Adamdır da, vurdum, öldü - İnsanlar niyə belə vəhşiləşib?

Adamdır da, vurdum, öldü - İnsanlar niyə belə vəhşiləşib?
6 iyul 2024
# 12:00

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Evimizin damı dövrələmə sərçə yuvalarıdı. Şiferin altından az qala il uzunu sərçə civiltiləri gəlir. Çox vaxt ətcəbalalar, ya da tüklənməyə başlayan, amma hələ uça bilməyən balalar yuvadan yerə düşür. Ya analarının gətirdiyi yem üçün başlarını uzadanda, ya da yuvadan kənardakı dünyanın necə göründüyünə baxmaq istəyəndə. Dəqiq bilmirəm səbəb hansıdır. Bəlkə də, hər ikisi.

Yuvadan düşən sərçə ölümə məhkum qalır. Çünki anaları onları təzədən yuvaya qaldıra bilmir. Yerə düşən balanı da ya pişik tutub yeyir, ya da eləcə acından ölür. Yuvadan düşən balasının üstündə dövrə vurub dəhşətlə civildəyən ana sərçə mənzərəsini tez-tez görürəm. Ana bir az uçur, civildəyir, sonra ölümə məhkum balasından əl çəkib diri balaları üçün yem axtarmağa gedir. O biriləri də acından öldürə bilməz axı.

Hardasa on iki-on üç yaşım olardı. Hansı ay olduğu dəqiq yadımda deyil, amma isti aylardan biriydi – sərçələrin bala çıxartan vaxtı. Həyətdə gəzirdim. Bir də gördüm evin yanında sərçə balası çırpınır. Lap ətcəbala deyildi, bədəni tük götürmüşdü, amma qanadlarıyla quyruğundakılardan başqa bədənindəki tükləri hələ lələyə çevrilməmişdi. Sarı dimdiyini açıb var gücüylə civildəyir, anasını çağırırdı.

Sərçəni tutub oynatmağa başladım. Bapbalaca idi, sakit dayanmırdı. Gah hələ bərkiməmiş dimdiyi ilə əlimi didişdirirdi, gah da gücü çatdığı qədər civildəyirdi.

Bir az oynayandan sonra fikirləşdim ki, bəlkə, bunun başını kəsim? Hardansa küt, tiyəsi paslı köhnə bıçaq tapdım. Sərçə balasını kərpicin üstünə sıxıb bıçağı boğazına çəkdim. Bıçaq o qədər küt idi ki, sərçənin boğazını kəsmədi. Bıçağı sərçənin boğazına sürtə-sürtə güclə basdım. Bıçaq sərçənin boğazını kəsmədi, amma boğaz sümüklərini sındırdı. Xırçıltını eşitdim. Sərçənin ürəyi bərk-bərk döyünürdü. Axır ki, birtəhər başı bədəndən ayırdım. Sərçənin ürəyi bir neçə saniyə də döyünüb dayandı...

Üstündən neçə il keçib? Hardasa iyirmi bir-iyirmi iki il. O vaxtlar həyat daha sakit idi, ya da internet indiki kimi yayılmamışdı deyə, bizə (ən azı, mənə) daha sakit görünürdü. Bu qədər neqativ yox idi ətrafda. Bu qədər qətl hadisələri də olmurdu. Kriminal xəbərlərdə adətən oğruları, narkotik istifadəçilərini göstərirdilər. Cinayət hadisələri az olurdu.

Yadınızda qalmış olar, o vaxtlar rusların məşhur serialı gedirdi – “Бандитский Петербург”. O seriala baxanda təəccüblənirdim ki, bu qədər adam öldürərlər?

İndi özümüzdə həmin vəziyyətdi. Hər günümüzü qətl xəbərləri ilə açırıq. Özü də bunu edən silahlı qruplaşmalar deyil, adi vətəndaşlardı. “Ər arvadını baltaladı”; “Bacısını armaturla qətlə yetirdi”; “Xəyanət üstündə ərini boğdu”; “Anasını doğrayıb yerə basdırdı”...

Bu günü də belə xəbərlə açdıq. Dünən gecə Bakıda kütləvi dava olub, iki gənc bıçaqlanıb. Birinin yaşı iyirmi üç, o birinin iyirmi iki.

İki-üç gün qabaq da mübahisə zəminində iki gənc oğlan bıçaqla öldürülmüşdü. Ölənlərdən biri otuz bir yaşında idi, biri də iyirmi dörd.

Axır vaxtlar az qala hər gün həmin sərçə balası yadıma düşür. Hər qətl xəbərini oxuyanda (eşidəndə). Fikirləşirəm ki, adam öldürmək bu qədər asandır? Mən iyirmi bir-iyirmi iki ildir öldürdüyüm sərçənin travmasından çıxa bilmirəm, bunlar rahatlıqla adam öldürür. Söhbət başqa canlıdan getmir e, adamdan gedir. Sənin kimi, mənim kimi gəzən, danışan, yemək yeyən, düşünən, arzulayan adamdan.

Zənnimcə, internet bir çox şey kimi, qətlləri də adiləşdirib. Hər gün feysbukda, instaqramda, tik-tokda gördüyümüz videoroliklər, saytlarda, kanallarda oxuduğumuz (baxdığımız) xəbərlər bunu özümüzdən asılı olmayaraq, altşüurumuza yeridir.

Adamdı da, vurdun, öldü. Bir də gördün fotodu...

Amma hər halda, bu qədər asan olmamalıydı.

# 709 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #