Baş infeksionist sərt danışdı: “Gərək hamının başının üstündə polis dayansın?!” – Müsahibə

Baş infeksionist sərt danışdı: “Gərək hamının başının üstündə polis dayansın?!” – Müsahibə
30 aprel 2020
# 14:15

Kulis.az Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayevlə pandemiyanın hazırkı durumu haqqında müsahibəni təqdim edir.

- Aprelin 27-də karantinin bir az yumşaldılması sanki insanlarda bir laqeydlik əmələ gətirdi. Bu barədə sizin müşahidələriniz nə deyir?

- Bəli, bu yumşaldılmadan sonra küçələrdə insanların, xüsusən də maskasız insanların sayı çoxalıb. Yəni tövsiyələrə əməl etməyənlər küçələrdə çoxluq təşkil edirlər. İctimai nəqliyyatlarda sıxlıq müşahidə olunur və ordakı adamlar da maskalardan istifadə etmirlər. Və yaxud da böyük marketlərə gedəndə görürük ki, maskadan istifadə edən insanların sayı azalıb. Eləcə də nəzərdə tutulan digər qaydalara insanlar əməl etmirlər. Hətta mən fikir verirəm ki, mağazalarda gigiyenik qorunma tələb edəndə etiraz edirlər, deyirlər, koronavirus artıq bitib. Xeyir! Bu belə deyil. Sadəcə olaraq, biz bu karantin tədbirlərinin yumşaldılmasına başlamışıq. Daha doğrusu, insanlara nəfəs almaq üçün bir azca imkan vermişik. Bəzi əmək fəaliyyəti ilə məşğul olanlara imkan yaradılıb. Amma bu o demək deyil ki, koronavirusa qarşı tədbirlər görülməsin, aparılmasın. Əksinə, indi biz bu məsələyə daha ciddiyyətlə yanaşmalıyıq. Yəni insanlarımız başa düşməlidir ki, əgər biz bu yumşalmaların davamlı olmasını istəyiriksə, koronavirusa qarşı tədbirlərin effektivliyini istəyiriksə, bu kimi məsələlərə daha ciddi yanaşmalıyıq. Gərək elə hamının başının üstündə polis dayansın? Bizə kimsə nəzarət etsin? Biz bu virusa, qoyulan qaydalara düşüncəli yanaşmalıyıq. Necə ki, bu günə qədər yanaşırdıq.

- Hal-hazırda yoluxmalarla bağlı vəziyyət necədir?

- Hələlik koronavirus təhlükəsi qalmaqda davam edir. Dünən verilən məlumatda xəstələrimizin sayı sağalanların sayını üstələmişdir. Ümumi pozitiv məlumatımız da var. Ümumi xəstəliyə yoluxan insanlarımızın hardasa yetmiş faizindən çoxu sağalıb. Amma bu, bizə əsas vermir ki, işlərimizi axsadaq.

- Karantinin yumşalması, yaxud ləğvi koronovirusun yayılmasını artıra, çoxalda bilərmi?

- Karantinin ləğvi xəstəliyin ikinci dalğasının baş qaldırmasına səbəb ola bilər. Bunun baş verməməsi, karantin tədbirlərinin yenidən sərtləşdirilməməsi üçün biz tövsiyələrə əməl etməliyik. Bu tövsiyələr verilib, dövlət öz tədbirlərini görüb. Dövlət qurumları öz tədbirlərini aparırlar, səhiyyə sistemi bu sahədə çalışır. Bizim insanlarımızın da bu tədbirlərdən yaranan qaydalara əməl etməsi çox vacib və mühüm şərtdir. Yenə də əllərimiz vaxtaşırı sabunla yuyulmalıdır. Yaxud şübhəsi əşyalara toxunandan sonra əllərimizi yumağa imkan yoxdursa, üz-gözümüzə aparmamalıyıq. İmkan düşən kimi spirtli məhlullarla dezinfeksiya etməliyik. Onsuz da hal-hazırda hara gediriksə, orada bu məhlullardan var. Mən dünən bir kanala getmişdim, inanın, qapıdan düz studiyaya gedənə qədər, hər qapıdan keçənəcən mənə də o spirtli məhluldan verdilər. Yəni bu imkanlar yaradılıbsa, buna əməl etmək niyə çətin olsun.

İnsanlarımız hər hansısa mağazaya girəndə əşyalara toxunurlar, götür-qoy edirlər. Sonra həmin əşyalara başqa adamlar da toxunur. Bu adamların arasında bəlkə koronaviruslu olanlar var və onlar həmin əşyalara toxunmaqla artıq onu çirkləndirmiş olurlar. Və yaxud da mağazaya girəndə görsəniz ki, sizdən başqa da üç, dörd nəfər var, mütləq qoruyucu maskalardan istifadə etmək lazımdır. Bəlkə onların hansısa virusun daşıyıcısıdır və bunu sizə ötürmək ehtimalı böyükdür. Buna görə də biz arxayınlaşmamalı, bir-birimizə qarşı daha da sayğılı olmalıyıq.

İnsanlar SMS-lə üç saatlıq icazə alırlar. Gedirlər aptekə dərman almağa, ordan da bir qohumuna və ya dostuna baş çəkirlər. Düşünürlər ki, evdən çıxmışkən gedim ona da dəyim. Belə hallar olmamalıdır. Bir ay da gözləmək lazımdır. Karantin müddəti qısa müddətli bir dövr üçün nəzərdə tutulur. Bütün bunlar başa çatandan sonra məsələlər təhlil olunacaq. Ondan sonra bəlkə koronavirusdan canımızı qurtara biləcəyik.

- Cəlal həkim, virusla bağlı ikinci dalğanın gəlmə təhlükəsi nə dərəcədə mümkün hesab olunur?

- Bu, bizdən asılıdır. Xəstəlik yanvar ayında Çində başlananda biz ona qarşı tədbirlər gördük. Mən indi öz hesabatıma baxıram ki, koronavirusla bağlı ilk çıxışım yanvarın 16-da olub. Yəni, o vaxtdan biz bu tədbirlərimizi o qədər ciddiyyətlə apardıq ki, dövlət, hökumət qurumları da dəstək verdi və bir orqanizm kimi hərəkət etdik. Bu gün də bu hərəkətin nəticəsi göz qabağındadır. Azərbaycan hal-hazırda nümunə göstəriləcək ölkələrdən biridir. Bu da onunla bağlıdır ki, xəstəliyin yayılmamas ilə bağlı görülən tədbirlər vaxtında və lazımınca həyata keçirildi. İkinci dalğanın baş verməməsi üçün də bu tədbirlər davam etdirilməldir. Müəyyən yumşaltmalar var, lap yaxşı. Ona da əməl edək, amma tədbirlərimizi də axsatmayaq. İkinci dalğanın qarşısı ancaq bu yolla alına bilər. Əgər bütün bunlara əməl olunmasa yenidən karantin tədbirləri güclənə, hətta yeri gəlsə, fövqəladə vəziyyət elan oluna bilər. Bunları istəmiriksə, qaydalara əməl etməliyik.

- Karantin günləri tam bitəndən sonra insanlar özlərini necə aparmalı, ən vacib nələrə əməl etməlidirlər?

- Koronavirus bizim üçün bir təcrübə oldu. Biz fərd olaraq şəxsi gigiyena qaydalarına qarşı çox diqqətlə yanaşmalıyıq. Bütün hallarda diqqətli olmalıyıq. Qida məhsullarına diqqət yetirməli, alacağımız ərzaqların qablaşdırılmış olmasına nəzarət etməliyik. İstehsalçılarmız da çox güman ki, bunu artıq başa düşüblər. İstehsal edəcəkləri məhsulların qablaşdırlmasına yönəlik işlər görürlər. Xüsusilə istifadə etdiyimiz mayelərin, suların qablaşdırılmış olmasına diqqət etməliyik. İnsanlarla sıx təmasdan qaçmaq lazımdır. Çünki, təkcə koronavirus yox, bir sıra infeksiyalar təmas yolu ilə yoluxa bilər. Qarşıdan yay gəlir, yaxın təmaslar bağırsaq infeksiyalarına yoluxma ehtimalını artıra bilər. Yəni bu tədbirlər həmişə qalıcı olmalıdır ki, biz digər xəstəliklərə də yoluxmayaq. Bundan başqa sağlamlığımızı qorumaq üçün qidalanmağımıza, yuxu rejimimizə fikir verməliyik. Stressdən uzaq durmalıyıq. Koronavirus bitəndən sonra bizim açıq havada gəzməyimiz üçün imkan yaranacaq. Açıq havada olmalı, fəal fiziki hərəkətlər etməliyik. Bütün bunlar insanın gündəlik həyat tərzidir. Bunları etdikdə orqanizmimiz də möhkəm olur. Möhkəm orqanizmə daxil olan virus, infeksiya isə o qədər də baş qaldıra bilmir.

Həkimlərimiz tez-tez soğan və sarımsaqdan çox istifadə etməyi məsləhət görülər. Biz bunu bəzən düzgün başa düşmürük. İnsanlar deyirlər ki, soğan virusa təsir etmir. Amma nəzərə almaq lazımdır ki, soğan, sarımsaq insanın immun sisteminə güclü təsir göstərir, gücləndirir. Onların tərkibində antioksidantlar var ki, onlar orqanizmin immun sisteminin sağlam olmasına kömək edir, xəstəliklərə qarşı bədənin mübarizəsini artırır. Sağlam həyat tərzi keçirməyimiz bizim infeksiyalardan, xəstəliklərdən qorunmağımıza kömək edir.

# 5296 dəfə oxunub

Müəllifin son yazıları

# # #