Aşıq Ədalətin oğlu: “İkimiz də ağlaya-ağlaya bir-birimizə baxırdıq” – Müsahibə

Aşıq Ədalətin oğlu: “İkimiz də ağlaya-ağlaya bir-birimizə baxırdıq” – Müsahibə
14 iyun 2021
# 21:00

Bu gün böyük saz ifaçısı Ədalət Nəsibovun anım günüdür. Kulis.az bu münasibətlə “Atamın xatirəsi” layihəsində ustadın oğlu Hekayət Nəsibovla müsahibəni təqdim edir.

- Hekayət bəy, sizinlə neçə gündür ki, müsahibə üçün zəngləşib, vədələşirik. Bu müddət ərzində atanızla bağlı ən çox nəyi xatırladınız, ağlınıza nələr gəldi?

- Sözün düzü onun adı gələndə o saat kövrəldici məqamlar yadıma düşür. Xüsusən, atamın xəstəlik dövrləri. Xəstəliyi zamanı onsuz da həmişə yanında olmuşuq, amma hərdən deyirəm ki, kaş bir kamera quraydıq, onun bütün hərəkətlərini, danışığını, sevincini, lap elə bağırıb qışqırmağını çəkərdik. Amma ürək eləmədim buna. Yəni elə ancaq onun son vaxtları yadıma gəlir. Elə bilirəm, yüz yaşlı qoca olub. Cavanlığı barədə, sözün düzü, fikirləşmirəm, ağlıma gəlmir.

Biz ailədə beş uşaq olmuşuq. Üç bacı, bir qardaş. Qardaşım hardasa on il bundan əvvəl qırx iki yaşında rəhmətə gedib. İdmançıydı, polis işçisiydi. Amma taleyi elə gətirdi. Qismət...

- Bu ölüm atanıza ciddi təsir edər, xəstəliyini yaradan səbəblərdən birincisi olar...

- Əlbəttə. Onun ölümündən sonra həmişə gileylənib deyirdi ki, məndə həvəs qalmayıb. Saz çalmaq üçün eşq, həvəs lazımdı.

- Hekayət bəy, Ədalət Nəsibov necə ata idi?

- Çox ciddi, ağır, çətin xasiyyətli bir adam idi. Amma həm də çox yaxşı ata, valideyn idi. Biz həmişə hiss edirdik ki, arxamızda böyük bir dağ var. O, heç bir sözü elə-belə demirdi. Hər bir sözə bir şeir, misal çəkirdi. Rəhmətə gedən kiçik qardaşım bir az emosional idi. Həmişə ona deyirdi ki, mən dediklərimi elə, amma mən elədiklərimi eləmə.

Gallery

- Sizcə, mənim elədiklərim deyəndə nəyi nəzərdə tuturdu?

- Atam əhlikef adam idi. Tək yaşamağı, yeyib içməyi, qonaq qarşılamağı xoşlayardı. Çox səs-küylü idi. Yəni, bu kimi xüsusiyyətlərini nəzərdə tuturdu. Bəlkə də indi ürəyinin dərinliyində hansısa səhvləri tutub belə deyirdi.

- Ümumiyyətlə, səhvlərini bilən adam idi?

- Belə də. Biləndə də çox gec bilirdi ki, səhv edib. Amma belə fikirlərlə heç vaxt yaşamazdı.

- Ədalətin bir patriarxal obrazı vardı. Ailədə həyat yoldaşına, qızlarına qarşı mühafizəkarlığı, qadağaları olub?

- Elə siz deyən qədər də yox. Əslində, bacılarımı çox sevirdi. Ümumiyyətlə, o, qadınları həmişə çox yüksək qiymətləndirib. Bəzən elə olurdu ki, evdə başqa bir qadın haqqında o qədər xoş sözlər deyib, tərifləyirdi ki, axırda anam da əsəbiləşib deyirdi ki, a kişi, bəsdir təriflədin (gülür). Amma yenə deyirəm, ciddi adam idi və qadağaları da çox olardı. Bacılarım da elə mənim özüm də bilirdik ki, hansı hərəkəti etsək, onun xoşuna gəlməz. Həmin hərəkəti etmirdik.

- Yanında siqaret çəkib, içki içirdiniz?

- Mən içki içən olmamışam. Ara-sıra siqaret çəksəm də onun yanında heç vaxt çəkməmişdim. Son vaxtlar çox kədərlənirdim, oturub onunla dərdləşirdik. Onda yanında siqaret çəkirdim. Onda da mənə uşaq kimi baxırdı.

Gallery

- Onunla dost ola bilmişdiniz?

- Hə, münasibətimiz çox yaxşı idi. Bəzən, mən ona məsləhətlər verirdim. Çünki mənim də bəlli bir yaşım vardı. O da ağırlaşmış, yaşlanmışdı. İkimizin də bir-birimizə ehtiyacımız olurdu, bir-birimizi dinləyirdik.

- Bildiyimə görə, ananızı sevib ailə qurub...

- Mənim atam qazaxlı, anam isə əslən gürcüstanlıdır. Atam iyirmi yaşında cavan oğlan olub. Kəndləri gəzib toylarda saz çalırmış. Anamı da o vaxt görüb bəyənib. O, anamı böyük məhəbbətlə sevib. Anamı atama vermirmişlər, çox böyük çətinliklə onun “hə”sini alıb. Səbəb məsafənin uzaqlığı olub. Anamın ailəsi deyib ki, Gürcüstan hara, Qazax hara. Sonradan düzüb-qoşublar, onlar ailə qurublar. Anam rəhmətlik gəncliyində çox gözəl qadın olub.

- Atanız ərköyün, çılğın insan kimi tanınırdı. Ailədə belə kaprizləri olurdu?

- Sizə bir söz deyim. Anam çox sakit, sadəlövh adam olub. Həm də savadı, dünyagörüşü o qədər çox deyildi. Kənddə böyümüş bir qız idi. On yeddi yaşında da atamla ailə qurub külfətə qarışmışdı. Bundan başqa o, qohumlarından ayrı düşmüşdü, onların hamısı o tərəfdə qalmışdı. Öz sözü olmasın, anam Qazaxda qəribçilikdə yaşayıb. O, həmişə atamın qulluğunda durub. Atam da həqiqətən çox kaprizli idi. Heç nəyi ona bəyəndirmək olmazdı. Mən uşaq idim, yadıma gəlir, həmişə nəyinsə üstündə deyinərdi. Amma anamın hər bir qulluğunda durardı. Yeməyinə, içməyinə ciddi fikir verərdi. Evdə də bir az ərköyün idi. Tez küsən, inciyən, amma tez də barışan adam idi. Hər şey onu incidirdi. Ah da dəyirdi xətrinə, uf da. Böyük sənətkar idi, təbii ki, amma mənə elə gəlir, onun o ərköyünlükləri olmasaydı, daha çox irəli gedərdi, pul, var-dövlət toplayardı.

- Pula münasibəti necə idi?

- Pulu xoşlayırdı, amma həmişə əl çirki kimi baxırdı. Pul xərcləməyi də çox xoşlayırdı. Belə deyim də, pulun düşməni idi. Qazancı də həmişə yaxşı olmuşdu. Biz heç vaxt dolanışıqdan korluq çəkməmişik. Həmişə yaxşı yaşamışıq. Bunu da deyim: bizə bir xərcləyəndə, özünə beş xərcləyib! Yəni özünün xərci daha çox idi.

Gallery

- Uşaqlarla tərbiyə üsulu necə idi? Sizi uşaq vaxtı, yeniyetməlik illərində döyübmü?

- Yox, döydüyü heç yadıma gəlmir. Amma məni çox tənbeh edirdi. Hər şeyi nəsihətlə, şeirlə izah edirdi. Uşaq vaxtı bizim evdə “Qobusnamə”, “Oğluma nəsihətlər” kitabı vardı. Mən də elə kitablar oxumağı xoşlayırdım. Həmişə belə kitablar tapıb, gətirib mənim şkafımın yanına yığardı ki, oxuyum.

- Siz nə zaman hiss etdiniz ki, böyük bir sənətkarın övladısınız?

- Vallah elə uşaqlıqdan hara gedirdiksə, hər yerdə onu böyük hörmətlə qarşılayırdılar. Hətta anam da çox təəccüblənirdi, evə gələndən sonra deyirdi, ay kişi, səni yaman çox istəyib, hörmət edirlər. O da zarafata salıb deyirdi ki, görürsünüz, mənim bircə bu evdə hörmətim yoxdur, hər yerdə var (gülür). Yəni, biz elə özümüzü tanıyandan bilmişik ki, atamız böyük sənətkardır. Çünki bizə həmişə ona görə çox hörmət qoyublar. Elə indinin özündə də hara gedirəmsə, məni təqdim edirlər ki, bu, filankəsin oğludur, o dəqiqə diqqət görürəm. Sözün düzü, mən belə təqdimatdan sıxılıram, heç istəmirəm bilsinlər.

- Niyə?

- Nə bilim vallah. Uşaqlıqdan elə idim, istəmirdim kimsə məni tanısın. Kim görürdüsə, deyirdi, sənin atan bizim kənddə olub, mənim toyumu aparıb. Yeri gəlmişkən, mənim yoldaşımın valideynlərinin toyunu atam aparıb. Yoldaşımla mənim evlənməyimə də heç vaxt etiraz etməyib, çünki biz uşaqlıqdan bir-birimizi istəmişik. Sevgi məsələsində övladlarının heç birinin işinə qarışmayıb, üstünü vurmayıb. Qızları da kim istəyibsə, deyib, allah xeyir versin. Biz oğlanlarına da həmçinin. Heç deməyib ki, ay oğul, bəlkə filan kişinin qızını sənə alım. Yəni, seçimi özümüzün öhdəmizə buraxıb. Hamımıza da yaxşı toy edib.

- Kimlərlə dostluq edirdi, evinizdə onun ən yaxın dostu kimi kimləri görmüsünüz?

- Evimizdə çox adam görmüşəm. Mən özüm 13-14 yaşımdan həyata atılmışam, çalışmışam. Sonra da əsgərliyə getmişəm, gəlib ailə qurmuşam. Yəni onların yanında elə yeniyetməlik illərinə qədər qalmışam. Onu ən çox gördüyüm vaxtlar Bakıda yaşadığı dövrlər, son on beş ildir. Bizim evimizə rəhmətlik Zəlimxan Yaqub, Tofiq Bayram çox gələrdi. 12-13 yaşım vardı, yadımdaydı, onun dalınca çox adam gəlib gedərdi. O vaxtlar da atamı toya aparmaq üçün çox adam gələrdi, qapımızda növbə olardı, hətta günlərlə qapımızda yatıb gözləyirdilər ki, atam evə gələndə onunla toy vədələşsinlər. Bir dəfə gecə vaxtı qapı döyüldü, atam da hardansa qonaqliqdan gəlib yatmışdı. Onu da yuxudan oyadanda çox hövlank oyanardı. Nə isə bunu gecə yuxudan oyatdıq dedik, Tofiq Bayram səni çağırır. Tofiq Byramla bir neçə nəfər hardansa yeyib içməkdən bizə gəlib atamı ora aparmaq istəyirdi. Atam da getmədi, onları küsdürdü. Onda Tofiq Bayram atamdan incidi, dedi, səni Ədalət edən mənəm. Yadıma gəlir, atam qayıdıb ona dedi ki, yox, məni Ədalət edən mənim barmaqlarımdı. Tofiq müəllim şairlik və şeirləri nöqteyi-nəzərdən belə demişdi. Onda kişi küsüb bizdən getdi. Bir müddət sonra barışdılar. Çox tez-tez, həm də çox adamın xətrinə dəyirdi, amma tez də barışırdı. Kini yox idi.

Gallery

- Zəlimxan Yaqub rəhmətə gedəndən sonra bir verilişdə onun şeirini deyir və kövrəlir. Ümumiyyətlə, kövrək adam idi?

- Hə, son vaxtlar yaman kövrəlirdi. Amma cavanlıqda elə deyildi, bir az yaşlanandan sonra oldu. Dost-aşna, yaxınlar hamısı bir-bir dünyadan köçdü, o, özünü təklənmiş hiss etdi. Bir dəfə ona dedim ki, istəyərsənmi, indən belə də çox yaşayasan. Dedi, neynirəm çox yaşamağı, bir adam, bir ürək dostun, zarafat elədiyin yanında qalmır. Qalanların da heç birini tanımırsan.

- Ağdamdan Qədir Rüstəmov, Göyçaydan Habil Əliyev, Qazaxdan Ədalət Nəsibov çıxıb. Və bu adamların heç biri öz bölgələrində birmənalı qarşılanmayıb. Ədalətə Qazax camaatının münasibəti necə idi?

- Mən bunu hər yerdə demişəm, sizə də deyim. Qazax camaatı ümumiyyətlə aşıq sevən deyil, yalandan sevirik deyirlər, tərifləyirlər. İndi yaxşı ki, Aşıq Ədalət orda doğulub. Amma Qazaxda zurna çaldırmağa daha çox üstünlük verirlər, nəinki saza. Kəlbəcər, Tovuz camaatı ilə Qazaxlıları müqayisə etmək mümkün deyil, onlar sazı daha çox sevirlər. Ağstafa ilə Qazaxın arası 39 kilometrdir. Amma görün sazı necə çox sevirlər. Bu barədə mənim Qazaxdan olan dostlarımla da söhbətlərim olub. Onlara da demişəm ki, hansı biriniz özünüzün, uşağınızın toyunda qapınıza aşıq aparıb toy çaldırmısınız?

- Aparmayıblar?

- Toy mövsümündə atam Tovuzda gedib on toyda saz ifa edibsə, Qazaxda bu say həmin vaxtda iki dəfə olub. Qazax camaatı adama söz qoşmağı, lağlağı etməyi xoşlayır. Atam da ona kim necə münasibət bəsləyirdisə, onunla da o cür davranırdı. Özü də həddindən artıq hazırcavab adam idi. O, hamı ilə zarafat edərdi, bir az da ona dəlisov kimi baxırdılar. Bundan başqa, bir qeyri-adiliyi yox idi. Mən fikirləşmirəm ki, Qazaxda kimsə desin, Aşıq Ədalət özünü dartır və yaxud da bizi saymır. Mən belə söz eşitməmişəm. Qapımıza kim gələrdisə, onunla oturub yeyib içər, əliboş da qaytarmazdı. Əgər o, kasıb bir dostu ilə bir süfrə arxasında oturub yemək yeyirdisə, lap ən rəhbər vəzifədə işləyən dostu da çağırsa, lap o getdiyi yerdə on min manat qazancı da olsa, getməz, heç kəsin qəlbinə dəyib incitməzdi. Heç kəs ondan küsüb incimirdi. Söydüyü adamlar belə... Özünün bir sözü vardı, deyirdi, söydüyüm adamlar da məndən incimir.

Gallery

- Uşaqlıq illərindən danışırdı?

- Son vaxtlar danışırdı. Uşaqlığı çox ağır keçib. Çoxuşaqlı ailə olublar, evin ən böyüyü atam olub. Atası da müharibə əlili imiş. Saz çala bilməyib, amma çox bilikli olub. O vaxtı aşıqlar dastanlardakı sözləri unudanda, babamın yanına gəlib ondan soruşurmuşlar. Atama ilk sazı da babam alıb. Atam bir az böyüyən kimi ailəsinə kömək etməyə başlayıb. Bir dəfə ona verilişlərin birində bir uşaq belə bir sual verdi ki, Ədalət əmi, səni uşaqlığına qaytarsalar, gedərsən. Atam dedi, yox. Ona görə ki, indi doyunca çörək yeyə bilirəm, uşaqlıqda çox aclıq çəkmişik.

- Saz ifa etmək bacarığınız var?

- Evimizdə bir, iki dəfə götürüb dınqıldatmışam. Amma tam olaraq ifa edə bilmirəm. Atam da istəməzdi mən aşıq olum. Qardaşım yaxşı saz çalırdı, bacılarım musiqi məktəbini bitirmişdilər. Həmişə öz haqqında deyirdi ki, mən aşıqların padşahıyam, ən baş sənətkaram, amma bu gün mən korluq çəkirəm, ehtiyac içində yaşayıram. Söhbət təbii ki, aclıqdan getmirdi, amma ümumilikdə deyirdi, istəmirəm gedib aşıq olasınız.

- Özü öz böyüklüyünün fərqindəydi?

- Hə, bilirdi. Deyirdi, mən böyük sənətkaram. Bir dəfə ömrünün sonlarına yaxın idi, söhbətləşirdik. Dedim, ata, vaxt vardı adamlar əllərində saz aparmağa utanırdılar, amma sən sazı sənətin zirvəsinə qaldırdın, bəs səndən sonra saz sənəti necə olacaq? Onda mənə Nizaminin şair olmaq arzusuna düşən oğlu ilə dialoqunu danışdı. Hərdən deyinib, söylənirdi də. Bəzən onu düz başa düşmürdülər. Dəfələrlə demişdi ki, “Yanıq Kərəm”ə niyə oynayırlar? “Yanıq Kərəm”ə oynamaq olmaz. Yəni saza çox böyük qiymət verirdi, saz həmişə bizim evimizin ən yüksək yerində olub. Hələ rayondakı evimizdə onun sazları yük yığılan çarpayının üstündə olardı. Saza övlad kimi münasibət bəsləyirdi.

Gallery

- Sazla dəfn olunmasını da vəsiyyət etmişdi...

- Həmişə deyirdi, məni sazımla basdırarsınız. Amma bir gün mənə dedi ki, yox, a bala, saz lazım deyil. Birdən sazımı xəbər alarlar, kimsə ona baxmaq istəyər. Ona görə də elə uşaqlıq sazımın üstündəki sinəni qopardıb sinəmin üstünə qoyub dəfn edərsiniz. Özü elə istədi, biz də dediyi kimi etdik.

- Qadınlarla münasibəti necə idi?

- Çox yaxşı. İndi adlarını konkret deyə bilmərəm, amma xanımlara hörmət qoyurdu. Bayaq sizin zəng vurduğunuz nömrə onun nömrəsidir, mən onu saxlayıram. Hərdən o nömrəyə qadınlar zəng vururlar, onu soruşurlar. Bugünkü gündə görünən şairələrin hamısı onun yanına gedib gələrdilər.

- Onun nömrəsini işlətməyinizin səbəbi nədir?

- Nə bilim. Fikirləşdim ki, kimsə onu axtarar, darıxar, nə isə ürəyində qalan sözü demək istəyər. Köhnə dostlarından kimsə axtarar, ona görə də saxladım. Onun nömrəsinin silinməsinə ürəyim razı olmadı. Telefonunu da saxlayıram.

- Söyüşcül adam idi bir az da...

- Elədir. Onun söyüşlə bağlı əyləci yox idi. Ürəyində saxlamırdı heç nəyi. Yeri gələndə deyirdi.

- Özünün qəbul edib, xoşladığı sənətkarlar kimlər idi?

- Azərbaycanda qəbul etdiyi sənətkarların hamısını dinləyirdi. Muğamı çox sevirdi, qulaq asırdı. Alim Qasımovu xoşlayırdı, çox istəyirdi. Rəhmətlik Habillə dost idi. Həsən Turabovu, Rasim Balayevi sənətkar, aktyor kimi çox sevirdi. Bəhmən Vətənoğlunun şeirlərini oxuyurdu, bəyənirdi.

Gallery

- Sücaəti necə?

- Çox sevirdi. Aşıq Ələsgəri, Məmməd İlqarı da çox istəyirdi. Onların şeirlərini də oxuyurdu.

- Yerlipərəstliyi vardı?

- Yox. Hərdən ona deyirdilər, sənin babaların Ermənistandan gəlmədilər, əsəbiləşib deyirdi ki, mən qazaxlıyam. Orda doğulub, oranın çörəyi ilə böyümüşəm. Yerlipərəst deyildi, amma Qazaxı sevirdi. O, sənətkarlıqla yanaşı, həm də ağsaqqal idi. Dəfələrlə olmuşdu ki, kiminsə əlində güllə açılıb başqasını öldürmüşdü, atamı qan yatırtmaq, barışıq üçün aparmışdılar. Onun sözünü də dinləmişdilər.

- Nələri sevmirdi?

- Vaxtsız gələn qonağı sevmirdi (gülür). Anamın, mənim, digər uşaqlarının onu nəzarətdə saxlamasını xoşlamazdı. Azadlığı sevirdi. Son illər anam rayonda yaşayırdı, o, burda. Bu da onun azadlığının bir ifadə formasıydı. Həm də anam burda qala bilmirdi, atam da Qazaxda. Ancaq atam rəhmətə gedəndən üç gün sonra anamı infarkt vurdu. Biz ona atamın ölümü ilə bağlı heç nə deməmişdik. İnfarkt vurandan sonra yuxudan oyanıb dedi, kişi ölüb. Biz onu düz bir il iynə-dərmanla saxladıq. Bir il sonra sentyabrın 14-də atamın ilinə üç gün qalmış anam rəhmətə getdi.

- Musa Yaqubun xanımı rəhmətə gedəndən sonra onunla bağlı bir şeiri var. Xanımının məzarı üstündə etiraf edir ki, sağlığında ona çox zəhmət verib. Ədalətin ananızla bağlı belə bir narahatlığı vardı?

- Anam xəstəhal idi, atam bunu bilirdi. Həmişə deyirdi, allah elə edə, mən ondan bir az çox yaşayam, onu özüm lazımınca götürə, dəfn edə biləm. Ancaq bunu günah, borc, yoxsa cavanlıq məhəbbəti üçün dediyini demək çətindir.

Gallery

- Sizcə ananıza qarşı sevgi yaşlanana qədər davam etdi?

- Bilirsiniz, atamın həyatında qadınlar çox olub. Amma anam bambaşqa idi, onun beş uşağının anası idi. Həm də atam onu sevib almışdı.

- Xəstəliyinə münasibəti necə idi?

- O, xəstəliyi barədə bildi. Biz də çalışırdıq onun başını qataq. Deyirdik, a kişi, narahat olma. Rəhmətlik Ağaxan Abdullayev təzə rəhmətə getmişdi, onun dəfn mərasimiini televizordan gördü, qayıtdı dedi, mən də eləyəm. Onda mən əsəbiləşdim, dedim, sənin xəstəliyin onunkundan deyil. Biz əlbəttə ona yalan deyirdik, o da susurdu. Amma bir dəfə atasından misal gətirdi, dedi, o, ağır xəstə olanda dostları yanına gəlib ürək-dirək verəndə atam demişdi ki, bilirəm, mənə təsəlli verirsiniz, amma üç gün sonra öləcəm. Son gününə qədər yaddaşı, xatirələri yerində idi. Bizə deyirdi, hər şeyi görəcəksiniz, amma yaddaşımın itməyini yox. Ölən gününə qədər şeir dedi. Ölümündən bir gün əvvəl onun yanına gələn adamlara şeir demişdi. Biz bilirdik ki, o, gedəcək, qalası deyil. Xəstəliyinin geci-tezi vardı. Onunku da tezindən oldu. O, beş-altı ay xəstə yatdı.

- Vəsiyyət edirdi?

- O, elə həmişə vəsiyyət janrında danışırdı. Hərdən əlini qoyub cibinə otaq boyu gəzişərək deyirdi ki, vəsiyyət edirəm, qulaq asın, ölümə doğru gedirəm. Mən öləndə məni harda basdıracaqsınız? Bilirdi ki, bu, bizim xoşumuza gəlmir. Mən də əsəbiləşib deyirdim, səni Bakıda basdıracam. Nə ölmək-ölmək salmısan?! Mən elə deyəndə xoşuna gəlmirdi, pis olurdu. Hətta bir dəfə küsüb üzünü divara çevirmişdi. Çox küsəyən idi. Elə biz də ona oxşamışıq.

Gallery

- Öz ifasında hansı havaları xoşlayırdı?

- “Göyçə gülü”nü, “Qaraçı” havasını, “Ruhani”ni çox xoşlayırdı. Amma ümumilikdə hamısını. Çünki bütün havaları ürəklə çalmışdı. O, saz çalmırdı ki, sazın fəlsəfəsini çalırdı. Filmlərdə də bir-iki dəfə ifa etmişdi. “Yeddi oğul istərəm” filmində xırda bir parçası var. Amma “Tütək səsi”ndəki “Ruhani”ni o yox, Hüseyn Saraclı çalmışdı. Özü deyirdi, mən elə saz çalmaram. Özü ilə son dövrlərin aşıqlarından söhbət edəndə deyirdi, aşıq qalmayıb, köhnələrdən bircə Mais qalıb. Cavanlardan heç kimi bəyənmirdi. Deyirdi, izlə gedənin izi qalmaz. Fonoqrama ilə çalmaq yox, canlı nəsə yaratmaq lazımdır.

- Ən çox nəyi xatırlayıb, nəyə heyfsilənərdi?

- Uşaqlığından danışmağı xoşlayırdı. Ölümündən iyirmi gün əvvəl uşaqlığını lap çox xatırlayırdı. Deyirdi, uşaq olanda müharibənin ən pis və aclıq vaxtlarında qonşunun bağına şəftəli oğurluğuna gedirlər. Ev yiyəsi gələndə hamı qaçır, atam qalır. Adamlar onu döyməsin deyə yerə yıxılıb özünü ölülüyə vurur. Bu xatirəsini ürəklə danışardı. Onun Akif adlı bir şair dostu vardı, Ağstafadan idi. Onun ölümünə yaman heyfsilənirdi.

Gallery

- Son günlərini necə xatırlayırsınız?

- Son günlərini biz çox ağır keçirdik. Yeməkdən kəsiləndən sonra biz onu həkimlərin yanına aparırdıq. Həkimlərə deyirdik, yemək-içməkdən kəsilib, bədəni də iynə götürmür. Onlar da bizə deyirdilər, ona toxunmayın, iynələri vurun. Biz onu Bakıda yoxlatdıranda diaqnozunu çox dəqiq qoymuşdular, demişdilər, bu xəstəlik altı ay çəkməz. Altı aya xəstəlik kişini aparacaq. Sonra qərara gəldik ki, Türkiyəyə aparaq. Atam dedi, mən bilirəm dərdimi, Türkiyəyə də getmərəm. Amma onu da bilirəm ki, mən öləndən sonra sizi topa tutacaqlar, deyəcəklər, atalarını aparıb, gətirmədilər, müalicə etdirmədilər. Ona görə də gedək. Türkiyədə də eyni diaqnoz qoyuldu, aparatlarla yoxladılar, havayı yerdən kişiyə əziyyət verildi.

Gallery

- Dünyasını dəyişəndə yanındaydınız?

- Son nəfəsinəcən yanındaydım. Son iki, üç gündə ümumiyyətlə yerindən qalxa bilmirdi, tam hərəkətsiz idi, əl-ayaq, bədən heç bir reaksiya vermirdi. Çox çətinliklə danışırdı. Ölümündən iki gün əvvəl onu qaldırıb ağlaya-ağlaya hamama apardım. Qaytarıb gətirib yerinə qoyanda gördüm, o da ağlayır. İkimiz də ağlaya-ağlaya bir-birimizə baxırdıq. Mən də bilirdim ki, sondu, özü də. Birdən qayıtdı mənə dedi ki, ağrın alım, ay Hekayət, ağlama. O mənə yaxşı ata olub, mən də ona yaxşı oğul olmuşam. İndi fikirləşirəm ki, bu sözlə o, mənə halallıq verirdi. Ondan iki gün sonra səhər vaxtı bir nöqtəyə zillənib baxırdı. Bir neçə saat sonra da rəhmətə getdi. Gənclik illərində sazın o qədər də fərqinə varmırdım. İndi elə gün olmur ki, onu xatırlamayım. Ondan ötrü çox darıxıram, hər gün açıram telefonundakı çıxışlara, ifalara, səs yazılarına qulaq asıram. Hərdən onun öldüyünü də unuduram. Deyirəm, gedim bir babama baş çəkim, sonra yadıma düşür ki, yoxdur. Təsəllim isə neçə kilometrsə gedib, onun qəbrini ziyarət etməkdir.

- Siz milyonlardan ona daha yaxın olmusunuz, oğlu olmağınız təsəlli deyil?

- İnanın, siz yəni tamaşaçılar ona bizdən yaxın olub. O, xalqla daha yaxın, iç-içə idi.

# 18456 dəfə oxunub

Müəllifin son yazıları

# # #