Kulis.az Qismətin “XXI əsrin söhbətləri” silsiləsindən “Ekoloji tənqid: Yaşılı öyrətmək” essesini təqdim edir.
Çağdaş dünyada ədəbiyyatı ancaq ədəbiyyatla, fəlsəfəni ancaq fəlsəfəylə, kinonu ancaq kinoyla anlamaq, təhlil etmək yarımçıq hesab edilir. İndi interdisiplinar (təlimlərarası) metod dəbdədir. Məşhur deyimdə olduğu kimi: hər şeyin hər şeylə əlaqəsi var. Sadəcə, incə bir məqama diqqət etmək lazımdır: ədəbiyyatçı mərkəzə ədəbiyyata qoyaraq başqa sahələrlə kontakta girir, filosof mərkəzə fəlsəfəni qoyaraq qonşu təlimlərdən fikir istəyir, kinoşünas mərkəzə kinonu qoyaraq başqa disiplinlərin torpağına səyahət edir.
XXI əsrin ədəbi tənqidində aktual meyllərdən biri də eko-kritisizm (ekoloji tənqid) modelidir. Eko – sözünün etimologiyası qədim yunanlara gedib çıxır, oikos – ev, ətraf mühit deməkdir.
Ekologiya – bütün canlıların bir-biriylə və ətraf mühitlə olan əlaqəsini öyrənən elmdir və bu termini ilk dəfə XIX əsrdə bioloq, təbiətşünas və filosof Ernst Hekkel istifadə edib.
XX əsrdə ekoloji araşdırmalar sürətlə artdı. Ekolojist tənqidçilərin fikrincə, bu sahənin nəzəri əsasları Cozef Mikerin 1972-ci ildə çapdan çıxan “Sağqalma komediyası: ədəbi ekologiya araşdırmaları” kitabındadır. Ekoloji tənqid terminini isə birinci dəfə 1978-ci ildə yazdığı “Ədəbiyyat və ekologiya” məqaləsində Vilyam Rukert işlədib. Rukert bu məşhur məqaləsində 70-ci illərdə mövcud olan eksperimental tənqid formalarını sadaladıqdan sonra yazır ki, yeni tənqid multifunksional, əhatəli olmalıdır. Alimin fikrincə, eko-sistemin qorunmasında təkcə ekoloqlar yox, oxucular, yazıçılar, tənqidçilər də məsuliyyət daşıyır. Rukert yazır ki, söhbət təkcə ekoloji anlayışları ədəbiyyata tətbiq etməkdən getmir, bununla yanaşı, ədəbi mətnlərdə ekoloji həssaslığın olub-olmamasına da baxmaq lazımdır. Alim məqaləsində ekoloji həssaslığı olan müəlliflərdən bəzilərini xatırlayır: Volt Vitmen, Henri Devid Toro, Vilyam Stenli Mervin, Vilyam Folkner və Teodor Rotke.
Rukert yazır ki, günəş necə eko-sistemdə yenilənən enerji mənbəyi kimi bütün canlılara həyat verirsə, ədəbi əsərlər də, məsələn, poeziya da “depolanmış enerji” kimi insanlara təsir edir. Alim burda yaradıcılıqla günəş enerjisi arasında analogiya qurur. Rukertin fikrincə, günəş təbiətin eko-sistemdəki yeganə mütləq enerji mənbəyidirsə, hər fərdin fantaziyası, ya da hər şeirin ayrıca depolanmış enerji mənbəyini olduğunu düşünərək, ədəbiyyatla günəş, ədəbiyyatın tədrisi ilə biosferin təmizliyi arasında bağlantılar qura bilərik.
Beləcə, alim fərz edir ki, ədəbiyyatın insanlara təsir gücündən faydalanıb eko-sistemə verilən zərərləri azalda bilərik, çünki günəş enerjisinin günəşdən yer kürəsinə, oradan isə bütün canlılara çatması və həyat dövriyyəsinin fasiləsiz şəkildə davam etməsi kimi, şairin enerjisi də şeir vasitəsilə oxuculara çataraq fantaziyanın və intellektual hazırlığın yayılmasına zəmin yaradır. Rukert deyir ki, bir şeir bir eko-sistem modeli kimi ekologiya dərsində oxuna, təhlil oluna bilər. Onun fikrincə, şeirin “nədən bəhs etməsindən çox, nə etməsi və bunu tutarlı şəkildə necə etməsi” çox vacibdir.
Alim yazır ki, ekoloqlara fikrincə insanın tragik qüsuru antroposentrist (insan-mərkəzçi) olması və təbiəti insanlaşdıraraq pozmasıdır. Ədəbiyyat bu baxışı dəf etməkdə bizə yardımçı ola bilər.
Rukertlə başlayan bu tənqid metodunun oturuşması və məşhurlaşması 1996-cı ildə Çeril Qlotfelti və Harold Frommun tərtib etdikləri eko-kritisizm məqalələrindən ibarət “Eko-tənqid: Ədəbi ekologiyada dönüm nöqtələri” adlı antologiyadır. Antologiyanın “Ekoloji böhran dövründə ədəbiyyat” adlı giriş məqaləsində Çeril Qlotfelti yazır ki, 1970-ci illərdən etibarən sosiologiyada müəyyən qədər “yaşıllaşma” olsa da, ekologiya hərəkatıyla ədəbiyyat arasında uçurum böyük idi.
Müəllif deyir ki, 80-ci illərə qədər ekologiya ilə ədəbiyyat arasında əlaqə qurmaq rəsmi nəzəriyyələrdən kənarda, fərdi təşəbbüs hesab edilirdi. Eko-kritisizm özünü bir tənqid metodu kimi XX əsrin sonralarında təsdiqlədi və yeni əsrə adladı. Qlotfelti eko-tənqidə belə tərif verir:
“Eko-tənqid nədir? Sadə şəkildə desək, eko-tənqid ədəbiyyat və fiziki ətraf mühit arasındakı əlaqəni araşdırır. Necə ki, feminist tənqid dil və ədəbiyyatı cinsiyyət-şüurlu perspektivdən analiz edir, yaxud marksist tənqid mətnlərə istehsal və iqtisadi sinif metodlarıyla yanaşırsa, eko-tənqid də ədəbi mətnlərə planetar (yer kürəsi) mərkəzli bir baxış bucağı gətirir.”
Alimin fikrincə, eko-tənqid təxminən bu suallara cavab axtarsın:
“Bu sonetdə təbiət necə təmsil edilib? Bu romanın süjetində ətraf mühitin rolu nə qədərdir? Bu pyesdə ifadə edilən dəyərlər ekoloji həssaslıqla nə qədər uyğundur? Torpaqla bağlı metaforalarımız ona yanaşmağımıza təsir edirmi? İrq, sinif və cinsiyyət kimi kateqoriyalara əlavə olaraq “yer” də yeni bir tənqidi kateqoriya sayıla bilərmi? Təbiətlə bağlı kişilər qadınlardan fərqlimi yazırlar? Elmin özü ədəbi analizə nə qədər açıqdır?...”
Mütəxəssislər eko-tənqidi üç mərhələyə bölürlər. Birinci mərhələ ötən əsrin 90-cı illərinə təsadüf edir. Bu mərhələdə daha çox Amerika ədəbiyyatında təbiət və Avropa ədəbiyyatında romantizm, Viktoriya dövrləri təhlildən keçirilib. Birinci mərhələdə tənqidçilər ekoloji şüuru formalaşdırmaq üçün bədii mətnləri araşdırıblar. Məsələn, bu dövrdə Conatan Baytın “Romantik ekologiya: Vordsvord və ətraf mühit ənənəsi” adlı kitabı çapdan çıxır.
İkinci mərhələ 2000-ci illərdə başlayır. Bu mərhələdə sinif, irq, cinsiyyət kimi önəmli araşdırma sahələri öz sıralarına ekoloji problemləri də daxil edib. Təbiət etikasıyla şəhər həyatının ekoloji kontekstdə ədəbi mətnlərdə təhlilə çəkilməsi ikinci mərhələnin əsas mövzularından biridir. Beləcə, şəhər ekologiyası adı altında eko-tənqiddə yeni bir istiqamət də ortaya çıxır. Bu dövrdə artıq araşdırmalar təkcə təbiətlə bağlı əsərlərin saf-çürük edilməsi olmaqdan çıxır, belə ki, artıq azlıqların, etniklərin ədəbiyyatı da, əvvəllər multikulturalizm ilə eko-feminizmin təhlil obyekti olan əsərlər də eko-tənqidə cəlb edilir. Bu dövrün araşdırmalarına misal kimi, Maykl Bennet və Devid Tiqin tərtib etdikləri “Şəhərlərin təbiəti: eko-tənqid və urbanistik ətraf mühit” antologiyasının adını çəkə bilərik.
Eko-tənqidin müasir dövrdəki üçüncü mərhələsi isə bəzi alt-növlərin, yeni dövrdə ortaya çıxan sahələrin təhlilə cəlb edilməsiylə davam etməkdədir. Bu dövrdə posy-kolonializm, bio-etika, bio-semiotika və bio-texnologiya kimi post-humanizmin çətiri altında ifadə edilən istiqamətlərlə eko-tənqid arasında körpülər qurulur, ortaq işlər aparılır. Məsələn, adını çəkdiyimiz istiqamətlərin biri kimi, post-kolonializm (müstəmləkə sonrası) araşdırmaları ilə eko-tənqid arasında körpü qurulur və müstəmləkə olmuş xalqların ədəbiyyatındakı ekoloji problemləri araşdırırlar. Bu mərhələyə aid məşhur kitablardan biri 2007-ci ildə Yelena Tiffin tərtibçiliyi ilə çıxan “Siyam kralına beş dəvəquşu: Ətraf mühit və imperiya” adlı antologiyadır. Bu antologiyada insan istismarı ilə imperiyaların müstəmləkə siyasəti arasındakı əlaqə kontekstində təbiətə vurduqları ziyan araşdırılır.
Əslində, hələ cavan olan eko-tənqid sahəsi bu gün dünyada böyük maraq doğurur və artıq yeni əsrin ən aktiv ədəbi tənqid metodların biri kimi günbəgün özünü təzələyir. Təəssüf ki, bizdə bu sahə tamamilə boşdur. Bizdə hələ müasir ədəbiyyata istifadə tarixi keçmiş Belinski meyarlarını tətbiq etməyə çalışan adamlar var. Yeni, eksperimental, yaradıcı, multidisiplinar metodlar yox dərəcəsindədir. Neyləməli, ünvanımız bəllidir: ucsuz-bucaqsız azlığa...
Kalvinonun səyahət qeydlərindəki bir epizod heç cür yadımdan çıxmır: "Qocalar çoxdan keçirilmiş at yarışlarının "zapis"lərinə baxıb mərcə girirdilər..."
Elə bil, bizim haqqımızdadır...