Kulis.az yazıçı Samirə Əşrəfin “Kulis”in 9 yaşının tamam olması münasibəti ilə yazdığı yazını təqdim edir.
Bu gün Kulis.az saytının yaranmasndan 9 il ötür. Ad günümüz aprel şəhidlərinin ildönümünə və məlum pandemiya günlərinə düşsə də, belə bir yazı yazmaq ürəyimdən keçdi. Ümid edirəm, redaktorlarımız bu arzumu nəzərə alıb, yazının yayımına şərait yaradarlar.
Mənim Kulislə ilk tanışlığım 2011-ci ilə təsadüf edir. İlk yazımı və ya müsahibəmi indi dəqiqliklə xatırlaya bilməsəm də, işıqlı illər olduğunu dəqiq bilirəm.
Keçən bu illər ərzində Kulisdən çox şey öyrənənlərdən biriyəm. Ötən ilin noyabr ayndan isə Kulisin işçisinə çevrilmişəm. Sərdar Amin, Günel Musa ilə təxminən bir həftə, on gün fərqlə Kulisdə işə başlamışıq.
Kulisin səhəri çox dinamik açılır. İşə ilk gələn baş redaktorumuz Şərif Ağayar olur. Bir neçə dəfə cəhd edib, tez gəlsəm də onun kreslosunu nadir hallarda boş görmüşəm. Adətən ondan sonra ya Günel, ya da mən gəlirəm. Bircə salamla hər kəs öz klaviaturasının başına keçir.
Baş redaktor salamımızı alandan sonra dərhal qəti, təxirəsalınmaz və ilkin tapşırıqlarını verir:
- Günel sən yerli xəbərlər bax, Samirə sən ruslara göz at, sonra görün rəhmətliklərdən kim var...
Rəhmətliklər deyəndə Şərif təqvimi nəzərdə tutur.
Az keçmr “Pianist” filmindəki Şpilmanı xatırladan, yaşıl paltosu topuğuna çatan, eynəkli, saçı dağınıq Oğuz Ayvaz otağa daxil olur. Sərdar Amin bir qayda olaraq hamımızdan gec, amma vaxtında gəlir. Soyuq havalarda da əynindən çıxarmadığı açıq boz rəngli qısa gödəkçəsini hər dəfə geyinib gəlməsi məni əməlli başlı qayğılandırır. Sual verməkdən özümü saxlaya bilmirəm:
- Sərdar, sənə soyuq deyil?
- Yox, vəziyyət yaxşıdı.
- Yəni heç üşümürsn?
Qısa və konkret cavab üç nidası ilə birgə özünü gecikdirmir:
- Qətiyyən!!!
Günel otağın o başından bu başına səhərin ilk atmacasını yollayır:
- Samirə, Sərdarın dərdi səni birtəhər edəcək.
- Hə, vallah. Bu nə yeyib içir görəsən belə nazik geyimlə üşümür?
Mən bu sözlərdən sonra üşüyərək güllü, qırmızı şalıma bürünürəm. Bu, Şərifin gözündən yayınmır:
- Samirə, sənə elə gəlmir ki, bu şal iş yeri üçün həddindən artıq rəngarəngdir?
- Niyə ki, nənəmin şalıdır də.
- Biz tərəfdə belə şalları qadınlar ya nişanda, ya xınayaxdıda geyinərdilər.
Zahirən razılaşmasam da daxilən Şərifi haqlı hesab edərək həmin şalı sonrakı günlərdə ilim-ilim itirirəm.
Təxminən saat on ikiyə qədər Kulisin otağından ancaq klaviaturaların çıqqıltısı eşilir. Çayı ilk xatırlayan Günel Musa olur. Onun hər əlində iki, hətta üç fincan isti çay gətirməkdən başqa da bacarıqları var. Özü də çaya gedirsə, mütləq tək-tək xəbər alacaq. Yoxsa, mənim kimi? Özümə çay gətirmək üçün mətbəxə gedəndə elə səssiz gedib gəlirəm ki, sol tərəfimdə oturan Sərdarın belə xəbəri olmur.
Günelin işi əsasən musiqiçirlərlə bağlı olduğundan bu cameənin demək olar ki, bütün cik-bikinə bələddir. Misal üçün, əgər Alim Qasımov Fransada konsert verəcəksə, Günel bunu Alim Qasımovdan daha tez öyrənməsə, gözünə həmin gecə yuxu getməz. Bir də görürsən ki, sakitcə oturduğumuz yerdə Günelin səsi otağı bürüyür:
- Elza Seyidcahan yeni şeirini votsapdan mənə atıb. Nazpəri Dostəliyeva eksklüziv açıqlama göndərib.
Həmin anda Günelin qaynar yağı daşsa, vecinə olmaz. Əsl kəşfiyyatçı xarakteri var. 1941-45-ci illərdə yaşasaydı, yəqin, onunla düz Berlinə qədər gedib çıxmaq olardı.
Günel əslən ağdamlı olduğu üçün Ağdam haqqında bütün məsələlərdən danışmağı özünə borc bilir. Özünün də dediyi kimi, yaxşı oxuyanların hamısı Ağdamdan çıxıb, ağdamlılar hamısı fərasətli, qoçaq və əməlisaleh adamlardır. Təbii ki, onun bu xüsusiyyəti Şərifdən yayınmır. İmkan düşən kimi babat bir ağdamlı tapıb qarasına döşəyir. Günelin həmin məqamda mısmırığı yer sürüyür, əvvəl dodağının altında mızıldanır, bu, kömək eləməyəndə səsini qaldırır:
- Ağdamlıların sizə nə pisliyi dəyib?!
Günelin arabir yaxşı oxumağı, köhnə filmlərdən parodiyalar etməyi, bir də qarabağlı qadınlar kimi babat ağı deməyi var. İlin-günün bu vaxtında ağlı başında olan ağıçı Günellə rəqabətə girə bilməz. Bir də görürsən, nahar vaxtı mənim masamın üstündəki rəngbərəng yaylıqlardan birini başına atıb başlayır anası ölmüş kəndçilərindən kimisə xatırlamağa:
- Aaz, aaz, nəyə gəlmisən, aaz? Anamın yubileyinə gəmisən? Ölənə qədər səni deyib getdi. İndi nəəə gəlmisən?
Və dizinə çırpır. O an Kulisdəki qəhqəhə səsləri dəhlizə qədər gedib çıxır.
Günelin ən çox mübahisə etdiyi adam Sərdar Amindir. Onların mübahisəsi əsasən mühafizəkarlıq üzərində yaranır. Sərdar öz dediyindən bir addım da geri çəkilmədiyindən Günellə sözləri düz gəlmir. Sərdar lap çox əsəbləşəndə ayağa qalxır, otaq boyu gedib gəlməyə, danışa-danışa fikrini əsaslandırmağa çalışır. Tez-tez əli ilə alnına tökülən telini dala atır. Mübahisə bir az xəfifləyəndə Sərdar yerinə əyləşib dincini alır. Əks halda sakitləşmək üçün dəhlizə çıxır.
Sərdar bir qayda olaraq ən təhlükəli yazların və başlıqların müəllifidir. Təftiş xarakterli yazılarını çox vaxt gecə evdə yazıb gətirir. Yazılarına zəhəri birdən yox, damcı-damcı buraxır. Zəhəri yerli-yerində olanda çox xoşbəxt olur, yerə-göyə sığmır. İstəyir ki, mütləq biz də onun yazılarını oxuyub tərifləyək. Hətta bir dəfə Sevda Sultanova ilə “Joker” filmi üstündə mübahisə edəndə mən Sərdarın tərəfində dayandım. Ondan sonra mənimlə xeyli dostlaşdı.
Mən hərdən baş verən hadisələrə sentimental münasibət göstərəndə Sərdar əsəbləşir:
- Qadın kimi düşünmək sənə yaraşmır. Soyuqqanlı ol.
Oğuz Ayvazla sağ tərəfdən qonşu olduğum üçün bəzən onlar mənim başımın üstündən danışırlar.
- Oğuz, o yazını indi qoydum, o birinin vaxtını ayarla.
Oğuzun sakitləşdirici səsi otağa yayılır
- Tamam, abi, indi edirəm.
Oğuz içimizdə nahara ən tez gedən adamdır. Elə bil içərisində xüsusi mexanizm işləyir. Nahar vaxtı tamam olan kimi ayağa qalxır və xanımı Dənizin evdən qoyduğu qazançanı qucaqlayıb mətbəxə qaçır. İşlər yüngülləşəndə Oğuz əsasən xanımlarla asta-asta qeybətləşir. Arada özünü mənə yaxın tutur:
- Samirə, səndə xalaqızı, dayıqızı doğmalığı var. Adam istəyir, bütün problemlərini sənə danışsın.
Otağımıza tez-tez gəlib-gedən qonşularımız da var. Lent.az ən yaxın qonşumuzdur. Necə deyərlər, divar qonşusuyuq. Təzə-təzə işə başlayanda Lent.azın redaktoru Səbinə Əvəzqızı nahar vaxtı qapını açıb deyirdi:
- Şərif, qızları ver, aparım nahara.
Şərif Səbinə xanımı görən kimi deyir:
- Durun, gedin, qayınananız gəldi.
Günel ağdamlı cəldliyi, mən isə cəbrayıllı vasvasılığı ilə ərzaq yerləşdirdiyimiz şkafı təftiş edirik. Təzə-təzə şkafda bir neçə boşqab olsa da, sonradan mətbəxdən bir xeyli qab-qaşıq oğurlayıb özmüzünküləşdirdik. İndi, maşallah, bu qablardan bir qıza cehizlik dəst düzəltmək olar. Adətən, şirniyyatlarımızı, meyvələrimizi ora yığırıq. Əvvəllər şkafın bir gözünü zəbt etmişdiksə, son iki ayda daha iki gözü ələ keçirmişik. Şərifin orta gözlərdə olan kitablarının hamısını ən yuxarı hissəyə yığmışıq. Çoxdandır şkafa baxmayan Şərif bir dəfə hansısa kitabı götürmək üçün yaxınlaşanda gözlərinə inanmadı. Müdrik-müdrik susub, sonra başını buladı:
- Aclıq olsa, bir ay burdakı ərzaqlarla yaşamaq olar!
Bir dəfə isə Oğuz səhvən çantasını həmin şkafa qoymuşdu, qırğın elədik. Oğuza necə hərbə-zorba gəldimsə, Şərif dözmədi:
- Deyəsən, özünü şkafın komendantı zənn edirsən!
Naharı xüsusi ayin kimi yerinə yetiririk. Günel, Sərdar və mən birlikdə nahar edirik. Bufetdəki böyük bir masanı zəbt edib hər tərəfə öz əşyalarımızı qoyuruq. Naharın ortasnda Şərif də gəlir. Adətən o, evdən ona qoyulan yeməkdən xəbərsiz olur. Hər dəfə plastmas qazanın qapağını qaldıranda bizimlə bərabər o da təəccüblənir. Ötən günlərin birində bir qazan qaralı Qarabağ aşını görüb sevindi:
- Bunu yeyən adama koronavirus yaxın düşə bilməz!
Evdən gətirdiyimiz qəlyanaltılar qardaş malı kimi ortalıqda olur. Sərdarın xanımı Dursun Sərdara yemək sarıdan korluq vermir. Ən bol boxça Sərdara məxsusdur. Səliqə ilə soyulmuş turplar, xırda göyərti dəsti, ayran, dovğa, duzlu peçenyelərə qarışmış qoz ləpələri və s. Hərdən zarafata salıb deyirəm, Sərdar, məncə sən Dursunu heç vaxt əsəbləşdirmə. Bu cür təamlardan məhrum etməsin səni.
Sərdarın şimallılara xas qürurlu cavabı gecikmir:
- Nahar boğçası hazırladacaq qədər qüdrətim var hələ ki!
Səbuhi Məmmədli arada nahar masamıza yan alır.
- Buriyə, sənə rusca bir xəbər atdım. Baxarsan.
Səbuhi bizim otağa bir saatdan bir qapı ağzındaca baş çəkən adamlardandır. Qapnı açıb “salam, dostlar” deyəndə bilirik ki, artıq bir saatı arxada qoymuşuq.
Səbuhi xanımlara Buriyə, bəylərə Buri deyir. Bu sözü ailə təqaüdünə çıxmış Ayxan Ayvazın kitabının adından götürüb.
Otağımıza tez-tez gələn qonşulardan biri də Ramilə Qurbanlıdır. Çay fasilələrində bizə daldalanan Ramilə bir dəfə ciddi etiraz etdi:
- Niyə mənim üçün xüsusi stul qoymursunuz? Gələndə ayaq üstə qalıram.
Ondan sonra iş elə gətirdi ki, Şərifin krelosu onun istedadının ağırlığına tab gətirməyib çökdü. Biz onu götürüb bir kənara qoyduq. İndi Ramilə hər gələndə məmnun-məmnun həmin sınıq salxaq kresloda əyləşir. Şərif atmacasından qalmır:
- Ramilə, gör kimin kreslosunda əyləşmisən? Özündə nə isə dəyişiklik hiss etmirsən?
- Yox, Şərif, hər şey olduğu kimidir.
Arada Günelin cini tərpənəndə Şərifdən soruşur:
- Midir, sadə stulunuzdan dünya sizə necə görsənir?
Şərifin cavabı da gecikmir:
- Xeyli fərq varmış.
Ramilə ilə mən yerli olduğum üçün Şərif bizə də tez-tez sataşır. Hərdən ikimiz nə isə sakitcə söhbətləşəndə atmaca atır:
- Cəbrayıl mafiyası iş başındadır. Yenə belə səliqəli şəkildə kimin evini yıxırsınız?
Ramilə də, mən də ömründə qeybət üzü görməyən adamlar kimi təəccüblənirik. Bir-birimizin tərəfini tutduğumuzu görəndə aranı qarışdırır:
- Samirə, sən gərək rəhmətliklər məsələsində Ramiləni keçəsən. Onu taxtdan düşürməlisən. Həm də səndə rəhmətliklərə yeni baxış var. Üstəlik, Sabir Əhmədlinin yerlisisən, qaçqınsan, kədərlisən, bir az da dəliliyin var. Yazan adam bir az dəli olmalıdır.
Daha sonra şifahi hekayə başlayır:
- Təsəvvür elə, rəhmətliklər haqqında topladığın “Maraqlı faktlar”la trimf vurursan, axırda “Özümün xatirəm” adlı yazı yazıb avtobusda işə gəldiyin yerdə ölürsən. Sənəti zirvədə buraxırsan! Yasın bütün xərcini dostun Səidə Haqverdiyeva boynuna götürür. Sevdanı kiridə bilmirik. Amma yasdan çxanda gözlərini qurulayıb deyir ki, əşi, yalandan ağlayardım, ölüb, ölüb də!
Uzun yas ssenarisi məni əsəbləşdirir:
- Şərif, sənin xatirəndən yazı yazmamış ölməyəcəm!
- Mənim ölümüm dahilərə məxsus olacaq. Qəbir daşıma mütləq “Dahi” sözünü yazarsız. Miri (yazıçı Mirmehdi Ağaoğlu – red.) gecə hamı yatandan sonra qəbiristanlığa gəlib “Dahi” sözünü küt qəməlti ilə qaşıyıb pozacaq.
- Bəs Sevdaya xəbər çatanda nə edəcək? Onu demədin...
- Sevda özünə məxsus cavab verəcək. Təxminən belə. Əşi, bəsidir də, beş-altı kitabı yazdı, alındıra bilmədi, dünyanı tutub qalmayacaq ki! Çox qalsa, o biri qoca yazıçılar kimi zaylıyacaqdı.
Bəzən bizim Ramilə ilə dialoqlarımız otaqdan kənarda da baş verir.
Bir dəfə isə Lent.azın baş redaktoru Qabil Abbasoğluna yaxalandıq. Qabil müəllim bizi görən kimi işıqlı gözləriylə gülümsəyib ayaq saxladı:
- Qərar verə bildiniz, hansınız daha çox cəbrayıllısınız?
Hazırcavablıq elədim:
- Deyəsən, mən. Ramilənin ağdamla qarışığı var. Bir dəfə ağzından qaçırdıb.
Gülüşmə düşür.
Kulislə əməkdaşlıq edən müəlliflər də tez-tez biz tərəflərə gəlirlər. Onlardan biri bayaqdan adını zikr eləməkdən yorulmadığım kinotənqidçi Sevda Sultanovadır.
Sevda ayda bir dəfə qonorar alanda gəlir. Özü də əlidolu. Yağlı, içi kişmişli bulkalar, qoğallar, müxtəlif şirnilər... Təbii ki, biz də onun bu əliaçıqlığını çayla mükafatlandırırıq. Sevdanın iri çantası adama yığcam bir evi xatırladır. İçərisində məişət üçün lazım olan hər şey var. Bir dəfə çantasını təxminən beş dəqiqə töküb töküşdürəndən sonra Şərif dedi, bir gün sənin çantandan kenquru balası çıxsa, təəccüblənmərəm.
Sevda əhdə vəfalı müəlliflərimizdəndir. Ötən il Yeni il bayramında bizə türk dolması gətirəcəyini söz vermişdi. Dediyini, elədi. Yeni il bayramına bir neçə gün qalmış bir də gördük, bir qazan dolma ilə otağa girdi. Yaxşı xatırlayıram, çox bərəkətli qazan idi. Hətta, Mirmehdi də dolmanın qoxusunu alıb Kulisə gəldi. Özü də seyidliyinə salıb dolmaları bir dəfə soyuq-soyuq qazandan yedi, bir dəfə də isidəndən sonra boşqabdan. Özü də çörəklə...
Sevdanın “bu dolmanı çörəksiz yeyirlər” atmacasına isə dolmaları ovurduna itələyərək belə cavab verdi:
- Çörəksiz yeyəndə doymuram!
Hamı dağılışandan sonra biz beş nəfər öz oylağımızda baş-başa qalırıq. İş gününün sonunda ayağa qalxırıq. Yorğun olsaq da iş yerimizi deyə-gülə tərk edirik. Növbəti günün planlarını qura-qura yol gedirik. Növbəti ayları, günləri, illəri arxada qoymaq üçün...