Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.
Həcc ziyarəti İslam dinindəki namaz, kəlmeyi-şəhadət, oruc və zəkatla birlikdə beş vacibatdan biridir. Yəni, Həcc ziyarəti hər müsəlmanın boynuna düşür, amma əgər o müsəlman müstətidirsə – borcu yoxdursa, ehtiyac içində yaşamırsa, ziyarətə gedib qayıdandan sonra ailəsi korluq çəkməyəcəksə, ziyarətə getməyi üçün maneə yoxdursa (təbii fəlakət, yol təhlükəsi) və s.
Hər bir müsəlman Həcc ziyarətini özünə borc və şərəf hesab edir. Hətta ateizmin tüğyan elədiyi, məsçidlərin anbar kimi istifadə olunduğu SSRİ dövründə də bir qism dindar həyatını təhlükəyə atıb ziyarətə gedib. O dövrdə gizli yollarla sərhəddi keçib ziyarətə gedən zəvvarlar haqqında hamımız eşitmişik. Bəzilərinin bədənində sərhəd məftillərinin izləri o ziyarətdən əbədilik xatirə qalıb. Əlbəttə, o dövrdə ziyarətə getmək asan məsələ olmadığı üçün, ziyarətə gedib-gələnlərin hörməti və ehtiramı da bir ayrı cür saxlanılırdı.
(Haşiyə: Qubanın Buduq kəndindən bir kişi atla Həccə gedir. Kişi özü qayıtmır, öldüsü-qaldısı bilinmir, amma aylar sonra atı qayıdıb kəndə gəlir. At öləndə kənd camaatı atı müsəlman qaydası ilə dəfn edir).
Əgər erkən İslam dövründə namazın qibləgahı Qüds idisə, sonralar Kəbə oldu. Bu gün dünyanın dörd bir yanındakı müsəlmanlar üzü Kəbəyə dayanıb alnını torpağa yapışdırır, ibadət edir. Əlbət, həqiqi dindar üçün Allahın evini ziyarətdən böyük xoşbəxtlik olmaz. Bu yerdə bir də vurğulayaq: əgər o müsəlman müstətidirsə!
İnanca görə, Allah tərəfindən qorunan Kəbəyə heç bir bəla üz verə bilməz. Amma tarixdən bunun heç də belə olmadığını bilirik. Hələ Məhəmməd peyğəmbərin dövründə güclü sel Kəbəni dağıtmışdı. Sonralar Yezidlə Abdullah ibn Zübeyr arasında gedən müharibədə mancanaqlar, bir neçə dəfə də təbii fəlakətlər Kəbəyə xətər yetirmişdi.
Ziyarət zamanı ölüm halları da baş verir. Burada da bir haşiyə çıxaq: əgər bir müsəlman üçün Həcc ziyarətinə getmək nə qədər şərəfdirsə, ziyarətdə ölmək ondan da şərəflidir. Axı Həcc ziyarəti zamanı ölənlər birbaşa cənnətə düşür. Bəzi zəvvarlar hətta yola çıxanda Həccdə ölməyi niyyət edir. Əgər qismətsə... (Bu yerdə böyük ədibimiz Abasqulu ağa Bakıxanov Qüdsini yada salmasaq olmaz.)
Son iyirmi beş ildə Həccdə ölüm halları xeyli çoxalıb. Yol şərtlərinin yaxşılaşdırılması Həccə zəvvar axınını və əslində, həm də eyni zamanda, kütləvi ölüm halları riskini də çoxaldıb. Kütləvi ölüm hallarına, adətən, basabas səbəb olur. Hər il ziyarət zamanı onlarla, bəzən isə yüzlərlə zəvvarın şeytan daşlayarkən və ya ayaq altında qalıb ölməsi xəbərini oxuyuruq.
Bu ilki ziyarət də istisna deyil. Amma bu dəfə səbəb basabas yox, istidir. Əgər dünən istidən ölənlərin sayı 577 nəfər idisə, bu gün bu say 922-yə çatıb. Daha da çoxalacağı istisna deyil.
Rəsmi mənbələrdə bildirilir ki, yaxın ölkələrdən gələn zəvvarlar qeydiyyatdan keçmədiyi üçün düşərgələrdə izdiham yaranıb. Həmçinin, bir çoxları günlərlə ac-susuz qalıb. Üstəlik də normadan yüksək hərarət...
Belə çıxır, ölənlərin çoxu heç müstəti deyilmiş. Allahapənah Allahın evinə yola çıxıbmışlar.
Nə deyək, Allah o dünyalarını versin!