Kulis.az uzun illərdi Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan təhqiqatçı, yazar Şahnaz Kamalla müsahibəni təqdim edir.
- Bakıdasan, özünü necə hiss edirsən?
- Çox yaxşı. Bakıda, vətəndə özümü həmişə yaxşı hiss edirəm. İndi isə əlayam. Qalib Azərbaycandayam, Şuşaya gedə bilmişəm. Çox istəyirdim ki, birgünlük də olsa, bircə dəqiqəlik də olsa, Şuşanın havasını ciyərimə çəkim. Şükür, qismət oldu (kövrəlir).
- Niyə kövrəlirsən?
- Qələbədən əvvəl, torpaqlarımız işğalda olan zaman mən Laçından Şuşaya gedən yolun şəklini feysbukda paylaşmışdım və yazmışdım ki, mən bu yolu gedəcəyəm. Bilirsən ki, Tovuzda böyümüşəm, Şuşanı heç görməmişəm. Şuşa mənim üçün bir başqadır. Şuşa işğal olunanda on iki yaşım vardı. Yadımdadır ki, diktor o xəbəri necə kədərlə demişdi. Onda, mən on iki yaşlı uşaq necə məyus olduğumu indiki kimi xatırlayıram. Şuşanın mənim üçün hansı mənanı kəsb etdiyini izah etmək çətindir. Şuşa mənim yuxularıma da girirdi, Tovuzu, kəndimizi də xatırladırdı. İnan, çox əmin idim ki, biz Şuşanı qaytaracağıq. Aprel döyüşləri, Tovuz hadisələri hamısı mənim içimdən keçib gedib. Ümumiyyətlə, mən özümü Azərbaycanın bir parçası hesab etmişəm həmişə. İllərdir Rusiyada yaşamağıma baxmayaraq, mən ora vətəndaşlığını qəbul etməmişəm. Eləmərəm də. Bu, məndən ötrü hardasa prinsip məsələsidir. Mən Azərbaycanlı kimi doğulmuşam, elə bu vətənin vətəndaşı kimi də ölmək istəyirəm.
- Şuşa ilə bağlı ən böyük arzun nə idi?
- İstəyirdim ki, mənim Şuşada evim olsun. Bunun üçün hətta pul da yığmışam. Azərbaycan, Türkiyə türkcələrini Rusiyadakı tələbələrimə öyrədirəm. Qazandığım pulu bir kitabın arasına yığmışdım. Ötən il sentyabrın 22-də mən həmin pulların və kitabın şəklini feysbukda paylaşdım. O zaman biz adi vətəndaşlar müharibənin olub olmayacağını bilmirdik. Bu paylaşımı etməyimin bir məqsədi vardı ki, insanlarımız Şuşanın və digər rayonlarımızın işğaldan azad olunacağına inansın. O zaman çox adam bu fikri bədbin qarşılayırdı, deyirdilər, yox, bu artıq mümkün deyil. Amma mən inanırdım. Deyirdim ki, bu mənim Şuşada alacağım evin puludur. Sonra müharibə başladı. İnan, mən o qırx dörd gündə bütün ömrüm boyu yaşamadıqlarımı yaşadım. Sevinc və kədərlə birlikdə. Hamımızın həyatında xoş, şad günlər olub. Universitetə qəbul olunmuşuq, kitabımız çap olunub, övladlarımızın xoş günü olub. Amma mənim həyatımda ən xoşbəxt gün 8 noyabr tarixidi. İnan ki, bir qələm adamı olaraq mən bu haqda fikirlərimi də ifadə edə bilmirəm.
- Şuşadan hansı təəssüratlarla qayıtdın?
- İyulda Diaspor Komitəsi xaricdə yaşayan azərbaycanlıların Şuşaya birinci səfərini təşkil etmişdi. Bu səfərdən yalnız iştirakçılar feysbukda şəkil paylaşanda xəbər tutdum. Xaraktercə paxıl adam deyiləm, amma Şuşaya gedə bilənlərə paxıllığım tutur. Vəsilə Vahidqızına yazıb xahiş etdim ki, bir də səfər planlaşdırılsa, məni unutmasınlar. Çox sağ olsun Vəsilə xanım, komitə, avqustda baş tutan səfərə məni də dəvət etdilər. Həmin günü çox xoşbəxt idim. Nəinki Şuşada olduğum gün, hətta gedəcəyimi bildiyim gündən xoşbəxt idim. Şuşa yuxularımda gördüyüm, təsəvvür etdiyim kimi idi. O qədər gözəl, o qədər doğma idi ki... Orada ev tikdirmək arzumu demişdim. Şuşa torpağıma ayağım dəyəndə yerdən bir daş götürdüm. Niyyət etdim, bu daşı Şuşadakı evimin özülünə qoyacağam.
- Neçə ildir Rusiyada yaşayırsan?
- Uzun illərdir. Ailə qurandan sonra orda yaşamağa başladım. Geri dönməyi, vətənə köçməyi də düşünürəm.
- Ordan Azərbaycan, ədəbi mühit necə görünür?
- Mən ən çox feysbuk vasitəsi ilə buranı izləyirəm və hardasa elə özümü Azərbaycanda hiss edirəm. Yaxud da hiss etməyə çalışıram, cəhd edirəm. Azərbaycan qələbəyə qədər və qələbədən sonra fərqli görünür. Və bu qələbədən sonra bizə münasibət də dəyişdi. Konkret mən özümə olan münasibəti də gördüm. Düzdür, mənim çevrəm akademik çevrədir. Oradakı münasibətlər də bəlli bir çərçivədə olur. Amma o mühitdə də mən hiss etdim ki, qələbə bizim qəddimizi açdı. Qələbə bizim həm ölkə olaraq hörmətimizi artırdı, həm də mədəniyyətimizə, ədəbiyyatımıza olan diqqəti artırdı.
- Ədəbiyyata diqqət deyəndə konkret nəyi nəzərdə tutursan?
- Peterburqda Mayakovski adına çox yaxşı kitabxana var. Könüllü kimi ora ilə əməkdaşlıq edirəm. Oranın Şərq bölməsində bizə çox böyük imkanlar tanıyırlar. Sağ olsunlar. Bu imkandan maksimum yararlanmağa çalışıram. Orada illərdir davam edən müsabiqə var. Orada dünyanın 24 ölkəsi iştirak edir. Mən illərdir bu müsabiqəyə, orda iştirak edən yazıçılara həsədlə baxırdım ki, kaş biz də, bizim yazıçılar da bura düşərdik. Bu il mən Şərq bölməsinin rəhbərinə bu barədə dedim. Sonra o, mənə xəbər verdi ki, bu il Belçika və Azərbaycan da bu müsabiqədə təmsil olunacaq. Martda böyük konfrans oldu. Artıq 26 dövlətin nümayəndəsi təmsil olunurdu ki, onlardan biri də Azərbaycan idi. Rəsmi səviyyədə keçirilən tədbirə səfirlər və digər rəsmi adamlar dəvət olunmuşdu.
- Bizdən kimlər təqdim olundu?
- Bizdən Rus dilinə tərcümə olunmuş roman kimi Elçin Hüseynbəylinin ”Onüçüncü həvari, 141-ci Don Juan” romanı, rus dilinə tərcümə olunmamış roman kimi isə Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanı təqdim olundu. Və bu qələbə mənə yeni ruh verdi, yeni qapılar açmaq imkanı yaratdı. Ədəbiyyat üçün artıq konkret layihələr var. Burda da müəyyən adamlarla danışmışam, nəticəni tezliklə görəcəyik.
- Oxucular səni daha çox yazıçı kimi tanımışdılar, amma sonra istiqamət dəyişdi və sən elm sahəsinə yönəldin. Buna səbəb nə oldu?
- Haqlısan. Mən 2014-cü ildə Peterburqda Türkologiya bölməsində aspiranturaya qəbul oldum. Bu sahə də çətindir. Üstəlik mən rus dilli deyildim, rus dilini də orda öyrənmişəm. Rus dilində elmi məqalə, elmi iş yazmaq, təbii ki, çox çətindir. Ona görə də bütün gücümü ora və Azərbaycanın Peterburqda təmsili məsələsinə yönəltdim. Mən fikirləşdim ki, misalçün Samirə Əşrəf gözəl hekayələr yazır və yazacaq da, deməli bizim o sahədə boşluğumuz olmayacaq. Amma Samirənin hekayəsini Rusiyada təqdim etmək sahəsində boşluğumuz var. Mən də bu boşluğu doldurmağa çalışıram. Əgər mənim bu cür imkanım varsa, mən də bundan yararlanım. Daha xeyirli səmtə yönəlim. Hal-hazırda heç yerdə dərc olunmayan on iki hekayəmi yığıb toplamışam. Böyük ehtimal ki, onları gələn il kitab halında çap etdirəcəm. Çünki bu il bir nağıl kitabım dərc olundu. İkinci kitab isə rus dilində çap olundu. Rus dilli balacalar üçün Azərbaycan nağılları kitabı.
- Bəs, nəsr sahəsində nə isə yazırsan?
- Anonsunu bəri başdan verim. Çünki belə edəndə, özümdə məsuliyyət də hiss edirəm (gülür). Müharibə hekayələrimin ikisi tam hazırdı, ikisinin də qaralamaları var. Amma, Samirə, onları yazmaq mənə ağırdı. Baxma ki, uzaqdayam. Orda olsam belə hadisələri içimdən keçirib yazıram və bu da çox çətindir. Amma yazacam.
- Rus dilini çox yaxşı bilirsən, elmi mühitə də daxil olmusan. Bəs, ədəbi mühitə niyə daxil ola bilmirsən?
- Vaxtım olmur. Həm də bu daxil ola bilməmək məsələsi deyil, cəhd etmirəm desəm, daha düzgün olar.
- Yəni istəsən daxil ola bilərsən?
- Əlbəttə. Əgər mən elmi mühitə daxil ola bilmişəmsə, yaxud da kitabxanada mənə bu boyda imkan yaradırlarsa, mənə elə gəlir ki, ədəbi mühitə daxil olmaq çətin olmaz.
- Rusiyalı yazıçı, şairlərlə əlaqən var?
- Yox, heç bir əlaqəm yoxdu. Amma gələcəkdə bəzi plan və layihələrim var ki, bunlar sırf ədəbi mühitlə bağlıdır. Buna tərcümə və nəsr sahəsi aiddir.
- Rus dilində mütaliə nə dərəcədə əhəmiyyət kəsb etdi?
- Mənim orda böyük kitabxanam var ki, orada misalçün Tolstoyun bütün cildləri var. Mən onların hamısını rus dilində mütaliə etmişəm. Baxmayaraq ki, onları Azərbaycan dilində də oxumuşdum.
- Fərq nə idi?
- Azərbaycan dilində köhnə tərcümələr yaxşıdır. Amma bu yaxınlarda Fransız nəsrindən olan tərcümələr vardı. İnan ki, biabırçılıq idi. Bu cür necə əsər tərcümə etmək, onları çapa vermək olar? Rusiyada tərcümə sahəsi çox yaxşıdır. Onlar Orxan Pamuku, Zülfü Livanelini tərcümə ediblər, onları Rusiyaya dəvət də etmişdilər.
- Bizim yazıçılardan ən çox kimin rus dilinə tərcümə olunmuş kitablarını Rusiya kitab mağazalarında görürsən?
- Çingiz Abdullayev həmişə olub. Əvvəldən onun kitabları orda çap olunub, satılıb. Elçin Səfərlinin rus dilində kitablarını görmüşəm. O, orda çox məşhurdu. Mağazalarda kitabları çoxdur, həm də sevilir. Anarın kitabını görmüşəm kitabxanalarda. Kitabxanalarda Sovet dövründə tərcümə olunmuş bəzi yazıçı və şairlərin də kitabları var. Amma satışda yoxdur. Biz hələ, təəssüf ki, Rusiya bazarına çıxa bilməmişik.