İstəyirdim 70 yaşına nəsə yazam. Sonra dedi, mənim yaşım azdı, o vaxt səhv düşüb. Sonra doğulduğu günü də dandı. Nəsə, hər şeyi qatıb-qarışdırmışdı, elə bil izini azdırırdı. Deyirdim, sən başqa planetin adamısan. Yerişi, duruşu, geyimi, hərəkətləri – heç nə yaşına uyğun gəlmirdi. Özünü tez-tez yoxlatdırırdı, elə bir nigarançılığı yox idi; təzyiqi babat («içirəm – düşür, səhər – qalxır»), qan analizi əla, ürəyində problem yox. Üç il qabaq depressiyaya düşmüşdü, ondan da müalicə olunmuşdu.
Tək qalmaqla arası yoxdu. Deyirdi, siz nə təhər adamsınız, evdə necə otura bilirsiniz, mənim bağrım çatlayır. Şənbə, bazar günləri dostlarıyla evlərinin yanındakı kafedə otururdu. Dəstə yığışmayanda, yenə axtarıb kimisə tapırdı, təki evdən çıxsın, tək olmasın. O da kefi istədiyi qədər. Bir də görürdün heç nə demədən sakitcə aradan çıxıb. Yanına kimsə gəlirdi, bir az çox oturanda, deyirdi, di dur get, nəyə oturmusan. Heç kim də ondan incimirdi. Xasiyyətini bilirdilər. Ürəyindəki dilindəydi. Fikirləşirdim, yəqin ona görə cavan qalıb. Öz ziyanına olan sözü də deyirdi. Bir az bicliyi olsa, onları dilinə gətirməzdi. Bəlkə Tofiqin gözəlliyi də bunda idi.
Son dəfə cümə günü, ölümündən üç gün əvvəl işə gəldi. Deyirdi, zəhərlənmişəm. Sir-sifəti heç xoşuma gəlmədi. Rəngi boğulmuşdu, gözlərində nəsə bir qorxu varıydı. Ancaq ağlımıza başqa şey gəlmədi. Özü də dedi ki, hər şey qaydasındadı, bir azca halsızlığı var. Həmin axşam zəng vurdu ki, avtobus dayanacağına qədər zorla gedib, taqəti yoxuymuş. Demə, infarkt keçirib, özünün də xəbəri olmayıb.
Nəsə, belə-belə işlər, Tofiq. Yenə sakitcə aradan çıxdın. Ancaq bu dəfə həmişəlik. Dostlar arasında, işdə sənin yerin görünür, Zakirlə, İlhamla sənin söhbətini eləyirik. Sənin üçün hər şey bitdi: oğul sarıdan, nəvələrin sarıdan narahatçılıqların, başqa problemlərin yoxa çıxdı. Sən o dünyaya inanmırdın. Ancaq nə bilmək olar… Dünyanın bir böyük sirri var ki, öləndə bizə agah olacaq. Sənə indi agah oldu. Bu sirrə vaqif olmaq üçün ölməyə dəyər.