Uşağıydım. 90-cı illərin əvvəli, rayonumuz hələ işğal olunmamışdı. Şad-xürrəm uşaqlıq illərimi yaşayırdım. Yay tətilində, günün ən isti vaxtında mütləq yatmalıydıq. Günorta saat iki ilə dörd arası bütün məhəlləyə ölü sükut çökər, hamı istidən daldalanmaq üçün mütləq sərin bir yer tapıb daldalanar, yuxuya gedib bir, iki saatlıq çimir alardı. Bizim evin də dəyişməz qanunu vardı. Yatmasaq belə yatağımıza uzanıb həmin bir, iki saatın keçməyini gözləməliydik. Amma bir dəfə necə oldusa, yuxuya getdim. Qəfildən “ay haray, kömək eləyin, balam əlimdən getdi” sözlərinə yuxudan dik atıldım. Əvvəl elə bildim, yuxu görürəm. Sonra bostanda işləyən atamın ayaq səslərini, onun bayır qapısını açıb təlaşla küçəyə qaçdığını eşitdim. Qonşumuz Zərintac xalanın naləsi günün günorta çağı məhəlləyə bomba kimi düşmüşdü. Onun yeddi yaşlı oğlu Uğur su kanalına düşmüşdü.
Uğur çox dəcəl idi. Vururdun vurulmurdu, tuturdun tutulmurdu. Anası, atası onun əlindən həqiqətən də zinhara gəlmişdi. Bir dəfə anasını necə əsəbləşdirmişdisə, Zərintac xala bıçağı ocaqda qızdırıb onun əlinə dağ basmışdı. Hətta kəndirləyib qaranlıq otaqda bir gecə saxladığını da eşitmişdik. Amma Uğur dəcəl idi. Və dəcəlliyindən də qalmırdı. İndi isə Uğur kanala düşmüşdü. Mən küçəyə çıxanda Zərintac xala asvaltın üzərinə çöküb özünü döyür, “əlinə dağ basdığım yerdə əlim quruyaydı, ay Uğur” deyib nalə çəkirdi.
Atam əlli tərpənmişdi. Kanaldan gələn su birbaşa artezana tökülürdü. İndi tam təfərrüatlarını xatırlamasam da, atam artezana girib möcüzəvi şəkildə Uğuru xilas edə bilmişdi. Zərintac xala Uğuru qucağına alanda yenə havalı adamlar kimi eyni sözləri pıçıldayırdı. “Əlinə dağ basdığım yerdə əlim quruyaydı”.
Sonra müharibə başlandı, yetkinləşəndən sonra da ipə sapa yatmayan Uğur müharibəyə getdi. Birinci Qarabağ müharibəsinin ilk şəhidlərindən oldu.
Sonralar Zərintac xalanı harda görürdüksə, hər şeyi unudub oğluna verdiyi cəzalardan yana-yana danışır, peşmançılıq edirdi. Heç Uğur da şəhid olanadək anası ilə uşaqlıqda ona verdiyi cəzalara görə düz dolanmadı...
Bu yazdıqlarımı yəqin analar daha yaxşı başa düşər. Ananın bala dərdi, bala sevgisi başqadır. Heç kim bunu heç nə ilə müqayisə etməsin. Lütfən. Ancaq insan olan hər kəs üçün ağrı, acı, dərd motiv olaraq dəyişmir. Başqasının ağrısını hiss edə bilmək də insandan hünər tələb edir.
Bakının Nizami rayonunda yerləşən "Mehnur" loqopedik və psixoloji reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsi ilə bağlı videogörüntülər dünəndən sosial şəbəkələrdə paylaşılır. Eşitmə, danışma əngəlli uşağı olan ana balasının döyülməsindən, işgəncəyə məruz qalmasından yana-yana danışırdı. Balasını reablitasiya mərkəzinə verib gedən ana övladının döyülməsinin qarşısında çarəsiz vəziyyətdə idi. Həmin an onun üzündəki əlacsızlıq, səsindəki qəhər məni kövrəltdi. Necə ola bilər ki, fiziki, əqli qüsuru olan, lap olmayan bir uşağa qarşı kiminsə anası, qızı olan qadınlar, qızlar belə hörmətsizlik edirlər? Onlar doğrurdan da anlamırlar ki, qarşılarındakı uşaqdır? Onlar başa düşmürlər ki, dünyanın harasında olsalar, hansı küncündə gizlənsələr həmin uşaqların, anaların ahı gəlib onları tapar?
Videolarda cavan, uzun caynaqlı, harınlamış qızlar uşaqlara şiddət tətbiq edir, onları hədələyir, şapartlayır. Bir sözlə ağlınıza gələ biləcək təhqiramiz hərəkətləri ilə əl boyda uşaqları incidirlər. Sonra da onlar gələcək naminə xoşbəxt xəyallar qurur, kiminsə sevgilisi, həyat yoldaşı, anası olmağı arzulayırlar. Bir parça çörək ardınca qaçan valideynlər isə uşaqlarını bu cür tərbiyəsiz, insanlıqdan uzaq, ləyaqət hissini itirmiş adamlara etibar edirlər.
Yazının əvvəlində Zərintac xalanın oğluna olan münasibəti haqqında boş yerə bəhs etmədim. Bir ana özündən doğulan balaya etdiklərinə görə qoca qarı olandək vicdan əzabı yaşadı. Özünün özünə etdiyini unuda bilmədi. Bəs indi övladları içgəncəyə məruz qalan valideynlər baş verən bu hadisəni necə unudacaqlar? Onlar necə çıxacaqlar bu hadisənin altından. Onlar daim baş verənlərə görə özlərini də günahkar sayacaq, özlərini danlayacaqlar.
Bütün bunlar niyə baş verir axı? Niyə bizim cəmiyyəimizdə bu cür hissiz, duyğusuz, mənəviyyatsız insanlar yetişirlər? Bu insanlar nə yeyirlər, nə içirlər, hansı hava ilə nəfəs alırlar? Əslində niyəsini bilirəm. Amma yenə kitab-dəftər, mütaliə, özünü təkmilləşdirmə söhbətləri açmaq istəmirəm. Yorulmuşam. Bəli, mən mərd mərdanə etiraf edirəm. Yorulmuşam! Daha doğrusu yorulmuşuq! Biz qələm adamları hər dəfə baş verən bu kimi murdar halların qarşısında bir az daha əriyir, ovulur, məhv olub gedirik. Bzim sözümüz heç kimə, heç kəsə çatmır. Mirzə Cəlili, Sabiri, Axundovu, Çəmənzəminlini çərlədənlər bu gün də var. Heç nə dəyişməyib. Nə qədər çevir tatı, vur tatı olar axı?!
Videolarda tərbiyəçi qızlardan biri uşaqları döyərkən ona deyir ki, mənim əsəblərimlə oynama, əsəblərimi korlama və.s. Bu adamlar anlamırlar ki, qüsurlu uşaqlara xidmət göstərirlər və buna görə məvacib alırlar. Heç olmasa qazandqları pula görə öz peşələrini ləyaqətlə yerinə yetiməlidirlər.
Ərazidə yaşayan adamalar mərkəzdə dəfələrlə belə halların olduğunu müşahidə etdiklərini deyirlər. Deməli, bu uşaqlar uzun zamandır şiddətə və təhqirə məruz qalırmışlar. Elə isə bütün bu halların baş verdiyi məkanın rəhbərliyi hara baxır? Niyə həmin reablitasiya mərkəzində kameralar quraşdırılmır? Quraşdırılıbsa, niyə baş verənlər barədə rəhbərlik tərəfindən ölçü götürülmür?
Və nəhayət niyə bu kimi məkanlara müəyyən qurumlar tərəfindən ciddi nəzarət olunumur, reydlər keçirilmir. Əngəlli uşaqlarla işləyən insanların vəzifələri, vəzifə dərəcələri araşdırılmır. İstə fiziki, istər əqli, psixoloji əngəli olan uşaqlarla artıq birbaşa tibbi təhsili olan, dözümlü, səbrli insanlar məşğul olmalıdırlar. Şəxsi həyatında hansısa uğrsuzluq yaşayan, yaşamış hikkədən didilən qızlar, qadınlar bu peşədən uzaqlaşdırılmalı, onların özü üçün psixiatır dəstəyi təmin olunmalıdır.
Ümid edirik ki, baş verən bu hal əlaqədar qurumlar tərəfindən araşdırılacaq. Uşaqlara işgəncə verən, onları, onların valideynlərini mənəvi, fiziki şiddətə məruz qoyan tərbiyəçilər, bu kimi halların yaranmasına şəriat yaradan reablitasiya rəhbərliyi cəzalandırılacaq, onlar haqqında hüquqi ölçü götürüləcək.
Əks təqdirdə, növbəti dəfə yayılan videolar bundan da acınacaqlı, dəhşətli kadrlarla zəngin olacaq...