Kulis.az Rüstəm Kamalın “Mirzə Fətəli Axundzadə: Atanı unutmaq” yazısını təqdim edir.
(psixoanalitik etüd)
Hərdən düşünürəm ki, Mirzə Fətəlinin həyatı və yaradıcılığı psixoanalizin obyekti ola bilərdi. Əslində, bu yazının da fəlsəfi-nəzəri havasını Z.Freydin məşhur "Dostoyevski və ata qətli" əsəri müəyyənləşdirir. Freyd əsaslandırırdı ki, Dostoyevski yaradıcılığının əsasını Edip kompleksi təşkil edir. Z.Freyd qeyd edirdi ki, oğlun ataya münasibəti həmişə ambivalentdır, "nifrətdən dolayı adətən müəyyən qədər bağlılığı olan atasını rəqib kimi aradan götürmək istəyir".
Böyük Mirzə Fətəli Axundzadənin həyatında qəmli, ümidsiz hadisələr, ağır depressiyalar çox olub. Uşaqlarının və anasının ölümü, ideyalarının və arzularının həyata keçməməsi ömrünün ən kədərli hadisələridir. Amma atasından ayrılmasını, bir daha atasını görməməsini tərcümeyi-halının ağrılı bir faktı kimi unuda bilməmişdi. "… Dörd ildən sonra atamın xamnəli olan başqa arvadı ilə yola gedə bilməyən anam atamdan xahiş etmişdir ki, onu mənimlə birlikdə o zaman Ərdəbilin Meşkin mahalında Şəkinin sabiq hakimi Səlim xanın xidmətində olan əmisi Axund Hacı Ələsgərin yanına göndərsin. O tarixdən mən atamdan ayrılıb, bir daha onu görməmişəm və Qaradağ kəndlərindən olan Horand kəndində anamın əmisinin yanında olmuşam" ("Kolonel Mirzə Fətəli Axundzadənin özü tərəfindən yazılmış bioqrafiyası, yəni tərcümeyi-halı").
Mikayıl Rəfili dahi dramaturqun həyatına həsr etdiyi əsərində həmin ayrılıq səhnəsini canlandırmağa çalışıb. "Erkən, qəribə bir cənub səhəri idi. Gözüyaşlı Nanə kiçik Fətəlini qoyduğu evlə vidalaşırdı. Elə bil onun üçün ölüm hökmü çıxarmışdılar.
- Oğlumu ver! - axırıncı dəfə Nanə dəvəni gətirən ərinə müraciət etdi.
Məhəmmədtağı Nanənin gedişindən kədərlənmişdi. Ona yazığı gəlsə də, dedi:
- Onu vermərəm. Şəriətə görə, oğlum mənim olmalıdır. Bəs qocalanda mənə kim təskinlik verəcək, kor və ixtiyar qocanın əlindən kim tutacaqdır?...
…Uşağı götür, onu qoru.
Bəxtiyar ana və oğulu aparan axırıncı dəvədə ləngərli yerişlə karvanın ardınca yola düşdü".
Ustadımız Yaşar Qarayev Fətəlinin atasından ayrılmasına poetik məna vermiş, Azərbaycanın ikiyə bölünməsi kimi simvolizə etmişdi: "Şahın və çarın iradəsi ilə Araz keçilməz sərhədə çevriləndə onun 16 yaşı vardı. Araz uşaqlığın da dünyasını iki yerə bölür: ata bir, ana digər sahildə qalır" (Y.Qarayev. "Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər").
Nanə xanım "o tay"dan köçüb gələndən sonra elə də çox yaşamır. Vərəm xəstəliyindən dünyasını dəyişir. Fətəli tamam yetim qalır. Görəsən, onda anasının ölümündə atasını suçladımı? Bəlkə söz-söhbətlər, qovğalar, göz yaşları olmasaydı, anam ölməzdi" - dedimi? Bu zaman atasına nifrət hissi oyandımı?
Bu suallara nə "Avtobioqrafiya"sında, nə də məktublarında kiçicik bir işarə də yoxdur. Hər halda biz rast gəlmədik. Atasının xarakteri, xasiyyəti, anası və oğlu ilə münasibətləri haqqında da bir kəlmə söyləmir… Ömür məkanının üfüqlərində ata obrazı, yoxsa birdəfəlik qara bir xəyal kimi uzaqlaşıb qeyb olub? Hər halda bu ayrılıq-hicran dramı onun ruhunda mütləq travma yaratmalıydı...
Ona görə də atasının obrazını yaratmaq, Mirzə Fətəlinin təhtəlşüurundakı obrazı bərpa etmək mürəkkəb məsələdir.
Komediyalarında qadınların fəallığı ata obrazlarının funksionallığını bir qədər zəiflətmiş kimi görünür. Mirzə Fətəlinin fərdi tale mifologiyası qəhrəmanların bioqrafik mətnində atanın yoxluğunu şərtləndirir.
Şahbaz bəyin də atası yoxdur, əmisi Hatəmxan ona atalıq edib. Şahbaz bəy Parisə getməsi üçün əmisindən icazə istəyir.
"Xırs-quldurbasan"da Pərzadı əmisi böyüdüb. "Pərzad. Nə eləyim, əlimdən nə gəlir? Atam ölübdür, bir anam ilə qalmışam əmimin ixtiyarında; qardaşım yox, bir köməyim yox..."
Nuxaya gələndən sonra atası Məmmədtağı ilə əlaqə yalnız təxəyyül səviyyəsində baş verir. Anasının əmisi Axund Mirzə Hacı Ələsgər ona ata əvəzi olur, uşağın yaddaşındakı Ata simvolunun qismən unudulmasına nail olur.
"İkinci ata" (Axund Mirzə Hacı Ələsgər) yeniyetmə Fətəlinin içinə uşaq duyğusallığının yol açmasına imkan vermir. Bilavasitə dərsləri ilə məşğul olur. Mirzə Şəfinin müəllimliyi və tövsiyəsi, mütərcimliyi Fətəlinin yetkinlik dövründə uşaqlığını gərəksiz hadisəyə çevirir. Ataya bağlılıq tədricən ruhun ekzistensial tələbatı kimi fəal yaşanılmır.
İndən belə Axund Mirzə Hacı Ələsgərin adı hər yerdə "ikinci ata" kimi keçir: "…anamın əmisi Axund Molla Ələsgərin yanında müsəlman dillərini öyrənməyə başladım. Bir müddətdən sonra isə rus dilini öyrənməyə meyl edib, onu da öyrəndim. Fars və ərəb dillərini yaxşı bildiyimdən Qafqazdakı Rusiya sərdarlarının yanında mütərcimlik vəzifəsi ilə başım ucaldı";
"1834-cü ildə ikinci atam məni götürüb Tiflisə gətirdi və rus sərdarı Baron Rozenə ərizə yazıb xahiş etdi ki, məni öz dəftərxanasında Şərq dilləri mütərcimi sifətilə qulluğa götürsün və rus zabitlərindən birini də məni rusca oxumağa təyin etsin ki, rus dili sahəsində təkmilləşsin".
Mirzə Fətəlinin fars dilində yazdığı tərcümeyi-halında "ikinci atası"nın rolunu qeyd edir. "Əlqissə ikinci atam Axund Mirzə Hacı Ələsgər Həcdən mühacirət elədi. Ondan sonra mən də Nuxaya gəldim… Bu əsnada Nuxa şəhərində rus məktəbi açıldı. İkinci atamın icazəsi ilə rus dilini öyrənmək üçün bu məktəbə girib bir il burada təhsil alıb çıxdım".
Bildiyimiz kimi, Ata simvolu həm də hakimiyyət arxetipidir. Mirzə Fətəlinin ataya münasibətini hakimiyyətə münasibəti kimi də mənalandırmaq mümkündür. Onun düşüncəsində "ikinci ata" simvolik olaraq Rusiyanı, "birinci ata" isə Məmmədtağı İranı təmsil edirdi.
Ata istəyi bir inanc duyğusudur. "Birinci ata" istək obyekti kimi yalnız millətin keçmişi və gələcəyi ilə bağlı düşüncələrində "dirilir". İran elitasının yüksək çinli nümayəndələri ilə yazışır, onlara əlifba layihəsini göndərir, onları Tiflisə, evinə qonaq çağırır. Qızını Qacar şahzadəsinə ərə verir… Mirzə Fətəlinin ata istəyi hakimiyyət obrazının profanlaşdırılması ilə ödənilir. Necə ki, "Aldanmış kəvakib"də Şah Abbas hakimiyyətini müvəqqəti olaraq Yusif Sərraca ötürür və hakimiyyət obrazını sakrallıqdan məhrum edir. Axı hakimiyyət ata "Fövqəl-mən"inin ideallaşmasıdır.
Mirzə Fətəli üçün şəcərəsi mifoloji başlanğıca malik idi. Xamnəyə ulu babalarının uzaqdan (Rəştdən) gəldiyini bildirirdi. Tərcümeyi-halında, Manukçı Sahibə məktublarında əcdadlarından mif kimi danışır. Bəlkə də Mirzə Fətəliyə mifoloji şəcərə yaratmaq cəhdi onun əsl atanı unudub simvolik Ata kultu yaratmaq istəyindən gəlirdi?..
“Ədəbiyyat qəzeti”