"Kənddə kələm əkmək onunla yaşamaqdan maraqlıdır" - Sevda Sultanova ilə müsahibə

"Kənddə kələm əkmək onunla yaşamaqdan maraqlıdır" - Sevda Sultanova ilə müsahibə
1 iyun 2020
# 18:21

Bu gün saytımızın əməkdaşı, kinotənqidçi Sevda Sultanovanın doğum günüdür. Kulis.az bu münsaibətlə onunla "Səni deyirlər" layihəsindən müsahibəni təqdim edir.

- Ad günü sənin üçün nədir? Adətən necə keçirirsən, hansı hədiyyələri almağı xoşlayırsan?

- Adi günlərdən biridir, heç nə hiss etmirəm. Bəziləri deyir, ad günümdə özümə hesabat verdim ki, bu illər ərzində neyləmişəm? Mən hesabatlara həvəsli deyiləm, belə səfeh şeylərlə özümü yormuram. Ad günümü xüsusi edən dostlarımın təbrikidir, doğum günüm adətən onların təşəbbüsü ilə keçirilir. Özəlliklə dostlarım Səidə Haqverdiyevanın və Təranə xanımın ad günü təbrikləri unudulmazdı. Şablon səslənsə də, bütün hədiyyələr dəyərlidir.

- Unutmadığın ad günü surprizi nə olub?

- Uzun illərdir ad günümü hər il təbrik edən Zamin Hacıdır. Zaminin orijinal, yumorlu təbrikləri məni pozitivə yükləyir. Hərçənd, harda zarafat etdiyini, harda ciddi dediyini bəzən ayırd edə bilmirəm.

Gallery

- Təsəvvür elə, ad günündə Qodar zəng vurur. Bunun o biri sürprizlərdən fərqi nə olar?


- Qodar acıdildir, zəng edib qanımı qaraldardı. Ümumiyyətlə, sevdiyim rejissorların heç biri ilə ünsiyyətdə olmaq istəmirəm. Onlara sualım da yoxdur. Çünki filmləri ilə ünsiyyət yetərlidir. Son vaxtlar iki adamın ölümünü gözləmişəm. Biri sevdiyim aktyor Mişel Pikkoliydi ki, yaxında öldü. Pikkoli çox qocaydı, həmişə düşünürdüm, yəqin zavallı çox əzab çəkir, normal adam bu qədər yaşamamalıydı. Ölüm xəbərini eşidəndə rahatladım ki, qurtuldu. Digəri Qodardır. Amma son videosuna baxanda gördüm, yox, formadadır.

- Qodara xüsusi simpatiyanın səbəbi nədir?


- Sənətdə və həyatda qəbul olunan qaydaları pozması, prinsipiallığı, “Oskar” mükafatını iqnor etməsi, kompromisə getməməsi. Bir də onun filmlərində musiqinin vizual üslub səviyyəsində işlənməsinə heyranam.

- Kulisdə zarafatla usta rejissorlara sənin qohum-əqrəbaların deyirlər. İçində onlara qarşı doğrudan da qohumluq hissi varmı?

- Atam əzab çəkərək öldü. Son günlər yanından çəkilmirdim. İlk dəfəydi ki, can verən, ölmək istəyən, amma ölə bilməyən adam görürdüm. Atam daim otağın küncünə baxırdı, həyəcanlanırdı, sanki kimlərisə görürdü. Hiss edirdim ki, reallıqla əlaqəsi itib, bu dünya onun üçün əhəmiyyətsizdir. Və o, küncdə gördüklərinə can atırdı. Dayım soruşanda dedi, anasını, qardaşını görür. Tez-tez allaha dua edirəm ki, ölüm ayağında qohum-əqrəbamın ruhu gözümə görünməsin, axirətdə onlarla görüşmək istəmirəm. Heç olmasa, o dünyada əl çəksinlər. Gözümə Bunuelin görünməsini, axirətdə onunla danışmağı çox istərdim. Rejissorların çoxuna dəhşətli doğmalıq hiss edirəm.


- Amma deyəsən bu qohumların içində Trier və Tarkovskinin bəxti gətirməyib. Onlarla o qədər aran yoxdur.

- “Güzgü” dəyər verdiyim filmlər arasında ilk üçlükdədir. Sadəcə, Tarkovskinin daim nədənsə narazılığı, rahat ola bilməməsi, dünyayla davası, dahi olmasına rəğmən yenə daha çox sanki təriflənmək ehtiyacı məni qıcıqlandırır. Hansı müsahibəsinə baxmışam, üz-gözündən zəhrimar yağır. Gündəliklərini oxuyanda anladım ki, zanuda olub. Onunla yüz faiz axirətdə qarşılaşmaq istəməzdim. Rastlaşsam, soruşaram ki, sən allah rahatsan indi? Trierə gəlincə, yaxınlarda son müsahibələrindən birinə baxdım. Qocalıb əldən düşüb, hər şeyə etinasızdır, yumor hissi və provakativ xarakteri dəyişməyib. Ümumiyyətlə, Trieri rahat buraxmaq lazımdır, axmaq suallarla onu incitmək günahdır. Bir də Tarkovskidən fərqli olaraq, o, daha rahatdır sanki.

Gallery

- Nuri Bilgə Ceylan Kannda da mükafat aldı, yenə sənin xoşuna gəlmədi. Yazıq daha bundan artıq neyləməlidi?

- Ceylan əla təqlidçidir. Ümid edirəm, Ceylan da, Kannda mükafat almış Keşiş də cəhnnəmdə yanarlar. Amma “Bir zamanlar Anadoluda” filminə görə Ceylana digər keyfiyyətsiz filmlərini keçmək olar. Bu film istisna olmaqla, onun kinoda özünəməxsus hansı sözü dediyini tapa bilmirəm. Son filminə də 10 dəqiqədən artıq baxa bilmədim. Ondansa vaxtımı bozbaş bişirməyə xərcləyərəm.


- Son dövrlər maraqlı hekayələr yazan Sevda da görünür. Kinotənqidçi Sevda Sultanovanın harasındadır bu yazıçı?

- Hekayə məsələsini ciddi qəbul etmirəm, bu sahədə xüsusi istedadım yoxdur. Sadəcə stress atmaq üçün yazıram. Arzum var, erotik hekayələr yazım gələcəkdə. Hələ təcrübə toplayıram. Anais Nin ideal qadınlarımdan biridir. İki kişidə ərdə olub, heç birinin də bundan xəbəri olmayıb.

- Ədəbiyyat sənin üçün nə deməkdir? Xüsusən kino ilə müqayisədə...

- Son illər bədii əsər oxuya bilmirəm, darıxıram. Memuarlara, sosial, siyasi mövzuda mətnlərə üstünlük verirəm. Kino mənim üçün əvəzolunmazdır. Düzdür, bir araşdırmamla bağlı homoseksual mövzuda o qədər film izlədim ki, bir ara kino sənəti məndə ikrah yaratdı. İndi-indi özümə gəlirəm. Çoxunun heyran olduğu “1917” filmini izlədim yaxında. Yazacam bu haqda.

Gallery

- Ədəbiyyatçılarda belə bir fikir var ki, dünyada Homerdən, Nizamidən, Tolstoydan böyk sənət adamı yoxdur. Sən necə düşünürsən, doğrudanmı ədəbiyyatın sənət kimi əlahiddə bir üstünlüyü var?

- Bu suala cavab vermək üçün özümü yetərincə intellektual hesab etmirəm. Hər halda bütün sənət növləri əlahiddədir. Həmçinin ədəbiyyat.

- Səni sözün yaxşı mənasında mühafizəkar saymaq olar, amma həm də azad düşüncəli və cəsarətli qadınsan. Bunun hansısan, bəlkə deyəsən biz də işimizi bilək?

- İnanırsan, heç özüm də bilmirəm. Misalçün, kişinin mətbəxdə iş görməsinə dözümsüzəm. Bu, mənə qeyri-estetik gəlir. Kişinin həddən artıq liberal olmasını sevmirəm. Amma məsələn, nikahdan çox, azad seksual münasibətlərin tərəfdarıyam. Bu formatda münasibətlər daha səmimi və təmənnasızdır.

- Kişi dostlarımızın biri öz həmcinslərinə tövsiyə etmişdi ki, Sevda Sultanovaya münasibətdə sizi çox ehtiyatlı olmağa çağırıram, birdən vurulub edərsiniz, yazıqsınz. Kişilər səndən niyə bu qədər qorxurlar?

- İnstitut vaxtı bir oğlanla bir-birimizi sevirdik. Dövlət imtahanından sonra məni evə ötürdü, ailə qurmaq təklifi etdi. Onda anladım ki, mənə sol ideyalar daha çox maraqlıdır, nəinki onunla ailə qurmaq. Amma indi solda yox, daha çox sağdayam. Yəni münasibətlərin ən gözəl anında çıxıb gedə bilərəm.

Gallery

- Niyə feminist deyilsən?

- Feministlərin fikirlərinin bir qismini bölüşürəm. Amma feminist olmaq üçün xüsusi səbəblərim yoxdur.

- Neçə cür üz, əl və bədən kremin var? Ümumiyyətlə, krem və zeytun yağının sənin üçün fərqi nədən ibarətdir?

- Hər ikisi həyatımın ayrılmaz parçasıdır. Zeytun yağını daha çox istifadə edirəm, bəzən kremə də qatıram.

- Mətbuatı izləyən bir jurnalistin yanında adın çəkildi, dedi, hansı, o seksdən yazan qız? Niyə “tərbiyəsiz” şeylər yazırsan?

- Azərbaycanlılar seks sözündən niyəsə qorxur. Ən çox seks kompleksləri olan da bizik. Misalçün, Vasif İsmayıl müsahibəsində deyir ki, azərbaycanlı kişilərin çoxu penisini böyütmək istəyir. Kim bilir, bəlkə o jurnalistin də belə problemi olub. Ancaq uşaqlara de, bunu başlığa çıxarmasın. Çünki artıq belə başlıqlı müsahibə gedib.

Gallery


- Məncə, indi verəcəyim qeyri-etik sual yalnız ad günündə verəiləndə qeyri-etik səslənməz: Niyə ailə qurmursan?

- Bir nəfərlə münasibətim vardı. Bir dəfə hiss elədim ki, kənddə yaşayıb kələm, gül-içək əkmək onunla yaşamaqdan maraqlıdır. Ancaq çox sevdiyim, dəyər verdiyim, şəxsiyyət olaraq fövqəladə hesab etdiyim kişi əlbəttə ki var, vətəndaş nikahında yaşamağı planlayırıq.

- Bu gün ad günündə özün yemək bişirəcəksənmi?

- Səhər oyandım, evdə dedilər, sənin üçün tort bişirmişik. Özü də bilirlər ki, tort həvəskarı deyiləm. Nəsə bişirmək həvəsim yoxdur. Bir azdan dükana gedib, limon aromalı zeytun yağı alacam.

# 8430 dəfə oxunub

Müəllifin son yazıları

# # #