Reabilitasiya mərkəzləri yoxsa psixoloji işgəncə sistemi? - “Qurtuluş”un pərdəarxası məqamları

Reabilitasiya mərkəzləri yoxsa psixoloji işgəncə sistemi? - “Qurtuluş”un pərdəarxası məqamları
30 yanvar 2026
# 12:30

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Günün xəbərlərindən biri: "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaş saxlanılıb.

Bu, bir müddət əvvəl cəmiyyətdə sözügedən reabilitasiya mərkəzinin adının qalmaqalda hallanması ilə bağlı məsələnin lazımi hüquqi nəticəsidir.

Bu xəbər məni yenidən məsələyə diqqət yetirməyə məcbur etdi.

Normal halda reabilitasiya ümid deməkdir - sağalma, yenidən həyata qayıdış, çıxış yoludur.

Amma son günlər üzə çıxan faktlar göstərir ki, bəzi mərkəzlərdə bu söz ümiddən çox susdurma, qapalı qapılar və kilidlənmiş talelər anlamına gəlib.

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və iki əməkdaşının saxlanılması təkcə adi kriminal xəbər deyil.

Bu hadisə illərdir cavabsız qalan, amma hamının bildiyi bir sualı yenidən gündəmə gətirir: İnsanları sağaltmaq adı altında əslində onlara nə edilib?

İstintaq materiallarında Cinayət Məcəlləsinin 125-ci maddəsinin –“Özünü öldürmə həddinə çatdırma” yer alması təsadüfi deyil. Bu maddə fiziki zorakılıqdan daha təhlükəli bir reallığı ortaya qoyur: psixoloji sındır(ıl)manı. İnsan elə bir vəziyyətə sürüklənir ki, artıq çıxış yolu görmür. Bu isə nə müalicədir, nə yardım, nə də “qurtuluş”.

Araşdırma çərçivəsində qanunsuz azadlıqdan məhrum etmə maddələrinin də tətbiqi başqa bir acı həqiqəti üzə çıxarır: deməli, belə anlaşılır ki, bəzi reabilitasiya mərkəzləri faktiki olaraq nəzarətsiz qapalı zonalara çevrilib. Sən demə, adı reabilitasiya mərkəzi, özü isə qeyri-rəsmi həbsxana imiş. Qanunla yox, rəhbərliyin iradəsi ilə yaşayan insanların idarə olunduğu yer…

Ortaya cavab tələb edən sual çıxır: Bu mərkəzlər indiyə qədər kimlərin nəzarətində olub? İllərlə kimlər yoxlayıb, kimlər “hər şey qaydasındadır” deyə imza atıb? Yoxsa kağız üzərində mövcud olan nəzarət mexanizmləri real insan taleləri qarşısında yenə də mənasız qalıb? İlla məsələ hansısa tanınmış şəxsin adı ilə ictimailəşməlidir ki, ondan sonra hüquqi tədbir görülsün?

Məsələ yalnız bir mərkəz, yaxud üç nəfərin məsuliyyəti deyil. Problem “asılılıqlardan müalicə” adı altında onsuz da uçurumun bir addımlığında olan insanların tamamilə çarəsiz vəziyyətə, hətta intihara qədər sürüklənməsidir. Onlar danışmır, danışa bilmir, çünki danışacaq tribunaları yoxdur. Danışanda da çox vaxt eşidilmir. Və acı həqiqət budur ki, cəmiyyət də əksər hallarda onları eşitmək istəmir. Və məsələ yalnız o zaman açılıb-ağardıldı ki, tanınmış jurnalist oradan canını götürüb qaçmağa məcbur oldu.

Bu işin konkret adlar üzərində qurulması diqqəti əsas yerdən yayındırmamalıdır. Adlar dəyişə bilər, lövhələr sökülüb yeniləri asıla bilər. Amma yanaşma dəyişməzsə, sabah başqa “reabilitasiya mərkəzi”nin adı ilə eyni xəbərləri oxuyacağıq.

Bu gün saxlanılanlar üç nəfərdir. Maraqlıdır, bəs orada “müalicə” adı altında neçə nəfər fiziki, psixoloji, mənəvi işgəncəyə məruz qalıb? Neçəsi isə heç çıxa bilməyib? Əgər reabilitasiya azadlığın əlindən alınması ilə başlayırsa, əgər “yardım” qorxu üzərində qurulursa, əgər “qurtuluş” insanı uçuruma yaxınlaşdırırsa, deməli, problemə yanaşma sistemli və ciddi olmalıdır.

Əslində, reabilitasiya mərkəzləri hazırkı dövr üçün lazımlı, faydalı və önəmlidir. Ancaq konkret şəxslərin reklamı, PR-ı və sırf biznes maraqları üzərində deyil, aydın və sərt qanunlarla tənzimlənsə!

Ancaq o zaman bu mərkəzlər cəmiyyət üçün həyati əhəmiyyət daşıyan strukturlara çevrilə bilər. Düzgün nəzarət, peşəkar kadrlar, etik qaydalar və ictimai monitorinq olduğu halda bu mərkəzlər insanı sındıran yox, ayağa qaldıran, təhlükə məkanları kimi yox, asılılıqdan əziyyət çəkən insanları yenidən cəmiyyətə qazandıran yerlərə çevrilə bilər.

Reabilitasiya mərkəzləri susdurmaq, qınamaq metodu ilə pul qazanılma obyekti kimi yox, insanı yenidən həyata bağlamaq üçün mövcud olmalıdır - əks halda adı nə olursa-olsun, mahiyyəti dəyişməyəcək.

# 199 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər