqları bir adam da. Ümumiyyətlə, yoxluq çox pisdir. Hər şeyə ümid var. Hətta ən çarəsiz, ağır, ölümcül xəstəliklərdə belə insan ümidini itirmir. Allaha və möcüzəyə inanır. Amma ölüm bütün ümidlərin sonudur. Ölümdən o tərəfi yoxdur.

Yoxluqların da ən dəhşətlisi ölümdür. Ölüm faktı baş verəndə, sən artıq əmin olursan ki, hər şey bitdi. Bir də heç vaxt ölən adamı görməyəcəksən, səsini eşitməyəcəksən, ona toxuna bilməyəcəksən. O, elə şəkillərdə, xatirələrdə qalacaq. Ancaq əmin olun, xatirələr də şəkillər kimi nə zamansa solub saralır, köhnəlib yoxa çıxır. Bu səbəbdəndir ki, doğma, dost, əziz birisi öləndə heç vaxt ağlamayan kişilər ağlayır, qadınlar ağı deyib ağlını itirir və ya sakitcə dayanıb yaşadıqları şokun təsiri ilə donmuş halda ətrafa baxırlar.

"Saturasiya" hekayəmdə yazmışdım ki, anamın ölüm xəbərini alanda, çarpayıya uzandım, otaqda sanki məndən başqa da kimsə vardı və o, tavandan mənə baxırdı, məni müşahidə edirdi. Sərdar Amin hekayəni oxuyanda dedi, səndə şokun effekti o qədər güclü olub ki, səs-küyü yox, sakitliyi seçmisən, bu sakitlikdən özünü müşahidə etmisən. Mənə görə də faciə zamanı sakitliyi, soyuqqanlılığı seçənlər özləri üçün zahiri müdafiə baryeri qurur. Proses, ağrı, qışqırıq isə daxildə öz işini qəddarlıqla görür.

Qayıdaq müharibə mövzusuna. I və II Qarabağ müharibəsi amansız oldu. Neçə nəsil bu müharibənin travmasından məhvə məruz qaldı. Fəsadlar hələ də davam edir, edəcək də. Necə ki, 2ci dünya müharibəsinin travmaları bu günə qədər də davam etməkdədir. Ukraynadakı bugünkü qanlı müharibənin də fəsadı uzun illər səngiməyəcək. Hər şey gec-tez bitəcək. Adamlar yaralarını zamanla sarıyacaqlar. Ancaq istər rus olsun, istərsə də ukraynalı, insanlar həyatlarında baş vermiş yoxluğu, ölümün yoxluğunu, toxuna bilməmək, qucaqlamamaq, eşitməmək əzabını unuda bilməyəcəklər.

# 3315 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #