Tanrı dilində danışan şair – Rahid Ulusel yazır...

Vaqif Bayatlı Odər, şair

Vaqif Bayatlı Odər, şair

11 iyul 2022
# 15:35

Kulis.az professor Rahid Uluselin “Dumduru dünyanın Vaqif Bayatlısı” essesini təqdim edir.


Mən Vaqif Bayatlı Odərin qutsal dünyasına buradan, bu qapıdan – dünya mədəniyyətinə tarix boyu vəzncə ağır altun-yüklə qoşulan Azərbaycandan girmək istəyirəm:


Azərbaycan – göyüzündə
Çiçəktək qoxlamağa
Ataqılınc, Atabilək,

Qalxan düşmən ordusunu,
Oxunu haqlamağa
Atasinə, Atakürək,

Bir kimsəyə qoxlatmadan
Allahacan saxlamağa
Anagül, Anaçiçək,

Ən uca yuvalar üstə
Yuvalar bağlamağa
Anatel, Analələk,

Ən uca dualar üstə
Dualar bağlamağa
Anadil, Anadilək,

Göyüzündə diz çöküb
Üz sürtüb ağlamağa
Anakünc, Anadirək,

Və hər an, hər an Tanrının
Kipriyilə yırğalanan
Anabeşik, Anayüyrək –
Hamımız içində körpə,
Hamımız içində köyrək,
Hamımız içində çiçək.

Mən Çiçək-Vaqifi Çəmən-Şerlərindən çox sevirəm. Hələ yazmadıqlarını, yazacaqlarını isə Vaqifin özündən də çox. Çünki hələ ətə-qana dolmamış “eydos” zərrəciklərinin — ideya toxumlarının Kainatın hər yerindən Vaqifin məkanına doğru necə dalğam-dalğam axışdığını da duyuram. Xam materiyadan sıyrılmış ruhanə duyuluşlar Vaqif məkanında şeirə çevrilmək üçün həsrətlə fəzada dolanır, sayrışırlar. Hər duyuntunun şeirə çevrilməsininsə öz vaxtı var. Zaman gələcək, Vaqif onları tutub şeir düzəldəcək. — Qaba daşları yonub məbəd düzəldən usta kimi.

Buna görə də demək olar: Azərbaycanı Kainatla bağlayan ən titrəyişli-vibrasiyalı tellərdən biri — Vaqifdir. İndi Vaqif Bayatlı Odər. Adının üstüylə köç eləyən şair. Vaqifdən Cəbrayılzadəyə, oradan Bayatlıya, Bayatlıdan Önərə, Önərdən Odərə köç eləyə-eləyə, dəyişə-dəyişə haçansa Vaqifi də tərk edib, adının yeni bir torpağına girəcək tərəkəmə şair elə bununla da dəyişən dünyanın Əbədiyyətinə “yupyumru eşq”lə “Sən — Varsan!” deyir.

Bayatlı poeziyasında Əbədiyyət — bitməz-tükənməz sürəkli bir sonsuzluq deyil, dopdolu Anlardan, çağ-çağ Tarixdən tikilir. Əbədiyyətin hər Anında — Tarixin möhürü, yapqısı, hər yaranın, cızığın, şırımın, çapığın yeri var, bitişmiş, bitişməmiş.

Bəşər mədəniyyətinin böyük bir budağını özündən göyərtmiş Azərbaycan türkcəsi Bayatlı poeziyasında çox qüvvəli energetikası ilə dillənir. Bayatlı şerində Türklüyün Ruh kimi, Mənəviyyat kimi Dünyanın Qan Damarında dolandığı gerçəyindən, dünyanın ən uca fikrini Türk Sözü ilə ayıtmaq (ayıltmaq!) gerçəyindən fərəh, güc, Önərlik, Odərlik duyursan. Burada Türkcənin bütün məhrəm hissiyyat qatlarında gəzilir, ayaq basılmamış pillələrinə çıxılır, doğma dilə sığınmanın və özünəinamın gücünədir ki, Vaqif Bayatlının söz ordusunda bir dənə də yersiz yabançı kəlmə — muzdlu əsgər yoxdur.

Dünya özü — poeziyadır. Tanrı — Dünyanı poeziya qanunları ilə yaradıb. Müqəddəs kitabların şercə olması da bu gerçəklikdəndir. Şer sənəti də Sözün Dünyaya oxşamaq, onun Harmoniya və Xaosuna girmək, onun Harmoniya və Xaosunu anlamaq və Dilə gətirmək istəyindəndir. Bayatlı Odər poeziyasında da İnsanca danışmaq — Təbiətin, Təbiətcə, Varlığın dilində danışmaq — İnsanın həyatı, vergisidir.

Bayatlı Odər, poeziyası ilə Türkcə (İnsanca) — Tanrıca “lüğət” yaradır. Odər yazılarında Türkcə — yaranışın – həyat ağacının yeddi pilləsindən (kök, gövdə, budaq, tumurcuq, çiçək, meyvə, toxum) keçərək, yenidən daha dərinə kök atır, yenidən daha qayımca gövdələnir, yenidən daha qüvvətlə budaqlanır, yenidən daha boyluca tumurcuqlanır, yenidən bolluca ətrində, çalar-çalar rənglərində çiçəklənir, yenidən daha dadlıca, suluca meyvələnir, yenidən daha barlıca toxumlanır. Bu toxumların dilimizin, könlümüzün münbit zəminində yenidən göyərməsi də olarıdır.

Bayatlı şeri içindən yetişir: Söz — Özündən doğur, Fikir duyğulana-duyğulana böyüyür. Həmişə də hər bir şerin dışarıdan sezilməz, içəridən tutarlı bir ideyası olur ki, bu ideya da şer boyunca özünü axtara-axtara, dolana-dolana, burula-burula, sanki damcı-damcı dağ sularını dəstələyib dənizə selləmə aparırmış kimi çırpıla-çırpıla, yüyrək, ağrılı, oynaq, divanə bir hərəkətlə başa varır.

“Lövhi-məhvuz” “Qurani-Kərim”ə görə — Allahın yanında olan “kitabın əsli (anası)” (13:39), “incilər kitabı” (56:77—78), “tanrısal, mötəbər bükülü” (80:13—16), “aydın kitab” (11:6—8; 27:75—77), “qoruyan kitab” (50:4), “vaxtı müəyyən edən yazı” (3:145), “açıq-aydın kitab”dır (36:12). Planetin ortasında, Göyüzünün altında, Sıfırıncı illərdə yaşayan Azərbaycan şairi Vaqif Bayatlı Odər o “Lövhi-Məhvuz”u oxuyurmuş kimi yazır. “Kainatın tək ibadət yeri” olan Yerüzündən – Yerüzünün Pir-Azərbaycanından.

Hind fəlsəfəsinə görə, Brahma (monoteist dinlərcə Tanrı) nəfəs verməsiylə dünyanı üfürüb yaradır, nəfəs almasıyla dünyanı çəkib yoxaldır. Kainat Tanrının bir neçə on milyard illik nəfəsdərimində yaşayır. V.B.Odər 4-5 kitablıq şerində bu nəfəsdərimindəki həyatın yetə bildiyi qatlarını Türkcə — Tanrıca yazır — Göyüzünün və Qəlbinin “Lövhi-Məhvuz”undan oxuyurmuş kimi.

Odər indi dünyanın və özünün o qatındadır ki, bu qatda artıq onunla Tanrı arasında heç nə yoxdur, bütün ilişgilər və ilişiklər çən kimi, duman kimi çəkilib, Tanrı, Tanrı dağları, Tanrı çəmənlikləri, Tanrı bulaqları apaydın görünür. “Göyüzündə ayaqyalın yüyürən...” Odər o dosdoğma yurdda Tanrı ilə üz-üzədir. Odər yazılarının türkcəsi — Türkcə—Tanrıca “lüğət”i bu ilahi məqamı, ali duracağı dalğa-dalğa, nəfəs-nəfəs ayıtmaqdadır. (Bu yazılar tərcümə edilsə, gərək tərcümə edildiyi dil də türkcənin bu qatına çıxa). Odər yazıları — İnsanı Allaha incə-incə, sıcaq-sıcaq, pillə-pillə, ancaq böyük təkanlarla yaxınlaşdırır. Axirəti, Məhşəri, Cənnəti, Cəhənnəmi Tarixin yaşanılmış, yaşanılan və yaşanılacaq çağlarında görükdürür. İlahi dünyanı — Bizimki edir. Odər açarı — Kainatın Sonsuzluğundan bir Körpə Qəlbinədək bütün qapılara düşür.

Odər yazılarının poetik fəza labirinti — İnsanı aydınlığa, çıraqbanlığa aparır. “Mən əvvəl-axır Sizi Güladama – // Göyadamına çevirəcəyəm, // giladamlar...” Odər bəzən bütün dağı dumana bürüyür ki, onun zirvəsi daha aydın, daha büllur görünsün. Odər yazılarında hər nəsnənin tərsinə varılır, astarına girilir ki, dünya düz üzüylə, hər üzüylə daha aydın, daha çıraqban görünsün, ən uzağı, ən soyuğu, ən əlçatmazı ən doğmalığında, istisində, əlçatarında görülsün. Odər yazılarının Məsihalığı da elə budur: Əlçatmazı əlçatar etmək, gücçatmazı gücçatar etmək, duyulmazı duyar etmək, varılmayana varmaq, qonulmayana qonmaq, uçulmayana uçmaq, Tanrının həndəvərində, böyür-başında dolanmaq — öz yurdunda, ocağında dolanırmış kimi, Tanrısallıqda bulunmaq, Tanrısallıqda yaşamaq. Şeytanlardan uzaq, Mələklərlə qardaş-bacılıqda yaşamaq.

Tanrı — dünyanın içindədi, — meyvəni içindən yaradan Toxum kimi. Tanrı — dünyanın ruhudu. Tanrı — dünyanın əxlaqıdı. Tanrı — dünyanın ölçüsüdü. Tanrı — dünyanın özü, nəfəsi və nurudu. Tanrı — varlığını zərrəsindən bildiyimiz, gerçəyini yaratdıqlarından duyduğumuz, Mütləqliyinin həqiqətinisə yalnız Özünün bildiyidi.

Odər yazılarının gerçək etgisi onlarda həm də güclü katarsisin, saflaşdırıcı enerjinin olmağındadır. Fəqət bu yazıların əxlaqi, ictimai, fəlsəfi amacını çılpaq görüntülərində axtarmağa belə dəyməz. Vaqifin poetikasına antipoetika girmir.

Vaqif Bayatlı Odər son 30 ildə çalxalanan Azərbaycanın ictimai-siyasi həyatında da bir həyalı şair sifəti ilə, fəqət əqidəli milli mücahid kimi görükür. O, bu illərdəki çoxsaylı çıxış və müsahibələrində də dədəqorqudsayaq çarpışmaları ilə Azərbaycan Quruculuğunu aşırılıq və sapıntılardan qorumağa can atır. — Bir-biriylə dirəşən siyasi qüvvələri bir araya gətirməyə çalışarkən, huşunu itirsə də... Dibində əqrəblər, çöhrəsində təbəssümlər oynaşan siyasətdənsə Vaqif Bayatlı çox aralıdır...

Bayatlı Odər dünyadan yalnız özünəxas bir poeziya ərsəyə gətirdiyi üçündür ki, bu poeziyanın hər bir həssas insanda özünəxas bir dünya yaratmaq potensialı da var. Əzəl dünya şair dünyasında yenidən yaranıb, onu oxuyanın dünyasında təzədən cücərdikdən sonra özünə baxarkən, yəqin, düşünür və öz sahmanına bir daha əl gəzdirir, — şairlə, onu oxuyanlarla birgə...

Vaqif, poeziyasında, poeziya dilində, düşüncəsində Sənə o qədər doğmadır ki, sanki Səninlə bir dam altında böyüyüb, Sənin yatdığın beşikdə yürünüb, Səninlə bir ananın döşündən süd əmib.

Vaqif Bayatlı Odər yazıları dünyanı qısırlaşmağa qoymayan, təbii, ilahi duyğularla yaşayan insanlar üçün böyük nemət və güclü təkandır. — Yaradılışın ilk və tükənməz təkanının bir şah dalğası kimi.

# 2636 dəfə oxunub

Müəllifin son yazıları

# # #