Poeziya tarixi ilə bağlı kitabların birində əla bir əhvalat oxumuşdum. Müəllifini əfsus ki, xatırlamıram. Əhvalat belədir: Nyu-Yorkda, Bruklin körpüsündə kor bir kişi dilənirmiş və gün boyu yanından keçən adamlardan ancaq üç-dörd nəfər ona fikir verir, xırda-xuruş kömək edirmiş. Kor dilənçi əlindəki kağıza belə bir yazı yazdırıbmış:"Mən koram, yardım edin, pula ehtiyacım var".
Bir gün həmin körpüdən keçən adamlardan biri ( çox güman ki, o şair imiş) dilənçiyə yaxınlaşıb deyir:"İstəyirsənsə, mən sənin əlindəki kağızın arxasına bir cümlə yazım, sənə kömək eləyənlər çoxalsın". Dilənçi razılaşır, yardımsevər adam kağızı alıb arxasına nəsə yazır və ordan uzaqlaşır.
Axşamüstü həmin adam yolunu yenə ordan salır və dilənçidən "işlərin" necə getdiyini xəbər tutur. Dilənçi dil-boğaza qoymadan kişiyə razılıq eləyir. "Neçə illərdi burda dayanıram, bugünki qədər çox pul yığmamışdım, siz kağıza nə yazmısız, cənab?"
Kişi gülümsəyir və deyir:"Kağıza yazdım ki, bahar gəlir, amma mən onu görə bilməyəcəm..."
Bu əhvalat klassik "poeziya nədir?" sualını sadə şəkildə izah edir və bu tərəfinə görə mənim üçün dəyərlidir. Təbii ki, bu əhvalatın bətnində insanların duyğularından istifadə edib, mənfəət güdən Karnegivari bir tərəf də var. Karnegi sevgisi təxminən belədir : hamını sev, çünki işin düşə bilər. Bu əhvalat estetik tərəfi ilə nə qədər gözəldirsə, merkantil tərəfi ilə o qədər təhlükəlidir.
Tez-tez kitab evlərində gəzməyi sevirəm, konkret hansısa kitabı almaq planım olmasa da, kitabların içində olmaq əhvalımı düzəldir, enerjim birə beş artırır. Ötən gün yenə bir-iki kitab evinə baş çəkdim və zaman-zaman keçirdiyim bir hissi yenidən yaşadım. Hardadı şeir kitabları? Cəhənnəm buradır? Başa düşürəm, bütün zamanlar şair də, şeir kitabları da, nasirlərdən, nəsr kitablarından az olub, amma bu "az" yəqin ki, heç vaxt bizdəki qədər çox olmayıb.
Tez-tez belə söhbətlər eşidirəm : şeir ölüb. Ölübmü ? Ölübsə, bizim niyə xəbərimiz olmayıb, nə vaxt götürdülər şeirin cənazəsini, hardadı yetimin məzarı? İçimdən bir səs mənə deyir ki, bu yalançı ölüm xəbərini yayanlar oxucunu bestseller tələsinə düşürən, ədəbiyyatın inkişafını "şeirdən nəsrə doğru" kimi formulə edən, böyük sənətin mahiyyətini qazanc üçün kütləviliyə qurban verən, sadəliklə səthiliyi qarışdıran naşirlərdi. Deyəsən bizim oxucularımız da, naşirlərimiz də, elə nasirlərimiz də, hələ elə düşünürlər ki, şeir bekara şeydir.
Orxan Vəli yaxşı deyir:"Siz asanca oxuduğunuz şeirin, asanmı yazıldığını düşünürsüz?"
Bizdə klişeləşmiş bir düşüncə var ki, guya şeir yalnız hissin məhsuludur və nəsr isə ağlın. Halbuki, şeir bəlkə də nəsrdən də çox ağlın məhsulu ola bilər və nəsr də emosiyanın, hissin. Poeziyanın da, prozanın da içində duyğu da, düşüncə də bərabər hüquqa malikdir.
Mənim üçün şeiri sevməyən adamlar həmişə qorxulu olub. Mallermedən bir sitat yerinə düşür:"Şeir sözlərin dinidir". Çox sevdiyim kitab evlərinin mənə zaman-zaman bestseller cəhənnəmini xatırlatması yəqin ki, bununla bağlıdır.
Qismət şeirin ölümündən yazdı
19 noyabr 2012
12:38
4010 dəfə oxunub