Havalar istiləşəndən dənizə getmək məcburiyyətə çevrilib. Əgər eviniz dənizə yaxındırsa, bu məcburiyyətdən qaçış yolu hardasa qeyri-mümkündür.
İsti qumun üzərində günəşlənərək, dənizdə çimən uşaqlara göz qoyan anaların, onlara üzməyi öyrədən ataların səsi sahili boyu dalğalanıb əks-səda verir. Günəş göyün üzünə qalxdıqca havanın hərarəti də artır. Analar öz uşaqlarını qumda qızınmağa, günəşlənməyə səsləyir. Uşaqlarsa sudan çıxmaq istəmirlər. Kim çıxar ki? Sərin, hüdudsuz dalğalar adamı beşik kimi yırğalayıb layla çalır. Mən də eləcə...
Axşama doğru yaxınlığımdakı əşyaların sahibləri də yavaş-yavaş sudan çıxıb qaynar quma doğru tələsirlər.
Bəstəboy, sarıyanız qadın oğlunun əyilən, hərəkətdən məhrum tərəfinə dayaq olaraq onunla birgə astadan hərəkət edir. Sonra oğlunun əlindəki çəliyi alıb ehmalca yerə qoyur. Oğlanı qumluğa uzadır. Bədəninin ən ağrılı, həm də ən zədəli yerlərini qumla basdırır. Başındakı yay papağını da övladının yalın başına qoymağı unutmur.
Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanındakı Manqurtun anasını xatırlayıram. Uzun illər oğlunu düşmən əlindən xilas edib, evinə qaytarmağa çalışan Nayman ananı. Bu qadın da oğlunu xəstəliyin cəngindən azad etmək üçün hər şeyi gözə alan birinə bənzəyir.
Aslanın 21 yaşı olsa da ona uzağı on beş yaş vermək mümkündür. Baxışlarındakı səmimiyyəti, gülər üzü taleyi ilə barışdığından xəbər verir.
Anası pəsdən, oğlunun güclə eşidəcəyi səslə danışır:
Səsi qırılır… Gözlərini dənizin uzaq üfüqlərinə dikərək bir müddət susur. Baxışları dənizlə göyün birləşdiyi yerdə az qala çoxdan ondan uzaqlaşmış, keçmişə gömülmüş gəncliyini axtarır.
- Bəs yeriməməsi, digər yaşıdlarından geri qalması sizi təəccübləndirmirdi?
- Yox. Fikirləşirdim ki, yəqin tənbəlliyindən yerimir. Həkimlər mənə deyəndə o, iflicdir, heç xəstəliyini də anlamırdım.
- Öyrənəndə neylədiniz?
- Pis oldum. Çətin idi onun xəstəliyi ilə barışmaq. Tez-tez xəlvətə çəkilib ağlayırdım. Depressiyaya düşürdüm.
- Aslandan sonra uşağınız olmadı?
- Əvvəllər özüm istəmədim uşağım olsun. Həm bacımın oğluna, həm də Aslana baxırdım. Üstəlik ev işləri, biş-düş. Çatdırmırdım. Ancaq mən uşaq arzulayanda da olmadı. Fikirləşdim ki, bu da nəsə allahın bildiyi işdir. Elə o vaxtdan özümü bütünlüklə Aslana həsr etdim.
Bayaqdan anasının danışıqlarını sakitcə dinləyən, amma həm də özünü bizə qulaq asmırmış kimi göstərən Aslana baxıram. O kifayət qədər ağıllı və məntiqlidir. Hətta sosial şəbəkələrdə insanlarla ünsiyyət də qurur.
- İnsanların səninlə münasibəti ürəyincədir?
- İnsanlarla münasibətim yaxşıdır. Ancaq hərdən xətrimə də dəyirlər. Adamlarla daimi ünsiyyətə üstünlük verirəm. Amma bir də baxıram ki, onlar məndən qaçırlar, ya da ki, yalandan söhbət edirlər, ünsiyyətləri də saxta olur.
- Qızlarla aran necədir?
- Onlarla da eyni cür. Həyatda görüb-tanıdığım qızlar sosial şəbəkələrdə bəzən məni bloka atırlar. Bəlkə çox bezdirirəm. Nə bilim. Bəzən çox əsəbiləşəndə ağlayıram da. İnsanların münasibəti adamı kədərləndirir
- Sevdiyin qız var?
- Bir nəfər vardı. Qohum idi. Sonra ayrıldıq. Ailə qursam, qohumla evlənəcəm. Qohumu heç olmasa azdan-çoxdan tanıyırsan.
- İnsanların səndən kənarlaşması pis təsir edir?
- Əlbəttə. Hərdən anama da deyirəm. Bəzən ona da çox əsəbiləşirəm. Həmişə mənimlə bir yerdə olur. Mən də istəyirəm ki, tək gəzim, sərbəst olum. O isə buraxmır. Elə bilir ki, qapıdan çıxan kimi məni ya avtomobil vuracaq, ya da başıma hansısa bədbəxt hadisə gələcək. Amma mən inandığım yerlərə özüm tək gedib-gələ biləcəyimi hiss edirəm. Hissiyyatım məni aldada bilməz. Çətinliyə düşəndə də yolunu tapıb çıxıram.
- Evdə ən çox kiminlə ünsiyyətdə olursan?
- Ata babamla. Onu çox istəyirəm. O da mənimlə nəfəs alır. Hələ balaca uşaq idim məni həmişə qucağında həkimlərə aparırdı, dənizə gətirirdi. Mənimlə birgə çimirdi. Mənə üzməyi də babam öyrədib. O, məni hamıdan qoruyur, qoymur heç kim xətrimə dəysin.
- Kompyüterdən ən çox nə üçün istifadə edirsən?
- Kinolara baxıram, sosial şəbəkələrə girirəm. Ən çox türk filmlərinə baxıram. On ilə yaxındır “Arka sokaklar” serialını izləyirəm.
- “Leyla ile Məcnun” adlı bir serial da var. Ona baxmırsan?
- Yox. Heç rastıma çıxmayıb. Baxaram.
Aslan danışdıqca anası susqunluqla oğlunu izləyir. Arada dərindən içini çəkir. Oğluna ürəyində qövr edən kədəri hiss etdirməmək üçün xoşbəxtcəsinə gülümsəməyə çalışır. Lakin qorxusunu da dilə gətirməkdən çəkinmir.
- Bircə qorxum var. O qorxu həmişə mənimlədir. Deyirəm, mənə bir şey olsa, gec, ya tez bu dünyadan köçsəm, o, necə olacaq?
Son dəfə əlindəki balqqulağı ilə qumu qarışdıran Aslana baxıram
- Ən böyük arzu nədir?
- İşləmək istəyirəm. Mən axı kompyüter sahəsi üzrə də təhsil almışam. Xaricdə mənim kimi qüsurlu uşaqlar üçün belə şərait yaradılır. Bilmirəm bizdə bu mümkündür, ya yox. İstəyirəm öz həyatımı qurum, səhhətim bir az da düzəlsin ki, heç kimdən asılı olmayım.
Yadıma bir, iki ay əvvəl baxdığım “Mənim sol ayağım” filmi düşür. İrlandiya rejissoru Cim Şeridianın real faktlar əsasında çəkdiyi film çoxuşaqlı ailədə anadan iflic doğulmuş Kristi Braunun həyatından bəhs edir. Kristi ayağı ilə rəsm çəkir, yazı yazır, insanlarla ünsiyyətə girməyi xoşlayır, hətta öz müəlliməsinə aşıq olur. İlk eşqi uğursuz alınsa da, sonradan çıxış edəcəyi tədbirdə ona baxıcılıq edən tibb bacısı ilə ailə qurur və çox güman ki, xoşbəxtliyin nə olduğunu dərindən hiss edir.
Bəlkə Aslan da Kristi kimi nə vaxtsa öz səadətini tapacaq. “Happy End”lər təkcə filmlərdə olmur axı…
Qumluqdan uzaqlaşanda çevrilib ona bir də baxıram. Gülümsəyərək əl edib deyir:
“Sabah yenə gəlin. Sizi elə burda gözləyəcəm.”