Zəhra Bədəlbəyli: “Senzura olmayan yerdə səviyyəsizlik artır” – Müsahibə

Zəhra Bədəlbəyli, şair

Zəhra Bədəlbəyli, şair

9 sentyabr 2022
# 09:00

Kulis.az şair Zəhra Bədəlbəyli ilə müsahibəni təqdim edir.

– Sənətçi ailəsində böyümüsünüz. Bu, sizə və ən əsası yaradıcılığınıza necə təsir edib.

– Belə bir ailədə doğulmaq mənim üçün böyük şans idi. Adətən, bu cür ailələr haqqında belə bir təəssürat var ki, hamı oturur, uşaqlarına nələrisə izah edir. Kitablar oxuyurlar onlar üçün. Bizim ailədə isə heç kim məni məcbur etmirdi ki, kitab oxu, sənətlə maraqlan. Bizdə ailəmizdəki ümumi atmosfer o cür idi. Mən valideynlərimdən, qohumlarımdan, ailə dostlarımızdan həmişə sənət söhbətləri eşitmişəm. Mənə həmişə qəribə və təəccüblü gəlib ki, necə ola bilər ki, qohumlar yığışa və kiminsə ailəsi, cehizi, gəlinliyi haqqında danışar (gülür). Bizim evdə daim ədəbiyyat, musiqi söhbətləri olub. O söhbətlər də mənə çox təsir edib. Eyni zamanda da təhsil aldığım məktəb. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirmişəm. Orada uşaqlarla da həmişə mövzumuz musiqi, kitablar olub. Kimin nə geyinməyi, necə bəzənməyi bizə maraqlı olmayıb.

– Davam edir o ənənələr?

– Əlbəttə! Mənim qardaşım uşaqları, başqa qohumların uşaqları da bu cür mühitdə böyüdüyü üçün onların maraqları da bu cür formalaşır. Mən Bakı Musiqi Akademiyasında oxuyanda Fərhad müəllim məndə olan çatışmazlıqları deyirdi. Kitab yazanda da Çingiz Abdullayev oxuyub tənqidlərini bildirirdi. Heç vaxt “əladı, superdi” deməyiblər. Çünki insanı tənqid etməyəndə o arxayınlaşır. Tənqid həmişə vacibdir. Bizim ailəmizdə hamı bir-birini tənqid edir ki, inkişaf olsun.

– Musiqiçi olmağınızda Fərhad Bədəlbəylinin, yazıçı olmağınızda Çingiz Abdullayevin təsirləri olub. Bəs aktyorluq, kino-rejissorluq marağı hardan yaranıb?

– Mən 4-5 yaşım olanda bağçada şeirlər deyirdim, tamaşalarda oynayırdım. Uşaqlığım kinostudiyada keçib. Səyavuş Kəriminin otağı var idi. Bütün günü orda olurduq. Yəni demək istəyirəm ki, uşaq yaşlarımdan səhnələrdə olmuşam, səhnələri görmüşəm. Qastrol səfərlərində olmuşam. Mənim anam da musiqi müəllimi olub. Babam Davud Bədəlbəyli Şəmsi Bədəlbəylinin, Əfrasiyab Bədəlbəylinin doğma qardaşıdır. O sənətlə məşğul olmasa da, şeirlər yazıb, rəsmlər çəkib, müxtəlif tamaşalara kömək edirdi. Mənə elə gəlir ki, insan incəsənətlə məşğul olursa, onda sərhədlər dağılır. 2005-ci ildə mən alman dili kurslarına gedirdim. O vaxt bir müəllim diplom işi üçün film çəkdi. Mənə də dedi ki, filmdə səni görmək istəyirəm və məni filmə çəkdilər. Sonra “YARAT” mərkəzində tamaşada oynadım. Belə. Tale özü gətirib.

– Sizcə, hansı sənət növündə daha uğurlusunuz?

– Bunu oxucular, tamaşaçılar daha yaxşı bilir. Mən özümü musiqiçi və şair kimi təqdim edərdim. Həm də sadəcə şair yox, nəğməkar şairəm. Özümü o janrda daha rahat hiss edirəm. Çünki musiqiçiyəm, həm də oxuya bilirəm. Mənə musiqi təklif olunanda, ona söz yazanda oxuyuram. Bilirəm ki, hansı söz daha yaxşı oturur, hansı pis. Bax buna görə də özümü nəğməkar şair kimi daha uğurlu hiss edirəm. “Avroviziya” yarışmasına yazdığımız musiqi uğurlu alınmışdı. Bu da məni daha çox həvəsləndirdi.

– “Avroviziya” üçün yenə təkliflər alırsınız?

– “Avroviziya”dan yox, amma bəstəkarlar musiqilərini göndərirlər. Mən bütün musiqilərə söz yaza bilmirəm. Ancaq ruhuma yaxın musiqi olanda onun üzərində işləməyə başlayıram.

– Azərbaycan dilində kitabınız var?

– Hələki yox. Şeirlərim var. Hazırda Azərbaycan dilini mükəmməlləşdirməklə məşğulam. Rus dilində təhsil aldığıma görə bir az çətindi ana dilində yazmaq. Amma bir neçə ilə öz dilimizdə yazdığım şeirlərin üzərində işləyib kitab çap etdirəcəm.

– Rus dilində yazdığınız kitablarla Azərbaycan dilində oxuyanlara xitab edə bilirsinizmi? Azərbaycan dilində kitabınız çıxsa, sizcə, oxucu qazana biləcəksinizmi?

– Məsələ budur ki, mən Azərbaycan dilində yazanda, rusca düşünüb tərcümə etmirəm. Bəli, bir qədər anlaşılmazlıqlar olur, ancaq çalışıram ki, düzəldim. Bəzən cümlələri düzgün qura bilmirəm. Biz “Şuşa” mahnısını hazırlayanda üç dildə də fərqli mətnlər alındı.

– Tərcümə deyil?

– Xeyr! Hər üçü fərqli mətnlərdi. Hər üç dildə düşünüb yazmışıq o mahnını.

– Yazıçılar Birliyinin üzvüsünüz. İstəyərdim, siz də AYB-yə olan tənqidi münasibətlər haqqında fikirlərinizi deyərdiniz.

– Bilirsiniz, kimisi, nəyisə tənqid etmək asandır. Di gəl ki, heç kim kömək eləmək istəmir, yeni fikirlər vermir. Hamı mühakimə edir. AYB-ni tənqid etmək asandır, amma çox az adam yeni ideyalar verir.

– Azərbaycanda kitab satışında, kitab mağazalarının, nəşriyyatların fəaliyyətində problemlər var. Bu problemlərin həllini nədə görürsünüz?

– Kitaba maraq oyatmaq lazımdır. Mən tələbə olanda biz “Tarqovu”da hər şənbə günləri kitab oxuyurduq. Və adamlar gəlib maraqlanırdı. Biz o vaxt bilmirdik, fləşmob nədir. Ancaq etdiyimiz elə fləşmob idi. Bizə baxan adamlarda kitaba maraq yaranırdı. Sonralar avtobuslarda, metrolarda gənclər kitab oxumağa başladı. Dediyim odur ki, kitab oxumağı dəbə salmaq lazımdır. İndi dünyada nə dəbdirsə, insanlar ona qaçır. Kitabı da dəbə gətirmək lazımdır. Bizim böyük yazıçılarımız, gənclər bu istiqamətdə işlər görməlidir. Görülür, amma çox az. Formatı daha da müasir etmək lazımdır. İndiki uşaqların inkişafı çox dinamik gedir və sən onlara on saniyədəcə maraqlı olmalısan, yoxsa o sənə diqqət etməyəcək. Bir də bizim yazarlar oxuculardan şikayətlənir, amma özləri də, təbii ki hamısına aid deyil, yaxşı yazmırlar. Yazıçıların sırasında istedadsızlar çoxdur. Çünki senzura yoxdur. Senzura olmayan yerdə səviyyəsizlik artır. Musiqimizdə də, ədəbiyyatımızda da. Hamıya kitab çap etdirmək rahatdı deyə, hamı yazdığını kitab kimi təqdim edir.

– Yəni senzuranın olmasını istəyirsiniz?

– Bəli, meyarlar olmalıdır. Seçilməlidir kitablar. İndi bizdə elə nəşriyyatlar var ki, nə gəldi çap edirlər. Musiqidə də belədir. Niyə bu gün bayağı mahnılar çoxdur. Çünki heç bir meyar yoxdur.

– Sosial şəbəkələr dövründəyik. Bu meyarlar nə dərəcədə vacibdir? Kimsə şeirini paylaşacaq və minlərlə adam onu oxuyacaq...

– Oxumamalıdırlar. Oxucuların səviyyəsi artmalıdır ki, zəif şeirlərə münasibət bildirməsinlər. Cəmiyyətimizdə bu problemdir.

– Kimləri oxuyursunuz?

– Mənim ən sevdiyim şairlər Nəsimi və Ramiz Rövşəndir. Nəsimin ideologiyasını çox sevirəm. O şairə vurğunam. Bir də Cəlil Məmmədquluzadəni oxumağı sevirəm. Mən həmişə demişəm ki, Azərbaycana prodüser lazımdır. Çünki istedadlar çoxdur, sadəcə dünyaya tanıdılmalıdırlar.

– Yeni kitab yazmısınız?

– Hazırda Natəvan haqqında bir kitabın üzərində işləyirəm. O, bir qadın kimi həmişə məni cəzb edib. Yeddi il qabaq düşünürdüm bunu. Məncə, bu kitab hamıya maraqlı olacaq. Bu gün danışdığımız bütün qadın problemləri, onların hüquqları, ictimai nüfuzu uğrunda Natəvan işlər görmək istəyib. Biz onun dəyərini bilmirik. Mən bir dənə də kitab mağazasında onun haqqında kitab görmədim. İnternetdə də çox az məlumat var. Bəzən tapdıqlarımız da səhv məlumatlar olur. Bir də motivasiya kitabı üzərində işləyirəm. Onu da yazıb bitirəcəm.

# 3434 dəfə oxunub

Müəllifin son yazıları

# # #