Duyğular sultanı

Duyğular sultanı
30 may 2017
# 11:37

Kulis.Az yazıçı Saday Budaqlının “Duyğular sultanı” yazısını təqdim edir.

Afaq Məsudu çox-çox illər əvvəl Şüvəlanda keçirilən yaradıcılıq seminarında tanımışam. Onda ikimiz də yazmağa təzə-təzə başlamışdıq. Həmin seminarda Afaq Məsud “Bekar” hekayəsini oxudu və o hekayə az sonra “Azərbaycan” jurnalında çap olundu. O vaxtdan Afaqın yaradıcılığını izləmişəm, hər yazısını maraqla oxumuşam və əsərləri həmişə məni yaxşı mənada təəccübləndirib, heyrətləndirib.

Yazıçı üçün birinci şərt əlinə qələm alanda səmimi olmağı bacarmaqdı. Öz fikir və duyğularından qorxmamaq, daxili aləmini, hisslərini bütün çılpaqlığıyla ifadə etmək hər yazıçının bacardığı iş deyil. Ancaq bunsuz böyük yazıçı olmaq da mümkün deyil. Mən bir az əvvəl “heyrətləndirib” deyəndə Afaq Məsud yaradıcılığının həm də bu xüsusiyyətini nəzərdə tuturdum. O, insanın daxili aləminin elə qatlarına enir ki, orda “yaxşı”, ya “pis” yoxdur, orda insan var və insan elə bu “pislikləri”, “yaxşılıqları” ilə gözəldir.

Afaq Məsud hiss və duyğuların yazıçısıdır. O, “heç nədən” yazmağı bacarır. Süjet arxasınca qaçmır, əhvalatlar quraşdırmır, onun “əhvalatları” bir-birinə hörülən hisslər, duyğulardı.

O qədər böyük əsərlər var ki, oxuyandan sonra bir də əlinə götürmək istəmirsən. Çünki səni daha çəkmir, ondan aldığını almısan, bundan artıq sənə heç nə verməyəcəyini bilirsən. Ancaq elə əsərlər də var ki, söz səndən uzaq qaçanda, səni çəkməyəndə götürüb təzədən oxuyursan, hansı sözün necə deyildiyini, səni təsirləndirən hansısa məqamın necə təsvir olunduğunu təzədən bilmək istəyirsən. Afaq Məsudun əsərləri bu mənada da mənə doğmadır.

Böyük yazıçı olmaq üçün istedad qədər şəxsiyyət də önəmlidir. Afaq xanım heç vaxt çətinlikdən qorxmayan, yaxşılığı itirməyən, xoş gündə, dar gündə dostlarının yanında olan, onlara dayaq durmağı bacaran bir insandır. Mən onu belə tanımışam – gözəl insan və böyük yazıçı kimi.

# 1864 dəfə oxunub

Müəllifin son yazıları

# # #