Bu axmaq türk teleserialları... MÜSAHİBƏ

Bu axmaq türk teleserialları... MÜSAHİBƏ
15 may 2013
# 07:30

Türkiyənin “Hürriyət” qəzeti məşhur teleaparıcı və aktyor Okan Bayülgendən müsahibə götürüb. Kulis.az həmin müsahibənin maraqlı hissələrini təqdim edir.

“Başqalarının güldürdükləri qadınlarla yatıram”

- İndiki dövrdə məşhurluq həm də yaxşı fiziki görünüşə bağlıdır. Necə fikirləşirsiniz?

- Çirkin olmaq yaxşıdır. Nə əzələli bədənim, nə boyum, nə də uşaq sifətimlə gəlmişəm bu yerə. Elə bir gözəlliyim yoxdur. Ona görə axmaq da deyiləm. Düşünürəm ki, bəxtim gətirib.


- Gözəl adamlar axmaq olur ki?


- Burunları çox yuxarıda olur, qabağı görmürlər, özlərini inkişaf etdirmirlər. Xüsusi ilə kişilər bərbad vəziyyətdədir! Keçən dəfə idman salonunda idim. Yaraşıqlı, məşhur, gənc aktyorlardan biri də ordaydı. Adını soruşmayın! Bir əli elə hey saçındaydı. Sonra yaxınlaşıb mənə dedi: “Necəsən, Okan?”. Qalxdım ayağa, cavab verdim: “Sağ ol, yaxşıyam, siz necəsiniz?”. Utandı. Qarşındakı ilə bu tərzdə danışmaq üçün ya gərək dəli olasan, ya da kimsə sənə daima “çox gözəlsən” deyə.

“Həyatdakı hədəfim yataqdakı uğur deyil”


- Siz də çətin adamsınız...

- Əksinə. Çox vaxt susuram. İndi müsahibə verməsəydim, yəqin susardım. İçki stolunda da zarafatları həmişə başqaları edir.


- Bəs siz nə edirsiniz?

- Onların güldürdükləri qadınlarla yatmağa gedirəm.


- “Gedirəm”, yoxsa “gedərdim”?

- Vay, tez onu dəyiş “gedərdim” et!

- Deyəsən, evlilik və uşaq şorgözlüyü arxa plana atıb…


- Mən heç vaxt çox sevişən adam olmamışam. Futbolçular, ya da müğənnilər kimi bu cür əyləncələrim olmayıb. Həyatdakı hədəfim yataqdakı uğur deyil.

- Bəs niyə sizin haqda “şorgöz” imici formalaşıb?


- Bir neçə gözəl qadınla görüşmüşəm deyə hamı elə düşünür. Sonra “bu balacaboyun nəyini bəyənirlər?” kimi yazılar yazdılar. Mənə utanmaz deyirlər, amma əsl utanmazlıq onların yazdıqları deyil?

“Məncə yoqa axmaqlıqdır!”

İnsanlar dincəlmək üçün yoqayla məşğul olur. Yoqa, məncə, axmaqlıqdır. Onsuz da öləndə həmişəlik dincələcəyik! Qızım İstanbul üç yaşındadır. Qadın, kişi və uşaqdan ibarət normal ailəyik. Bunlar insanı işləməyə vadar edir. Ana uşaqla maraqlanır, tərbiyə edir, yəni

başını qatır. Ataya iş qalmır. O da özünü karyerasına həsr edir. Türkiyədə uşaq böyütməyin dünyanın başqa yerlərindən fərqi yoxdur. Bu ölkənin torpağından gələn bütün yaxşı insanları sevirəm, “öküzlər”dən başqa.

“Televiziya indiki gənclərin səviyyəsinə uyğun deyil”

- Tele-aparıcılıq karyeranız bitdi?

- Yox. Mən bir az ara verib, yenidən qayıdıram. İndi universitet radioları ilə bir layihəm var. Həm də radioların birində səsli kitablar proqramını aparıram. “On8” adlı bir layihə hazırlayıram. Hansı kanalla müqavilə bağlayacağımı hələ bilmirəm, amma həftənin beş günü efirdə olacam.

- Verilişlərinizdə həmişə media və maqazin gündəmini tənqid edirsiniz. Mədəniyyətin indiki vəziyyətini necə qiymətləndirirsiniz?

- Televiziya işi çox pis formada görülür. Daha çox pul qazanmaq olar, amma etmirlər. Televiziya rəhbəri, ya da prodüser “Xalq bunu sevir, bu yolla pul qazanım” deyib axmaq layihələrinə haqq qazandırır. Halbuki, gənclər onların dediyi kimi deyillər.

- Necədirlər bəs?


- Bu gün sosial mediada gənclərin necə mahnılar paylaşdıqlarına baxın. Sosiallaşıb nə qədər çox kitab aldıqlarını, çəkdikləri fotoların nə qədər keyfiyyətli, yüksək səviyyədə olduğunu görmək olar. İntellektual səviyyələri yüksəkdir.


- Sizcə, tele-proqramlar və gənclərin düşüncə səviyyəsi fərqlidir?


- Ekrana baxın. Ya adaya gedib bir-birlərini qırırlar, ya da çirkin-çirkin istedadlarını göstərirlər. Bir də axmaq seriallar... Bunlar indiki gəncliyin intellektual səviyyəsindən çox-çox aşağıdır.

“Münsiflərə yazığım gəlir”

- Belə deyirsiniz, amma o verilişlər reytinq qırırlar...

- Televiziyada nə versən, izlənir.

- Yarışmaların münsifləri haqda nə düşünürsünüz?

- Onlara yazığım gəlir. Məni maraqlandırmırlar.


- Amma siz də “Çek bakalım” tele-müsabiqəsində münsif idiniz...

- Proqramı çox intellektuallaşdırmışdım. Sayəmdə yaxşı bir şey alındı.

- Sizə də “yazıq” desələr, necə olar?

- Vecimə deyil, nə deyirlər, desinlər! Orta barmağımı qaldıraram, jurnalistlər də çəkər!

- Doğrudan, niyə jurnalistləri təhqir etdiniz?


- Jurnalistlər qapıda gözləyirdi. “Bir dəfə bu işarəni göstər, biz də gedək, işimiz var” deyirdilər. Mən də göstərdim. Sabahı gün ekranda “tərbiyəsiz” başlığı ilə xəbər verdilər.

“Sistem ağıllıları oyundan kənarlaşdırmaq istəyir”

- Müsahibələrinizdən birində demişdiniz ki, media sizi böcəyə çevirib...


- Kafka Qreqor Samsanın əhvalatını belə göstərmişdi; bir gün o, oyanıb nəhəng böcəyə çevrilir. Orda Samsanın hiss etdiyi şeyləri mən də hiss edirəm. Daima özümü yeniləyirəm. Onsuz da ətrafımdakıların çoxu böcəkdir.

- İndi böcək dediklərinizi sabah verilişlərinizə qonaq çağıracaqsınız...

- Mən qonaqlardan deyil, mediadan danışıram. Mənim çox ağıllı qonaqlarım da olub. Bəzi proqramlar aparıcıya görə baxılır, bəziləri qonaqlarına görə. Mən öz proqramımı izlətdirə bilirəm.


- Bəs siz medianın bir hissəsi deyilsiniz?


- Kənddə pomidor əkən biri olsaydım, səsimi eşidə bilərdin? Sistem ağıllı insanları oyundan kənarlaşdırmağa çalışır. Axmaq kütlə işlərinə yarayır. Amma biri gəlib sistemin içindən səsini qaldırmalıdır. Başqa cür səsini necə eşitdirə bilər ki?!

# 4119 dəfə oxunub

Müəllifin son yazıları

# # #