Erməni əsirliyindən sağ çıxan qadınlarımız...

Erməni əsirliyindən sağ çıxan qadınlarımız...
13 may 2022
# 17:00

Kulis.az Samirə Əşrəfin “Köhnə çamadanlar” filmindən yazdığı yazını təqdim edir.

Anamın bir çamadanı vardı. Cehizliyi idi. Evimizin ən qaranlıq otağında şifonerin üstündə olurdu həmişə. Bu çamadanın içərisində nələr yox idi? Anamın fransız ətirləri, qır-qızılı, rəngbərəng şalları və s. Hər dəfə o çamadanın açılmağı bizim üçün bayram olurdu. Bilirdik ki, ya kənddə yaşayan qohumlarımızın toyuna, ya ad gününə, ya da bayrama gedirik. Çamadanın qapağının içərisinə ağ duvağı olan gəlinlik şəkli vurulmuşdu. Yox, anamın şəkli deyildi. Çamadan istehsal edən şirkətin modelinin şəkli idi. Profildən çəkilmiş fotoda başına ağ duvaq atılmış gəlin məsum baxışlarını əlində tutduğu al qırımızı qərənfillərə dikmişdi. Çamadanın hər dəfə açılmasına həm də ona görə sevinirdim ki, o, naməlum gəlinin rəsminə yenə doyunca tamaşa edəcəkdim. Dəfələrlə şuluqluğuma salıb o şəkli qoparmağa çalışsam da, anamın dəmir kimi zəhmi buna mane olurdu. Anam o çamadanı da, şəkli də biz qaçqın düşənə qədər məndən qorudu...

Deyəsən, 1995-ci ilin soyuq qış ayında yataqxananın bir otaqlı mənzilində qalanda, həmin gəlinik şəkli ora-bura daşınmaqdan didik-didik olmuş çamadanla birlikdə zibilliyə atıldı. Son dəfə uşaqlıq arzuma baxanda onun sinəsinə sıxdığı qərənfillərin də solğunlaşdığını görmüşdüm. Bu o dövr idi ki, artıq qərənfillər gəlinlərin, bəylərin qucağını doldur, onlara arzularla birgə səadət gətirmirdi. Bəy, gəlin ola biləcək oğullar, qızlar Qarabağda döyüşlərdə həlak olmuşdular. İndi həmin rəngbərəng qərənfillər o nakam oğulların, subayların, gəlin, bəy üzü görməmiş şəhidlərin buz kimi mərmər sinə daşlarına düzülürdü. Elə qərənfillərdən qorxmaq, onları cüt-cüt almaq da həmin qanlı-qadalı illərdən qaldı, adət halını aldı.

Mən uşaqlığımı, sevimli çamadanımı, gəlinlik şəklimi itirən gündən çamadan sözünü də lüğətdən çıxardım, unutdum, unutmağa çalışdım. Buna məcbur idim həm də...

Ta ki, ötən gün rejissor Saida Haqverdiyevanın ekranlaşdırdığı “Köhnə çamadanlar” filmini izləyənə qədər...

Bütün bunları mənə yazmağa, Saidanı o filmi çəkməyə bizim yaşadıqlarımız məcbur edir desəm, yəqin ki, çox ağır olmaz. Stanislavski əbəs yerə yaşantını teatrın əsasını təşkil edən hiss olduğunu demirdi.

Saida əslən Qarabağdan olsa da, Bakıda doğulub, təhsil alıb. Atası Yavər kişi Birinci Qarabağ müharibəsinə könüllü yolananlardan, orada qanlı döyüşlərdə iştirak edən minlərlə vətən oğlundan biriydi.

Bir dəfə yadıma gəlir, Saida mənə dedi ki, bilirsən, mən Milli qəhrəman Allahverdi Bağırovu çox sevirəm, lap çox... Cavab verdim ki, nə olsun, mən də Milli qəhrəman Əliyar Əliyevi çox sevirəm, hətta işdə masamın üzərində onun şəkli var. Saida doluxsundu, “Yox, mən onu həm də atama görə çox istəyirəm. Atam ona çox oxşayırdı”.

Saida həmin oxşarlığa olan həsrətindən tutmuş, bizim hər birimizin canında yaşatdığımız torpaq, vətən itkisini, o yerlərin iyirmi səkkiz illik yoxluğunu ən az bizim qədər, biz qaçqın uşaqları qədər hiss edib, duya bildi.

Hələ ilk filmi “Ər quyusu”nda qəhrəmanların Qarabağ ləhcəsində danışması, orada səslənən muğamlar, onun bizi duya bilən hissiyyatının yaxın gələcəkdə daha dərin, daha sirli yerlərə gedib çıxacağından xəbər verirdi.

“Köhnə çamadanlar” filmi isə Saidanın Qarabağ sevgisinin kulminasiyası oldu.

Filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Saida Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğlu, quruluşçu rəssamı Əfşan Əsədova, art direktoru Tahir Əliyev, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədovdur. Xronometrajı iki saata çatan bədii ekran əsərinin baş prodüseri Pərvinə İsmayılova, layihə rəhbəri Saida Haqverdiyeva, redaktoru Həmidə Rüstəmovadır.

“Köhnə çamadanlar” tammetrajlı bədii film “RS Production”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin və “OYUN” inklüziv teatrının birgə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib.

Qələbimizdən iki ilə yaxın müddət keçsə də, təəssüf ki, bu mövzuda bir film də çəkilmədi. Əslində Mədəniyyət Nazirliyinin görməli olduğu işi, başqa bir nazirlik Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yerinə yetirdi. Nəticədə ortaya “Köhnə çamadanlar” kimi dəyərli və gözəl iş çıxdı.

Filmdə əsas rolları Xalq artistləri - Məmməd Səfa, Pərvanə Qurbanova, əməkdar artistlər - Gülzar Qurbanova, Şəfəq Əliyeva, Zemfira Əbdülsəmədova və digər tanınmış sənət adamları canlandırıb.

Film Birinci Qarabağ müharibəsindən əziyyət çəkən qadınların həyatından bəhs edir. Bu qadınlar müharibədə həkim, döyüşçü kimi iştirak edən qadınlardır. İşğal zaman baş götürüb qaçarkən erməni əsriliyində olan analar, bacılardı.

Film jurnalist xanımın Qarabağ müharibəsinin acısını yaşayan qadınları danışdırmaq cəhdi ilə başlanır. Jurnalist obrazını canlandıran (Zümrüd Qasımova)nın təmkinli əhvalı, dodağındakı, dırnaqlarındakı qırmızı boya onun gedəcəyi görüşün məzmunu ilə ziddiyyət təşkil etsə də, rejissor növbəti səhnədə bu ziddiyyətin yaratdığı sualın cavabını elə özü verir. Jurnalist vəzifə borcunu yerinə yetirərkən, elə avtomobildəcə, sükan arxasında radiodan Cəbrayıl rayonun işğaldan azad olunması xəbərini eşidir. Həyəcanlanır, kövrəlir və dərhal çantasından ətir çıxararaq ətirlənir. Ətir burada həm qadın həyəcanının, emosiyasının zərif ifadəsi, həm də qələbə xəbərinin ətri kimi simvolizə olunur.

Нет описания.

Növbəti səhnələrdə isə Sara (obrazın indiki adı dövrünü Şəfəq Əliyeva oynayır) öz həyatı barədə danışır. Musiqi müəlliməsi işləyən Saranın (gənclik yaşdakı qəhrəmanı Zarina Qurbanova oynayır) qardaşı müharibədə şəhid olandan sonra anası (Zemfira Əbdülsəmədova) havalanır, bu dərdə dözməyib dünyasını dəyişir. Bir müddət sonra oğluna müharibəyə getməsi üçün icazə verən ata, sonra onun şəhid olmasını, arvadının ölməsini sanki özünə bağışlamayan, dərdə, ələmə qərq olan ata (Məmməd Səfa) vəfat edir. Bütün bu hadisələr qəhrəmanın nəqli fonunda təqdim olunur.

Filmin bu hissəsində ailə doğmalığı, məhrəmliyi, ananın oğula bağlılığı, atanın zəhmi, qızın ailəsinə sevgisi son dərəcə ifadəli verilir. Aktrisa Zemfira Əbdülsəmədova qəhrəmanın hiss və həyəcanını dolğun və yüksək peşəkarlıqla çatdıra bilir. Həmin səhnədə aktrisa doğrudan da, sanki oğlunun ölümündən sonra qırx gün otaqdan çıxmayan şəhid analarından birinə çevrilir. Beli əyilir, taqəti kəsilir və ən dəhşətlisi o, havalanır. Aktrisa qəhrəmanının şok vəziyyətinin təsvirini-saçlarını necə gəldi biqudiləməsini, dırnaqlarını dırnaq boyası ilə səliqəsi boyamasını çox amansız, soyuqqanlı və təbii şəkildə oynayır.

Нет описания.

Məmməd Səfanın canlandırıdığı ata obrazını ekrandan görəndə yadıma 24 yaşında oğlunu şəhid verən Xalq yazıçısı Sabir Əhmədli düşdü. Bildiyimə görə Sabir Əhmədli oğlunun cəbhəyə getməsinə ürəklə razılıq verib və o, şəhid olandan sonra heç vaxt, heç kimi yanında göz yaşı axıtmayıb. Məmməd Səfa filmdə öz qəhrəmanı vasitəsi ilə milyonlarla Sabir Əhmədlini, ata obrazını ürəkdən, içdən ustaca yarada, həm də yaşada bilir.

Filmin başlanğıcında çox dəqiqliklə seçilən bu təsirli səhnələrdən sonra, ölkəmizin ən dəhşətli günlərini göstərən səhnələrlə üzləşirik. Qadın və kişi döyüşçüləri cəbhə bölgəsindədirlər. Burada hər şey qan rəngindədir. Ancaq müharibənin içərisində bir də insan olmaq haqqımız var axı. Nə baş verir versin, insan insan olmağı bacarmalıdır. Aktrisa Zülfiyyə Nəzər Məmmədovanın canlandırdığı döyüşçü Kəmalə obrazı məhz bu məqsədə xidmət edir. Azərbaycanlılara amansız işgəncələr vermiş Karen (Türkay Cəfərli) əsir düşəndə, Kəmalə onu digər döyüşçü dostlarının əlindən alaraq öldürülməsinə imkan vermir. Amma bu həm də iki düşmən arasındakı haqq-hesab üçün bir fürsətdir. Qəhrəmanın sırğasının itməsi ilə bu fürsətə aparan arzu daha güclənir. O, anasından yadigar qalan, ancaq əsirin gətirilməsi zaman itən sırğanın acığını Karendən müharibə ilə bağlı amansız suallarını sormaqla çıxır. Düşməni haqlı olaraq dinc yaşamamaqda, işğalçı mövqe tutmaqda günahlandırır. Aktrisa Zülfiyyə Nəzər Məmmədovanı ekrandan ilk dəfədir gördüyümü və xeyli təəccübləndiyimi desəm, yəqin ki, heç kim irad tutmaz. Səhv etmirəmsə, Zülfiyyə xanım Bələdiyyə teatrının aktrisasıdır. Yəni Xalq artisti Amaliya Pənahovanın teatr məktəbini keçmiş, peşəkarlaşmış aktrisadır. Məhz buna görə də o, həmin obrazı yaradarkən, müharibə nəticəsində solub saralsa belə, qadınlığını, sevgisini, keçmiş xatirələrini unutmayan qəhrəmanını doğru təqdim edə bilir.

Нет описания.

Rəqqasə və aktrisa Oksana Rəsulovanı aktrisa kimi istedadını bu filmdə kəşf elədim. Buna kimi oynadığı filmlərdə Oksana Rəsulova istedadını tam aça bilməmişdi. Lakin bu filmdə rejissorla uğurlu əməkdaşlığı sayəsində Oksana Rəsulovanın oynadığı həkim obrazının təbii, inandırcı yaşantısını görürük.

Türkay Cəfərli canlandırdığı erməni obrazının qəddarlığını əsaslandıra bilir: ”Bizə uşaqlıqdan öyrədiblər ki, türkü öldürmək lazımdır”. Cavanşir Məhərrəmovun oynadığı digər qəddar erməni obrazı da adamda həqiqi qəzəb hissi yaradır.

Döyüşçü qadınları canlandıran Rada Nəsibovanın, Aygün Fətullayevanın, əsir qadın obrazlarını oynayan Ülviyyə Əliyevanın, Könül Qasımovanın, “Oyuq” teatr studiyasının yetirmələri - erməni uşağının ifaçısı İbrahim Süleymanlının, ekranda əsir qızın ağır taleyini yaşayan Selcan Xatunun ifaları da dərin emosional təsir buraxır.

Нет описания.

Bütün bu cümlələri indi nisbətən sakitləşmiş, rahatlaşmış şəkildə yazsam da, ötən gün filmə baxan zaman gözümdən axan yaşları xatırlayıram. Göz yaşımı tez-tez yenilədiyim salfetlərlə silən zaman məni ağladan səbəbləri düşünürdüm. Nə idi məni bu qədər ağladan, bu qədər həssas edən?

Yaşantı! Mən təqdim olunan hekayələrdəki insanların ağrı acılarını, onların otuz ildə yaşadıqlarını hiss edə bilirdim. Çünki mən də 28 illik qaçqınlıq həyatı yaşamışdım. Mən öz evinin xarabalığını bir dəqiqə görmək üçün ömrünün böyük hissəsini nəzir verən, allahla sövdələşməyə girən adam idim.

Mən həm də hazırladığım “Şəhid əmanəti” layihəsində onlarla, yüzlərlə şəhid ailələri ilə görüşmüşəm, nə qədər şəhid anasının, bacısının, xanımının, uşaqlarının göz yaşlarını görmüşəm, onlarla birgə ağlamışam.

Нет описания.

Bir-birlərini dəlicəsinə sevən insanların bir anın içində bitən, ömürlük ayrılıq hekayələrini, gecələr analarının səssiz göz yaşlarının gətirdiyi hıçqırıqlarla yuxuya gedən şəhid balalarının lal sükutlarının fəryadını dinləmişdim. Oğulları şəhid olandan sonra, gecə qar yağanda ayaqyalın, başaçıq məzarlığa qaçaraq, oğlu üşüməsin deyə, oğlunun məzarına sərilən, oğlunun şəhid xəbərinə dözə bilməyib dəfələrlə intihara cəhd edən analar görmüşəm.

İllərlə qardaşının nişan səbətini yadigar saxlayan, anası oğlunun ölümünə görə özünü öldürməsin deyə, onun qapısı ağzında yatan, keşik çəkən bacılara qulaq asmışam.

Heç vaxt danışmayan, ancaq susan şəhid atalarının səssizliyini müşahidə etmişəm.

İndi bütün bunlar mənim gözlərimin qarşısında, Saida Haqverdiyevanın filmində təqdim olunurdu. Mən bütün bu səbəblərlə ağlayırdım.

Film haqında çox yaza bilərəm, amma qəhrəmanlar çox, kadrlar ağır, təəssüratlar isə bunlardan da ağırdır.

Нет описания.

Amma filmdə bir səhnəni xüsusilə, vurğulamaq istəyirəm. Əsirlikdə olan qadının (Zülfiyyə Qurbanova) övladlarının öldürülməsindən sonra yaşadıqları və onun olmazın işgəncələrə məruz qalandan sonra, oğluna (Adil Əlizadə) və ərinə (Aqil M. Quliyev) qovuşma səhnəsi...

Əvvəlcə Zülfiyyə Qurbanova haqqında bir neçə kəlmə yazım. Bu aktrisanı artıq illərdir müxtəlif obrazlarda görmək şansım olub. Hər dəfə obrazının öhdəsindən layiqincə gəlməyi bacarıb. Zülfiyyə Qurbanova hazırda kinoda ən tələb olunan aktrisalardan biridir. Övladı öldürülən qadının fəryadını, sayıqlamalarını aktrisa təsirli, dəqiq emosiyalarla və təbii ifadə edirdi. Əsirlikdən azad olunandan sonra oğlunu tapması və əri ilə görüş səhnəsi filmin ən gözəl, dahiyanə səhnəsi idi.

Нет описания.

Ancaq burada xüsusi vurğu etmək istəyirəm. Qadını, uşaqları əsirlikdən qayıdan və məğlub tərəfin hərbçisi olan obrazı yaradan Aqil M Quliyevlə Zülfiyyə Qurbanovanın tandemi çox uğurlu idi. Və inanmıram ki, Aqildən başqa kimsə, bu rolu bu qədər dəqiq, bu qədər ağrı ilə ifadə edə bilərdi. Həmin səhnədən sonra Aqil bəy mənim yaddaşımda aktyor kimi yox, elə bir ayağı axsayan, ağrı-acıdan, dərddən məhv olsa da, ayaq üstə dimdik dayanmağı bacaran, içindəki bütün məğlubiyyətə qalib gələrək əsirlikdən xilas olan xanımın saçlarını hörən, həm də onu yaşadığı məhrumiyyətlərə, məruz qaldığı nalayiq işgəncələrə baxmayaraq, tərtəmiz qəbul edən insan kimi qaldı. Əlahəzrət Stanislavski, Yaşantı və sənət!

Film elə əsirlikdən sağ çıxan uşağın İkinci Qarabağ müharibəsindən qəhrəman döyüşçü kimi çıxması ilə başa çatır. Yəni qələbə xəbərləri, üç rəngli Azərbaycan bayrağı və Zəfər ilə. Qələbəmiz daimi olsun!

# 6010 dəfə oxunub

Müəllifin son yazıları

# # #