“Sən öl, bu il də payıza qalson, atovu yandırıcıyam. Nöş canıvı azzar alıb? Nöş oxumursan? Utan, alə! On beş yaşun var, on beş köpüklüy savadun yoxdu. Axşam işdən gələn kimi nə oxumusansa bitdə-bitdə soruşucıyam səndən!” Atam çıxışını hər zaman olduğu kimi bu dəfə də klassiklərdən birinin kəlamıyla tamamlayıb qapıdan çıxdı. Fikir götürdü məni. Keçdim mətbəxə. Soyuducudakı qrafindən bir stəkan su süzüb yarısını özüm içdim, qalanını da savaba yazılsın deyə atdım mətbəxin pəncərəsindən küçəyə.
Aşağıya gillənən savab deyəsən kiminsə təpəsinə töküldü. Söyüş-qarğış eşitməməkçün tez pəncərəni bağladım. Çünki imtahanqabağı belə şeylər adama pis təsir göstərir. Başladım otaqda var –gəl etməyə. Ürəyimdə atama haqq qazandırdım: yox, kişi düz deyir, oxumaq lazımdır. Bəs oxumaqçün nə lazımdır? Oxumaq üçün kitab lazımdır. Kitabı hardan tapmaq olar? Əgər özündə yoxdusa və yaxud qonşudan çırpışdırmamısansa kitabxanadan tapmaq olar-daxili sual-cavabımı bitirib dedim vaxt itirmək olmaz. Kitabxanaya borclu olduğum xalq şairlərini yığdım sellofan torbanın içinə. Şairlərdən biri torbaya girmək istəmirdi. Yadıma düşdü ki, astması var. Dirəşmədim. Çıxdım evdən. Qapını bağlayıb açarı qoydum köynəyimin cibinə. Şalvarımın dal cibindən üç-dörd gün bundan əvvəl küçədən tapdığım bizim qapıya heç bir aidiyyatı olmayan paslı açarı çıxarıb döydüm qonşumuzun qapısını. Dedim: bizdən gələn olsa bu açarı verin , qapıda qalmasınlar. Kitabxanada dördgöz urus balasından başqa heç kəs yox idi. O da oturmuşdu oxu zalında, şıdırğı nəsə yazırdı.
Yanaşdım kitabxanaçı xanıma. Salam verdim. Salamımı almayıb soruşdu: kitab götürəcəksən? Dedim: yox, üzgüçülüyə yazılmağa gəlmişəm. Zarafatıma qımışmadı belə. Pərt oldum . Məndən bir az uzaqda olmasaydı urus balasını məcbur eləyərdim ki, mən dediyim sözə gülsün. Birdən nə təhər oldusa gözüm sataşdı kitabxanaçı xanımın yaxasına. Gördüm lifçik geyməyib. Döşü-başı qalıb bayırda. Əsmə tutdu məni. Fikirləşdim: yer-göy od tutub yanır, o qədər istidir ki, milçəklərin də qanadları tərləyib. Ahar eləməyəcək ki özünü. Yaxşı eləyib geyməyib. Birtəhər özümü ələ alıb dedim, mənə Füzulinin-filan kitabı lazımdı. Xanım durdu ayağa, başladı Füzulini axtarmağa. Uzun sürən axtarışdan sonra tapdı gətirdi.
Dedim, yox, mənə filanıncı ildə çıxan kitabı lazımdı. Kitabxanaçı xanım qaş-qabağını töküb başladı təzədən eşələnməyə. Yalan olmasın, yarım saatdan sonra qan-tər içində kitabların, kitab rəflərinin arasından çıxıb dedi: tapdım. Belinin ağrısı keçsin deyə hər iki əlini belinə qoyub bir balaca əyildi. Əzbərlənəsi, yaddaşa həkk olunası döşləri vardı... İstidən və gördüyüm gözəl mənzərədən quruyan boğazımı tüpürcəyimlə isladıb dedim: Bağışlayın, sizə də əziyyət verdim. Heç nə demədi. Kitabı götürüb qapıdan çıxhaçıxda kəkilim havalandı. İstədim qayıdıb deyəm: ay xanım, bu işə görə siz dövlətdən maaş alırsız. Bir-iki dəfə əyilib qalxdınız deyə, ayıb deyilmi başıma arxadan kül eliyirsiz? Hirsimi cilovlayıb, səbrimi basdım. Dinməz-söyləməz çıxdım çölə. Tez-tez yeriyirdim ki, məni gün vurmasın. Evimizə çatmağa təqribən yüz metr qalmış mənə elə gəldi ki, kimsə adımı çəkdi. Dönüb baxdım. Gördüm tut ağacının altında iki nəfər oturub. Ağacın altındakı iki nəfərdən biri çox vecsiz adamıydı. Dəqiq adını bilən yox idi məhlədə. Ləqəbi “Qaloş” idi. Tut ağacının gövdəsinə kürəyini söykəyib təsbeh çevirən ikinci adamın Gülağa olduğunu gördüm. Uzaqdan - uzağa bizə qohumluğu çatırdı. Fikirləşdim, getməsəm ürəklərini qırmış olaram, sonra onlar da durub ayağımı-zadımı sındırarlar. Yaxınlaşıb üzümü tutdum Gülağaya.
Dedim:
- Qədeş, nə buyurursan?
Soruşdu:
- Qoltuğundakı nədi?
- Kitabdı.
- Kimin kitabıdı?
- Kitabxananın.
- Alə, yox e, kim yazıb bu kitabı?
- Füzuli yazıb.
Ustad şairin adını eşidən kimi mənə sağ böyründə yer göstərib dedi:
- Əyləş.
Gülağa aldı əlimdən kitabı, xeyli varaqladı. Sonra qaytardı mənə.
Dedi:
- Qaqaş, bir-iki şey oxu, qulaq asaq.
Fikirləşdim, nə başları çıxır bunların? Kitabı açıb başladım giriş sözünü oxumağa. Füzuli yaradıcılığında eşq anlayışından azad məhəbbətin tərənnümünə elə təzəcə körpü salıb, asfalt döşəyirdim ki, Gülağanın səsini eşitdim:
- Alə, bu nədi oxuyursan? Yekə oğlansan, səndən qəzəl istədik.
Keçdim qəzələ. Peşman oldum, hansısa dərdli qəzəlin kədərli misrasını bir az bərkdən oxudum. “Qaloş”la Gülağa gözlərini yumub getmişdilər çorta. Qəfildən ayıldılar. “Qaloş” soruşdu:
- Qaqaş, bayaqkı yeri necəydi?
Dedim:
- Hansı yeri?
Dedi:
-Nəşə-mey söhbəti olan yeri.
Təkrar oxudum:
Neynirəm mey nəşəsin, mən kim sənin heyraninəm...
Qaqqıldaşa-qaqqıldaşa güləndən sonra Gülağa ağzını marçıldatdı:
- Belə istidə mey olmaz. Xərəb eliyər adamı. Nəşə var, bu daağa çəkərik.
Əl atdı corabının boğazına, konfet kağızına bükülmüş nəşəni uzatdı “Qaloş”a. “Qaloş” izal oldu. Üç-dörd dəqiqədən sonra gəlib yenidən oturdu qədeşin sol böyründə. Kazbeki Gülağa odladı. Bir-iki tüstü vurub ötürdü mənə. Dedi:
- Bomba şeydi.
Ətrafa boylandım. Yoldan nə qız keçirdi, nə qadın. Heç qoca arvad da keçmirdi. Sən demə, nəşəyə də “şey” deyirmişlər. Mən də bir-iki qullab vurub ötürdüm “Qaloş”a. “Kruq” tamam oldu. “Qaloş” kazbeki uzatdı Gülağaya ki, qədeş, öldür. Qədeş də “öldürdü”. Kazbekin kötüyünü tikələyib atdı. Başladılar öz aralarında söhbətə.
“Qaloş” dedi:
- Gülağa, ana təbiət kazbeki sanki nəşəyçün yaradıb.
Qədeşim başıyla “Qaloş”un sözlərini təsdiqlədi. Sonra səs kəsildi. Qaqaşlar söndülər. Bilmədim, nəşə onları belə pis günə qoydu, yoxsa Füzulinin qəzəlləri. Ayağa qalxıb Füzulini vurdum qoltuğuma. Evimizə çatan kimi Füzulini divara elə çırpdım ki, əruzu gəldi ağzına. Atamın səhərki nitqini yadıma salıb coğrafiya kitabını götürüb başladım oxumağa…