Kulis.az gənc yazar Ruslan Mollayevin “Payız” adlı qısa hekayəsini təqdim edir.
Bu səhər, yağışdan sonra Qərənfil küçəsində iki gənc öz bəstələdiyi mahnını elə ürəkdən çalıb oxuyurdu ki, ətrafa yayılan səsin ahəngi hər şeyi sehrləmişdir.
Kimi ayaq saxlayıb dinləyir, kimi binanın yuxarı mərtəbəsində pəncərəyə söykənərək çiyinlərini qucaqlayıb, baxırdı.
Küçənin çıxışında yerdə qərənfil vardı, yağış damcıları ləçəklərinin arasında jalə kimi dayanmışdı. O, sevgilisinə qərənfil bağışlamaq, yenidən o gülün dəyərini qaytarmaq istəmişdi...
Az sonra küçəyə sakitlik çökdü, pəncərədən baxanlar gitara və klarnet futlyarına qoyulan pulları görmürdülər, onlara elə gəlirdi, insanlar musiqiçilərin qarşısından təzim edərək, keçirlər...