“İblis və...” - Samirə Əşrəf

“İblis və...” - Samirə Əşrəf
5 noyabr 2024
# 17:00


Kulis.az Samirə Əşrəfin “İblis və...” tamaşası haqqında təəssürat yazısını təqdim edir.

Küçəyə açılan qapıdan çıxanda külək məni uğultuyla qamarlayır. Boğazıma dolanan yaylığa hopan soyuqluq bütün bədənimə yayılır. Mərmər plitələr döşənmiş geniş küçələri irəlilədikcə tez-tez saata baxır, tamaşanın başlanma vaxtını hesablayıram. Ayaqla yarım saatlıq yolu qət edib Akademik Milli Dram Teatrına çatanda hava qaralır, şər qarışmış olur. Teatrın nəhəng şəbəkəli eyvanından süzülən, qəlbə narahatlıq gətirən sarımtıl işıqlar sayrışır. Hər bir tamaşanın həm əvvəli, həm də axıra çatması var. Sonda həmin işıqlara qoşulan bütün işıqlar sönür, səhnəsindən qapısına qədər sənətkarların ruhu dolaşan, nəfəsi hopan teatrlar qaranlığa qərq olur. Bu qaranlıq, hər kəsin tamaşadan, oyundan çıxıb, qrimdən, ağır, tərli libaslardan azad olub evinə getməsinə işarədir. Həmin işarə hər zaman qəlbimə nigarançılıq gətirib. Oxuduğum, valeh olduğum, səhnədən izlədiyim əsərlərin qəhrəmanlarının səhnədən öz həyatlarına, var olduqları kitabların, sözlərin, cümlələrin içərisinə geri qayıtmasını o qədər ürəkdən arzulamışam ki... Əfsus, həyat nə kitab, nə də tamaşa deyil. Həyat mən, sən, o, onlardır.

Amma bu gün Milli Dram Teatrında həm tamaşa var, həm də həyatın özü. İnsanlar əllərindəki biletlərlə teatrın qapısına yaxınlaşırlar. Məhəmməd Füzulinin heykəlinin yanından ötürəm. Payızın Füzulinin heykəlinin ətəklərinə toxundurub yerə səpələdiyi sarı, narıncı quru xəzəllər ayağımın altından sovrulub keçir, daş səkilərin üzərindən sürüşüb xışıldayır. Axşamın bu dar vaxtında rus yazıçılarının romanlarındakı qadın donlarının xışıltısının təsvirlərini xatırlayıram. Görəsən, yarpaqların xışıltısı ilə həmin təsvirlərdəki xışıltı oxşardır?

Ancaq bu yarpaqlar mənə hardansa başqa yerdən, bu günlə səsləşən məkandan, addan, imzadan tanışdır. Hardansa tanıyıram, görmüşəm onları... Hə, yadıma düşdü. Yuğ teatrında Mehriban Ələkbərzadənin quruluşunda izlədiyim “Müəmmalı qətlin üç versiyası” tamaşasında görmüşdüm indi ora-bura dalğalanan xəzəllərdən...

Əməkdar İncəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda izlədiyim tamaşaların sayı çoxdur. Bəyəndiklərim, ən çox bəyəndiklərim olub. Heç yadımdan çıxmayan “Afət”, “Mənəm mən” və “Kod adı: V.X.A” idi. İndi isə qarşıda “İblis və...” var.

Fəhmim lap əvvəldən, tamaşanın məşqləri başlanan gündən mənə diqtə edir ki, bu tamaşa ən yaxşısı olacaq.

Ələkbərzadə seçdiyi əsərə və onun səhnə həllinin uğurlu alınacağına inanan az saylı rejissorlarımızdan biridir. Əsərə və səhnəyə bələd olması, əzmkarlığı, zəhmətkeşliyi, heç nəyə və heç kimə məhəl qoymadan sənət sevdasının ardınca baş alıb getməsi, sənət məcnunluğu onun tamaşalarının uğurlu olmasının ən böyük göstəricisidir.

Digər tərəfdən isə Mehriban Ələkbərzadənin Akademik Dram Teatrının səhnəsinin, ümumiyyətlə, rejissorluq peşəsinin ağırlığını, məsuliyyətini hələ gənc yaşlarından dərk edən rejissordur. Onun Hüseyn Cavid yaradıcılığına olan sevgisi, inamı və nəhayət, milli təəssübkeşliyi hələ izləmədiyim tamaşa haqqında yaxşı düşünməyimə, hiss etməyimə əsas verirdi. Sonuncu kəlmələri mütləq möhkəmləndirmək üçün qeyd edim ki, Mehriban Ələkbərzadənin millət, vətən sevgisini “Kod adı: V.X.A” tamaşasında duymamaq, görməmək mümkün deyildir. Onun repressiya olunmuş aydınlarımıza, ziyalılarımıza, onların ölməz əsərlərinə hörməti, sayğısı və dönə-dönə vurğuladığı borcu izaholunmazdır. Bəhs etdiyim səhnə əsərində Mehriban xanım həm vətəndaşlıq, həm yaradıcılıq sədaqətini sübuta çatdırmağa nail olub.

Xeyli vaxtdır məşqləri gedən “İblis və...” adlı səhnə əsəri isə tamaşaçıların ixtiyarına verilib. Hətta ilk premyerası Sankt-Peterburqda - Aleksandrinski Teatrında keçirilib. Yeri gəlmişkən, bu, Azərbaycan teatr tarixində Aleksandrinski Teatrında premyerası keçirilən ilk tamaşadır.

Ancaq indi uzun illərin sınağından, bərkindən-boşundan çıxan milli teatrda tamaşa zalının əzəmətli çilçıraqları sönür, səhnədə göy, bənövşəyi, ağ işıqlar tar ifasının sədaları ilə qoşalaşaraq rəqs edir. Səhnənin mərkəzinə ağ duman süzülür.

Bu dəfə aktyorlar səhnəyə yox, zala daxil olurlar. Elə tamaşaçıların gözləri qarşısında çaxnaşma düşür, xaos yaranır. Cavidin məşhur qəhrəmanları bir-biri ilə yola getmir. Rejissor elə ilk andan hər şeyi insanların arasından başladır. Buyur, əziz tamaşaçı, indi bu xaosdan, qatmaqarışıqlıqdan necə baş çıxaracaqsansa, çıxar, bu sənin öz işindir! Mənim işim isə hələ bundan sonra səhnədədir, oradan sənə hər şeyi göstərəcəm, deyir!

Hüseyn Cavid “İblis” əsərini 1918-ci ildə 36 yaşında qələmə alıb. Repressiya olunmazdan 19 il, ölümündən 21 il əvvəl. Bu əsərdən sonra başqa əhəmiyyətli pyeslər də yazıb. Ancaq böyük sənətkarların müraciət etdiyi ən məchul əsərlərdən biri də məhz “İblis” olub. Ötən əsrdə müxtəlif illərdə Abbas Mirzə Şərifzadə, Aleksandr Tuqanov və Mehdi Məmmədov əsərə səhnə həyatı bəxş ediblər.

Dünya ədəbiyyatında iblis, şeytan mövzusunu həm aşkar, həm də alt qatlarda ifadə edən ədəbi nümunələr çoxdur. Hötenin “Faust”u, Bulqakovun “Master və Marqarita”sı, Tolstoyun “Sergi ata”sı, Dostoyevskinin “Şeytanlar”ı şər qüvvələrin insan nəfsinə, qana yerikləməsi, insanların şərə, iblisə satılmasının ən yaxşı nümunələridir. Ancaq azərbaycanlı oxucu üçün bu əsərlərin hamısında göstərilən İblis qərblidir, xristian dininin katarsisi ilə təqdim olunub. Cavidin “İblis” əsərinin ən böyük üstünlüyü, ən yaxşı məziyyəti ondan ibarətdir ki, o, həm dünyəvi, həm də şərqidir.

Bu mənada Mehriban Ələkbərzadə məncə ən çox bu nüansa xüsusi diqqət yetiribdir. Həm Hüseyn Cavid üslubunun qorunub saxlanılması, həm də İblisin daha çox şərqləşməsi, azərbaycanlı tamaşaçının anlayacağı, qəbul edəcəyi obrazda görünməsi üzərində xeyli iş görübdür.

Səhnənin mərkəzindəki duman isə artır, çoxalır, bayaqdan zalda çaxnaşma salan İblis səhnədə zühur edir. Qəhrəmanlar da zaldan səhnəyə qalxırlar. İblis başını bir azca dikəldərək yüksəyə, özünün nişanələdiyi nöqtəyə baxır. Tanrı ilə çək-çevirə başlayır. O, Tanrını inandırmağa cəhd edir ki, onun digər mələklərdən seçilib kənara atılmasında o yox, insanlar özləri, onların nəfsləri, var-dövlətə tamahkarlıqları, düşkünlükləri günahkardır. Və İblis, deyəsən, razılığa nail olur... Tanrıdan möhlət ala bilir. "Ol" deyəndə Olanın sahibindən insanın öz ruhunu İblisə necə satacağına, özünün günahsız olmasına tamaşa etməyə (?) dəvət edir.

Beləliklə, Tanrının müşayiəti ilə tamaşa başlanır.

Birhissəli səhnə əsərində İblis (Anar Heybətov) insanların qəlbini ələ almağa, onları yoldan çıxarmağa çalışan bəd qüvvədir. Onun köməkçiləri İblisin varisi 1 (Elşən Cəbrayılov) və İblisin varisi 2 (Elnar Qarayev) İblisə köməkdirlər. İblisin toruna isə uşaq qədər saf olan Arif (Murad İsmayıl) düşür. Bu yolda İxtiyar şeyx (Kazım Abdullayev), Xavər (Lalə Süleymanova), Rəna (Vəfa Rzayeva), Vasif (Elsevər Rəhimov), İbn Yəmin (Elçin Əfəndi) qurbana çevrilməkdən xilas ola bilmirlər.

Arifin bir damla şəraba təslim olması, paklığını zərrə-zərrə itirməsi, sevgisini məhv etməsi Murad İsmayılın ifasında tamaşaçını riqqətə gətirir. Son dövrün ən yaxşı gənc aktyorlarından biri hesab olunan Murad İsmayılı ilk dəfə “Aydın” tamaşasında Dövlət bəy obrazında izləmişəm. Ümumilikdə ifa etdiyi obrazlarda nə etdiyini bilən, səhnəni hiss edən aktyordu. Arifin saflığını, gəncliyə xas çılğınlığını Murad böyük səylə, dolğun formada qarşı tərəfə, zala ötürə bilir. Onun yeri gələndə günahsız bəndə, yeri gələndə İblis qədər zalım ola bilməsi, dəyişmə, başqalaşma qabiliyyəti aktyor potensialının yüksəkliyindən xəbər verir.

İblisin varislərindən biri olan Elnar Qarayev cəsarətli səs tembiri, özünəinamlı ifası ilə önə çıxan zaman, digər varis Elşən Cəbrayılovun zahiri parıltısı, plastikası, manevrləri səhnəni ələ alırdı. Aktyorlar bir-birlərini duymağa, ardıcıllığı qorumağa çalışırdılar. Elşən Cəbrayılovun qrimi, obrazına qatdığı ştrixlər, jestlər, simasının haldan-hala düşməsi, bədən dili rəngarəng və fərqliydi. Aktyorun ironiyası, yüngül sarkazmı, havalı ifa tərzi mənə italyan rejissor Lukino Viskontinin “Tanrıların qürubu” filmində Martin fon Essenbek obrazını ifa edən, Vsikontinin sevimli aktyoru Xelmut Berqerin ifasını xatırladır.

Tamaşanın uğurlu alınmasında kollektiv əmək sərf edən tamaşanın quruluşçu rəssamı İlham Əsgərovu, geyim üzrə rəssamı Vüsal Rəhimi, işıq üzrə rəssamı Rafael Həsənovu, bəstəkarı Azər Əsgərovu, məsləhətçi Azər Turanı təbrik etməyə dəyər. Tamaşada ağ, qara və qırmızı rənglərdən istifadə olunub. Səhnədə baş verəcək hər bir hadisə cəmi bu üç rəngin çalarlarına uyğun təqdim olunur.

Aktrisa Vəfa Rzayevanın tələskənliyi sanki səhnədə ona bir qədər mane olurdu. Bu mənada ora-bura qaçması, bəm səsdə ifası bəzən qışqırığa çevrilirdi. Ancaq finalda aktrisa Rənanın ölümünü organik və həlledici tərzdə ifa edə bildi.

Aktrisa Lalə Süleymanovanın cəlbedici fakturası ona səhnədə geniş imkanlar yaradır. Obrazı mənimsəməklə yanaşı aktrisa Xavər obrazının daxili hisslərini açıb göstərə, mizanlarını səliqə ilə yerinə yetirə bilir, sevilməyən qadının təktərəfli sevgisini əhatəli ifa edə bilməsi onun gənc aktrisa kimi üstün məziyyətləri idi.

Kazım Abdullayev, Elşən Rüstəmovun və digərlərinin ifası da yaddaqalan idi.

Və nəhayət, Anar Heybətov haqqında bir neçə kəlmə...

Mehriban Ələkbərzadənin quruluşunda Anar Heybətovu iki ifada izləmişəm. “Əsrə bərabər gün” tamaşasında Sabitcan və haqqında bəhs etdiyim “İblis və...” tamaşasında İblis.

Buna qədər də təbii ki, Anarın iştirak etdiyi tamaşalara baxmışam. Qəti qənaətim isə bu olub. Anar Heybətov yaxşı aktyor deyil. Əlbəttə, hazırda fikrimi tez-tez dəyişən yaşda və təcrübədə müəllif olmadığından belə qənaətə gəlmək olar ki, Anar Heybətov üçün bundan əvvəl təyin olunmuş obrazların təyinatı yalnış olub. Çox güman, Anar Heybətov illər əvvəl indiki yaşına rəğmən gənc olduğundan nə Cəfərqulu xan, nə Kefli İskəndər, nə Knyaz Xasay, nə də Mikayıl Müşfiq olmadığını duya, hiss edə bilməyib. Aktyor məhz Sabitcan və İblis, həmçinin, bu kimi obrazları məharətlə ifa edə bilərmiş... Bəlkə də, o, aktyor kimi boyuna biçilən obrazları vaxtında müəyyən edə bilsəydi, əminəm ki, daha böyük və erkən uğurlar əldə edərdi. Əlbəttə, bu cümlələr qəti şəkildə diaqnoz xarakteri daşımır, bir tamaşaçı, qələm adamı fikri ətrafında cərəyan edir.

Ancaq Anarın bundan sonrakı səhnə həyatında Mehriban Ələkbərzadənin zəhməti ilə yaranan Sabitcan, xüsusilə, İblis obrazının əvəzolunmaz yer tutacağına inanıram.

“İblis və...”də isə Anar Heybətov öz rolunu kifayət qədər gözəl ifa edə, tamaşaçını yaxşı mənada təəccübləndirə, hətta bəzi məqamlarda heyrətləndirə bildi. Onun Tanrı ilə haqq-hesabı, Arifdən insan üçün ən qiymətli varlığını, ruhunu satmasını dilə tutması və onun faciəsinə soyuqqanlı yanaşması, günahkar ola-ola günahdan guya sıyrılıb dinc dayanması, həm Tanrının günahsız bəndəsi kimi sinəsindəki iblis nişanından təğyiri-libas olması, həm də anidən İblisə çevrilmə bacarığı çox yaxşı idi. Xüsusilə, qızıllarla rəqsi Anarın ifasının kulminasiyası hesab oluna bilər. Sonda Anarın səs tembrinə, daxili intonasiyasına zərrəbinlə nəzarət edərək Arifi Tanrının qarşısına atması uğurlu alındı.

İstedadın gizlinlərdən çıxarılması, tapmaca kimi açılıb nümayiş etdirilməsi bəzən müəllifə bir neçə kəlmə sözdən daha çox yazdırmağa səbəb olur. Xülasə, hər bir yaradıcı insan öz gücünü yaxşı bilməli, nəfəsinin hara qədər gedəcəyini dəqiqliklə hesablamalı, enerjisinə bələd olmağı bacarmalıdır.

Tamaşanın sonuna az qalır. Səhnənin işıqları, projektorlar bu dəfə istiqamətini dəyişir, səhnədən birbaşa zala, tamaşaçılara tuşlanaraq güzgü effekti yaradır.

İblis zala səslənir:

“İblis nədir? - Cümlə xəyanətlərə bais,

Bəs hər kəsə xain olan insan nədir?

- İblis!”

Səhnənin mərkəzində yağış yağır, İblis son dəfə əlində çətir peyda olur. O, başını çox yox, azca çətirin altından çıxarmaq istəyir. Yağışa diqqətlə, sanki bir az da həsrətlə baxır, ancaq tezcə də çətirin altında gizlənir, kölgəni, qaranlığı seçərək, heçliyə qarışır. Digər qəhrəmanlar onun ətrafında cəm olurlar. Onlar nə çətirin altındadırlar, nə də yağışın. Sanki boşluqda, bəlkə də, bizim bilmədiyimiz, tanımadığıımız başqa dünyalarda, paralel zamanlardadırlar.

Pərdə qapanır, alqış sədaları salonu bürüyür. Teatrdan çıxıb küçəyə çıxıram, üz-gözümə vuran yağışın altında addımlayıram. Üst-başım islanır, çətirim yoxdur. Götürməyi unutmuşam...

Qəfildən ikinci telefonuma zəng gəlir. Teatrdandır. Naməlum səs o biri telefonumun teatrda qaldığını xəbər verir. Çantamı eşələyirəm, qırmızı rəngli telefonum, doğurdan da, yoxdur.

Geri qayıdıram. Düşüncələrim dinc dayanmır. Telefonum niyə orada, teatrda qaldı axı, fikirləşirəm. Ağlıma gələn ilk sualdan diksinirəm!

İblis?!

Noyabr 2024

# 1453 dəfə oxunub

Müəllifin son yazıları

# # #