Zərdüşt mənim həyat tərzim idi - Qismət

Zərdüşt mənim həyat tərzim idi - Qismət
3 avqust 2023
# 11:29


Bu gün mərhum yazıçı, şair Zərdüşt Şəfinin anım günüdür.
Kulis.az bu münasibətlə Qismətin onun haqqında yazısını təqdim edir.



***

Onun haqqında elegiya yazmamaq qərarına gəlmişdim. Düşünürdüm ki, (elə indi də elə düşünürəm) hekayələr kitabı, şeirləri, arxivindən tapılan romanları haqqında yazmaq lazımdı, onun yaradıcılığından danışmaq lazımdır. O yaradıcılığından ki, şəxsən mən sağlığında yazmadım, təqdir etdiyim tərəflərini yalnız özünə deməklə kifayətləndim, “yazıram” – dedim, sonraya saxladım, ertələdim, doğurdan da yazırdım, amma onun dünyasını dəyişməsi ilə mənim yazdıqlarımın mənası da dəyişdi, mən indi tamam başqa bir yazıya başlamışam, bəlkə də kiçik bir kitaba – “Zərdüştün yazdıqları üstündə ədəbiyyat düşüncələri”. Nədən olmasın ki ?

Sırf onun yaradıcılığına həsr edilmiş yazıdan öncə özümü nə qədər cilovlasam da, indi oxuduğunuz bu yazını yazmaya bilmədim. Bu yazını yazmağa onun itkisindən sonra keçirdiyim qəribə depressiya vaxtı başladım. Gecələrin birində qəfildən təngnəfəs, qan-tər içində oyandım, həmin gün çox içmişdim və sanki zəngli saatı həmin vaxta qurmuşcasına, zombi kimi, əsrarəngiz bir hissin təkanı ilə yazı masasına oturdum və Zərdüştü düşünə-düşünə yazmağa başladım.

Adamlar içəndə içlərindəki, şüuraltlarındakı ən çox yer tutan tərəfləri su üzünə çıxır. Kimi dəliqanlı olur, kimi müdrik, kimi sakit, kimi aqressiv, kimi sevimli. Uzun illər özüm üçün aydınlaşdırmağa çalışmışam ki, mən içəndə daha çox hansı tərəfim üzə çıxır? Görünür bunu kənardan dostlar daha yaxşı deyə bilər, amma bir şeyi dəqiq bilirəm ki, sərxoşluq məndə dəhşətli fanilik hissi yaradır və mən tez-tez dünyasını dəyişən doğmaları, dostları xatırlayıram, doluxsunuram. Zərdüşt mənim həyat tərzim idi, mən onu hələ çox xatırlayacam...

Bu yazıda heç bir üslub qayğısı, forma narahatlığı yoxdur. Bu yazı dost itkisinin susuzluğundan sərsəmə dönən bəndənizin, bir yazılıq xatirələri, təsəlliləri başına çəkib içməsidir. Buna görə də lütfən bu yazını oxuyan kimi ən yaxın dostunuza zəng vurun və onu çay içməyə çağırın, qucaqlayın və deyin ki, “Səni çox istəyirəm”.

***

Bir doğma insanı, dost ötəsi bir adamı itirirsən, darmadağın olursan, dilin sözə yatmır, əlin işə ; amma bilirsən ki, sənin paramparça halınla heç nə dəyişməyəcək, təsəlli verənlərin min ildi qocalmayan, belibükük, protezdişli sözlərini eşidəcəksən, bir dostun əllərinin ağırlığı çiynindən səni yerə basacaq , “özünə qayıt” – deyəcək, torpağa çox əzizini öz qucağında hədiyyə vermiş təcrübəli birisi dillənəcək : “Gələcək hələ qabaqdadı...” Sən isə başını təsdiq anlamında yellədəcəksən, lakin içindəki köhnə qovluqlar açılacaq, gün işığa çıxacaq. Ürəyinin, ruhunun Marian çökəkliyində gizlətdiyin, kimsənin xəbəri olmayan, əbədi pünhan qalmağına and içdiyin, ikinci sən, alter-eqo, mister x, sakit-sakit, təmkinlə, qəribə bir iç monoloqa başlayacaq : “Niyə hər şey sürətlə keçmiş zamana çevrilir ? “Hələ qabaqdadı” dedikləri o gələcəyə baxanda, niyə mənim gözümə yalnız günü-gündən keçmişə çevrilən qosqoca bir ömür görünür? İndi düşünürəm və dəhşətə gəlirəm, ay dadi-bidad, mən onun xəstəliyini bilən gündən, özüm də bilmədən, onun haqqında keçmiş zamanda danışırmışam. “Zalım, özünə baxmırdı da...”, “ona çox demişdim...”, “min dəfə yalvardım, qulaq asmadı...” Bax, belə. Bir sürü yarımçıq, giley dolu cümlə və bu cümlələrin hamısında da keçmiş zaman hüznü, olub-bitmişlik, əslində, özünüaldatma, qarşıdakı itkiyə özümü hazırlamaq, guya möhkəm olmaq cəhdi idi. Çarəsizliyin dilində danışmağa başlamışdım.”

***

Mən həkim ailəsində doğulmuşam. Bizim evdə xəstəlik, ölüm, həmişə “iş”in bir hissəsi olub və mən bu evdə tibbin önəmini də, gücsüzlüyünü də, bütün tərəfləri ilə anlaya-anlaya böyümüşəm. Bu evdə o qədər çarəsizliyə ağ xalatlı, yalançı, sakitləşdirici ümid reseptləri yazılıb ki...
Zərdüştün xəstəliyinin leykoz olduğunu biləndə, evdə ilk işim bu xəstəlik haqqında valideynlərimdən soruşmaq oldu. Anam eynəyini taxdı və danışmağa başladı, atam siqaret yandırdı, bir-iki xırda müdaxilə etdi, başını yellədi, çarəsizliklə susdu. Anlamışdım.

Sonra, çox sonra onun ölüm xəbərini Caviddən eşidəndə, əllərim yanıma düşdü, səsim qırıldı. Valideynlərim məsələni biləndə, həkimlərə xas peşakarlıqla təskinlik cümlələrini işə saldılar, amma onlar da dözə bilmədilər, gözləri doldu. Zərdüşt bizdə çox qonaq olmuşdu, ailəmizin bir üzvü kimiydi.

Qəbələdən geri qayıdanda, anam məni mətbəxə çağırdı və onda görməyə vərdiş etmədiyim mimikalarla, səs tonuyla danışmağa başladı.

“Möhkəm olmaq lazımdı, torpağın üzü soyuqdur”

“Hamı yolboyu eyni şeydən danışırdı, necə olur bu xəstəlik yaranır...”

“Hamı qorxub, ona görə soruşurlar, tipik reaksiyadı. Xərçəng indi çox yayılıb. Adətən bunun səbəbini irsi faktorlarla bağlayırlar, o da var, amma indiki zamanda konsoregen təsirlərdən, stressdən daha çox yaranır. Onkologiya boş qalmır.”

“Heç müalicəsi yoxdur ?”

“Kimya terapiya, ilik transplantasiyası edirlər, amma nadir hallarda sağalan olur.”

“Necə olub, bilməmişik ki, xəstədir, inana bilmirəm hələ...”
“Bu xəstəlik kamuflyaj oluna bilir, pnevmaniya, angina cildinə girir, libasını dəyişir, elə bilirsən ki, soyuqdəymədir.”

“...”

Birdən elə bil anamın ağlına nəsə gəldi və heyrətli gözlərlə soruşdu :

“Qəbələdən idi, Zərdüşt ?”

“Hə, nolub ki ?”

“...”

“Noldu ?”

“Orda RLS var, bu xəstəliyi yaradan əsas şeylərdən biri də radiasiyadır.”

“Deyirsən yəni radiasiyadandı ? Orda yaşlı adamlar var, 80-90 yaşında, sapsağlamdılar.”

“Bunun məsələyə dəxli yoxdur, olanda olur, hər ailədən bir adamda üzə çıxsa, gör nə deməkdi...”

***

Anamın yanından durub, kompüterin qabağına keçdim, Zərdüştün fotolarına baxdım, dostların yazdığı statusları oxudum və yazmağa başladım. Bilmirəm, neçə saatdı yazırdım, anam otağıma gəldi və yalvarış dolu səslə dilləndi : “bunun qabağında az otur, şüa çoxdur...”

***

Zərdüştə həmişə deyirdim ki, məni atanla tanış elə, kişi alim adamdır, söhbətləşək, danışaq, görüm bu qaradinməzlik sənə kimdən keçib ? Gülürdü, gözlərinə işıq gəlirdi, “mütləq”-deyirdi, “sənin kitabını oxuyub, o da səninlə tanış olmaq istəyir”. Ailəsinə, əsas da atasına çox bağlı idi, atasının elm adamı olmağı ilə, vaxtilə Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olması ilə, böyük kitabxanası ilə çox fəxr edirdi və onun Baloğlan müəllimdən həmişə bu cür fəxarətlə danışması məni də işıqlandırırdı, çünki Zərdüşt atasından danışanda qaradinməzliyi yoxa çıxır, sevgiylə danışır və danışdıqca üzündə sudan arı, aydan duru bir işıq topası əmələ gəlirdi.



Bir gün mən “Xəzər” universitetinə işə gedəndə, gördüm ki, parkda atası ilə əyləşiblər. Zərdüşt uzaqdan məni görən kimi, sevincək ayağa qalxdı : “Gəl, gəl, gəl kişiynən tanış ol.” Yarım saatmı, bir saatmı söhbətləşdik və bu vaxt ərzində mən zamanın neçə keçdiyini anlamadım. Baloğlan müəllim salamı Kantla verdi, sağolu Hegellə. Təxmin etdiyim kimi - çox rahat ünsiyyət quran, söhbətcil, savadlı, bəstəboy, diri bir kişi idi Zərdüştün atası. Sağollaşanda zarafatla Zərdüştə dedim ki : “Ayıb olsun sənə, niyə indiyə qədər tanış eləmirdin məni kişiynən ? Qorxursan, gündə görüşüb söhbətləşərik, səni çağırmarıq ? Qorxma, arada səni də çağırarıq.” Uğunub getdi gülməkdən. Bu görüş Zərdüşt Ukraynadan qayıdanda olmuşdu. Sonra, lap sonra bildim ki, parkdakı bu görüş vaxtı o da, atası da xərçəng diaqnozunu bilirlərmiş...

Maşınları, işıq dirəklərini gözlərimizlə ötürə-ötürə, radarların yaddaşına düşməmək üçün ehtiyatlana-ehtiyatlana, Qəbələyə, Zərdüştün doğulduğu Bum qəsəbəsinə tərəf irəlilədikcə, susub içimdə özümlə bir iç savaşa başlamışdım : möhkəm olmalıyam ! Sükanda Rəşad Məcid idi və maşındakı Səlim Babullaoğlu da, Seyfəddin Hüseynli də, fikirlərini dağıtmaq üçün mövzudan mövzuya keçir, sanki hara getdiyimizi, nə üçün getdiyimizi unutmaq istəyirdilər. Rəşad müəllim ara-sıra məzəli bir əhvalat danışırdı və onun özü də, biz də, qısamüddətli, yalançı, əslində, çox isterik bir gülüşlə gülürdük. Yox, gülmürdük, səsimizi çıxardır, üz-gözümüzü tərpədir, bütün bunların yuxu olduğuna inanmaq istəyir, oyanmağa çalışırdıq bu kabusdan.

Zərdüştgilin həyətinə girəndə qapıda Baloğlan müəllimi gördüm və gözlərimə inanmadım. Zərdüştün atasını görən kimi, o diri, canlı, o işıqlı kişini, çökmüş, darmadağın olmuş, yoxa çıxmış, gözlərini yalnız bir nöqtəyə zillənib qalmış görəndə, yolboyu içimdə özümlə başlatdığım “möhkəm olmaq” savaşını uduzdum. Yumruqlarımı düyünlədim, içəri – mağara keçdik. Baxışlarımı masaya dikib, ürəyimdə öz-özümə “möhkəm ol, möhkəm ol”- deyirdim. Dalbadal siqaret çəkirdim. Anlıq fikrimi yayındı, masanın o başına boylandım və Rəşad müəllimin, Seyfəddinin, Səlimin, dostların ağladığını görəndə, özümü saxlaya bilmədim, çıxdım mağardan. Dalımca Zərdüştün qardaşı Atilla da çıxdı çölə. Ağlaya-ağlaya siqaretimi yandırdı, “Sənin dostun bizə yalan danışdı”-dedi.

***

Qəbələyə bir də cümə axşamı getdik – Yusif Rzayev, mən və Cavid. Zərdüştün məzarının başında Yusif müəllim susdu, susdu, susdu, susdu... Yusif müəllimin könül adamı olduğunu çox yaxşı bilirəm deyə bir-iki kəlmə nəsə desəm də, mən də susdum ki, onun içindən Zərdüştlə elədiyi söhbətə mane olmayım. Bakıya qayıdanda Yusif müəllim toxtaqlıq-kövrəklik arası bir səslə belə dedi : mən sizin üçünüzü həmişə bir yerdə görmüşəm - səni, Zərdüştü, Cavidi. Bayaq onun məzarının başında fikirləşdim ki, deyəsən sizin üçünüzü sonuncu dəfədi bir yerdə görürəm...

***

Zərdüştün qardaşı Atilladan mənə zəng gələndə ki, səni “şam bağı”nda gözləyirəm, diksindim. Mənə Zərdüştün arxivindəki materialları gətirməliydi, amma bu “şam bağı” adı məni yerimdən oynatdı. Zərdüştlə demək olar ki, hər gün bu kafedə görüşürdük, təzə nə yazmışıqsa, bir-birimizə oxuyurduq, kitab dəyiş-düyüş edirdik, filmlərdən danışırdıq, bu balaca ölkənin balaca kafesində oturub böyük-böyük xəyallar qururduq. Mən bəzən heç ona zəng vurmurdum ki, görüşək, bilirdim ki, axşam 7-də Zərdüşt pəncərənin yanındakı masada, qabağında bir parç pivə, damağında siqaret məni gözləyir ; ya da əksinə, o, bilirdi ki, mən siqaret tüstülədə-tüstülədə onu gözləyirəm, çünki biz saatlarımızı bir-birimizə baxıb düzəldirdik.

Atilla onun netbukundakı bütün faylları bir fləşə atıb mənə gətirmişdi, o fləşi görmək də məni kövrəltdi, o qədər görmüşdüm ki, Zərdüştün əlində bu fləşi. O qədər demişdi ki, “şair, ala bunu sabaha gör mənə maraqlı nə gətirirsən...” Həmişə bu fləşi əlində oynadırdı, əqrəb bürcü idi deyə fləşə bir əqrəb aksesuarı da asmışdı o vaxtdan. İndi Atilla mənə həmin fləşdə Zərdüştün bütün külliyyatını gətirmişdi və qəfildən başa düşdüm ki, nə qədər qaçsam da, hər tində mənim qabağıma onunla bağlı nəsə çıxacaq. Yolumu dəyişib həmişə oturduğumuz kafelərdən uzaq gəzməyə çalışsam da, sevdiyimiz mahnılara qulaq asmamağa cəhd etsəm də, sevdiyimiz filmi bir kanalda görəndə kanalı dəyişsəm də, metroda fləş satanların yanından başıaşağı keçsəm də, alınmayacaq ki, alınmayacaq...

Zərdüştün qardaşı ilə çox şeyləri xatırladıq, çox adi epizodlara anlam yüklədik, neyləməli, artıq xatirələrdən başqa heç nəyimiz yoxdur.

Atilla dedi ki, bilmirəm sənə danışıb ya yox, bir dəfə “vaynkomat”da bir falçı çıxıbmış onun rastına. O dəqiqə xatırladım, çünki ordan çıxan kimi mənə zəng vurmuşdu, görüşmüşdük. Gülə-gülə demişdi ki, bir falçı çıxdı qabağıma, qəribə arvad idi, mənə dedi ki, sən cavan öləcəksən, gəl, sən mənə inan, qurban ver, xəta səndən uzaq dolansın. Mən də güldüm ki, ay arvad, əl çək məndən. Mən də gülmüşdüm...

***
Xəstəliyinin son günləri onu ən çox əsəbiləşdirən ayaqlarının tutmaması olub. Ayağa dura bilmədiyi üçün əsəbiləşirmiş, təsəvvür edirəm, heç yerə sığmayan, daim narahat Zərdüşt üçün bu necə ağır olub.

Bir gecə qardaşına deyib ki, gəzmək istəyirəm, qardaşı maşınla onu bir az gəzdirib, halı qəfildən pisləşib, nəfəsi gedib-gəlməyib. Atilla çevrilib arxa oturacağa baxmağa qorxurmuş, nəsə soruşmağa da. Axır birtəhər mızıldanıb ki, Zərdüşt, nəsə denən də qorxuram axı. Zərdüşt sakitcə dillənib ki, qorxma, pəncərəni aç. Atillanın ürəyi yerinə qayıdıb, sonra Zərdüşt qəfildən deyib : məni yaxınlıqdakı pirə apar, övliyaya nəzir demək istəyirəm. Gediblər. Minbir əzabla ayağa durub, övliyaya nəzir verib və Atillaya deyib ki, qardaş, narahat olma, mənim elə dostlarım var ki, mən invalid olsam da, məni tək qoymazlar...

***

Atilla deyir ki, biz istəyirdik ağlasın, bir az ürəyi boşalsın, ağlamırdı, əksinə, gülürdü. Bircə dəfə ağladı, o da sənin yazını oxuyandan sonra. Mən təəccübləndim. Hansı yazımı ? Fəridlə Şəhriyarın tutulması ilə bağlı kulis-də yazdığın yazını oxudu və birdən hönkürməyə başladı, atam da ağladı, qucaqlaşıb ağladılar...
Ay dadi-bidad, yadıma düşdü, facebook-da inbox-uma yazdığı son mesaj da elə bu idi : “Sragagun gece Feridgille bagli yazini oxudum, agladim...”

***

Son iki gün arada sayıqlayırmış, özündən gedirmiş, sonra ağlı üstünə qayıdanda deyirmiş ki, deyəsən başım xarab olur – bunu deyib, gülürmüş. Atilla deyir ki, birdən oyanırdı ki, Rəşad müəllim burdadı ? Sonra yenə yatırdı, qəfil oyanıb deyirdi ki, Cavidə denən gəlməsin, sonra yenə yatırdı və qan-tərin içində oyanıb deyirdi ki, Qismətə denən getsin, yaxşı olacam, vallah yaxşı olacam...

***

...Qan-tər içində oyandım və elə bildim ki, Zərdüşt zəng vurub, məni həyətdə gözləyir. Saata baxdım ki, gecənin yarısıdır. Durub çarpayımın ayağında oturdum. Telefonuma baxdım, gördüm nə zəng var, nə mesaj var. Bir az keçdi, yuxululuğum getdi, qəfildən mənə dəli kimi bir hönkürmək gəldi, anladım ki, o, bir də mənə zəng etməyəcək, mesaj yazmayacaq, siqaret istəməyəcək, eynəyinin altından gülməyəcək, qəşəng qız görəndə mənə göz vurmayacaq, köynəyinin yaxası açıq, dəliqanlı-dəliqanlı üstümə yeriməyəcək...

Son nəfəsində yanında ola bilmədim, onu bağrıma basa bilmədim son dəfə. Getdim və gördüm ki, mənim üçün dünyadakı ən əziz adamlardan biri artıq bir qarış torpaqdı.

İndi o yerin altını da bilir, üstünü də.

İndi o vətəndədi...

# 3658 dəfə oxunub

Müəllifin son yazıları

# # #