Allahın Özcan Dənizi qədərmi yoxuq?

Allahın Özcan Dənizi qədərmi yoxuq?
30 aprel 2013
# 09:18

Qismət

Həqiqət nədir? Yekə sualdır. Sokrat zəhər içənə qədər hamıya sual verirdi, cavab axtarırdı. Cavab vardımı? Bilinmir. Amma bir filmdə deyildiyi kimi həqiqət hardasa buralarda olmalıdır. Burda - köksümüzün sol tərəfində, qafamızın içində, gözlərimizin dərinliyində.

Modilyaninin rəsmlərinə baxanda, Şopenin musiqisini dinləyəndə, Nabokovun romanlarını oxuyanda, Qodarın filmlərini izləyəndə içimdə çox sadəlövh təriflər/təyinlər yaranır : rəssamlıq incəsənətin dərisi/boyası, musiqi qulaqları/səsi, ədəbiyyat fantaziyası/dili, kino isə yaddaşı/gözləridir. Ağır səslənsə də həqiqətdir : indiki zamanda bizim rəssamlığımız rəngsiz-boyasız, musiqimiz lal-kar, ədəbiyyatımız fantaziyasız, kinomuz isə kordur. Kinomuz kordur deyə nə çəkirik kor-koranə alınır. Allah xasiyyətimi kəssin, yenə söz oynatdım.

Mədəniyyət tariximizdə bəlkə də indiki qədər eksperimentlərdən qorxan, çəkingən, ürkək, hazırın-naziri dövr olmayıb. Mədəniyyət Nazirliyi ya ancaq analoqu olmayan tərəqqimizdən, ya "xoşbəxt" insanlarımızın həyatından, ya da şanlı keçmişimizdən bəhs edən filmlərə maya qoyur. Qısası, redaktə olunmuş sovetizm : əvvəl fəhlə-kəndli sinfinin zəhmətkeşliyi öyülürdüsə, indi də öyülən gülərüz, şad-xürrəm yaşayan Yeni Azərbaycanlılardı. Mən bizimkilərdən Trier, Tarantino olmağı gözləmirəm, amma başa düşmürəm, yəni bu qədərmi çətindi, tutalım, elementar gənclik-sevgi filmi çəkmək ? Allahın Özcan Dənizi qədər dəmi yoxuq ? Keçmiş zamanda çəkilən bir-iki alababat filmdən yapışıb nə qədər çərənləmək fikriniz var ? Nə vaxta qədər bu ölkədə uğur keçmiş zamanda olacaq ?!

Qosqoca modernizm epoxası yanımızdan keçib getdi, əlimizi ətəyinə də sürtə bilmədik. İndi də tamam başqa epoxadı, tamam başqa istiqamətlər işləkdi və biz yenə dədə-babalarımız deyə-deyə, tariximiz deyə-deyə, lar/lər deyə-deyə düşük, primitiv,səviyyəsizlik abidəsi olan filmlər çəkirik. Bir ölkənin ki, ssenaristi mədəniyyət tarixindəki bütün personajları inadla pis günə qoyan Anar ola, hələ deyəsən çox məzəli filmlər görəcəyik.

Bir ölkədə ki, film çəkilə, filmin adı "Buta" ola və o filmdə dağın təpəsində qoca kişiylə balaca uşağın dialoqu elə bir şəkildə təqdim edilə ki, Allah göstərməsin. Sonda da məlum ola ki, filmin redaktoru çox sevdiyimiz şair Ramiz Rövşəndir.

Bizim ssenaristlərimiz hələ iki adamı bir-birilə danışdıra bilmirlər, rejissorlarımız, redaktorlarımız çox poetikdirlər. Ona görə mən təklif eləyirəm ki, bir müddət filmlərimizdə insanlar maksimum az danışsın, onların yerinə əşyalar danışsın. Mən adamlardan əlimi tamam üzmüşəm...

***

Kino bütün cansız əşyaların dilini əzbər bilir.Cansız əşyalar bəzən diqqətli tamaşaçıya filmdəki personanajlardan daha çox şey deyir, işarə verir, eyham vurur. Vittoria De Sikanın "Velosiped oğruları" filminin əvvəlində qəhrəman işə düzəlir - velosipedlə şəhəri gəzib divarlara posterlər yapışdırmaq. Lakin çox keçmir bizə məlum olur ki, onun velosipedi girovdur. Qəhrəman fikirli-fikirli evə qayıdır, qapının ağzında arvadı ilə rastlaşır. Arvadının əlində iki böyük ləyən görürük. Bütün yoxsulluqları, olar-olmazları o iki ləyənin içindədir. Kişi o qədər fikirlidir ki, arvadına kömək etmək ağlına gəlmir, evə yaxınlaşanda qeyri-ixtiyari ləyənlərdən birini arvadının əlindən alır. Onların evlilikləri haqqında hər şeyi bu balaca səhnədə bizə ləyənlər başa salır. Sonrakı səhnədə ər-arvadı sələmçinin yanında görürük. Bura lazımsız əşyaların anbarıdır. Qadın mələfələrini satır ki, kişinin velosipedini girovdan götürə bilsinlər. Sələmçi qadın verən mələfəni götürüb uzaqlaşır, kamera sələmçinin arxasınca gedir. Sələmçi bir nərdivana çıxıb qadından indicə götürdüyü mələfəni dağ kimi qalaqlanmış minlərlə mələfənin üstünə atır. Bir anlıq adama elə gəlir ki, Romada bütün ailələrin hamısı mələfələrini satıblar, elə bil bütün şəhər bu ər-arvad kimi səfalət içindədir. Bircə səhnə, bircə əşya - mələfə və hər şey aydındır.

Qəsdən köhnə filmlərdən birini xatırladım.

Belə-belə işlər.

Ləyən qədər, mələfə qədər mənalı olacağımız günlər ümidilə.

# 5569 dəfə oxunub

Müəllifin son yazıları

# # #