İçimizdəki uşağı oyadanlar...

İçimizdəki uşağı oyadanlar...
19 iyun 2017
# 12:57

Qadın etirazı amansız olur. Xüsusən də mənim kimi üsyankar qadının. Axşam saat yeddiyə beş dəqiqə qalıb mən isə hələ bayraq meydanın yanında avtobusdakı sərinkeşin altında tərləyirəm. Ucu-bucağı görünməyən tıxaca baxdıqca gözlərim qaralır. Ürəyimdə fikirləşməyə, götür-qoy etməyə başlayıram. Gecikəcəm... Heç yaxşı olmadı. Amma yersiz qalacağım hələ ağlıma gəlmir. Zarafat deyil üç nəfər birdən dəvət edib. Necə ola bilər ki, gedib bir yer tapıb əyləşə bilməyim?!

Heyhat! Tamaşa başlayandan on dəqiqə sonra qaranlıq zala daxil oluram. Tamaşaçıların çox hissəsi arxada ayaq üstə dayanıb. Dostumuz aktyor Amid Qasımov məni öz yanına çağırır. İndi səhnəni daha yaxşı görə bilirəm. Bayaqkı daxili etirazım və hikkəm bir az səngiyir.

Səhnəyə köklənirəm. Orda da bir qadın var. O da etiraz edir, amma daha böyük masştabda. Bu həyatın özünə, cəmiyyətə, insanlara qarşı baş qaldıran etirazdır.

Yazar Səidə Haqverdiyevanın hekayələri əsasında rejissor Günay Səttarın səhnələşdirdiyi “Metamorfoza” tamaşasının qadın qəhrəmanı Zümrüd Qasımova, digər iki aktyorlar isə Elgün Həmidov və Oktay Mehtiyevdir.

Qadın səhnənin bir kənarında qoyulmuş qara örtüklü çarpayının ətrafında dolanaraq müxtəlif hərəkətlər edir. Qara örtüklü çarpayı həm də onun yarımayan gəncliyini simvolizə edir. Digər iki qəhrəmanlar bir-birini əvəz edərək qadının həyatı ilə bağlı müxtəlif əhvalatlar nəql edirlər. Əhvalatlar üçbucaq üzrə hərəkət edir. Kişi, qadın və kişi.

Yaşımın bu çağında da varlı insanların yaşadığı binaların, şəhərdəki barların, diskotekaların, gecə klublarının yanından ötüb keçəndə diksinirəm. Bəzən dayanacaqda adamı toza basıb keçən bahalı avtomobillərdən düşüb tələsik gözdən itən qısa ətəkli qızcığazlar da mən də dərin kədər və qorxu hissi yaradır. Qolu qızıl zəncirli etinasız kişi müştərilərin şirin dillərinə aldanıb maşınlara əyləşən bu qızcığazlar həyatın ən böyük silləsini yeyənlərdi. Ya vəlvələdən, ya da zəlzələdən bu həyat artıq onların boyuna biçilib. Geriyə yol yoxdur.

Müəllif də çox güman ki, mən düşündüyümü zaman-zaman düşünüb, eyni qorxuları yaşımızın müxtəlif çağlarında yəqin ki, yaşamışıq. Cəmiyyətin ağrılı yerləri və yaraları ona və rejissora tanışdır.

Ən qüvvətli qadını belə bir zərbə ilə yerə yıxmaq döymək, alçaltmaq, hətta öldürmək belə mümkündür.

Səhnədəki qadın da gah sevilir, gah ələ salınır, gah zorlanır. Əhvalat nəql edən kişilərdən biri Elgün Həmidov qadının məsum gəncliyindəki sevgilisini canlandırır. Bu məsum gəncliyin içinə nəsə və necəsə zəhər qatılacaq. Qatılır da. Qadın başqa kişiyə bənd olur. Türk iş adamına. Beləcə həyatın dolanbacları başlayır. Kişidən alınan ilk məbləğ anaya bağışlanır. Ana aldadılır. Müqəddəsliyə haram qatılır. Sonda isə qadın aldığı məbləğ qarşısında onu zorlamaq istəyən iş adamını qətlə yetirir.

Qətl hadisəsi baş verməzdən əvvəl biz qətlə qədər gəlib çıxan əhvalatları parça-parça tamaşanın əvvəllərində parıltılı musiqi və işlıq fonları altında görürük. Hadisələr qəsdən dağınıq formada tamaşaçıya təqdim olunur. Daha sonra isə əvvəldə təqdim olunanlar yumaq kimi açılmağa başlayır.

Aktrisa Zümrüd Qasımovanı ilk dəfə idi ki, səhnədən izləyirdim. Və ifa baxımından olan gözləntilərimdə yanılmadım. O, qadına qarşı baş vermiş zorakılığın yaratdığı ağrını tamaşaçıya ötürə bilirdi. Hətta obrazın səsi ilə zərrə qədər də pafos olmadan qışıqırır, haray-həşir salırdı. Bəzən aktrisanın yerinə mən narahat olurdum ki, bu qədər təbii çığır-bağır, ordan-bura sürüklənmələr insan səhhətinə hansısa maneçilik törəməz ki? Belə bir hissi səhv etmirəmsə, lap çoxdan “Afət” tamaşasında yaşamışdım. Afət rolunu ifa edən Bəsti Cəfərovanın tamaşanın sonlarına yaxın inanımaz təbii ifası, yerlərdə sürünməsi, kişilər tərəfindən qucaqdan qucağa atılması məndə dəhşətli ovqat yaratmışdı. Tamaşadan çıxandan sonra rus dilli bir qadın təxminən belə ifadə işlətmişdi. Necə olur ki, bu aktrisa infarkt olmur?!

Həmin hissi təkrarən qeyd etdiyim kimi “Metamarfoz” tamaşasında Zümrüd Qasımovanın ifasında yenidən yaşadım. Aktrisa öz obrazına o qədər hakim idi ki, səhnədə aktrisa olduğunu unutmuşdum. Məhz əsl tamaşa və aktyor ifası da bundan ibarət deyilmi?

Səhnələr dəyişdikcə aktyorların obrazları da dəyişirdi. Elgün Həmidovun səsi və teatral plastikası izləyicini tamaşanın gedişatına bağlanmağa vadar edirdi.

Oktay Mehtiyevin obrazı üzərində bir az dayanmaq istərdim. Artıq ikinci tamaşadır ki, bu aktyoru izləyirəm və hər dəfə də bir-birinə oxşar rolların onun tərəfindən ifa olunması məni düşünməyə vadar edir. Oktay Mehtiyev rejissor Elvin Adıgözəlin “Yasaq cəh-cəhlər” tamaşasında da aldadan, avara, yeyib-içmək ardınca qoşan kişini canlandırırdı. Bu tamaşada da o, iş adamı rolunu ifa etsə də, yenə də yalançı, fırıldaqçı ampluadadadı. Mənə elə gəlir ki, bu aktyorun daxilində Tolstoyun “Hərb və sülh” əsərindəki Pyer Bezuxov obrazına bənzər obraz və ya “Polkovnik Şaber” əsərindəki Şaber obrazı gizlənib. Atılmış, alçalmış, həyatı tamamilə məhv olmuş, miskin bir tale yaşayan faciəvi insan obrazı bu Oktay Mehtiyevin içərisindədir. Nədənsə heç bir rejissor bu obrazı üzə çıxartmaq istəmir. Çox istərdim ki, bu aktyora belə obrazlar həvalə olunsun. Əminəm ortaya uğurlu ifa çıxa bilər.

Tamaşanın sonluğu gözlənilməz və nikbin formada başa çatır. Bəlkə də rejissorun yaratdığı xəyali nikbinlikdir. Səhnədəki hər üç aktyor plates şarları ilə oynaya-oynaya uşaq ədaları ilə səhnəni tərk edirlər. Hər halda ilin-günün bu vaxtında rejissor müəlliflə əlbir olub tamaşaçını evinə qanıqara yola salmaq istəmir. Axı hamının içində bir uşaq, uşaqlığı həmişə yaşardı. Görünür, Günay Səttar da insanların içərisində olan o, uşaqları səhnədəki qəhrəmanların uşaqlaşmaları vasitəsi ilə oyatmağa çalışıb. Çünki içimizdəki uşaq nə qədər diri qalsa, həyat və yaşamaq bir o qədər gözəl olar.

# 2064 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #