Kulis.az Samirə Əşrəfin “6 nömrəli palata” cəmiyyətin kiçildilmiş modeli...” yazısını təqdim edir.
“Onların xahiş edərkən üzlərini, ölərkən adyallarını görmək son dərəcədə ağırdır.” - Çexov Maksim Qorkiylə məktublaşarkən bu sözləri vərəmli xəstələri haqqında yazırdı.
O, dövlətdən heç bir kömək görməyən, çarəsiz, bədbəxt xəstələrlə rastlaşarkən dərin kədər hissi keçirir, öz xəstəliyi ilə yaşayan xəstələrin ölümünü görməyə dözə bilmirdi. “6 nömrəli palata” hekayəsində (rus ədəbiyyatında povest kimi qeyd olunur) də yazıçı xəstə insanların heç kim tərəfindən xatırlanmaması məsələsini həm də palatanın unudulması ilə vurğulayır.
Gözətçi Nikitadan və iki aydan bir gələn dəlləkdən başqa xəstələr heç kimin yadına düşmür.
Bu unutqanlıq o qədər adi və sadədir ki, palata sakinləri də bunu reallıq və təbiilik kimi qəbul ediblər. Onlar üçün palataya kiminsə gəlib-gəlməyəcəyi artıq heç bir əhəmiyyət daşımır.
Bu əhəmiyyətsizlik elə bir həddədir ki, həkimin onları ziyarət edəcəyi xəbəri belə palatada şayiə kimi qəbul olunur. “Lakin bu yaxınlarda xəstəxana korpusuna qəribə bir şayiə yayıldı. Şayiə buraxdılar ki, guya 6 №-li palatanı həkim ziyarət etməyə başlamışdır. Qəribə bir şayiə!”
Cəmiyyətin ən nüfuzlu, inanılmış simalarından hesab olunan həkimin palataya vəzifə borcu gəlişi xəstələr tərəfindən şayiə kimi qəbul olunması Çexov tərzinə xas şəkildə sarkazmla verilir. Hətta sarkazmdakı hiddət, kinayə o qədər güclü olur ki, yazıçı şayiə sözünün əvvəlinə qəribə sözünü də əlavə edir. “6 nömrəli palata” o qədər unudulmuş, təhqir olunmuşdur ki, həkimin ora gəlişi həqiqət yox, qəribə şayiə kimi qəbul olunur.
Çexov bilərəkdən palatanın ümumi vəziyyətini şayiə sözü ilə xarakterizə etməyə üstünlük verir. Bununla da sanki xəstələrin yaşayış tərzinə, baxımsızlığına və təcrid olunmalarına ironiyadır.
Çexov “6 nömrəli palata” hekayəsində xəstələrdən ən çox İvanın üzərində dayanır. Onun üçün daha çox söz və fikir xərcləyir. Yazıçı onun obraz kimi təsvirini və xasiyyətini geniş formada oxucuya təqdim edir:
“O heç vaxt, hətta tələbəlik illərində belə sağlam adama oxşamırdı. Həmişə rəngi sarı, bədəni arıq idi, tez-tez soyuqlayır, az yeyir, pis yatırdı. Bircə qədəh çaxırdan başı gicəllənir və özündən gedirdi. Adamlara böyük meyl göstərirdi, lakin xasiyyətinin tündlüyü və vasvasılığı üzündən, heç kəslə isinişə bilmirdi, bu səbəbə görə özünə dost qazanmamışdı. Şəhərlilərə həmişə həqarətlə baxardı, dediyinə görə, onların kobud nadanlığı və heyvani yaşayışları ona alçaq və mənfur görünürdü. Tenor səsi ilə ucadan və qızğın danışardı, səsində narazılıq və qəzəb, yaxud da vəcd və heyrət duyulurdu. Onunla nə barədə danışırsan-danış, tez söhbəti eyni şeyə çevirərdi: şəhər həyatı adamı darıxdırır, cəmiyyət ali məqsədlər ardınca getmir, sönük, mənasız bir həyat sürür, həyatı təcavüzlərlə, qaba əxlaqsızlıqla və ikiüzlülüklə boyayır, alçaq adamlar tox və üst-başlı olduqları halda, namuslu adamlar ac-yalavac dolanırlar; yeni məktəblər açmaq, düzgün bir istiqamət götürən yerli qəzet, teatr, qiraətxana və ziyalı qüvvələrin birliyi lazımdır, cəmiyyət öz vəziyyətini düşünüb dəhşətə gəlməlidir. İvan Dmitriçin insanlar haqqında mühakimələri çox kəskin və qəti idi; o bütün bəşəriyyəti namuslu və alçaq adamlara bölürdü; ondan ötrü orta bir pillə yox idi.”
Sonda vurğulanan orta pillə seçiminin qəbul edilməməsi İvanın dəli olmağa aparan yol idi.
Daim kitabların əhatəsində olan, mütaliə edən bu həssas insan günlərin birində təsadüfən polislərin küçədə ayağı qandallı məhbusu apardıqlarını görməsi və sonradan tanış polis işçisinin onunla yüngülvarı söhbəti İvanın canına qorxu salır. İvan özünün nə zamansa cinayət işləməyəcəyinə əmindir. Lakin, yaşadığı cəmiyyətə, mühitə inanmır, insanlardan ehtiyat edir. Nə zamansa, şərlənəcəyindən, iş yerində hansısa təhlükəli səhv edərək saxtakarlıqda günahlandırılıb həbs oluna biləcəyindən qorxur. Onun daxilində sələmçi qarını və bacısını qətlə yetirəndən sonra Raskolnikovsayağı qorxuya bənzər qorxu peyda olur. Dostoyevskinin qəhrəmanından fərqli olaraq Çexovun qəhrəmanı özündən əmin deyil. Raskolnikov etdiyi cinayətin fərqindədir. Mənəvi işgəncəyə məruz qalsa da, xəstə əhval-ruhiyyədə gəzib dolaşsa da ruhi müvazinətini itirmir. İvan isə heç bir günah işləməyib, heç kimi öldürməyib. O, cəmiyyətin yaratdığı günah bataqlığının nəticəsində havalanıb, ağlını itirir. Əslində hər iki obraz ətraf mühitdən, insanlardan, qayda qanunlardan narazıdır. Raskolnikovu qətlə, İvanı isə dəliliyə aparan səbəblər bir-birinə oxşardı. Lakin, İvandan fərqli olaraq Dostoyevskinin qəhrəmanı əvvəlcədən düşünülmüş, planlaşdırılmış qətlə üstünlük verir. O, hesab edir ki, sələmçi, pullu bir qarını öldürməklə onun var-dövlətinə sahib olacaq. Özünü və özü kimi digər tələbələri aclıqdan, səfalətdən xilas edəcək. Ən əsası isə yaxşı təhsil almaq yolunda maneələrdən xilas olacaq. Lakin, Raskolnikov düşündüyü qətlə hazırlaşarkən əsas faktoru vicdan məsələsini tamamilə unudur. Unudulmuş vicdan da qətldən az müddət keçən kimi mexaniki olaraq işə düşür. Raskolnikov heç bir vasitə ilə mənəvi dünyasında yaranan təlatümlərdən xilas ola bilmir. Əslində həmin qətlə aparan düşüncəni və İvanı dəliliyə aparan yolu da cəmiyyət yaratmışdı. Raskolnikovun ətrafa reaksiyası, üsyanı qətl şəkilində baş verir. İvanın üsyanı isə bədən qorxusundan ruhi qorxuya çevrilərək dəliliklə nəticələnir.
Çexov İvanın xəstəliyinin ətrafına bütün cəmiyyəti toplayaraq sanki böyüdücü şüşə altında İvanın qüsurlarını, xəstəliyə aparan ətraf mühitin yaratdığı səbəbləri ən xırda detallarına qədər açıb göstərir. Dostoyevskinin Raskolnikovu da, Çexovun İvanı da cəmiyyətin məhsuludur, hətta elə cəmiyyətin özüdür.
İvan başqaların etdiyi çirkinliklərə, riyakarlıqlara, insanlar arasındakı əlaqələrin saxtakarlığına və bu kimi səbəblərə görə daxilən xiffət çəkir. Cəmiyyət onun üçün keçilməz sədlər yaradır. İvan özü ilə bacarmır. Tərdiricən Kafkavari lakin, mənəvi, ruhi çevrilməyə məruz qalır. Kafkanın qəhrəmanı Qreqor Zamza bir sabah yuxudan ayılıb özünün hörümçəyə çevrildiyini görür. Dəhşətə gəlsə də bədənindəki dəyişiklik onu dəli etmir. Şüuru yerində olur. Və həmin təmiz, aydın şüurla da ətrafındakı insanların ona özü də bilmədən, özündən asılı olmadan çevrilməyə məruz qalan doğma adama münasibətlərini analiz edir. Bu çevrilişdən sonra onun şüurunda, mənəvi dünyasında, ətrafında baş verənlərdən dolayı dəyişiklik baş verir. Onun cəmiyyətlə, hətta ən yaxın insanların iç üzü ilə tanışlığı məhz bədənində baş verən çevrilmədən sonra başlayır. İvanın Zamzadan fərqi ondadır ki, onun çevrilişi, qiyamı ruhunda başlanır. Və onu həmin çevrilməyə gətirib çıxaran səbəblər cəmiyyətlə, insanlarla, onların bir-birinə olan rəftarı barədə davamlı, dərin düşüncələri olur. İvan başa düşür ki, o, mövcud vəziyyətə qarşı heç nə edə bilməz. Çünki o, təkdir.
Xəstənin ruhunu bürüyən qorxu onu insanlardan uzaqlaşdırdığı kimi kitablardan və real düşüncələrdən uzaq salır. O, daima həbs olunacağı qorxusu ilə yaşayır. Buna görə də həmişə səssiz olur. Gecələri isə ev sahibəsinin zirzəmisində gizlənir. Nəhayət evə gələn soba ustalarını polis işçiləri zənn edən an İvanın dəlilik mərhələsinin ilk etapı başlanır.
Çexovun “Məmurun ölümü” hekayəsinə nəzər salsaq, görərik ki, orada da generalı izləyən məmur vasvası xəstəliklə generalın başına düşən tüpürcəyinə görə dəfələrlə ondan üzr istəyir. Bu vasvasılıq o qədər dərinləşir ki, məmur general tərəfindən təhqir olunur. Və təhqir olunmanın gətirdiyi biabırçılıq yox, məhz vəzifəsini, nüfuzunu, maddi təminatını itirmək qorxusu məmurun ürəyinin partlamasına, ölümünə səbəb olur.
Əgər İvan da həmin məmur kimi içiboş, yaltaq, mənfəətini güdən adam olsaydı ola bilərdi ki, yaşantısı onu ölümə doğru sürükləyərdi. Amma “Məmurun ölümü” hekayəsindən fərqli olaraq Çexov “6 nömrəli palata”da tamam başqa və daha geniş miqyaslı məsələlərə toxunur.
İvanı xəstəxanaya aparandan bir il sonra o, hamının yadından çıxır. Kitablarını talvarın altındakı xizəyə tullayırlar. Uşaqlar isə həmin kitabları daşıyıb aparırlar.
İnsanların cəmiyyətin kitaba, kitab oxuyana qarşı laqeydliyi, amansızlığı mütaliəli, savadlı şəxsin xilas olmasına mane olur.
Çexov kitabların atılmasını ona görə vurğulayır ki, cəmiyyətdəki kitabsızlıq kitablı şəxsin, fərdin qəniminə çevrilir. Bu səbəbdən də İvan həbsxanaya yox, dəlixanaya aparılır.
Demək ki, fərdin kitab oxuması hələ xilas yolu demək deyil.
Palatanın növbəti sakinini Çexov çox hörmətsiz, kobud müqayisə ilə oxuculara təqdim edir: “İvan Dmitriçin sol tərəfindəki qonşusu qabaqda dediyim kimi, cuhud Moyseyko idi, sağ tərəfindəki isə piy bağlamış, yupyumru, küt və büsbütün ləkəsiz çöhrəli bir mujik idi. Bu – düşünmək və hiss etmək qabiliyyətini çoxdan itirmiş, hərəkətsiz, qarınqulu, murdar heyvan idi. O, həmişə ətrafa tünd boğucu bir qoxu yayırdı.
Onun yan-yörəsini sil-süpür edən Nikita, yumruqlarına rəhmi gəlmədən, var gücü ilə onu döyürdü, burada dəhşətli şey onun döyülməsi deyil, buna adət etmək olar, dəhşətli odur ki, bu kütləşmiş, duyğusunu itirmiş heyvan, döyülməsinə nə bir səslə, nə bir hərəkətlə, nə də bir gözlərinin ifadəsilə cavab verməyərək, yalnız ağır çəllək kimi yavaşca yırğalanırdı.”
Ötən yazıda Çexovun insanlar haqqında yüksək sevgisindən və onlara qarşı öz mətnlərində etik davranışından söz açmışdıq. Buna misal olaraq da yazıçının figeli heyvanxana ilə müqayisə etməməsi faktı vardı. Mujik isə oxucuya heç bir güzəştsiz murdar heyvan kimi təqdim olunur. Təbii ki, bu təqdimetmənin bir səbəbi vardır.
Çexov yaxın dostlarından biri olan Pleşşeyevlə tez-tez məktublaşırdı. Həmin məktubların birindəki fikirlər diqqəti cəlb edir: “Mənimçün müqəddəsdən də müqəddəs insan bədənidir, onun sağlamlığı, ağlı, istedadı, ilhamıdır, məhəbbəti və mütləq azadlığıdır.”
Fikir versək görərik ki, Çexov insan bədənini müqəddəs hesab edir. Amma necə insan bədəni? Özündə sağlamlığı, düşüncəsi, məhəbbəti və azadlığı olan insandan söhbət gedir.
Palatadakı mujik sadalanan bu qədər insani dəyərlərdən çox uzaqdır. Onun sağlamlığı, ətrafa reaksiya qabiliyyəti, düşüncəsi yox dərəcəsindədir. Bu səbəbdən də yazıçı heç bir vicdan əzabı çəkmədən onu heyvan və murdar adlandırır. Mujikin Nikitanın onu döyməsinə heç bir əhəmiyyət verməməsi yazıçı tərəfindən dəhşətli hal kimi qeyd olunur. Yazıçı mujikin təsviri ilə həm də cəmiyyətin simasını göstərir. Daim əzilən, döyülən, alçaldılıb təhqir olunan insanların bu kimi hallara qarşı laqeydliyi, barışıqlığı, sanki belə də olmalıdır münasibətini mujikin qoluzorlu Nikitaya münasibəti ilə eyniləşdirib müqayisə edir.
Palatanın sonuncu sakini vaxtilə poçtda çeşidləyici işləyən meşşandır. O, hiyləgər sifətli, alçaqboylu, sarışındır. Aydın, şən baxışları ağıllı və sakit gözləri var. Meşşan daima nəyisə yastığının, döşəyinin altına soxub gizlədir. Öz yoldaşlarından xahiş edir ki, onu Stanislav ordeni aldığı üçün təbrik etsinlər. Meşşan əmindir ki, yaxın vaxtlarda mütləq İsveç “Qütb ulduzu” əldə edəcək.
Fligeldəki xəstələr hər səhər dəhlizə qoyulmuş iri çəlləkdə əl-üzlərini yuyur, sonra isə üzlərini xalatlarının ətəyi ilə silirlər.
Xəstələr heç bir zaman təzə xörək yemirlər ya borş, ya da ki, boyat daşma ilə günlərini yola verirlər. Sonra bütöv palata boyu gəzişmələr başlayır. Heç kim yeni heç bir söz danışmır. Hətta keçmiş poçt işçisi də elə köhnə nişanlardan danışır.
“6 nömrəli palata” əsərinin ana xətti məhz həkim Raginlə başlayır. Çexov onun haqqında üçüncü fəsildə yüngülvarı bəhs edir. Yefimıç İvanın yanına gəlib onu yoxladıqdan sonra deyir: “İnsanların dəli olmasına mane olmaq lazım deyil.”
Bundan sonra Yefimıçın kimliyi, necəliyi barədə hələlik heç nə deyilmir.
Obrazlar üzərində detallı təsvir ustası olan Çexov qəsdən Yefimıçın kimliyi və necəliyi üzərindən sükutla keçir. Onun palata ilə hansısa əlaqəsi olub olmaması məsələsinə toxunmur ki, bunun da əsas səbəblərindən biri figelin unudulmuş məkan olması daha da qabarıq şəkildə nəzərə çarpdırmaqdır. Beşinci fəsildə isə yazıçı Yefimıçın şəxsi keyfiyyətlərini açaraq onun oxumuş, savadlı insan kimi cəmiyyətdə hansı rolu oynaya biləcəyi və bilməyəcəyi məsələrinə toxunur.
Yefimıç xəstəxanaya həkim təyin olunarkən ordakı natəmizliyi, özbaşınalığı, qanunsuzluqları görür. İlk əvvəl xəstəxananı bağlamağı, xəstələri isə çölə tökməyi fikirləşir. Lakin, sonradan düşünür ki, fiziki və əxlaqi murdarlıqla mübarizə aparmağın mənası yoxdur. Onları bir yerdən qovduqda başqa yerə köçərək orada fəaliyyətdə olurlar.
Çexovun yazı prosesində oxucu təəccübünə səbəb olan soyuq təhkiyə “6 nömrəli palata” əsərində çox yüksək formada işlənərək öz davamlılığını qoruyub saxlamışdır. Çexov Yefimıçı oxucuya həm zahirən, həm də xarakter baxımından təqdim edərkən onun nəyə qadir olacağını ilk başdan vurğulayır. “Onun mujiklərə məxsus ağır və qaba görkəmi vardı; sifətindən, saqqalından, yatıq saçlarından və yöndəmsiz möhkəm gövdəsindən böyük yol ağzında olan kök, həyasız və kobud meyxanaçıya oxşayırdı. Üzü sərt, göy damarlarla örtülü, gözləri xırda, burnu qırmızı idi. Boyu uca, kürəyi enli, qolları və qıçları nataraz idi; zorba yumruğu ilə bir dəfə vursaydı adamın canı çıxardı. Amma yerişi sakit və ehtiyatlı idi; dar dəhlizdə adama rast gəldikdə, həmişə yol vermək üçün kənara çəkilir və gözlədiyin kimi yoğun səslə deyil, yumşaq tenor səsi ilə “bağışlayın!” deyirdi.”
Zahiri görünüşü ilə qəti şəkildə uyuşmayan xasiyyəti xəstəxana ilə tanış olandan sonra yüngülvarı həkimlik fəaliyyətində özünü biruzə verir. Bu səbəbdən də Yefimıçın xasiyyətinə xas laqeyidliyi oxucuda heç bir təəccüb yaratmır. Axı yazıçı həkimi hələ üçüncü fəsildə İvan Qramovun yanına gələrkən təqdim edəndə Yefimıçın İvanın timsalında insanların dəli olmasına mane olmamaq prinsipini qabartmışdı. Bu səbəbdən Yefimıç maaşının yarısını kitablara xərcləsə də, oxumuş, savadlı ziyalı olsa da cəmiyyət üçün insanlar üçün heç bir yararlı iş görmür. Laqeydləşir, insanının öz istədiyi kimi yaşamaq prinsipinə mane olmamaq fikrini əsas götürür.
Çexov təhqiqatçılarının qaldırdığı digər bir məsələ isə Yefimıçın o dövr üçün məşhur olan filosof Mark Avrelinin fikirlərindən sitatlar gətirməsidir. Saxalində saxlanılan dustaqların həyatından bəhs edən “Saxalin adası” kitabından sonra “Sürgünlər” hekayəsini işləyən Çexovun bu hekayəsi “6 nömrəli palata” üçün etüd hesab olunur. Belə ki, həmin hekayədə qaldırılan fəlsəfi məsələlər “6 nömrəli palata”da öz əksini daha geniş formada tapır.
Mark Avrelin yazıçının sevdiyi filosoflardan hesab olunur. Çexovun Yaltadakı ev muzeyində saxlanılan kitabların içərisində Mark Avrelin kitabı qorunur. Həmin kitabda yazıçının özünün altını xətlədiyi müəyyən fikirlərlə Yefimıçın ətrafa qarşı göstərdiyi laqeyd münasibət üst-üstə düşür:
“Öz həyatının sınaqlarını qəzəb və amansızcasına qarşılayan hər bir adam sallaqxanaya aparılarkən çapalayıb, zingəldəyən donuza bənzəyir. Yadında saxla ki, ağıl sahibinin fərqli cəhəti öz taleyinə azad sürətdə tabe olmaqdır, onunla heyvana xas olan rüsvayçı mübarizə aparmaq yox.”
Filosofun insanın öz taleyindən razı olmalıdır kimi fikirlərinin kəskinləşdiyi yuxarıdakı cümlələrin altı Çexov tərəfindən xətlənmişdir.
Bu səbəbdən də istər “Sürgünlər” hekayəsində istərsə də “6 nömrəli palata”da həmin filosofun fikirləri müəyyən formada öz əksini tapır.
Çexov Yefimıç və onun kimi insanların cəmiyyətdə tək olduğunu gözəl bilir. Əslində Yefimıç ətrafda baş verən bu qədər iyrənc, üfunətsaçıcı məsələlərin qarşısında çox aciz və qüdrətsizdir. O, bunu gözəl anlayır və bütün işlərdən əlini soyudur. Lakin, digər tərəfdən yazıçının öz həyatına nəzər salanda görəririk ki, əslində “6 nömrəli palata” Çexovun yaşadığı dövrün rus cəmiyyətinin inikası idi.
Çexov Moskvada yerləşən Melixov kəndində özü üçün malikanə satın almışdı. Həmin kənddəki quruculuq işləri, məktəb və xəstəxana tikdirməyi, qızılyel və vəba xəstəlikləri yayılan zaman özü də ağır xəstə ola-ola hər gün əldən düşənə qədər əlli, altmış xəstə qəbul etməyi onun “6 nömrəli palata”da yaratdığı Yefımıç obrazının tam əksidir.
O zaman belə bir fikir ortaya çıxır ki, Çexov Yefimıçın cəmiyyətdə yaranan murdarlıqlara qarşı gücsüzlüyünü göstərməklə yanaşı onun həm də səhv yolda olmasını, meşşan həyatla barışıb günün yarısını kitab oxuyub, soba kənarında qızınmasını pisləyir.
Lakin, İvan Qramov kimi Yefimıç da cəmiyyətdə baş verənlər qarşısında aciz və tənhadır. O, nə qədər oxumuş, savadlı, hissiyyatlı insan olsa da, hiss edir və görür ki, bu qədər nəhəng bataqlığın içərisində yaxşılığa doğru nəsə etmək onun imkanlarının xaricindədir.
(ardı var)