Azərbaycan teatrında bu olmamışdı - İlk dəfə

Azərbaycan teatrında bu olmamışdı - İlk dəfə
3 mart 2020
# 15:35

Sağlam doğulmaq insan üçün ən böyük xoşbəxtlikdir. Biz, yəni dünyaya əl-ayağı düz və sağlam gələnlər bu xoşbəxtliyi kifayət qədər yaşamış insanlarıq. Hərdən bir yerimiz ağrıyanda, canımız soyuqlayanda narahat olur, özümüzü qoymağa yer tapmır, həkim-təbib axtarırıq.

Bir də var fiziki məhdudiyyətlə doğulan insanlar. Bu insanlar ömürlərinin əvvəlindən ta sonuna qədər bu məhdudiyyətlə yaşamalı, talelərinə qoyulan ağır yükü sona qədər çəkməlidirlər.

Yaşadığım qəsəbədə, yolumun üstündə əlilliyi olan uşaqlar üçün nəzərdə tutulmuş məktəb var. Hər səhər ora uşaqlarını gətirən valideynləri görəndə az qalıram sağlam olduğum üçün onlardan üzr istəyim. Dəfələrlə bu adamların üz-gözündəki kədəri, nisgili və xəfif bezginliyi görəndə utandığımı xatırlayıram.

Əlilliyi olan şəxslər həddindən artıq həssas, xeyirxah, anlayışlı və bir az da incik olurlar. Bu cür insanların özlərinə məxsus dünyaları olur. Bu elə bir dünyadır ki, ora daxil olmaq düşündüyümüz qədər də asan deyil.

Gallery

Abdulla Şaiq adına Kukla Teatrının nəzdində yaradılan “Oyun” teatrında rejissor Səidə Haqverdiyevanın Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesi əsasında səhnəyə qoyduğu “Solğun sevgilər” tamaşası həm də tamaşaçıya bu cür insanların dünyasına daxil olmaq imkanı verir.

Əlbəttə səhnə gözəlliyi, yaraşıqlı qaməti, şahanə duruşu, təmiz səs və tələffüzü sevir. Amma səhnə həm də insanların mənəvi aləminin kamilləşməsinə xidmət edir. Yazılan əsərlər, qoyulan tamaşalar, çəkilən filmlər və ümumiyyətlə baş verən bütün sənət hadisələri insan dünyasının təmizlənməsinə, mənəviyyatca kamilləşməsinə şərait yaradır. Həqiqi sənət isə səhnədə əlil arabasında əyləşən fiziki məhdudiyyətli yeniyetmənin heç vaxt geyilməmiş ayaqqabı altlığının təzə qalmasını göstərə bilmə bacarığıdır. Həmin ayaqqabı altlıqlarının səhnə tələb etdiyi üçün yox, həyat tələb etdiyi üçün təzə qalması və bunun səhnədən tamaşaçıya yansıması reallığın sənətə çevrilmə faktıdır.

Gallery

Fiziki məhdudiyyəti olan insan üçün qayğının, etimadın, onlara özünü təsdiq imkanlarının yaradılmasından gözəl nə ola bilər ki?

Rejissor Səidə Haqverdiyeva Azərbaycan teatr məkanında ilk dəfə olaraq belə bir işə imza atıb. O, səhnəyə peşəkar aktyorlarla yanaşı həm də fiziki məhdudiyyəti olan insanları çıxardı. Bununla həm də bu cür insanlara özlərini başqaları qarşısında ifadə edə bilmək üçün geniş imkanlar yaratdı.

Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesi əsasında 1987-ci ildə çəkilmiş televiziya tamaşası hamımızın yaddaşında dərin iz buraxan ekran əsəri olub.

Haqverdiyevanın səhnə tərtibatı, mizanları və əsərə yanaşması isə bir az fərqlidir. Əsər müasir zamanla uyğunlaşdırılıb. Biz səhnədə mobil telefon işlədən, diskotekaya əylənməyə gedən, yoqa ilə məşğul olan qəhrəmanlar görürük. Klassik əsərin içərisində bütün bunları əridə bilmək və bunu indiki tamaşaçıya təqdim etmək olduqca çətin və kifayət qədər cəsarətli addımdır.

Gallery

Rejissor səhnə tərtibatında Cabbarlının əsərindəki ideya və ənənələrə sadiq qalıb, müəllifin üslubuna heç bir zərər gətirmədən onun interpretasiyasını uğurla həll edə bilib. Sara (Məleykə Cəfərova) və Pəri (Günay Əhməd) ögey bacıdırlar. Pərinin anası Gülnisə (Ülviyyə Əliyeva) Saranın atasının ikinci arvadıdır. O, varidatını ələ keçirmək üçün ərini zəhərləyib öldürür. Fitnəkar ana daha sonra qızlığını Saranı öz əmisioğlu Bəhramdan (Türkay Cəfərli) ayırıb qızı ilə evləndirir.

Tamaşanın səhnə tərtibatçısı əməkdar rəssam İqbal Əliyev, musiqi tərtibatçısı əməkdar artist Vüqar Camalzadə, xoreqraf Elnur İsmayılovdur.

Digər rolları isə fiziki məhdudiyyətli insanlar ifa edirlər. Ssenari yazılarkən məhz bu aktyorlar üçün nəzərdə tutulan müxtəlif obrazlar nəzərdə tutulub.

Gallery

Tamaşa Bəhramın dəli olma səhnəsi ilə başlanır. Yəni son irəli çəkilir. O, müxtəlif xəyali ruhlar tərəfindən əhatəyə alınır. Ağ paltarlı və maskalı adamlar Bəhrama “sən qatilsən” deyirlər. Bəhram rolunun ifaçısı Türkay Cəfərli olduqca peşəkar ifa sərgiləyir. Türkayın obrazın mənəvi aləmini dərindən dərk etməsi, qəhrəmanın yaşadığı böhranı hiss etməsi ifasına asanlıqla sirayət edir. Hiss olunur ki, aktyor səhnədə çətinlik çəkmir, obrazın bütün yaşantılarını asanlıqla daxilindən keçirib tamaşaçıya çatdıra bilir. Türkay bu çatdırmada çox sərbəst və azaddır, həqiqi aktyor ənənələrinə sadiqdir. Səhnədə özünü rahat hiss edir, heç bir həyəcana qapılmır. Hətta hərdən aktyorun bu çatdırma bacarığının özünün də hiss edib məmnun olmasını görürəm. Növbəti səhnələrdə tamaşanın dinamikası gedişata uyğun olaraq tədricən azalsa da, aktrisa Günay Əhmədin səhnəyə daxil olması ilə bu dinamika yüksəlir. Günay Əhmədin plastikası, naturası səhnə üçün çox yararlıdır. Aktrisanın ən üstün keyfiyyətlərindən biri situasiyanı vaxtından əvvəl öz ifası ilə tamaşaya çatdıra bilməsidir. Pərinin ölüm səhnəsindən əvvəl aktrisanın səhnəyə gəlişi, simasındakı kədər artıq onun başına gələcək bədbəxtlikdən xəbər verirdi. Bu baxımdan Günay bu cür səhnələr üçün əvəzolunmaz istedaddır.

Səidə Haqverdiyeva “Soğlun sevgilər” tamaşasında Gülnisə obrazını aktrisa Ülviyyə Əliyevaya həvalə etməklə xeyli cəsarətli addım atıb. Aktrisanı biz daha çox komik obrazlarla tanımışıq. Məlumdur ki, rejissorlar komik obraz ifa edən aktrisalara fərqli rollar verməkdən, onları dramatik rollarda sınamaqdan uzaq olurlar. Amma “Soğlun sevgilər” tamaşasında Ülviyyə Əliyeva Gülnisə kimi əzazil, qəddar xarakteri canlandırır. Onun səsinin kaloriti, roluna hakim ola bilmə bacarığı tamaşaçının fikrini səhnəyə cəlb edir, ordan uzaqlaşmasına imkan vermir.

Gallery

Aktrisa Zümrüd Qasımova tamaşada iki obraz yaradır. Bunlardan biri Mələk, digəri isə Vicdan. Əlil arabasında əyləşən aktyorla rəqsi nə qədər çətin və həyəcanlı olsa da, aktrisa bu ifanın öhdəsindən şövqlə gəlirdi. Aktirsa şən, pozitiv obrazının ardınca növbəti səhnələrdə əvvəlki obrazdan fərqlənən tamamilə başqa obrazla qarşımıza çıxır. Əvvəlki obrazda onu plastikası və vizual görüntüsü rol oynayırdısa, son səhnədə aktrisa yalnız səs və sima cizgiləri ilə roluna adaptasiya olunmuşdu.

Əsərdən də bildiyimiz kimi Sara obrazı kasıb, kəndsayağı bir ev qızıdır. Onun Pəriyə uduzmasının əsas səbəbi Gülnisənin fitnəkarlığı olsa da, burada Saranın sadəliyi, hətta avamlığı daha qabarıq olur. Bu baxımdan Sara xarakteri ilə həm faktura, həm də xarakter etibarı ilə aktyor tapmaq o qədər də asan deyil. Birinci kurs tələbəsi Məleykə Cəfərova isə qüsurları olsa belə kifayət qədər maraqlı ifa edir. Biz yalnız tamaşanın sonunda öyrənirik ki, əslində Sara rolunu ifa edən, məşqlərdə çıxış edən aktrisa müəyyən səbəblərdən tamşaya bir gün qalmış tamaşada iştirak edə bilməyib. Bir gündən də az vaxt ərzində birinci kurs tələbəsinin belə ağır rolun altına girməsi, tamşaşanın yükünün çiyinlərə götürülməsindəki cəarətli addımı yalnız alqışa layiqdir.

Gallery

Birhissəli səhnə nümunəsində rejissor peşəkar aktyorlarla yanaşı fiziki məhdudiyyət olan Xəqani Əliyev, Aysel Əlizadə, Nazlı Əliyeva, Səma Məmmədova, Rəsul Məmmədli, Ceyhun Mahmudov, Taleh İsmayılovla xeylıi zəhmət tələb edən iş prosesindən keçmiş, onlara öz aralarında bir-biri ilə vəhdətə olmasına geniş şərait yaratmağı bacarmışdı. Tamaşa zamanı məhdudiyyətli aktyorların bir-birlərinə dəstək olması, bir-birilərinə kömək etmələri diqqətimi cəlb edərək məni xeyli mütəəsir etdi.

Onlar tərəf müqabillərini maksimum duymağa, özlərini səhnədə ifadə etməyə, sözləri düzgün tələffüzünə çalışır və buna nail olurdular.

Səhnə tərtibatının düzgün qurulması, çeşidli musiqi seçimləri, emosional zənginlik, əsərin klassik fabulası ilə rejissorun müasir yozumunun içləşməsi tamaşanın ən böyük uğuru hesab oluna bilər.

Tamaşanın sonuna yaxın Bəhram Pərini boğaraq öldürür, özü isə dəli olur. Bu an tamaşanın kulminasiya nöqtəsi olur. Və tamaşa da məhz həmin məqamda bitərək, sona çatır. Saranın ruhunun Bəhramı bağışlamasıyla isə katarsis baş verir.

Sənət naminə bu xeyirxah çalarlı tamaşanın hazırlanması, onların tamaşaçılara təqdim olunması müasir teatr səhnəmizdə maraqlı hadisə kimi tarixə qovuşur. Bu yolda əməyi keçən hər kəs alqışa layiqdir. Xüsusilə Abdulla Şaiq adına Kukla teatrının direktoru Rəşad Əhmədzadəyə bu cür yaradıcılıq imkanlarına açılmasında, təqdim olunmasında yaratdığı imkanlara görə dərin təşəkkürə layiqdir.

# 10473 dəfə oxunub

Müəllifin son yazıları

# # #