Günəş zülmətdən doğar - Aliyə Kərimzadənin essesi

Günəş zülmətdən doğar - Aliyə Kərimzadənin essesi
27 sentyabr 2025
# 11:00

Kulis.az Aliyə Kərimzadənin "Günəş zülmətdən doğar" essesini təqdim edir.

Sən soyuq qış günlərində vətən keşiyində dayanan igid,
Mən sənin söykəndiyin dağ, sabaha olan ümid...
Biz - iki dost, iki yoldaş, iki aşiq...

Taksi Şəhidlər Xiyabanının önündə dayananda bir anlıq nəfəsim kəsilir. Sanki avtomobilin təkərləri deyil, zaman dayanır. İçimdə nəsə qırılır, nəsə susur. Evdən çıxanda yüngül yağan yağış indi göydən sel kimi süzülür. Soyuq külək əsir, noyabr ayı olmasına baxmayaraq, havada dekabr-yanvar soyuğu var. Külək üzümə çırpılır, saçlarımı bir sağa, bir sola atır. Havanın soyuğu sanki sümüklərimə işləyir, amma mən bu üşüməyə görə özümə qəzəbliyəm.

“Mən titrəyirəmsə, bəs səngərdə dayanan Harun indi nə haldadır? O da üşüyürmü? Yoxsa soyuq da geri çəkilib onun iradəsinin qarşısında?” – deyə öz-özümə pıçıldayıram.

Çantam, axşamdan alıb hazırladığım güllər bir əlimdə, o biri əlimlə qızımın nazik qolunu sıxıb tutmuşam. Sanki əlini buraxsam, o da ovcumun içindən sıyrılıb qaranlıq zülmətlərdə sual dolu aqibətə sürüklənəcəkmiş kimi bir hiss var içimdə.
Küçənin soyuğu bir yandan, qızımın durmadan sual verən, narazı, hətta küskün baxışları bir yandan içimi yeyir. Hiss edirəm ki, boğuluram. Sanki içimdə nəsə sarsılır, qopur, amma bu qopuş nə səs verir, nə də izah olunur.

Qızımı qolundan çəkişdirib ağacların altına tələsirəm, əvvəl qızımın üst-başını səliqəyə salıb, gödəkcəsinin önünü bağlamağa çalışıram. Ruhum kimi barmaqlarım da donub, hər düymə əlimdə bir əsirə çevrilir. “Görəsən indi bu soyuqda səngərdə, o dağ-dərədə düşmən qarşısında dayanan igidlərə bəs soyuq deyilmi?”, “ Görəsən Harun necədir indi, qalın paltar veriblərmi?” , “ Yəqin oralar burdan da soyuq olar” , “İndi görəsən isti evində oturan neçə ananın ürəyi ayazda qalıbmış kimi üşüyür, neçə həsrət çəkən ruh soyuqdan əsir?” - 44 gündür fikrimdən çıxmayan qırx dörd min sual yenə ard-arda sıralanır.

Yenə dörd gündür Harundan səs-soraq yoxdu. Dörd gündür yenə yuxularım ərşə çəkilib. Yuxusuzluqdan gözlərim bulanır, amma yuxuya getsəm belə, yuxularıma o gəlmir. Elə bil məni tərk edib, səssiz, izahsız, xəbərsiz...

Mən bu susqunluqda bilmirəm neçənci dəfədir ölmüşəm. Hər zəng səsi, hər mesaj məni yenidən həyata qaytarmağa çalışan zəif bir nəfəs kimi gəlir.

Axırıncı dəfə noyabrın 10-da qələbə xəbərini verməyə zəng edib. O gün səsindəki qürur... O sevinc tonu... hələ də qulaqlarımdadır.

“Bitdimi?” – dedim o gün. Amma indi anlayıram ki, heç nə bitməyib. Müharibə yalnız cəbhədə olmur. Müharibə bir qadının ürəyindəki intizardadır, bir uşağın gözlərindəki həsrətdə... Müharibə - övladının “Qəhrəmanım haradadır?” sualına cavab tapa bilməməkdədir.

- Hara gəlmişik, ana? Soyuqdur, üşüyürəm, gedək evə, - deyə qızım narazı-narazı deyinir.

Onun səsi məni düşüncələrdən dartıb alır. İçimdə dərin bir çuxur qalır. Çətinliklə də olsa gülərüzlə cavab verməyə çalışıram.

- Axı sənə demişdim, Nərgiz, qəhrəmanları ziyarətə gəlmişik. Bax, çiçək də aldıq. İndi onları qəhrəmanların məzarına sən qoyacaqsan, yaxşı?

- Yox, soyuqdur mənə, evə gedək - deyə yenidən baxışlarını o qara mərmər daşlara zilləyir. Səssiz bir qorxu var gözlərində. Uşaq qəlbi nəyisə duyur.

- Üşüyürsənsə, əllərini cibinə qoy. Axı babaya söz vermişik, çiçəkləri aparıb qəhrəmanlara verməliyik.

- Mən öz qəhrəmanımı istəyirəm, anaaa .... – deyə hönkürür.

Bu söz məni dəlmə-deşik edir. Sanki sinəmə bir bıçaq saplayır körpə əlləriylə. Dodağımı dişimlə sıxıb güclə özümü saxlamışam, bilirəm ki, indi burda ağlamağa başlasam, göz yaşım dayanmayacaq.

Özümü güc-bəla ələ almağa çalışıram, küskün baxışlarla məni süzən qızıma çarəsiz baxışlarla baxmaqdan başqa bir şey gəlmir əlimdən. Axı mən bizim qəhrəmanın Zəngilan dağlarında, “düşmən ovu”nda olduğunu necə başa salım beş yaşlı uşağa?!

Necə izah edim ki, biz onun yoxluğuna vərdiş etməliyik. Necə deyim ki, mən də sənin kimi darıxıram, qorxuram... Amma susuram. Çünki artıq bilirəm ki, bəzən bir millətin gücü bir ananın susqunluğunda gizlidir.

Müharibə xəbəri yayılandan bəri içimdə bir sancı var. Elə bil hansısa görünməz əl ürəyimin dərinliklərində bir düyməyə toxunmuşdu – “Hazır ol” düyməsinə. Tikan üstəyəm, ürəyimə damıb ki, Harunu da çağıracaqlar.

Sentyabr 25-də zəng edib xəbər verdilər ki , ölkədə olsun, heç yerə getməsin, ehtiyac yarananda dərhal məlumat veriləcək. O zəngdən sonra evimizin havası dəyişdi. Hər şey eyni idi – eyni divarlar, eyni pəncərə, eyni masa... Amma ruhumda fırtına idi, içimdə isə dağılmış bir dünya...

Harun hər şeyi sakit qarşılayırdı. Elə bil bu çağırışı çoxdan gözləyirdi. Deyirdi, “Vətən borcumuzdur, əlbəttə gedəcəyik!”. O qədər təmkinli idi, o qədər dik dayanırdı ki, mən ürəyimdə kök salmış qorxumdan utanırdım.

Amma gecələr, qızımı yatızdırandan sonra qorxu qapımı döyür, məni didirdi. Harunsuz bir sabahın varlığı belə nəfəsimi boğurdu.

Mənim uşaqlığım atamın müharibə xatirələri ilə keçib. Yəni, müharibəni uzaqdan tanıyırdım. Anamın uzun-uzun anlatdığı o çətin günləri hər nə qədər xatırlamasaq da, müharibə haqqında nələrsə bildiyimi düşünürdüm.

Tərtərdə əsgər səngərlərini, nənəmin təndirdən çıxan çörəkləri ətri yayılır-deyə elə təndir başından isti-isti səngərlərə göndərməsini, babamın ermənilər evin ikinci mərtəbəsini görür deyə - bizə ikinci mərtəbəyə çıxmağa icazə verməməsini, gecələr səngərlərdən gələn atışma səslərindən qorxub sabaha kimi yata bilməməyimizi, atəşkəs pozulan gecələrdə babamın gecə qoşalüləni yastığın altına qoyub yatdığını xatırlıyıram. Hamısı yaddaşımın dumanlı künclərində özünə dərin və silinməz izlər qoyub.

Amma o gün, 27 sentyabrda ... başa düşdüm ki, müharibə haqqında heçnə bilmirmişəm. Mən yalnız indi, Harunun gözlərindəki qərarı, qızımın baxışlarındakı anlaşılmaz qorxunu və öz ürəyimdəki dağılmış sükütu görəndə həqiqi savaşın ailəmizə yaxınlaşdığını anladım.

Yəqin ki, o gün həyatımın ən pis günü idi... O gecə zəng gəldi. Harunu Nərimanov hərbi komissarlığına çağırdılar. O gecə səhərə kimi gözümə yuxu getmədi. Səhəri gözləmək işgəncə kimi idi. O gecə bitməsin, o günəş heç doğulmasın istədim. Saatlarla döşəmənin üstündə oturub qapıya, telefona, tavana baxdım. Gözlərim dolu, nəfəsim yarımçıq...

Səhər saat 10-a doğru izdiham artmışdı. Bir əlimlə bərk-bərk qızımın əlindən tutub özümü təmkinli aparmağa çalışıram. Ətrafda sual, sevinc, qürür və narahatlıq dolu yüzlərlə baxış var... Hər yerdə tanıdığımız insanlar, tanımadığımız baxışlar...

Gözüm Həsən əmini axtardı. Yenicə ürək əməliyyatı olmasına baxmayaraq, xəbəri eşidən kimi özünü yetirib bizə. Göz-gözə gəlirik. Onun baxışlarında Harunun baxışındakı o qüruru, amma eyni zamanda bir ata çarəsizliyini görürəm. Mənə baxır, başını yelləyir, sanki “hər şey yaxşı olacaq” deməyə çalışır, ya da məni inandırmağa. Bəllidir ki, bu ağır günlərin həsrət yükü en çox ikimizin çiyinlərinə düşəcək. Axı ikimiz də bilirik müharibə gedənin canına, gözləyənin ruhuna susayır.

Harunun mindiyi avtobus bizdən uzaqlaşanda ruhumun bədənimdən ayrıldığını hiss etdim. O gün həm itirmək qorxusundan, həm Qarabağ sevdasından ağlayan çox oldu orda.

Amma ruhum yavaş-yavaş canını təslim edərkən nə mən, nə Həsən əmi bir damcı göz yaşı tökmədik. O məni düşündüyündən, mən də ona dəstək olmaq üçün. İkimiz də bilirdik ki, biz arxa cəbhəyik, birimiz yıxılsaq, o birimiz də yıxılar, ən əsası ön cəbhə yıxılar...

O gün əslində, ikimiz də öldük avtobusun gedişi ilə, amma bir-birimizə görə yalandan güclü görünməyə çalışdıq.

O gün yüzlərlə ana, yüzlərlə qadın, bacı eyni yerdən yaralandı. Eyni yerdən qanadı bu xalq...

Nigaran günlər bir birini qovub keçdi, səssiz bir intizar başladı. Bu keçən günlərdə neçə dəfə öldük, neçə dəfə yenidən dirildik, bilmirəm.

Harunun hər zəngində təmkinli səsi, sakit nəfəsi həyata tutunmağa, yaşamağa bir ümid oldu bizə. Amma o səsin arxasında səngərin, soyuğun, güllənin qoxusu var idi. Sözləri az, nəfəsi dərin idi.

Ta ki, o sevinc xəbəri gələnə kimi.

İndi Həsən əminin “Əhd eləmişdim, Qarabağ alınanda bir-bir o məzarlara gül düzəcəkdim, amma ürəyim imkan vermir əhdimi tutum” - sözünə görə qızımla onun sözünün tutmağa gəlmişik.

Qəhrəmanımız qələbədən sonra “partizanlıq” edən erməni qruplaşmalarının “ovuna çıxıb”.

“Hələ bir müddət Vətənin övladlarına ehtiyacı var, qələbə qazanıldı, amma düşmən təmizlənməlidir. Müharibə qələbə xəbəri ilə deyil, təhlükənin son damlası silinəndə bitər” - deyir Həsən əmi.

Elə bu anda bizə doğru yad bir kişi yaxınlaşır. Gödəkçəsinin içi boş qolları sallanır, elə bil keçmişdən gələn bir ağrı kimi. Onun hərəkətləri yavaş, amma qəribə bir əminliklə doludur. Sanki yorğun ruhunu sinəsində parıldayan medallar ayaqda tutur. Qızımın qarşısına əyilir, gödəkçəsinin içi boş qolları da qeyri-ixtiyari onunla əyilir.

- Nolub sənə, qızım, niyə ağlıyırsan?- səsi kövrək, amma istiliklə doludur.

- Əllərim üşüyür, - qızım narazı və sual dolu gözlərini zilləyir yad kişiyə.

Kişi gülümsəyir. Bu gülüş sanki yanan bir ruhun zərif bir təbəssümüdür.

- Ürəyində alov olanın əlləri üşüməz, bala.

Qızım isə təəccüblə ona baxır. Elə bil ilk dəfədir bu dünyaya aid olmayan bir insan görür.

- Sən kimsən? Alov nədir? Ürəyimizdə alov olmur axı, - yenə ard-arda sualları düzür: - Aaa, bildim! Sən qəhrəmansan, hə? - gözucu kişinin gödəkcəsinin boş qollarına baxır:

- Anaaa, bax! Qəhrəman!

Kişi başını qaldırıb mənə baxır, sankı bayaqdan heç məni görmürmüş kimi. Utanıram, elə bil ruhumun dərinliklərinə boylanır. Onun baxışlarında nəsə tanış bir ağrı var, səssiz bir başadüşmə, bir yoldaşlıq...

Kişi başı ilə əllərimdəki gülləri göstərib:

- Güllərini götür, gəl. Tut əlimdən, gedək qəhrəmanlara gül verək...

Qızım hec tərəddüd etmədən gülləri dartıb əlimdən alır, yad kişinin paltarından yapışıb qətiyyətli addımlarla məzarlara sarı irəliləyir. Sanki kiçik ayaqları bu torpağın şəhidlərə olan borcunu anlayırmış kimi...

Qızım o kişinin yanında, əllərində güllər məzarlara doğru gedərkən mən içimdə qopan fırtınada sadəcə dua edə bilirəm. Çünki artıq bilirəm ki, bu torpaq yalnız qanla deyil, göz yaşları ilə də sulanır.

Və anlayıram ki, müharibənin ən dərin yarası məzarda qalan deyil, həyatda qalanın içində olanlardır.

Yad qəhrəman onun qolsuz əllərindən bərk yapışan qızıma başı ilə məzarları göstərib canla-başla nələrsə danışır.

Çaşıb qalmışam, ayaqlarım qeyri-ixtiyari məni onların arxasınca sürükləyir. Beynimdə sadəcə uğultu var: “Allahım, yalvarıram, bizim qəhrəman da evə dönsün. Razıyam əlsiz gəlsin, ayaqsız gəlsin, amma yetər ki, evə geri dönsün...”


15.11.2020

# 81 dəfə oxunub

Oxşar xəbərlər

Hərbi Memorial Məzarlıqda 44 metrlik abidə inşa edildi

Hərbi Memorial Məzarlıqda 44 metrlik abidə inşa edildi

12:26 27 sentyabr 2025
Qələbədən sonrakı səssizlik -  Reallığın ütüsüz üzü

Qələbədən sonrakı səssizlik - Reallığın ütüsüz üzü

11:00 27 sentyabr 2025
Anım Günü münasibətilə II Şəhidlər Xiyabanı  ziyarət edilir

Anım Günü münasibətilə II Şəhidlər Xiyabanı ziyarət edilir

10:08 27 sentyabr 2025
Uğurlu olmaq istəyirsiniz? - Bu tövsiyələrə əməl edin!

Uğurlu olmaq istəyirsiniz? - Bu tövsiyələrə əməl edin!

10:00 27 sentyabr 2025
Məhkəmə ​​​​​​​İrəvan Teatrının sabiq direktoru ilə bağlı qərar verdi

Məhkəmə ​​​​​​​İrəvan Teatrının sabiq direktoru ilə bağlı qərar verdi

17:45 26 sentyabr 2025
Dindən fəlsəfəyə gələn filosof - Hansı hərəkəti Haydeqqerin nüfuzunu sarsıtmışdı?

Dindən fəlsəfəyə gələn filosof - Hansı hərəkəti Haydeqqerin nüfuzunu sarsıtmışdı?

16:17 26 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər