Kulis.az Rəbiqə Nazimqızının “Dəyişərək sevmirlər, sevərək dəyişirlər” yazısını təqdim edir.
“Qadın aşiq olacağı kişini özü yaratmalıdır”
(Yılmaz Ərdoğan)
İcazə ver, bu dəfə səninlə razılaşmayım. Məsələ burasındadır ki, yuxarıda gətirdiyim sitatla mənim üçün ən həssas nöqtəyə toxunmusan. Bəlkə də, hansısa situasiyada (elə deyək ki, dağılmaq ərəfəsində olan ailəni qorumaq üçün) mən də hansısa bir qadına eyni sözləri deyə bilərdim. Amma qəbul et ki, eyni məntiqlə, oxşar vəziyyətdə, kişiyə də eyni sözləri şeyləri demək olar. Nəzərə alsaq ki, ailədə bir qayda olaraq, qadın yaşca kişidən kiçik olur və daha vacibi, təcrübə baxımından ondan, ən azı, bir neçə pillə geridə qalır, bu sitatı xanımların xeyrinə dəyişmək də olar. Ona görə “xeyrinə” sözünü işlədirəm ki, istənilən halda dəyişdirməli olan subyektin üzərinə dəyişilməli olan obyektdən daha böyük məsuliyyət düşür…
Amma hətta bu fərqli, şərti olaraq belə deyim, qadınların xeyrinə dəyişdirdiyim düsturla belə razı deyiləm. Çünki istənilən münasibətlər qarşılıqlı güzəştlər tələb edir – deməli, uyğunlaşmaq üçün hər iki tərəfdən eyni dərəcədə cəhd və səbir tələb olunur.
Təbii, burası da var ki, sevmədən kimin üçünsə dəyişilmək kişi üçün, demək olar ki, mümkünsüzdür. Qadın (əlbəttə, hər qadın yox!) isə təbiətən fədakar olduğundan, nisbətən asanlıqla uyğunlaşa bilir. Yəqin ki, sən də məhz bu məqama işarə etmək istəmisən. Bəlkə də sevən qadın sevgilisini yenidən yarada bilər, amma bunu niyə eləməlidir axı? Qadının üzərinə yüklənən missiyalar az deyil ki! Üstəlik, sizi də tərbiyələndirməliymişik. Tamam o zaman, bizə ağ vərəq kimi təmiz gəlin ki, orada yazdıqlarımız oxuna bilsin...
Bəli, kişini bir qadın deyil, küll halında qadınlar – daha doğrusu, keçdiyi təcrübə “yaradır”. Və məsələ onu tanıdığı qadınların keyfiyyətində və ya kəmiyyətində deyil, fərdi olanla ümumi olanı ayırmaq bacarığında, düşünmək və nəticə çıxarmaq qabiliyyətindədir…
Əsrlərdir kişi bizə güclü cins kimi təqdim olunur. Özü də, bir çox həmcinslərimdən fərqli olaraq, mən bu ehkamı sevə-sevə qəbul edirəm və düşünürəm ki, qadının kişiyə olan simpatiyasının da əsasında elə bu məqam dayanır.
Məşhur rus tənqidçisi Belinskinin belə bir fikri var: “Qadının ləyaqəti onun sevdiyi kişi ilə ölçülür”. Hələ I kursda oxuyarkən hardansa oxuduğum bu fikrini ləzzətlə cib dəftərcəmə köçürmüşdüm və sonra da əlavə etmişdim: “Ah, bu təkəbbür. Biz həmişə özümüzü ən yaxşılara layiq bilirik. Çünki hər birimiz ürəyimizdə özümüzü hamıdan yaxşı zənn edirik”.
Bəs, bu “ən yaxşı” necə olmalı idi? Sarışınmı, qarabənizmi, hündürboylumu, bəstəboymu?.. Yeniyetməlikdə hündürboylu sarışınları, erkən gənclik çağlarında qarabənizləri xoşlayırdım. Sonra bir gün mənə elə gəldi ki, hündürboylular əlçatmazlıqla assosasiya olunurlar. Bəstəboymu? Kim zəmanət verirdi ki, bəyəndiyin bəstəboy sənə daha uyğun gələcək, sən onu tamamilə “hasara ala” biləcəksən? Dayan, burada da yanılırdım axı – “hasara alacağım” adam büsbütün mənim hakimiyyətimdə (yəni, daha çox, nəzarətimdə) olacaqdı. Mənim hakimiyyətim altında olacaq kişi mənə nə dərəcədə maraqlı ola bilərdi? Özüm kimi, ən çətinlərini xoşladım, ən anlaşılmazlarını. Sonra bu da xoşuma gəlmədi, dəlisovluğum iki nəfər üçün də çox idi. Ya da yox, sadəcə, mənim ləyaqətim daha artığını tələb edirdi və bir gün anladım ki, kişinin gücü, cazibəsi təkcə xarici göstəriciləri ilə bağlı anlayış deyil, güc – mənim üçün hər şeydən əvvəl xarakterdir, dünyagörüşünlə bərabər bir bütün təşkil etdiyin prinsiplərə sadiqlikdir, seçim etmək və bu seçimin arxasında dayanmaq bacarığıdır. Üstəgəl inamdır, səhvləri qəbul etmək və onları düzəltməyə çalışmaq, məğlubiyyətini tanımaq və bundan nəticə çıxararaq yeni mərhələyə doğru yürümək istedadıdır.
Deyə bilərsən ki, bu xüsusiyyətlər qadınlarda da olmalıdır və mövcuddur da. Razıyam. Amma önəmli bir fərqimiz var – sizdə ağıl, bizdə hiss başlanğıcı güclüdür. Bizim gücümüz söykənəcəyə ehtiyac duyacaq qədər zərif, sizin gücünüz bu söykənəcək qismində laxlamayacaq qədər möhkəm olmağınızdadır. Məhz bu səbəbdən də özlüyündə heç bir missiya daşımayan dirəyi “dayaq” adlandırmaq gülüncdür. Heç birimiz üstün deyilik, çünki bir yerdə bütünük.
Başqa bir tərəfdən, bunu da deyim: insan aşiq olacağı adamı seçmir, elektriklənmə bizdən asılı olmadan baş verir. Əks halda, istənilən qadın istənilən kişini (və ya əksinə) “rəndələyəndən” sonra sevə bilərdi. Amma bir məqamı da vurğulamaq istəyirəm – güclü xarakterə malik olan kişi ona aşiq olan qadından istədiyini daha asanlıqla “düzəldə” bilər. Çünki elastiklik qadına xas xüsusiyyətdir və özünü nə qədər azad hiss edirsə-etsin, qəlbinin dərinliyində əsl qadın üçün özünü sevdiyi kişinin ixtiyarına verməkdən böyük həzz ola bilməz. Amma təkrar edirəm, istər qadınlar, istərsə də kişilər dəyişərək sevmirlər, sevərək dəyişirlər…
Sonda deyim ki, bütün hallarda kişini qadın üçün cəlbedici edən ən güclü bağ – ağıl, məntiq və xarakterdir. Bunlar isə situasiyalarda – ünsiyyətdə ortaya çıxır. “Qadınlar qulaqları ilə sevirlər” mühakiməsi də buradan yaranıb. Amma ağıl, məntiq və xarakter həm də yazılarda əksini özünü büruzə verir, üstəlik, bu zaman düşüncələrini dəqiq və obrazlı ifadə etmək bacarığı da az rol oynamır, bunu da bilirsən…
Həə, belə, deyəsən, bu dəfə lazım olduğundan daha ağıllı görünmək istədim və bir az da, xırdaçı oldum. Başqa nə yazım. Mübahisəni davam etdirə bilərdik, amma bunu da deyim – məni razılaşmaq məcburiyyətində qoymalarını sevirəm. Yetər ki, arqumentlər tutarlı olsun…