Övladını yəhudilərə qurban verən, onları məhv olmaqdan qoruyan qadın

Övladını yəhudilərə qurban verən, onları məhv olmaqdan qoruyan qadın
22 avqust 2014
# 08:30

Kiyevdə keçən uşaqlıq illəri...

İyirminci əsrin ən məşhur qadınlarından biri olan Qolda Meyer 1898-ci il may ayının 3-də Kiyevdə anadan olub. Onun dülgər işləyən atası Moşe Maboviç 1903-cı ildə başlanan ixtişaşlardan qorxuya düşərək yaxınlarının yaşadığı Belarusiyanın Pinsk şəhərinə köçməyi planlaşdırır. Lakin daha yaxşı həyat yaşamaq istəyində olan Moşe Maboviç Amerikaya mühacirət edərək Viskonsin ştatının Miluoki şəhərində yaşamağa başlayır. Üç ildən sonra onun həyat yoldaşı və üç qızı da onun yanına gəlməyi bacarırlar. O vaxta qədər Qoldanın uşaqlıq illəri Kiyevdə keçib.

Orta məktəbi başa vurduqdan sonra Qolda Maboviç pedaqoji seminarlara qatılıb müəllimlik dərəcəsi alır və orta məktəblərdə ingilis dilindən dərs deyir. Bir müddət sonra isə o, “Pol Sion” adlı sionist təşkilatına daxil olur. Qolda, 1917-ci il dekabrın 24-də vaxtilə Litvadan Amerikaya köç etmiş Morris Meyersonla ailə həyatı qurur. Ailə qurmazdan əvvəl Qoldanın Morrisdən bircə tələbi olur ki, onlar ailə qurduqdan sonra Fələstinə köçəcəklər. 1921-ci ildə o, əri, yaxın rəfiqəsi və bacısı Şeynonun ailəsi ilə birlikdə Miluokidən Fələstinə köçürlər.

O zamanlar Təl-Əviv kiçik şəhər idi. Yenicə məskunlaşmış yəhudilər tərəfindən kibbuts (kənd təsərrüfatı ilə məşğul olan yəhudi qrupu) yaradılmışdı. Gənc ailə kibbuts düşərgəsinə qoşuldu. Qolda həyat yoldaşının da birgə fəaliyyət göstərdiyi Merxavidə yaşamağa və siyasi fəaliyyətə başlayır.

Qolda Meyer bütün enerjisini “Pol Sion” fəaliyyətinə yönəldərək, ABŞ ərazisində təşkilat üçün pul toplama kampaniyası başlayır. Hətta sionist məqsədləri həyata keçirmək uğrunda uşağa yer olmadığını iddia edərək hamiləliyinə son qoyur.

1921-ci ildə Qolda Meyerson əri Morris Meyersonla birlikdə Fələstinə köçür. 1921-24-cü illərdə Fələstin ərazisindəki Kibbutzda çalışsa da ərinin səhhətindən dolayı işindən ayrılan Qolda 1924-cü ildə Qüds şəhərinə köçür. Sonrakı illərdə onların iki övladı olur. 1924-cü ildə Qolda Meyerin oğlu Manaçem dünyaya gəlir. 1926-cı ildə isə qızı Sara doğulur. Bir müddət sonra isə Morris və Qolda ayrıldılar. Morris 1951-ci ildə vəfat edir.

1928-ci ildə Qolda Meyer Zəhmətkeşlərin Ümumi Federasiyasının qadın şöbəsinin sədri seçilir. Müxtəlif dövlət qurumlarında yüksək vəzifələri icra edən Meyer 1949-cu ildə İsrail parlamentinə üzv seçilir.

Yüksəliş və dəyişən soyad...

1948-ci il may ayının 14-də Qolda Meyer İsrailin “Müstəqillik Bəyannaməsi”ni imzalayan iki qadından biri olur (digəri Rahel Koen-Kaqan idi). Sonralar o, öz avtobioqrafiyasını qələmə alarkən həmin anları belə ifadə etmişdi: “İsrail dövləti! Gözlərim yaşarmışdı, əllərim əsirdi. Biz nail olmuşduq. Biz yəhudi dövlətini xəyaldan reallığa çevirmişdik. Və mən - Qolda Maboviç Meyerson bu günləri gördüm. Nə olursa olsun, buna görə hansı əvəzi ödəməkdən asılı olmayaraq, yəhudilər üçün vətəni yaratdıq. Uzun illər davam edən təqib sona çatdı”.

1948-ci ilin iyununda Qolda Meyer İsrailin SSRİ-dəki ilk səfiri təyin olunur və bu postu 1949-cu ilin mart ayınadək icra edir. Həmin dövrlərdə Qolda Moskvada Vyaçeslav Molotov və başqa rəhbərlərlə görüşür. Bir çox görkəmli yəhudilərlə əlaqələr yaradır. Onların çətinliklərinin həll edilməsinə yardım edir. Məhz onun səfirliyi dövründə SSRİ İsrailə ilk silah satan ölkə olub.

Moskvadakı görüşləri ona məşhurluq gətirir. Bir müddət sonra o, 1949-cu ildə Əmək və Sosial Təhlükəsizlik naziri vəzifəsinə təyin olunur.

Öz xatirələrində o, həmin illəri belə dəyərləndirir:

“Əmək və Sosial Təhlükəsizlik naziri olduğum yeddi il şübhəsiz, mənim həyatımın ən parlaq və yadda qalan illərindəndir. Həmin vəzifə mənə böyük məmnunluq hissləri yaşadıb”.

1956-1966-cı illərdə isə Xarici İşlər naziri vəzifəsini icra edir. Qolda məhz Xarici İşlər naziri vəzifəsini icra etməyə başlayarkən Meyerson soyadını Meyer kimi dəyişir. Bu söz tərcümədə “illüminasiya” mənasına gəlir. Həmin illərdə onun siyasi istedadı daha da parladı. Belə ki, Qolda Meyer xarici işlər naziri olan ərəfədə 1956-cı ildə Misirlə İsrail arasında başlanan mübarizədə yəhudi dövlətinin məhv olmasının qarşısını aldı.

Yaponiya səfəri və qeyşalarla görüş...

Bir müddət sonra Meyer Latın Amerikası və Afrika ilə dostluq əlaqələrinin gücləndirilməsinin vacib olduğunu ön plana çəkdi. 1957-ci ildə o, ilk dəfə qərbi Afrikaya səfər etdi. O, hesab edirdi ki, zəncilər də yəhudilərin qardaşları hesab olunur. Bədbəxtlikdən isə onlar da irqi ayrı-seçkiliyə məruz qalıblar.

Meyer Afrikaya əsasən təhsil və təsərrüfat sahəsində bir çox effekt yaradan köməkliklər göstərib, məsləhətlər verdi.

Qoldanın zəncilərə olan isti münasibəti bir çox zənci liderlərində ona qarşı yüksək rəğbət yaratdı. Sonralar zəncilərin cavan liderləri Qoldaya məyusluq yaşatsalar da keçmiş dostları ilə olan əlaqələr Qolda Meyerin ömrünün son günlərinə qədər davam etdi.

1962-ci ildə Qolda Meyer Uzaq Şərqə səyahətə çıxır. O, bir həftəyə qədər Yaponiya şəhərində qalır. Onu fəxri qonaq kimi qəbul edən Yaponiyanın 124-cü imperatoru Hirohito ilə də görüşüb söhbətlər edir. İmperator haqqında Meyer deyirdi:

“Mən Hirohitonu necə təsvir edim, bilmirəm. Göründüyü qədər ciddi olmayan, təvazökar bir bəy idi. Biz onunla bir-birimizə çox nəzakətli təriflər və sözlər söylədik”.

Yaponiya səfəri barədə Qolda Meyer “Mənim həyatım” kitabında yazırdı: “Yaponiyada olduğum müddətdə mən qeyşaların yaşadıqları evə gedib onlarla görüşmək istəyirdim. Bu arzumu mən hələ Yaponiyaya gedərkən təyyarədə Yakov Şimona bildirdim. O, isə mənim bu istəyimdən narahat olub, bunu yersiz addım hesab etdi. Bir neçə Yaponiya rəsmisi bu istəyimə qarşı çıxdı. Amma mən qeyşa qadınlarla görüşmək istəyirdim. Və burda pis heç nə görmürdüm. Nəhayət Kioto qubernatoru və onun xanımı mənim bu arzumu yerinə yetirdilər. Mən qeyşaların yastıqlarına söykənib onlarla söhbət edirdim. Qeyşalar isə mənim və Yakov Şimonun ətrafında pərvanə kimi fırlanırdılar”.

1960-cı illdə Meyerə limfoma xərçəngi diaqnozu qoyulur. 1966-cı ildə səhhətində yaranan problemə görə vəzifəsindən istefa verən Qolda Meyer bir il sonra “Mapai” partiyasının lideri Levi Eşkolun köməkçisi kimi partiyadaxili fəaliyyətlə məşğul olur.

1969-cu ilin fevralında Levi Eskolun qəfil ölümündən sonra mənsub olduğu partiya Qolda Meyeri Eşkolun davamçısı seçir və o, 1969-1974-cü illərdə İsrailin Baş naziri vəzifəsini icra edir. 1969–70-ci illərdə Meyer bir çox dünya liderləri, o cümlədən, Riçard Nikson, Nikolay Çauşesku, Papa VI Polla görüşür. 1973-cü ildə o, Qərbi Almaniyanın Kansleri Uilli Brenti İsraildə qəbul edir.

Müharibə ərəfəsində İsrail kəşfiyyat xidməti müharibənin yaxınlaşdığından xəbərsiz idi. Ancaq 5 oktyabr 1973-cü il tarixdə Meyer, Suriya qoşunlarının Colan təpələrində olması barədə rəsmi xəbər alır. Meyer qoşunları səfərbərliyə almağa tələsmədi. Ancaq müharibə tezliklə başladı.


6 saat qabaq Mayer müdafiə naziri Moşe Dayan və General David Elazarla görüşdü. Dayan müharibənin olacağına inanmasa da Elazar qoşunları toplayaraq Suriya qüvvələrinə hücum etməyi məsləhət gördü.

Qolda Ərəb-İsrail müharibəsindən sonra keçirdiyi mətbuat konfransında demişdir: “Müsəlmanlar müharibədə uduza, sonra yenidən döyüşə bilərlər. İsrail isə yalnız bir dəfə məğlub ola bilər. Ərəblər bizim uşaqlarımızdan nifrət etdiklərindən daha çox öz övladlarını sevdikləri vaxt bizimlə döyüşməkdən vaz keçəcəklər”.

Nazirlikdən istefa və son...

Meyerin baş nazirliyi dövrü daxili siyasi çəkişmələr ilə keçir. Bunun nəticəsi kimi o, 1973-cü il müharibəsindən sonra göstərilən təzyiqlərdən dolayı 1974-cü ildə vəzifəsindən uzaqlaşır. İstefa verərkən də bu sözləri deməyi unutmur: “Beş il kifayətdir. Bu yükü daşımağa mənim gücüm çatmaz”.

Fəaliyyətinə və İsrail qarşısındakı xidmətlərinə görə o, 1971-ci ildə “Qüdsün Azad Olunmasına görə” medalı ilə təltif olunur. Limfoma xərçəngi xəstəliyindən əziyyət çəkən Meyer 1978-ci ildə dünyasını dəyişir və Qüdsdəki Herzl dağında dəfn olunur. ABŞ-ın Nyu-York ştatında isə onun xatirəsinə abidə ucaldılır. 1982-ci ildə İngiltərədə “Qolda adlı qadın” filmi çəkilir.

# 7386 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #