Qismət
Yuxusuzlara və suyu çaydanın lüləsindən içənlərə ithaf olunur.
Rüneskenin sözüdür : "Sizin planlarınız var, mənimsə əsəblərim." Ədalət tərəzisinin gözü rəqqasəlik edəndə, əsəb ağacı gül-çiçək açır. Bizim ölkədə yəqin ki, çoxunuzun əsəb gülüstanı var, sizi bilmirəm, şəxsən məndə belədir. Kədərli orasıdır ki, get-gedə əsəblə yaşamağa da öyrəşirik və zaman keçdikcə elə bilirik ki, elə belə də olmalıdır. Neynək, olsun.
Mühit, xüsusən bizim sənət mühiti qəribə qaydalar icad etməkdə pərgardı. Məsələn, neçə illərdi müşahidə edirəm ki, bizdə yazılmamış bir qanun var: balans siyasəti. Bu balans siyasətinin kobud, qaba izahı belədir : fil boyda haqsızlıq edib, qarışqa boyda ədalətli iş tutmaq. Sizə deyim ki, bununla fəxr etmək çoxdan qanımıza hopub. Balans yaratmaq cəhdi özünüaldatmanın ən estetik formasıdı.Balans bizdən çox şey istəyir.
Balans istəyir ki, hamımız buqələmun olaq, dayandığımız yerin rənginə bürünək.
Balans deyir ki, balansı gözlə, balansın dolsun.
Balans başımıza tumar çəkir ki, mən sənin qiymətini bilirəm, darıxma, səni gələcək nəsillər qiymətləndirəcək.
Balans qəzəblənəndə deyir ki, çox atdanıb-düşmə, minnətin olsun ki, səni adam yerinə qoyuruq.
Balansın ürəyi yumşaqdı ; o mükafat verirsə, iki yerə bölür, sertifikat verirsə, əlli-altmış yerə.
Balansın əsəbləri hamımızın əsəblərindən əzizdir, buna görə də o problemdən danışmağı sevmir.
Balans ürəyiaçıqlıq göstərmək üçün özgələrə daha çox kömək edir, yanındakılar isə zatən yanındadır deyə vecinə də almır.
Balans arada adamın cibinə pul basır, qonaqlıq verir, tərifləyir, maaşını 50 manat artıq yazır.
Balans çox inanclıdır ; özünə sərf edəndə, özəl marağı olanda, çox səmimi şəkildə istedadsızın istedadlı olmasına inanır.
Balans dil pəhləvanıdır ; o bir cümlənin içində adamı həm təhqir edir, həm də könlünü alır.
Balans çox əminliklə inanır ki, o yenilikçidir.
Balans həm də tez-tez deyir ki, yaxşı hər şey o vaxtlarda qaldı.
Balans qohumcanlıdır ; bütün qohumlarını - qızını, oğlunu, əmisioğlunu, xalası uşağını, dayısı nəvəsini, bibisinin ərini, yeznəsini, qaynını hamını işə götürür.
Balans səyahətsevərdi ; Parisə özü gedir, Başqırdıstana işçilərini göndərir.
Balans düşünür ki, o həmişə yaxşıdır ; inciyir ki, niyə məndən inciyirlər ?
Balans şübhəçidir ; onun fikrincə hamını öyrədən var.
Balans şeşələnəndə deyir ki, hər şeydən xəbərim var.
Balansın günahkar olanda deyir ki, bütün olanlara məəttəl qalmışam.
Balans şeirsevərdi ; 11 hecalı, çarpaz qafiyəli, kvadrat şeirləri çox sevir.
Balans nəsr aşiqidir; maqazin jurnallarının dili ilə yazılan, səthi, hər şeyi üzdə olan, birbaşa nəsr əsərlərini yüksək qiymətləndirir.
Balans kinosevərdi ; eşqbazlıqdan bəhs edən, ağlamalı sevgi filmlərindən ötrü sinov gedir.
Balans ədəbiyyatşünasdı ; fal kitablarını ədəbiyyata tətbiq etməyi çox sevir.
Balans ektrasensdir ; hər şeydə ruh axtarır.
Balans bir nəfər deyil, balans çoxluqdur.
***
Dilində həmişə konservləşdirilmiş şüarları, teatral qəhqəhəsi olan adamlar müdirimiz, qonşumuz, tanışımız, hətta yaxın qohumumuz belə olsa, onlardan aralı gəzmək fərzdir. Əsəblərin pəncərəsinə barmaqlıq, ürəyə anti-virus lazımdır ; dünyadakı qiymətli yeganə şeyi - İçimizi - bacarıb mümkün qədər qorumaq üçün.